Xəbər verdiyimiz kimi mayın 2-10-da Albaniyanın Dürreş şəhərində ustad ağırlıqqaldıranlar arasında Avropa çempionatı keçirilib. Yarışda 5 idmançı ilə təmsil olunan Azərbaycan komandasının 4 üzvü mükafatçılar sırasında yer alıb. Komandamızın heyətində Vaqif Müsadiq (81 kq) 70 yaşlı idmançılar arasında (M-70) qızıl medala layiq görülüb. O, birdənqaldırmada 72 kq, təkanla qaldırmada isə 90 kq çəkininin öhdəsindən gələrək, çempion tituluna sahib olub. Yarışdan Vətənə çempion kimi qayıdan ustad ağırlıqqaldıranımız sevincini olimpnevs.az saytı ilə bölüşüb.
"Bu ilin mart ayının 25-də 70 yaşımı qeyd etdim. Həmin vaxt arzu edirdim ki, Avropa çempionu olum. Bəli, mən arzumu gerçəkləşdirə bildim. Dürreşdə qitənin ən güclü və təcrübəli idmançılarının mübarizəsində qızıl medal əldə etdim. Bu eyni zamanda unikal bir nailiyyətdir. Ona görə ki, 70 yaşında Avropa çempionu olmaq məhz mənə nəsib olub. Yarış zamanı həyəcanımı gizlətmirdim. Ən yaxın izləyicim Klaus Fosters idi. O, həm də hakimlər komissiyasında yer almışdı. Məni həyəcanlandıran o idi ki, almaniyalı rəqibim dəfələrlə bu yarışda iştirak etmişdi. Hesab edirdim ki, hər hansı bir qərəzlə rastlaşaram. Lakin fikirlərimdə yanıldım. Sona qədər çox gərgin və şəffaf bir mübarizə hökm sürdü. Bu yarışa uzun müddətdir ki, hazırlaşırdım. Məşqlərimi Bakıxanovda və Ramanada yerləşən zallarda etmişdim. "Neftçi"İSM-in rəhbərliyi isə mənə həm maddi, həm də mənəvi cəhətdən dəstək olmuşdu. Yeri gəlmişkən qeyd edim ki, Ramanada yerləşən idman zalı təcrübəli mütəxəssis Xanlar və İdris Nəbiyev qardaşlarına məxsusdur. Onlara da öz minnətdarlığımı bildirirəm. Hər zaman qəlbim idmanla döyünüb. Karyeram ərzində həm idmançı, həm də məşqçi kimi böyük uğurlar qazanmışam. Lakin qitə çempionluğu mənim üçün ən böyük nailiyyətdi", - deyə Avropa çempionumuz bildirib.
Qeyd edək ki, Albaniyanın Dürreş şəhərində qitə çempionu olan Vaqif Müsadiq eyni nəticəni dünya çempionatında qazanmaq istəyir.