"Könüllülər ili” çərçivəsində Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası, "Azərbaycan İdman Könüllüləri” və "Azərbaycan İdmançıları” ictimai birliklərinin təşkilatçılığı ilə reallaşdırılan "Azərbaycanın Olimpiya Odisseyası” layihəsinin növbəti mərhələsi videokonfrans formatında baş tutub. Tədbir çərçivəsində Olimpiya çempionu Fərid Mansurovun idman ictimaiyyəti, gənclər və könüllülərlə görüşü keçirilib.
Tədbiri açan qurumun sədri Miraqil Seyidzadə layihənin məqsədi haqqında danışıb, yeni növ koronavirus (COVID-19) pandemiyasının dünyada və ölkədə müxtəlif sahələrdə, xüsusən də idmanda yaratdığı çətinlikləri diqqətə çatdırıb.
Videokonfrans iştirakçıları son günlər Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan sərhədlərində törədilən təxribatlar zamanı şəhid olmuş əsgər və zabitlərin xatirəsini ehtiramla anıblar.
Daha sonra tədbir iştirakçılarına Olimpiya çempionu Fərid Mansurovun fəaliyyəti haqqında qısa məlumat verilib. Milli Olimpiya Komitəsinin İdman idarəsinin müdiri Həsənağa Rzayev Fərid Mansurovu peşəkar idmançı və dost, yüksək əxlaqi keyfiyyətlərə malik bir insan kimi xarakterizə edib. H.Rzayev, həmçinin pandemiya dövrünün idman sahəsinə əks-təsirinin aradan qaldırılması üçün atılan addımlardan söz açıb.
"Azərbaycan İdmançıları” İctimai Birliyinin baş katibi Fərhad Acalov qurumun pandemiya dövründə karantin qaydaları çərçivəsində insanları idmana cəlb etmək üçün həyata keçirdiyi tədbirlər haqqında məlumat verib. Bu tədbirlərin təşkilinə Fərid Mansurovun dəstək göstərdiyini diqqətə çatdırıb və onun idman fəaliyyətindən danışıb.
Fərid Mansurov idman sahəsinə gələrkən keçdiyi çətinliklərdən, peşəkar idmançı kimi qazandığı uğurlardan, qələbə əldə etdiyi zamanı yaşadığı duyğulardan bəhs edib. Daha sonra idman ictimaiyyətinin, gənclərin və könüllülərin suallarını cavablandırıb, onlara sağlamlıqlarının qorunması, xəstəliklərlə mübarizəyə dair tövsiyələrini verib.