XƏBƏR LENTİ
19 May 2024
17 May 2024
16 May 2024
15 May 2024
14 May 2024
13 May 2024



Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2024” keçirilib
İdman 15:16 / 05.05.2024

Mayın 5-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu 2024” keçirilib. 2016-cı ildən etibarən ənənəvi olaraq təşkil olunan Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır və hər il də kütləviliyi, yaşından asılı olmayaraq müxtəlif ölkələrdən iştirakçıları ətrafında toplamaqla seçilir. Budəfəki marafona 18 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib. Yarışda 18 yaşdan yuxarı şəxslər iştirak edir.

Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də digər ölkələrdən iştirakçılar da marafona qeydiyyatdan keçib. Bunların sırasında bu il ABŞ, Belarus, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən iştirakçılar da yer alıb. Bakı Marafonunda bir sıra tanınmış şəxslər də fəxri iştirakçı kimi yarışıblar.

Marafon birincilik uğrunda yarışla yanaşı, həm də iştirakçılarda yaratdığı gözəl əhvali-ruhiyyə ilə yaddaqalan olur. İştirakçılar bu il də yarışa böyük marağı, yarışa xüsusi hazırlıqları ilə seçilirdi.

"Küləyə qalib gəl” şüarı ilə 7-ci dəfə keçirilən marafonun start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında təşkil olunub. Marşrut Dənizkənarı bulvar zonasından keçməklə şəhərin mərkəzi küçə və prospektlərini (Neftçilər prospekti - Bakı Ağ Şəhər bulvarı - Xəqani Rüstəmov küçəsi - Bakı Ağ Şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi - Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi, "Cavanşir” körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi - Neftçilər prospekti, Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) əhatə edib.

Bakı marafonunda qadınlar arasında ukraynalı Nataliya Semenoviç birinci olub. Azərbaycan təmsilçisi Anna Yusupova marafonu ikinci, qazaxıstanlı Nelli Qaitova üçüncü pillədə başa vurublar.

Kişilərin mübarizəsində isə türkiyəli Ahmet Alkanoğlu finişə hamıdan tez çatıb. İkinci yeri ukraynalı Boqdan Semenoviç, üçüncü yeri uqandalı İsmail Senyange tutub.

İlk 3 yerin sahiblərinə, müvafiq olaraq, 3000, 2000 və 1000 manat pul mükafatları, medal və diplomlar təqdim olunub.


1364 oxunub

InvestAZ