XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



ADBTİA-da şəhid valideynləri ilə görüş keçirilib
İdman 17:07 / 16.02.2022
Fevralın 15-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında şəhid valideynləri ilə görüş keçirilib. Görüşdə iştirak edən məzun şəhidimiz Pərvin Əlizadənin valideynlərinə Akademiyada onun adı verilmiş auditoriya haqqında məlumat verilib.
Bildirilib ki, bu il Akademiyada istifadəyə verilən yeni, 3 mərtəbəli korpusda 14 şəhid məzunların əziz xatirəsini əbədiləşdirmək və ehtiram əlaməti olaraq, onların hər birinin adı auditoriyalara təyin olunub. Hər bir şəhid məzunun adını daşıyan auditoriyanın qapısına həmin şəhidin adı, soyadı yazılan lövhə vurulub. Həmçinin şəhid məzunların adlarına xüsusi təqaüdlər də təsis edilib.
Daha sonra Akademiyanın girişində quraşdırılan elektron lövhədə hər gün fasiləsiz olaraq nümayiş olunan şəhidlər haqqındakı slayda baxılıb.
Konfrans zalında davam edən görüşdə prorektor Rizvan Əliyev çıxış edərək, akademiyanın Vətən müharibəsi zamanı gördüyü işlər, şəhid məzunlar və ASAPES-in elmi-tədris laboratoriyasında müalicə alan qazilər haqqında danışıb, videoçarx göstərilib.
Sonda, şəhid məzun Pərvin Əlizadənin valideynlərinə xatirə olaraq akademiyada keçirilən «Zəfər» sərgisində nümayiş olunmuş portret təqdim edilib.
Məlumat üçün bildirək ki, Pərvin Vüqar oğlu Əlizadə 1993-cü il sentyabrın 11-də Bərdə rayonunun Qazaxlar kəndində anadan olub. Əslən Laçın rayonunun Minkənd kəndindən şəhidimiz Bərdə rayonu B.E.Aslanov adına 2 saylı orta məktəbi bitirib.
Pərvin Əlizadə «Laçın» kikboksinq klubunun idmançısı olub. Tbilisi şəhərində keçirilən yarışda Zaqafqaziya çempionu, dəfələrlə respublika çempionatının və birinciliklərində fəxri mükafatlara layiq görülüb.
Pərvin Əlizadə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "İdman təkmübarizliyi” fakültəsinin məzunu olub. Azərbaycan Ordusunun leytenantı olan Pərvin Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Pərvin Əlizadə 2020-ci il oktyabrın 20-də Ağdərə istiqamətindəki "Tülkü dərəsi" deyilən yerdə şəhid olub. Bərdə rayonunun Birinci Qazaxlar kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Pərvin Əlizadə ölümündən sonra ”Vətən uğrunda» medalı ilə təltif edilib.



Dilqəm Quliyev,
"İdmançı” qəzetinin baş redaktoru


29998 oxunub

InvestAZ