“Turan Kuboku” uğurlu təşkilatçılıqla yadda qaldı
İdman 13:57 / 02.06.2025
Mayın 30-31-də ölkəmiz daha bir beynəlxalq yarışa - kəndirlə mübarizə idman növü üzrə I "Turan Kuboku" beynəlxalq turnirinə uğurla ev sahibliyi edib.
Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, Bakı şəhər Gənclər və İdman İdarəsinin, Milli İdman Növləri Assosiasiyasının, Tibb Universitetinin, Beynəlxalq və Avropa Kəndirlə Mübarizə Federasiyasının dəstəyi Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olunmuş turnir Bakı Su İdmanı Sarayında təşkil olunub.
Turnirin birinci günündə Türkdilli ölkələrin mədəniyyətini əks etdirən konsert və rəsm sərgisi ilə təntənəli açılış mərasimi keçirilib.
Mərasimdən öncə ümummilli lider Heydər Əliyevin və Vətən Müharibəsi Şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib. Sonra İncəsənət Gimnaziyanın rəqs qrupları Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan milli rəqsləri, həmçinin İncəsənət Gimnaziyasının şagirdi Sevil Məmmədova və İncəsənət Gimnaziyanın xoru "Çırpınırdı qara dəniz" və Beynəlxalq Muğam Müsabiqəsinin qalibi Elvin Abdullayev "Ana yurd" mahnılarını ifa ediblər.
Sonra Beynəlxalq Kəndirlə Mübarizə Federasiyasının birinci vitse-prezidenti Pete Dyer və Avropa Kəndirlə Mübarizə Federasiyasının prezidenti Ralf Braununger, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov, Avropa Kəndirlə Mübarizə Federasiyasının birinci vitse-prezidenti və Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti ictimai birliyinin prezidenti Elnur Şıxəliyev çıxış edərək turnirin əhəmiyyətini vurğulayıblar.
Elnur Şıxəliyev "Turan Kuboku” turniri layihəsinin hər il Türkdilli ölkələrin birində keçiriləcəyini bildirib və növbəti il üçün xüsusi hazırlanmış simvolik açarı Türkiyə Kəndirlə Mübarizə Federasiyasının prezidenti Eray Aldəmirə təqdim edib.
O, həmçinin turnir üçün hazırlanmış xalçaları qonaqlara hədiyyə edib.
Turnirin ikinci günündə yarışa start verilib. Turnirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Pakistan, Hindistan, İran, Gürcüstan, Səudiyyə Ərəbistanı, Sudan, Cənubi Afrika komandaları iştirak ediblər.
23 yaşa qədər oğlanların mübarizəsində Azərbaycan komandası birinci yerə layiq görülüb. Türkiyə komandası ikinci, Pakistan komandası isə üçüncü olub. 23 yaşa qədər qarışıq (mixed) kateqoriyada Qazaxıstan komandası birinci yerə sahib çıxıb. Azərbaycan komandası ikinci, Türkiyə komandası isə üçüncü yerlə kifatətlənib. Kişilərin mübarizəsində Qazaxıstan komandası turnirin qalibi adını qazanıb. Pakistan Komandası ikinci, Azərbaycan komandası isə üçüncü olub.
Böyüklərdə qarışıq (mixed) kateqoriyada Qazaxıstan birinci, Azərbaycan ikinci, İran isə üçüncü yeri tutub.
Turnirdə fərqlənən komandalara Bakı şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim edilib. Qaliblər həmçinin Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti İctimai Birliyi tərəfindən yarış üçün xüsusi hazırlanmış medal və kuboklarla təltif olunublar.
766 oxunub