XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Suqovuşanda “Mingəçevir Reqatası 2022”nin açılış mərasimi keçirilib
İdman 13:04 / 21.10.2022
Oktyabrın 21-də Suqovuşanda avarçəkmə üzrə "Mingəçevir reqatası 2022” beynəlxalq turnirinin açılış mərasimi keçirilib. Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kanoe və avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev, Türkiyə Kanoe Federasiyasının Prezidenti Alper Kabakçı, Serbiya Avarçəkmə Federasiyasının İdarə Heyətinin sədri Duşan Kovaçeviç, Macarıstan Məşqçilər Komitəsinin sədri Zoltan Olferri, Olimpiya çempionları, müxtəlif federasiyaların və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirin açılış mərasimində qonaqları salamlayan AKAF-nin baş katibi Fərhad Əliyev tarixi torpaqlarda avarçəkmə üzrə beynəlxalq yarışın ikinci dəfə təşkil olunduğunu bildirib: "Azərbaycan Prezidenti İlham Əliyevin idmana və gənclərə, diqqət və qayğısının nəticədir ki, bu gün idman ölkəmizdə yüksələn xətlə inkişaf edir. Təsadüfi deyil ki, bu gün ölkəmizdə bütün idman növləri inkişaf edir. Bu gün Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Suqovuşanda ikinci beynəlxalq yarışını təşkil edir. Cari ilin may ayında "Prezident kuboku” yarışının ilk günü Suqovuşanda baş tutmuşdu. Bu gün isə biz "Mingəçevir reqatası 2022”nin açılış mərasiminə toplaşmışıq. Yarışda iştirak edən bütün idmançılara uğurlar arzulayıram. Qoy güclü qalib gəlsin”.

Türkiyə Kanoe Federasiyasının Prezidenti Alpər Kabakçı isə Suqovuşanda təşkil olunan beynəlxalq turnirdə iştirakdan məmnunluq duyduğunu qeyd edib.

"Azad edilmiş torpaqlardan hər kəsə salamlarımı çatdırıram. Bizi belə bir tədbirə dəvət etdiklərinə görə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına təşəkkür edirəm. Bir millət iki dövlət şüarı ilə bu tədbirdə iştirak etməkdən qürur duyuruq. Yarışda iştirak edən bütün ölkələrin iştirakçılarına uğurlar arzulayıram”, - deyə Alpər Kabakçı bildirib.

Serbiya Avarçəkmə Federasiyasının İdarə Heyətinin sədri Duşan Kovaçeviç və Macarıstan Məşqçilər Komitəsinin sədri Zoltan Olferri isə belə bir tarixi məkanda avarçəkmə üzrə beynəlxalq turnirdə iştirak etməyin ölkələri üçün əhəmiyyətli olduğunu qeyd ediblər.

Daha sonra çıxış edən gənclər və idman naziri Fərid Qayıbov turnirin əhəmiyyəti barədə danışaraq yarışları açıq elan edib.

"Tədbirdə iştirak edən bütün qonaqları Gənclər və İdman Nazirliyi adından salamlayıram. May ayında Suqovuşanda avarçəkmə üzrə "Prezident kuboku” turniri təşkil olunmuşdu. Bu azad olunmuş torpaqlarımızda təşkil olunan ilk beynəlxalq idman yarışı idi. 5 aydan sonra biz artıq ikinci yarış üçün Suqovuşana toplaşmışıq. Təbii ki, bu inkişaf deməkdir. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqları ilə yerinə yetirilən quruculuq işlərinin nəticəsidir. Biz də sevinirik ki, idmançılar da bu inkişafda iştirak edirlər. Sevindirici hallardan biri də ondan ibarətdir ki, bugünkü tədbirdə digər federasiyaların nümayəndələri də iştirak edərək birlik nümayiş etdirirlər. Bu tədbirin yüksək səviyyədə təşkil olunmasına görə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına təşəkkür edirəm. Tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm. İdmançılarımıza uğurlar arzulayıram. İnşallah qoy güclü qalib gəlsin. Yarışları açıq elan edirəm”, - deyə Fərid Qayıbov bildirib.

Qeyd edək ki, "Mingəçevir reqatası 2022”də Azərbaycanla yanaşı, daha 12 ölkə - Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Türkiyə, Özbəkistan və Ukrayna komandaları iştirak edir. Yarışda 150-dək idmançı qalib adı uğrunda mübarizə aparır. Ölkəmizi bu turnirdə 70 idmançı təmsil edir. Yarışın ilk günündə 200 metr məsafəyə kayak və kanoe üzrə qaliblər müəyyənləşəcək.

Oktyabrın 22-23-də "Mingəçevir reqatası” yarışı "Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.

Məlumat üçün bildirək ki, "Mingəçevir reqatası” 1970-ci ildən etibarən ümumittifaq status alıb. Bu turnirdə keçmiş SSRİ avarçəkənləri ilə yanaşı, Bolqarıstan, Çexslavakiya və Kuba təmsilçiləri də iştirak ediblər. Reqata həmçinin müstəqillik illərində də təşkil olunub. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası karonavirus pandemiyasından sonra bu ənənəvi turniri yenidən bərpa edib. "Mingəçevir reqatası” bu il ilk dəfə olaraq Avropa Kanoe Assosasiyasının təqvim planına daxil edilib.

Xatırladaq ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Suqovuşanda ikinci beynəlxalq yarışını təşkil edir. Bu ilin may ayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr edilən "Prezident kuboku” reqatası da Suqovuşan və Mingəçevirdə keçirilmişdi.










25955 oxunub

InvestAZ