Oktyabrın 16-da "Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinə start verilib.
"Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra çıxış edən Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov ölkəmizdə bu cür beynəlxalq tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.
Azərbaycanda avarçəkmə idman növünə yeniyetmə və gənclərin böyük marağı olduğunu deyən Azad Gözəlov bu idman növü üzrə keçirilən yarışların dostluq ənənəsini xatırlatdığını qeyd edib.
Çıxışının sonunda beynəlxalq reqatanın təşkilatçılarına minnətdarlığını bildirən idarə rəisi bütün idmançılara uğurlar arzulayıb.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev yarışda əcnəbi idmançıların mübarizə aparmasının müsbət məqam olduğunu söyləyib.
Qeyd edək ki, 12 ölkədən 100-dək idmançının mübarizə apardığı "Mingəçevir Reqatası-2024" Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə keçirilir.
Sabah Füzulinin işğaldan azad olunması günü ilə əlaqədar oktyabrın 17-də şəhərin Aşağı Köndələnçay su anbarında yarışın rəsmi açılış mərasimi keçiriləcək.
2131 oxunub