Fevralın 9-da Gürcüstanın Bakuriani şəhərində XVII Avropa Gənclər Qış Olimpiya Festivalının açılış mərasimi keçirilib.
Dağ-xizək kurortunda təşkil olunan mərasimdə festivalın iştirakçısı olan ölkələrin rəsmi paradı olub. Azərbaycan komandası da paraddan keçib.
Daha sonra Gürcüstanın Baş naziri İrakli Kobaxidze çıxış edərək idmançılara uğurlar arzulayıb.
"Bu gün Gürcüstan idmanının tarixi günüdür. Bakurianidə Olimpiya məşəlinin alovlanması bir daha təsdiq edir ki, hamımızı, 45 Avropa ölkəsini bir ümumi məqsəd birləşdirir - sağlam, vahid və dinc Avropada yaşamaq”, - deyə İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, Gürcüstan öz vədlərinə əməl edib və özünü dünya xəritəsində qış idman növləri üçün cəlbedici ölkə kimi göstərib. Hökumət başçısı qeyd edib ki, Batumi və Tbilisi ilk dəfə qış idman növləri üzrə belə böyük yarışlara ev sahibliyi edir və bununla da özlərini dünyaya yeni bir şəkildə təqdim edirlər.
Bakuriani-2025-in həm də innovativ turnir olduğunu deyən Baş nazir həmçinin onu da qeyd edib ki, festival tarixində ilk dəfə süni intellektdən istifadə olunacaq.
"Əminəm ki, festival ölkəmizə daha böyük şöhrət gətirəcək və gələcək nəsillər üçün yeni imkanlar açacaq. Bu uğura töhfə verən hər kəsə bir daha təşəkkür edirəm. Hər bir idmançıya uğurlar, azarkeşlərə isə unudulmaz idman tamaşası arzulayıram”, - deyə İrakli Kobaxidze qeyd edib.
Daha sonra çıxış edən Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralos yarış iştirakçılarına qitəmiqyaslı multi-idman tədbirində uğurlar arzulayıb.
Açılış mərasimində həmçinin "Uşaq Avraviziya 2024”ün qalibi Andria Putkaradze çıxış edib.
Sonra Gürcüstan prezidenti Mixail Kavelaşvili Avropa Gənclər Qış Olimpiya Festivalını rəsmi olaraq açıq elan edib.
Qeyd edək ki, 48 ölkədən 1000-ə yaxın idmançının iştirak etdiyi festivalda atletlər 8 idman növündə: dağ xizəyi, biatlon, xizək yarışı, buz hokkeyi, snoubord, fiqurlu konkisürmə, fristayl və qısa yolda sürətli konkisürmə yarışlarında mübarizə aparırlar.
Ölkəmizi EYOF-2025-də fiqurlu konkisürmə idman növündə Leyli Axundov təmsil edəcək.
Fevralın 9-dan 16-dək təşkil olunan Avropa Gənclər Qış Olimpiya Festivalı Bakuriani, Tbilisi və Batumidə keçirilir.