XƏBƏR LENTİ
27 Dekabr 2024
26 Dekabr 2024
25 Dekabr 2024
24 Dekabr 2024
23 Dekabr 2024
19 Dekabr 2024
18 Dekabr 2024



Qurban Qurbanov: "Ferentsvaroş" "Lex" və "Sürix"dən güclüdür"
Gündəm 22:59 / 08.08.2022

"Çox gözəl şəhərə gəlmişik və əla stadion gördüm. Belə bir arenada yaxşı oyun göstərməliyik".

Olimpiyadunyasi.com un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Macarıstanda "Ferentsvaroş"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, hər iki komandanın istəyi çoxdur: "Biz buraya böyük inamla gəlmişik. Rəqib çox yaxşı təşkilatlanmış komandadır, bacarıqlı oyunçuları var. Futbolçularıma inanıram. Sonadək mübarizə aparacağıq".

O, əvvəlki illərə nisbətən bu mövsüm ilk mərhələdən ciddi rəqiblərlə qarşılaşdıqlarını söyləyib: "Ferentsvaroş" III təsnifat mərhələsinə keçibsə, deməli, səviyyəli komandadır. Heyətində sıradan futbolçu yoxdur. Hər xətdə bacarıqlı və usta oyunçuları, həmçinin, hamımızın hörmət etdiyimiz baş məşqçiləri var. Bu rəqib əvvəlkilərdən güclü ola bilər. Amma biz dəfələrlə özümüzdən yaxşı komandalara qarşı çəkinmədən oynamışıq. Bu cür kollektivlərlə mübarizə aparmaq bizim üçün xoşdur".

Təcrübəli baş məqşçinin sözlərinə görə, hər oyun komandası üçün futbol döyüşüdür: "Meydanda vuruşmasaq, istədiyimiz nəticəni əldə edə bilmərik. Böyükhesablı qələbələr il ərzində nadir hallarda olur. Çempionlar Liqasında çox diqqətli olmalıyıq. Son vaxtlar elə üslubda oynayırıq ki, böyük hesabla uduza da bilərik. Amma heç vaxt ehtiyatı əldən vermirik. Böyük hesab haqqında düşünmürük".

Qurbanov "Ferentsvaroş"un prezidenti Qabor Kubatovun azərbaycanlı olmadığını sözləyib: "Bunu özü də etiraf etdi. Amma bunun önəmi yoxdur. Biz meydanda rəqibik. Sabah cütün taleyi həll olunmalıdır".

Mütəxəssis sabah Bakıdakından daha yaxşı oynamalı olduqlarını vurğulayıb: "Qələbə üçün buna ehtiyac var. İndi rəqibi daha yaxından tanıyırıq. Stanislav Çerçesovun müsahibəsini oxudum. O da bizimlə eyni fikirdədir. Rəqib də boş durmur, gözləmədiyimiz variantlara əl atır. Mərhələ keçdikcə, daha diqqətli olmalıyıq. Qarşı tərəf də bu oyunu ciddiyə alır və hər xırdalığı müzakirə edir. Futbolçular tapşırıqlarımızı yerinə yetirmək üçün daim diqqətli olmalıdırlar. Məncə, həm taktiki, həm də mübarizə baxımından maraqlı oyun olacaq. Çox istərdim ki. azarkeşlər matçdan razı qalsınlar".

O, "Qarabağ"ın uğurlarında çox cuzi əməyinin olduğunu bildirib: "Futbolun dili birdir. Kim oyunu düzgün idarə edirsə, o da qələbə qazanır. Qazanılan nəticələrdə meydanda tapşırıqları yerinə yetirən futbolçuların payı daha çoxdur. Etdiklərimlə bağlı fikir bildirmək istəmirəm. Bu, bizim işimizdir. Etimadı doğrultmağa və işimizi düzgün görməyə çalışırıq".

Qurbanov "Ferentsvaroş"un baş məşqçisi Stanislav Çerçesov barədə də fikirlərini bölüşüb: "Böyük təcrübəyə malikdir. Bacarıqlı, tələbkar və nizam-intizamı sevən mütəxəssisdir. Ona hörmətimiz böyükdür. Yaxşı mütəxəssislərə hər zaman dəyər vermişik".

Baş məşqçi deyib ki, hər səfər oyunu üçün uzun yol qət etsələr də, burada ciddi problem görmür: "İllərdir bu qaydada işləyirik. Şərtlər hamı üçün eynidir. Digər rəqiblər də bizimlə oyunlara gəlmək üçün uzun yol qət edirlər".

Mütəxəssis sonda zədəli futbolçuların durumuna da toxunub: "İki müdafiəçimiz - Maksim Medvedevlə Kevin Medina oynamayacaq. Amma digərlərinin qayıtması məni sevindirir. Belədə, rotasiya etmək imkanlarımız genişlənir".

Qeyd edək ki, avqustun 9-da Budapeştdəki "Groupama Arena"da oynanılacaq "Ferentsvaroş" – "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.


43511 oxunub

InvestAZ