XƏBƏR LENTİ
16 Aprel 2024
15 Aprel 2024
14 Aprel 2024
13 Aprel 2024
12 Aprel 2024



Bəstələri ilə “Mənim dünyam” deyən gənc istedad - VİDEO
Müsahibə 13:09 / 14.05.2019

İdmanın və Olimpiya Hərəkatının təbliğatında müstəsna rolu olan "Olimpiya dünyası” qəzeti ölkənin adını yüksəldən və şərəfini layiqincə qoruyan idmançıları daim diqqətdə saxlayır. Öz səhifələrində həmin idmançıların nailiyyətləri barəsində çoxsaylı oxucularına geniş məlumatlar çatdırır. "Olimpiya dünyası” qəzeti bu dəfə adlı-sanlı idmançıdan deyil, bir fortepiano ifaçısından bəhs edən müsahibə ilə oxucuların görüşünə gəlib. Müsahibimiz idmançılar kimi öz sənətinin olimpinə yüksəlməyi qarşısına məqsəd qoyan gənclərdən biridir. Hər bir sahədə Olimp kimi böyük zirvə var. Həmin zirvəyə yalnız istəkli, həvəsli və istedadlı insanlar yüksəlir, o zirvənin sakini olur. Hamıya məlumdur ki, gələcək gənclərin əlindədir. Bəli, bir millətin sabahı yalnız sağlam və istedadlı gənclərin sayəsində işıqlı olur. Müsahibimiz Kamil Həsənov gənc olmasına baxmayaraq, qısa zaman ərzində böyük uğurlar əldə edib. Belə ki, o, respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsüdür. 1996-cı il avqustun 1-də İmişli rayonunda anadan olan Kamil ailəsi ilə birlikdə Bakıya köçəndən sonra Rauf Hacıyev adına 15 saylı musiqi məktəbində musiqi təhsili alıb. Məhz həmin vaxtdan etibarən böyük uğurları ilə diqqətçəkən gənclərdən birinə çevrilib. Onunla redaksiyamızda görüşüb, söhbət etdik. Müsahibimiz ona ünvanlanan sualları səmimi cavablandırdı.

- Kamil, necə oldu ki, musiqiyə bu qədər bağlılıq yarandı?
- Atam gitara ifaçısı olub. Yəqin ki, elə musiqiyə həvəs də mənə atamdan keçib. Hər gün evdə atamın gitarası ilə oynayırdım. Həmin vaxt 4 yaşım olardı. Ailəmiz isə böyük qardaşımın musiqiçi olmasını istəyirdi. Bir gün evdə həmişəki kimi, gitara ilə oynayan zaman qonşumuz mənə yaxınlaşdı. Musiqi duyumumu yoxladı və valideynlərimə istedadımın olduğunu dedi. Bundan sonra atam mənə sintezator aldı. 6 yaşımdan məni musiqi məktəbinə yazdırdılar. Musiqi məktəbinə qəbul olarkən, notdan xəbərsiz olsam da, bilmədən 4-5-ci siniflərin proqramını bilirdim.


"Özümü klassikada daha xoşbəxt
hiss edirəm”

- Gənc yaşda bu qədər uğurlar əldə etməyinin sirri nədədir?
- Musiqi həddindən artıq böyük zəhmət tələb edir. Gün ərzində 6-7 saat musiqi ilə məşğul olurdum. Atamın arzusu məni bir musiqiçi kimi böyük səhnədə görmək idi. Çalışdım ki, atamın bu arzusunu həyata keçirim. Bunun üçün qarşıma məqsəd qoydum. Məqsədimə nail olmaq üçün hər gün çoxlu məşq etdim. Doğrudan da, məqsəd və inam insanı böyük qələbələrə aparır. Tezliklə atamın bu arzusunu həyata keçirdim. Rəşid Behbudov Adına Mahnı Teatrında təşkil olunan konsert proqramlarında çıxış etdim. Bir gün televiziyada prezident təqaüdçüləri haqqında kadrlar göstərirdilər. Atam mənə dedi ki, oğlum bax, mən də çox istəyərəm ki, sən də prezident təqaüdçüsü olasan. Bundan sonra qarşıma yenidən məqsəd qoydum və bu arzuma da çatdım. 2010-cu ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidentinin qərarı ilə adım Azərbaycan Respublikasının Qızıl kitabına yazıldı və Prezidentin xüsusi təqaüdünə layiq görüldüm. Bu, mənim üçün ən böyük uğur idi. Bununla atamın ən böyük arzularından birini həyata keçirmiş oldum. Bundan sonra isə orkestrlə konsert proqramlarında çıxış etdim.

- Ölkəmizi beynəlxalq müsabiqələrdə də təmsil etmisən və böyük uğurlar əldə etmisən.
- Bəli. Azərbaycanın hüdudlarından kənarda ölkəmizi yüksək səviyyədə təmsil etmişəm. Dəfələrlə beynəlxalq müsabiqələrdə qalib olmuşam. 2007-ci ildə Krımda təşkil olunan festivalda qalib gələrək, birinci yeri tutdum. Həmin vaxtı 11 yaşım var idi. 2009-cu ildə isə Gürcüstanda təşkil olunan gənc pianoçuların beynəlxalq müsabiqəsində bürünc medala sahib çıxdım. Elə həmin il Suriyada "Solhi Əlvadi” adına beynəlxalq müsabiqədə bürünc medala layiq görüldüm. 2012-ci ildə isə Macarıstanın paytaxtı Budapeştdə gənc pianoçuların beynəlxalq müsabiqəsində birinci yeri tutdum. Bundan başqa bir sıra respublika müsabiqələrinin dəfələrlə qalibi olmuşam. Azərbaycanda təşkil olunan İslam ölkələri arasında beynəlxalq müsabiqədə ikinci yerə layiq görülmüşəm. Mədəniyyət və Turizm, Gənclər və İdman Nazirliyinin təşkil etdiyi müxtəlif tədbirlərdə uğurla çıxış etmişəm.

"Bəzən özbəstələrimi
qısqanıram”
- Bildiyimizə görə, toy məclislərinə getmirsiniz. Bunun səbəbi nə ilə bağlıdır?
- Klassik ifaçı olduğum üçün klassikadan kənara çıxmağı sevmirəm. Özümü klassikada daha xoşbəxt hiss edirəm. Akademik musiqilərə qulaq asdıqca ruhum dincəlir. Bunun üçün də toy məclislərindən imtina edirəm.

- Bir neçə bəstənin müəllifisən. Sənə ən çox uğur gətirən bəstən hansıdır?
- "Mənim dünyam”. Bu bəstə mənim daxili aləmimi, xarakterimi, dəyişkən duyğularımı ifadə edir. Burada hərdən əsəbi, hərdən sakit hisslərimi, romantikanı, səssizliyi və özüməinamı görmək olar. Bundan başqa "Xəyalım” və "Hər an” musiqisi də mənim ən uğurlu bəstələrimdən biridir. Uşaq vaxtı yazdığım bir neçə bəstəm var idi ki, onların notlarını evimizi dəyişən zaman itirdim. Bu hadisəyə görə çox məyus olmuşdum. Həmin bəstələrin üzərində çox əziyyətlər çəkmişdim. Hətta deyərdim ki, itirdiyim bir neçə bəstə var idi ki, onlara ad qoymamışdım.

- Maraqlıdır, nəyə görə?
- Bilmirəm. Düzünü desəm, bəstələrimə ad qoymağa risk etmirdim. İstəmirdim onlara ad qoyum. Həmişə istəmişəm ki, bütün bəstələrimi "mənim mahnım”, "mənim dünyam” adlandırım. Nə qədər qəribə səslənsə də, hətta deyərdim ki, bəzən öz bəstələrimi qısqanıram.

- Bu qısqanclığın səbəbi nədən irəli gəlir?
- Yəqin, çox yaxşı bəstələmişəm ona görə. Həmişə qorxmuşam ki, bəstələrim bir gün məni üstələyər.

"Hərdən elə musiqilər
eşidirsən ki...”
- Bəstələrini kimlərsə ifa edibmi?
- Xeyr. Bu barədə heç kimə təklif də etməmişəm.

- Bəstələdiyin musiqilərin əsas qayəsi nədən ibarətdir?
- Daha çox sevgi-məhəbbət mövzusu.

- Həzin musiqi insanın daxili aləmini sakitləşdirir, ona müsbət enerji verir. Yəqin ki, səndə də bu belədir.
- Bəli. Hər gün öz bəstələrimi ifa edirəm. Fikirli olduğum halda həmin musiqiləri ifa edərək rahatlıq tapıram. Bir növ musiqi ilə dərdləşirəm. Bilirsiniz, musiqi psixoloq kimidir. İnsanın ən duyğulu, ən qəmgin vaxtlarında belə, səni düşdüyün situasiyadan çıxarır.

- Bəs, belə hallarda öz musiqilərindən başqa hansısa musiqiləri ifa edirsən?
- Əsasən fəlsəfi musiqiləri sevirəm. Yəni çalışıram ki, həmin musiqiyə qulaq asanda və ya ifa edəndə, hansısa fikrin izahatını tapım. Sadəcə, boş-boşuna musiqi olmasın, dinləyiciyə hər hansısa bir fikir çatdırılsın. Hərdən elə musiqilər eşidirsən ki, əvvəli ilə sonu bilinmir. Hər şey bir xətt üzrə gedir. Bu isə insanı yorur. Lakin elə musiqi də var ki, hər hissəsində dinləyiciyə müəyyən fikir çatdırır.

- Maraqlıdır, hazırda nə işlə məşğulsan?
- Azərbaycan Dövlət Akademik Musiqili Teatırında konsertmeyster vəzifəsində çalışıram. Tamaşalarda aktyorlarla, rejissorlarla işləyirəm. Məşq zamanı orkestrin ifa etdiyi musiqi nömrələrini ifa edirəm. Eləcə də yeni premyera musiqiləri olanda, aktyorlara və aktrisalara həmin musiqiləri öyrədirəm. Yəni həm ifa edirəm, həm də öyrədirəm. Hazırda yeni premyera - "Paris Notr-Dam” üzərində çalışırıq.

- Hansı xarici musiqiçilərə qulaq asırsan?
- Əsasən "Bitlz”ə, "Eniqma”ya, Yanniyə. Əslində tək eyni janrlara qulaq asmağı sevmirəm. Çünki eyni musiqiyə qulaq assam, zövqüm inkişaf etməz. Bunun üçün klassikləri və dünya estradasının musiqilərini də dinləyirəm.

- Azərbaycan musiqisinin böyük keçmişi var. Bu gün bütün müğənnilər klassiklərdən bəhrələnirlər. Tofiq Quliyev, Emin Sabitoğlu, Vaqif Mustafazadə, Fərhad Bədəlbəylidən sonra hansı nəsil yetişir?
- Bu gün yetərincə gənc bəstəkarlarımız var. Onlardan dünyasını dəyişən də var, hələ ömrünü davam etdirən də. Bakı Musiqi Akademiyasının elə məzunlarını tanıyıram ki, onların bəstələri həqiqətən də çox gözəldir. Bu günlərdə Bakı Musiqi Akademiyasının bəstəkarlar kafedrasının müdiri Arif Məlikov dünyasını dəyişdi. Bu, Azərbaycan musiqisi üçün böyük itki oldu. Amma Arif müəllimin yaradıcılığı bir örnəkdir. Daim yaşayacaq. Onu gələcək nəsillərə çatdırmaq bizim üzərimizə düşür.

- İstənilən idman tədbirinin özünəməxsus musiqisi olur. Bu sahəyə peşəkar musiqiçiləri dəvət edirlər. Nə vaxtsa belə bir təklif gələrsə necə qarşılayarsan?
- Müsbət qarşılayaram. Gələcək planlarımdan biri vətənpərvərlik mövzusunda musiqi bəstələməkdirsə, digəri də Azərbaycan idmanının uğurlarına, Olimpiya Hərəkatına aid musiqi bəstələməkdir. Bəstəni isə "Qələbəyə addımlar” adlandıraram.

- Bildiyimizə görə idmanla da məşğul olmusan?
- Bəli, bir müddət "Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst güləş növü ilə məşğul olmuşam. Hətta Bakı birinciliyində də iştirak etmişəm. Lakin təcrübəm az olduğuna görə yarışda mükafatçılar sırasında yer ala bilmədim. Üç aydan sonra məşqləri dayandırdım. Çünki musiqi ilə idman bir-birinə uyğun gəlmirdi. Məşqdən sonra piano arxasında əyləşəndə görürdüm ki, qollarım, əzələlərim ağrayır. Musiqi də elə bir şeydir ki, əzələlərin ağrayan zaman tez yorulursan və əsərin yarısında qol öz işlək funksiyasını itirir.

- Kamil, bizim dəvətimizi qəbul etdiyinə görə sənə təşəkkür edirik.
- Mən sizə təşəkkür edirəm ki, mənə dəyərli vaxtınızı ayırdınız. Sizinlə tanış olmaqdan çox məmnunam.











Azər Əlizadə


42309 oxunub

InvestAZ