XƏBƏR LENTİ
27 Dekabr 2024
26 Dekabr 2024
25 Dekabr 2024
24 Dekabr 2024
23 Dekabr 2024
19 Dekabr 2024
18 Dekabr 2024



Alfonso Dominqes: “Qismətimdə gümüş medal qazanmaq var imiş” --MÜSAHIBƏ
İdman 16:11 / 10.08.2024
Paris-2024 Yay Olimpiya Oyunlarının boks yarışlarında gümüş medal qazanan idmançımız Alfonso Dominqes (92 kq) final görüşündən dərhal sonra ölkəmizin media nümayəndələrinə müsahibə verib. İkiqat Olimpiya mükafatçısı qələbə sevincini KİV-lərlə bölüşüb. Həmin müsahibəni oxuculara təqdim edirik.

- Azarkeşlər səndən qızıl medal gözləyirdi. Həlledici mərhələdə Olimpiya qızılını qazanmaq üçün nə mane oldu?

- Bu gün mənim günüm deyildi. İstədiklərimi rinqdə edə bilmədim. Buna görə də qızıl medalı əldən verdim. Rəqibim də yetərincə güclü idmançı idi. Düşünürdüm ki, rinqdə daha yaxşı döyüş nümayiş etdirərəm. Amma alınmadı. Rəqib məndən daha güclü idi və döyüşü qələbə ilə başa vurdu.

- Özbəkistanlı idmançının texniki imkanlarını təhlil etmək üçün kifayət qədər vaxtın oldu. Həmin vaxt onun səndən güclü olduğunu düşünürdün?

- Döyüşdən əvvəl rəqibimin texniki xüsusiyyətlərini yaxşı təhlil etmişdim. Lakin düşünürdüm ki, döyüşüb qələbə qazanmaq olar. Baxmayaraq ki, rəqib güclü idi, amma bununla belə öz taktikamı da qurmuşdum. Nədənsə taktikam alınmadı.

- Yarımfinal və final yarışları arasında beş gün vaxt var idi. Aradakı bu fasilə sənin döyüşünə təsir etdimi?

- Xeyr, bu uduzmağıma bəhanə ola bilməz. Mən elə bir idmançıyam ki, uduzanda da öz məğlubiyyətimi qəbul edirəm. Heç bir bəhanələrə sığınmıram. Heç bir təzyiq də yox idi. Sadəcə olaraq, döyüşüm alınmadı. Amma buna baxmayaraq, Paris-2024-dəki çıxışımı uğurlu hesab edirəm. Tokio-2020-də əldə etdiyim bürünc medalı yaxşılaşdırdım. Azərbaycanın boks tarixində Olimpiya Oyunlarında ardıcıl iki medal qazanan ilk boksçu oldum. Fürsətdən istifadə edib, məni dəstəkləyən hər kəsə minnətdarlığımı bildirirəm.

- Tokio-2020-də bürünc, Paris-2024-də isə gümüş medal qazandın. Belə çıxır ki, azarkeşlər qızıl medal üçün Los-Anceles-2028-i gözləməlidir?

- Düzdür, medalın əyarından razı deyiləm. İstərdim ki, Azərbaycana qızıl medalla qayıdım. Gümüş medal da pis nəticə deyil. Bütün idmançının arzusu qızıl medal qazanmaqdır. Amma bu, biz istəməklə olmur. Qismətində nə varsa, o da olacaq. Deməli, qismətimdə gümüş medal qazanmaq var imiş. Finala qədər bütün rəqiblərimə qalib gəldim. Bunun üçün Allaha şükür edirdim. Bu gün də yatmazdan əvvəl Allahıma şükür edəcəyəm ki, mənə gümüş medal qazanmağı nəsib etdi. Qarşıdakı məqsədim növbəti oyunlarda Olimpiya çempionu olmaqdır. arzusunu reallaşdırmaqdır. Söz verirəm ki, Los-Anceles-2028-də Azərbaycana qızıl medal qazandıracağam.

5338 oxunub

InvestAZ