XƏBƏR LENTİ
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026



Göyçayda 3 güləş zalı istifadəyə verilib
İdman 15:16 / 10.06.2025

Göyçay rayonunda 3 güləş zalının açılışı olub.

Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətindən verilən məlumata görə, açılış mərasimində AGF-in baş katibi Nəsimi Musayev, Göyçay UGİM-in direktoru Namət Şirinov, I-S dərəcəli hakim Asif Şirəliyev, I dərəcəli hakim Natiq Hacıyev, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin nümayəndələri və başqa şəxslər iştirak edib.

Göyçay şəhərində həm yunan-Roma, həm də sərbəst güləş üzrə zal fəaliyyətə başlayıb. Hacı Zeynalabdin Tağıyev küçəsində yerləşən yunan-Roma güləşi zalında əməkdar məşqçilər Namət Şirinovla Kamran Baxışov, həmçinin məşqçilər Əkbər Məmmədli və Cəlal Miriyevin rəhbərliyi altında 70 yeniyetmə və gənc məşqlərə cəlb edilib. Heydər Əliyev prospektində yerləşən sərbəst güləş zalında isə məşqçilər Niyazi Əhmədov, Kamran Nuriyev və Coşqun Əsgərlinin rəhbərliyi altında 80 idmançı müntəzəm olaraq təlim-məşq prosesində iştirak edir.

Rayonun Bığır kəndində yerləşən 1 saylı məktəbin idman zalı da güləşçilərin ixtiyarına verilib. Əməkdar məşqçilər Namət Şirinov, Kamran Baxışov, məşqçilər Xamran Seyidov, Əkbər Məmmədli və Cəlal Miriyev yunan-Roma güləşi üzrə məşqlər keçir. Bu idman mərkəzində 130-dan artıq yeniyetmə və gənc güləşin sirrlərinə yiyələnir.

AGF tərəfindən inventarla təmin edilmiş hər 3 güləş zalında məşqlər ödənişsizdir. Bu da regionda kütləviliyi artıran əsas səbəbdir.

Qeyd edək ki, bölgələrdə güləş infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdiriləcək.


18432 oxunub

InvestAZ