İdman 18:08 / 18.12.2023
Dekabrın 13-17-də batut gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri
Hüseyn Abbasov, Nicat Mirzəyev, Əli Niftəliyev, Mehdi Əliyev, Ammar Baxşalıyev,
İbrahim Mustafazadə, Ayan Şabanova, Samirə Hüseynova, Səma Cəfərova, Şəfiqə
Hümbətova, Melisa İsmixanova, Selcan Mahsudova, Fərhad Mustafayev, Ömər
Qasımlı, Səbuhi Süleymanlı, Fərhad Vəliyev Özbəkistanın Daşkənd şəhərində
təşkil olunan beynəlxalq turnirdə qüvvələrini sınayıblar.
Təmsilçilərimiz uğurla çıxış edərək 11 medala sahib çıxıblar.
Millimizin üzvləri Selcan Mahsudova, Fərhad Mustafayev və Nicat Mirzəyev fərdi
proqramda özünəinamlı çıxışları ilə bütün rəqiblərini üstələyərək qızıl medal
qazanıblar.
Bu yaxınlarda İngiltərənin Birminqem şəhərində keçirilən dünya yaş qrupları
yarışlarında sinxron proqramda gümüş medala layiq görülən Samirə Hüseynova və
Ayan Şabanova Özbəkistanda da ümidləri doğruldaraq eyni çıxış proqramında fəxri
kürsünün ən yüksək pilləsinə yüksəliblər.
Təmsilçilərimiz Ömər Qasımlı və Əli Niftəliyev fərdi proqramda gümüş medal əldə
ediblər.
Yığmamızın üzvləri Fərhad Mustafayev və Ömər Qasımlı, eləcə də Əli Niftəliyev
və Mehdi Əliyev isə sinxron proqramda eyni uğura imza atıblar.
Fərdi proqramda çıxış edən Səma Cəfərova və Ammar Baxşalıyev isə beynəlxalq
turniri bürünc medalla başa vurublar. Səma Cəfərova sinxron proqramda da
komanda yoldaşı Şəfiqə Hümbətova ilə fərqlənərək üçüncü pillədə qərarlaşıb.