Mayın 22-dən 26-dək Macarıstanın paytaxtı Budapeştdə bədii gimnastika üzrə Avropa çempionatı keçirilib.
Azərbaycan Gimnastika
Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, komandamız yarışın
ilk günündə fəxri kürsüdə yer alıb. Belə ki, milli komandamızın üzvləri - Gövhər İbrahimova (halqa), Şəms Ağahüseynova (lent), İlahə
Bahadirova (top), Fidan Qurbanlı (gürzlər) komanda hesabında, ümumilikdə,
117,400 xalla bürünc medal sahibi olub. Fəxri kürsünün ilk pilləsində Rumıniya,
2-ci sırada isə İsrail komandası yer alıb. Bundan başqa gənc gimnastlarımızın
dördü də mübarizəni davam etdirərək finalda iştirak hüququ qazanıb. Millimizin
gənc üzvləri fəxri kürsüdə yer ala bilməsələr də, əsas etibarilə sıralamanın ön
pillələrində qərarlaşıblar. Final mərhələsindəki çıxışlarında İlahə Bahadirova
(top) 30,500 xalla 4-cü, Şəms Ağahüseynova (lent) 28,300 xalla 4-cü, Gövhər
İbrahimova (halqa) 30,400 xalla 5-ci, Fidan Qurbanlı (gürzlər) 28,400 xalla
8-ci sırada yer tutub.
Bədii gimnastika üzrə Avropa çempionatında qrup
hərəkətləri komandamız yarış ərzində güclülərin sırasında yerini qoruyub.
Millimiz çoxnövçülük proqramında (5 halqa; 3 lent və 2 top) 70,200 xal
toplayaraq siyahıda 4-cü yerdə qərarlaşıb. Həmçinin Ləman Əlimuradova, Zeynəb
Hümmətova, Kamilla Əliyeva, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta
Luzandan ibarət yığmamız çıxış etdikləri hər iki proqram üzrə finala vəsiqə
qazanmağı bacarıblar. Onlar 3 lent və 2 top proqramı üzrə performanslarının
nəticəsinə əsasən 4-cü (33,350), halqalarla çıxışdan sonra 6-cı sırada (36,600)
yer tutaraq çempionata yekun vurublar.
Budapeştdə keçirilən Avropa çempionatında iştirak
edən millimizin üzvləri arasında böyük fərdi gimnastlarımız - Zöhrə Ağamirova,
Kamilla Seyidzadə və İlona Zeynalova da yer alıb. Onların içində ən yaxşı
nəticəni topla çıxışında Zöhrə Ağamirova 32,400 xallıq performans göstərərək
əldə edib. Gimnastımız 12-ci sırada qərarlaşıb.