XƏBƏR LENTİ
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024
15 Aprel 2024



Şəhidlər anası - Elegiya
Müsahibə 17:50 / 28.12.2020
Qarşımda ağ saçlı, nurani simalı bir ana əyləşib. Sifət cizgilərində keçirdiyi bütün dərdlər, əzablar aydın görünür. Amma danışığında o qədər müdrik və sakitdir ki, bu vaxt yadıma Nikolay Ostrovskinin bu kəlamı düşür: " Analar hər şeyi görməsələr belə, amma ürəkləri ilə eşidirlər”...
Bu ailənin necə böyük sarsıntılar, dəhşətli faciələr keçirdiyini mənə polkovnik Heydər Quliyev danışıb. Amma Simuzər ananın sakit və böyük midrikliklə danışdığı sözlərə qulaq asdıqca, bir an gözlərim qarşısında Azərbaycan analarının simvolu olan böyük Tomris anamız canlanır. Və eyni vaxta yadıma məşhur Mark Tvenin bu sözləri düşür: "Analar arıq və cılız bədənli olsalar da, amma onların çox böyük qəlbləri var”. Məşhur yazıçı elə bil ki, bu sözləri Cimiuzər ana haqqında deyib. Simuzər ananı dinlədikcə, ürəyimdən bu sözlər keçir: "O, bugünkü şəhid analarımızın böyük simvoludur. Amma neyçünsə bu ana haqqında demək olar ki, heç nə yazılmayıb”. Bax buna təəssüflənirəm. Ona görə də belə qərara gəlmişəm ki, Simuzər ana ilə çoxminli oxucularımızı daha yaxından tanış edim. Yəqin ki, bundan sonra media nümayəndələri onu axtarıb, arayıb tapacaq və onun haqqında daha geniş yazacaqlar. Çünki belə şəhid analarını millətimizə tanıtmaq hər birimizin müqəddəs borcu olmalıdır.
Qısa arayış: Simuzər Camal qızı İbrahimova 1935- ci ilin sentyabr ayının 26-da Zaqatala rayonunun Əliabad kəndində dünyaya gəlib. Artıq ömrünün 85 ilini arxada qoyub. O, dediyinə görə Böyük Vətən Müharibəsinin də ağrılarını, acılarını görüb. Müharibə başlayanda Simuzərin 6 yaşı vardı. Atası müharibədə olduğuna görə, uşaq olsa da hər çətinliyi yaşayıb. Atası müharibədə, anası evdar qadın olan və dörd uşaq böyüdən ailənin necə cətin yaşadığını təsəvvür eləmək heç də çətin deyil. 1945-ci ildə atası Camal kişi müharibədən yaralı qayıdıb. Camal kişi qayıdandan sonra ailə daha da çətin yaşamağa başlayıb. Çünki Camal kişi xəstə qayıtdığı üçün heç bir iş görə bilmirdi. Onun həyat yoldaşı Tamam, dörd uşağa qayğı göstərməklə birlikdə Camal kişinin də sağalması üçün dəridən-qabıqdan çıxırdı. Ona görə də ev qayğılarına vaxt sərf eləyə bilmirdi. Nəhayət ki, Tamam xanımın böyük qayğısı sayəsində Camal kişi bir müddət sonra ayağa qalxıb, işləməyə başladı. Belə ki, Camal kişi sağalıb və özünün dərzilik sənətini davam etdirib . Yaxşı ki, Camal kişi xəstə olanda, xeyirxah insanlar bu ailəyə kömək elədilər və bu ailə, bir təhər dolandı. Hətta 1945-1947-ci illərdəki "aclıq dövrü”nü də keçdi bu ailə. Həmin illərdə artıq balaca Simuzər də məktəbə gedirdi. Dərslərini də yaxşı oxuyurdu . Məktəbdə oxuduğu illərdə Simuzər həm də kəndlərindəki meyvə, barama zavodlarında işləyib, özümə paltar alırdı. İmkan daxilində ailələrinə də köməklik edirdi. Məktəbi qurtarandan sonra isə işləməyə başladı. 1955-ci ildə 10-cu sinifi bitirirdi. Həmin ildə "bakılı oğlan” olan İslamla ailə həyatı qurub, Bakı şəhərinin Suraxanı rayonuna köçdü. İndi də Suraxanı rayonu Əmircan qəsəbəsindəki Zülal Tağıyev küçəsindəki ev 11, mənzil 15-də yaşayır Simuzər ana. Amma Simuzər ana heç vaxt doğma kəndləri Əliabadı yaddan çıxartmır . Dediyinə görə gözəl, xoş, qayğısız günlərini yaşadığı dövrələrdə hər yayı Əliabad kəndə gedirdilər. İndi həmin kənddə Simuzər ananın Gülbəzər və Şahizər adlı bacıları yaşayır. Hər ikisi də müəllimədirlər. Bu bacılar da bir- birinə çox mehribandırlar. Onun qardaşı İbrahim da Bakıda yaşayır. Onlar uzun illər ata evlərinə birlikdə gedirdilər.
Simuzər ananın həyat yoldaşı İslam Kərim oğlu Mustafayev 1927-ci ilin noyabr ayının 27-də Suraxanı rayonunun 1-ci mədən küçəsində anadan olmuşdu. Onlar əslən Lerik rayonundan idilər. Belə ki, atası Kərim kişi Lerikdən, anası Sarıgül xanım isə qərbi azərbaycanlı idi. İslamın atası Kərim kişi neft mədənində işləyirdi. İslam kişi də MKT-da rəngsaz işləyirdi. İslamla Simuzər xanımın ailə qurmasından sonra bu ailədə üç oğul dünyaya gəldi. Adlarını Rəhimxan, Malik və Sabir qoydular. Ailə çox xoşbəxt yaşayırdı. Onlar hər il yay tətilində uşaqları kəndə göndərirdilər. Uşaqlara orada yaşayan Simuzərin anası Tamam və bacıları baxırdı. Həmin vaxtı Simuzər xanım da MKT-də mühasib işləyirdi. O, avqust ayında məzuniyyətə çıxıb Əliabad kəndinə gedirdi. Onlar, sentyabrda isə Bakıya, evlərinə qayıdırdılar. İslam kişi ali təhsilli olmasa da çox bilikli idi və uşaqlarına tarixdən, coğrafiyadan danışardı. Oğlu Malik deyirdi ki, "mən atamnan söhbət eləyəndə məktəbdə dərsdən 5-qiymətlər alıram”. Malik yaxşı oxuduğu üçün, həmişə divar lövhəsində şəkili olurdu. Malik şəhid olandan sonra da şəkili divarda qalmışdı. İndi də şəhid şəkli məktəbin divar lövhəsindədir, qardaşı Sabirin şəkili ilə bir yerdə. İslam kişi və Simuzər xanım üç oğlanlarına baxıb sevinirdilər. Çünki onlar çox ağıllı, tərbiyəli və valideyn qədri bilən uşaqlar idilər. Şəhid olan övladlarının dərdinə dözə bilməyən İslam kişi, 1999-cu ilin dekabr ayının 15-də 72 yaşında dünyasını dəyişdi. İslam kişi də, Simuzər xanım da fəxr edirdilər ki, onların Malik və Sabir kimi belə qəhrəman, igid övladları var. Hansı ki, Vətən yolunda şəhid olublar. Bu dərd azmış kimi ailənin böyük oğlu Rəhimxan da 2005-ci ilin dekabr ayının 5-də haqq dünyasına qovuşdu. Simuzər xanım bir şeyə sükür edir ki, Rəhimxanın iki balası ona əmanət qalıb. Nərgiz və Elşad hər ikisi evlidir. Onların hər ikisinin də bir qız balası var. Simuzər ana da nəvə və nəticələrinə baxıb onlarla nəfəs alır.

- Simuzər ana. Birinci Qarabağ savaşında sizin iki oğlunuz şəhid olub. Xahiş edirəm onlar haqqında qısa məlumat verin.

- İlk öncə sizə təşəkkürümü bildirirəm ki, siz vaxt ayırıb, bizim haqqımızda mətbuatda yazırsınız və mənim övladlarımın tarixdə, yazılı ədəbiyyatda yaşaması üçün belə müqəddəs işi görürsünüz. Allah sizi qorusun. Mən illərlə gözləmişəm ki, şəhid övladlarım haqqında yazılsın. Çünki bu da bir təskinlikdir. Oğlum Malik İslam oğlu Mustafayev 1959 -ci ilin dekabr ayının 27-də Suraxanı rayonunun Əmircan qəsəsəbəsində anadan olub. O, 1992-ci ilin fevral ayının 16-da Xocavənd rayonunun Qaradağlı kəndində qəhrəmancasına döyüşüb və şəhid olmuşdur. Malik qəsəbədəki 114-saylı məktəbi bitirdikdən sonra, 1978-ci ildə hərbi xidməti Sovet ordusunun tərkibində Leninqradda keçmişdi. Orada elə gitara çalmağı da öyrənmişdi. O, yaxşı gitara çalırdı. Hərbi xidmətdən sonra Qum adasında HQÇİ-nin nəzdində olan idarədə işə qəbul olunmuşdu. Orada işlədiyi dövrdə Bakı Neft texnikumunu da bitirmişdi. Malik Qum adasından Moskvaya Qubkin adına Neft İnstitutuna təhsil almağa göndərilmişdir. Amma 1987-88- ci illərdə ermənilərin azərbaycanlıları öz yurd-yuvasından, Qərbi Azərbaycandan qovduqlarını eşidən kimi Malik, təhsilini yarımçıq qoyub Vətənə qayıtdı. Sonra Zığda yerləşən Un dəyirmanında işə düzəldi və burada az bir vaxtda hörmət qazandı . Sonra xalq hərakatının üzvü oldu. Malik 1990-ci il yanvar ayının 17, 18,19 -na kimi, Səbail rayonunda polislərlə birlikdə Səbail rayonunun qorumasında fəal iştirak edirdi.1991-ci ildə Malik Ağdama yollandı və mənə dedi ki, məni işdən on günlük ezamiyyətə göndərirlər. Əslində isə o, mənə müqəddəs yalan sataraq, Qarabağa döyüşə yollanıbmış. Elə bil ki, o, sanki məni buna, daha şiddətli döyüşlərə hazırlayırdı. Hər zaman mənə Qarabağdan və ermənilərlə azərbaycanlıların əvvəki müharibələrindən danışırdı.
1992-ci ilin yanvar ayının 6-da yenə dedi ki, on günlüyə Ağdama gedirəm. Ağlıma belə gəlmədi ki, yenə də məni aldadır. Demə artıq döyüşə gedirmiş. O, gedəndən sonra hər yerdən zənglər gəldi ki, Malik Qarabağa döyüşə gedib. Malik o gedən oldu. Bir daha onu görmədim. Malik elə yerdə idi ki, yanına da getmək belə olmurdu. Xocavəndin Qaradağlı istiqamətində şiddətli döyüşlərdə iştirak edirmiş. Elə orada da şəhid olub. Biz bunu biz, çox sonralar bildik.
Sabir İslam oğlu Mustafayev, 1963-cü ilin mart ayının 16-da Suraxanı rayonunun Əmircan qəsəbəsində anadan olmuşdu. Sabir də 114-saylı məktəbin 8-ci sinifini bitirəndən sonra, bir Müddət ATS-də işlədi. 1980-ci ildə hərbi komisarlıq xətti ilə sürücülük peşəsinə yiyələndi. 1981-84-ci illərdə,Sovet ordusunun tərkibində, Aşqabadın Çarcou və Karakalpakda xidmət etmişdi. Sabir 1984-cü ildə ordudan qayıdandan sonra,Suraxanı rayonun NQÇİ-nin tərkibində sürücü vəzifəsində çalışırdı. O vaxtlar bizim ailə çox xoşbəxt idi. Çünki övladlarımızın hər üçü işləyir və özlərinin əmək haqqalrını evə gətirirdilər. Valideyn üçün bundan da böyük xoşbəxtlik olardımı? Qarabağ müharibəsi başlayan vaxtdan bizim ailənin də gərgin günləri başladı. İlk əvvəl Malik və sonra Sabir Qarabağ döyüşlərinə getdi. Sabir, 1991-ci ilin dekabr ayının 22-də hərbi komisarlığa getdi. Könüllü olaraq hərbi xidmətə yazıldı. Sonra da Vətəni qorumaq üçün Qarabağa getdi. Müharibəyə getməmişdən əvvəl, Sabiri bir ay Şıxovda hərbi təlim keçməyə göndərdilər. Sonra Şuşaya göndərdilər. Ordan da 1992-ci ilin yanvar ayının 26-da Daşaltı əməliyyatına göndərilib. 1992-ci ilin yanvar ayının 26-da Sabir, Daşaltı əməliyyatında itkin düşdü. Komandirə xəbər göndərdim ki, Sabir itgin düşüb, heç olmasa Malikin yerini bizə deyin. O da cavab verdi ki, demişəm amma gələ bilmir. Sonralar bildik ki, Malik Qaradağlıda kəşfiyyatçı kimi xidmət edirmiş. Bu kənddə on nəfər milli ordunun uşaqları var imiş. Onlar, yerli adamlarla kəndi qoruyurmuşlar. Amma erməni gavurları 100-dən çox imişlər və həm də silah-sursatları çox imiş. 1992-ci ilin fevral ayının 15-də erməni işğalçılarıyla iki günlük güclü döyüşlərdə onların silah-sursatları qurtarır və bu qeyri-bərabər döyüşdə Malikgilin kişik dəstəsi böyük itgi verirlər. Ermənilər onlardan öldürəni öldürür, qalanlarını da maşınlara yığıb aparmaq istəyəndə, bu dəstəyə məhz Malikin rəhbərlik etdiyini bilib, onu maşından düşürüb şəhid edirlər. Bütün bunları mənə, Maliklə bir yerdə döyüşən və əsir götürülən Qax rayonun Zəyəm kəndindən olan, Bayram danışıb. Maliklə Bayram orada dost olublar. Bayram 1992-ci ilin aprelində kənd adamlarıyla bir yerdə, çox pis vəziyyətdə dəyişdirilib. Özündə olmadığı üçün Malik barədə mənə çox gec danışıb. İndi siz təsəvvür edin mən nə hisslər keçirmişəm. Bunu söznən ifadə etmək olmaz. Vətənin müqəddəs torpaqlarını qorumaq yolunda iki övladı şəhid olan bir ana üçün bunları yazmaq da çox çətindir. Çünki artıq 85 yaşım var. Bütün bu illərdə həyat yoldaşımın və övladlarımın xatirəsi ilə yaşayıram. Hələ də Daşaltı əməliyyatında itkin düşən Sabirimin yolunu səbirsizliklə gözləyirəm... Fikirləşirəm Birinci Qarabağ savaşında əsir düşənləri də yəqin geri qaytararlar... Ola bilər ki, mənim Sabirim də sağdır.



- Birinci Qarabağ savaşında uduzmağımız sizə bir şəhidlər anası kimi necə təsir edirdi?

- Əlbəttə, çox pis təsir edirdi. Fikirləşirdim ki, bu müharibədə 20 mindən çox şəhid vermişik və torpaqlarımız da işğal altındadır. Amma daxilimdə bir ümid vardı ki, işlər belə gedə bilməz. Biz hökmən həmin şəhidlərimizin qisasını alıb, torpaqlarımızı erməni gavurlarından azad etməliyik. Elə bil Böyük Tanrı biz şəhid analarının səsini eşitdi. Mən Birinci Qarabağ müharibəsində yaşadığım həmin o hissləri, ikinci müharibədə də yaşadım deyə, daha çox həyacan keçirdim. Gecələri gözümə yuxu belə getmədi. Çünki, bütün baş verənlər mənə çox təsir edirdi. Amma öz-özümə təsəlli verirdim ki, torpağlarımız düşmən işğalından qurtarılacaq. Hər bir kəndimizin, rayonumuzun işğaldan azad olunmasına çox sevinirdim. Allaha şüklər olsun ki, Birinci Qarabağ müharibəsində, silahsız, ac-susuz döyüşən igidlərimizin və eləcə də bütün şəhidlərimizin qanı yerdə qalmadı. Şəhidlərimizin ruhları şad oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin və bizlərə də cansağlığı versin ki, şəhidlərin adlarını yaşada bilək. Ali Baş Komandanımız cənab prezident İlham Əliyevə və igid Ordumuza, Azərbaycan xalqına, Türk , pakistanlı,əfqanıstanlı qardaşlarımıza təşəkkürlərimi bildirirəm. Artıq Qarabağımız azaddır. Buna şəhidlərimizin ruhu da çox sevinir. Əsas odur ki, xalqımız, haqsızlığın qarşısında əyilmədi. Burada Həzrət İmam Əlinin bu sözləri yadıma düşdü: " Haqsızlığın qarşısında əyilməyin. Çünki haqqınızla birlikdə şərəfinizi də itirərsiniz”. Xalqımız öz haqqı ilə birlikdə, şərəfini də qoruyub, bütün dünya xalqlarına nəyə qadir olduğumuzu tam sübut elədi.


- Analar müharibəyə nifrət edirlər. Bunun səbəbi nədir? Müharibə olmaması üçün dünya analarına nə demək istərdiniz?

- Heç bir ana və ya ata istəməz müharibə olsun və övladı şəhid olsun. Şəhərlərimiz, kəndlərimiz viran qalsın. Amma müharibələr olur. Bütün şəhid anaları və xanımları da bu dəhşətli faciələrə bir təhər dözürlər. Biz qadınlar çox güclüyük. Allah bizə dözüm verib. Ona görə müharibələrin qarşısını almaq üçün bütün dünya anaları birləşməli və müharibə törədənlərə qarşı öz etiraz səsini ucaltmalıdırlar. Bəlkə bundan sonra müharibələr dayana. Biz şəhid ailələrin bir qrupumuz var. Belə adlanır. Şəhid Ailələrinin Müdafiə Cəmiyyəti. Bu cəmiyyətə də çox xeyirxah, bacarıqlı xanım olan Nəsibə xanım Əliyeva rəhbərlik edir. Kimin nə dərdi varsa ora gəlir və biz dərdlərimizi orada bölüşürük, bir-birimizə dayaq oluruq. Onların çoxu gəlinlərdi, mən də onların anasıyam. Əlbəttə, yaxşı olar ki, Azərbaycandakı bütün şəhid anaları və ərlərini, qardaşlarını itirən xanımlar bir yerə yığışıb, bütün dünya analarına bir müraciət hazırlasınlar. Mən inanıram ki, bu müraciəti ölkə başçımız cənab İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da yaxşı qarşılayar. Bu müraciət yəqin ki, dünyada da yaxşı qarşılanar. Çünki gec-tez bu müharibə adlı dəhşətli faciənin, taunun, bəlanın qarşısı alınmalıdır. Silahlar yandırılmalıdır. Millətləri müharibəyə cəlb edənlər məhkəmə qarşısında dayanmalıdır.
Mən əvvəllər fikirləşirdim ki,uşaqlara bir şey olsa ölərəm, ancaq ölmədim və yarıcan olsam da yaşayıram. Heç vaxt ürəyim tam sevinmir, üzüm gülmür. Özümə bir təsəllim vardı ki, sükür Allaha böyük oğlum Rəhimxan var, məni yerdən götürər. 2005-ci ildə Allah onu da məndən aldı... O, atasının, qardaşlarının vaxtından tez haqq dünyasına getməsinə dözə bilmədi...
Həyat doğrudan da amansızdır. Üç oğul böyüdən və bu gün onların heç biri yanında olmayan ana necə ola bilər?.. ( Daha o, heç nə deməyib susdu və kövrəldi.)

Şairə Lilpar Cəmşidqızı da sizə "Şəhidlər anası” adlı bir maraqlı şeir həsr eləyib. Mən, bu yazımı elə həmin şeirlə tamalayıram.

Oğullar dərdini alıb çiyninə,
Şəhidlər anası Simuzər Ana.
Kədərdən don biçib geyib əyninə,
Şəhidlər anası Simuzər Ana.
Dedi ki, qoruyaq Vətən torpağın,
Yağıya verməyək bircə yarpağın.
Göylərə ucaldaq uca bayrağın,
Şəhidlər anası Simuzər Ana.

Bu Ana böyütdü mərd oğulları,
İndi də məzarın sarır qolları.
Öpür oğulları gedən yolları,
Şəhidlər anası Simuzər Ana.

Necə gör qürurla dayanıb, durub,
Dərdini içində ağlayıb, yorub.
Torpağa o qoşa oğullar verib,
Şəhidlər anası Simuzər Ana.

Sevinsin qoy bizim anamız Vətən,
Ona toxunammaz hər gəlib yetən.
Yenidən doğular torpağa bitən,
Şəhidlər anası Simuzər Ana.







31945 oxunub

InvestAZ