İdman 12:16 / 27.11.2023
Milli Olimpiya Komitəsinin rəsmi mətbuat orqanı olan
"Olimpiya dünyası” qəzetinin ilk sayı 2001-ci il noyabrın 27-də işıq üzü görüb.
İlk gündən "Olimpiya dünyası” ölkə idmanının, Olimpiya Hərəkatının və Olimpiya
ideallarının təbliğini özünün başlıca vəzifəsi hesab edir. İdman mətbuatı ailəsində
özünəməxsus mövqeyi olan "Olimpiya dünyası” qəzeti bu illər ərzində sevilən nəşrlərdən
birinə çevrilib. Qəzet öz səhifələrində dünyada və ölkədə baş verən mühüm idman
hadisələrini, yeniliklərini, atletlərimizin uğurlarını müntəzəm olaraq işıqlandırmaqla
artıq 22 ildir ki, operativ xəbərlərlə oxucuların görüşünə gəlir.
Şübhəsiz ki, idmanın və Olimpiya Hərəkatının inkişafının,
kütləviləşməsinin təbliği sahəsində idman mətbuatının rolu danılmazdır. Hər
hansı sahədə əldə edilən uğur təbliğat işinin keyfiyyətindən və səviyyəsindən də
asılıdır. Geniş auditoriya kütləsi toplamaq üçün, ilk növbədə, oxucu zövqünü və
tələbatını təmin etmək lazımdır. Müasir oxucu çoxsaylı informasiya ilə yanaşı,
ölkə idmanındakı yenilikləri də daim izləmək istəyir. Bu baxımdan, qəzetin əsas
məqsədi ölkədə Olimpiya Hərəkatının genişlənməsi, idmanın inkişafı sahəsində həyata
keçirilən tədbirlər barədə operativ məlumatlar vermək, idmansevərləri,
idmançıları və idman mütəxəssislərini lazımi informasiya ilə təmin etməkdir.
"Olimpiya dünyası” qəzetini digər idman nəşrlərindən fərqləndirən başlıca
xüsusiyyət onun bütün idman növlərini eyni səviyyədə diqqətdə saxlamasıdır.
"Olimpiya dünyası” fəaliyyət göstərdiyi 22 il ərzində idman
ictimaiyyətinin nümayəndələri ilə yanaşı, oxucularla da sıx əlaqələr yaratmağa
nail olub. Qəzet oxucuların idman haqqında biliklərini yoxlamaq və artırmaq məqsədilə
tez-tez maraqlı müsabiqələr və viktorinalar təşkil edir. Əsas məqsəd ölkəmizdə
idmanın, Olimpiya Hərəkatının inkişafını nəinki Azərbaycanda, hətta ölkəmizin
hüdudlarından kənarda da layiqli səviyyədə təbliğ etməkdir.
"Olimpiya dünyası”nın səhifələrində müxtəlif rubrikalar
altında dərc olunan yazılar oxucularda maraq oyadır. Oxucular idman ictimaiyyətinin
tanınmış nümayəndələri, Olimpiya, Avropa və dünya çempionlarının idmandakı
uğurları və şəxsi həyatları haqqında maraqlı məlumatlarla tanış olmaq imkanı əldə
edirlər. Müxtəlif mövzuları əhatə edən "Mütəxəssis rəyi”, "Sənətçi idman,
idmançı sənət haqqında”, "Hesabat kürsüsü” "Sağlamlıq resepti-idman”, "İdmançı
ailəsi”, "İdmandan kənar”, "İdmançı menyüsü”, "Ali məktəblərin idman həyatı”,
"İdman klublarında”, "Bölgə idmanı”, "Küncdən zərbə”, "İdman ulduzları”, "Gənclər
və idman”, "Qadın və idman”, "Musiqi və idman”, "Unudulmayan əfsanələr”,
"İdmançılar narkomaniyaya qarşı” və başqa bu kimi rubrikalar oxucular tərəfindən
maraqla qarşılanır.
"Olimpiya dünyası” qəzetində Afina-2004, Pekin-2008,
London-2012, Rio-2016, Tokio-2020 Yay və bir neçə Qış Olimpiya Oyunları,
Sinqapur-2010, Nankin-2014, Buenos-Ayres-2018 Yeniyetmələrin Yay Olimpiya
Oyunları, Avropa Yeniyetmələrinin Olimpiya Festivalları, Avropa Oyunları, İslam
Həmrəyliyi Oyunları və bir çox mötəbər beynəlxalq yarışlardan birbaşa və
operativ məlumatlar verilib. Olimpiya ideallarının, Olimpiya Hərəkatının Azərbaycanda
təbliğinə xidmət edən "Olimpiya dünyası” qəzeti həm ölkə, həm də dünya
idmanının aynasına çevrilib. Bu möhtəşəm idman tədbirlərində "Olimpiya dünyası”nın
işi digər mətbu orqanlarının fəaliyyətindən xüsusilə fərqlənib. Bu yarışlarda
tarix yazan idmançılarımız həyəcanlı anların yaşandığı idman arenalarında ilk
müsahibələrini məhz "Olimpiya dünyası”na veriblər. Qəzet Olimpiya komandamızın
dünyanın ən mötəbər yarışlarına hazırlığından, onların olimpiadada iştirakından
geniş şərhlər hazırlayıb. Atletlərimizlə Afina, Pekin, London, Rio-de Janeyro,
Tokio, Sinqapur, Nankin, Buenos-Ayres və digər yerlərdə yaradılan canlı telefon
bağlantıları materialların daha geniş, daha ətraflı və oxunaqlı olmasına zəmin
yaradıb.
İdman və Olimpiya Hərəkatının təbliğində peşəkarlıq nümayiş
etdirən "Olimpiya dünyası” qəzeti 44 günlük Vətən müharibəsinə xüsusi yer
ayırdı. Qəzetimiz bütün səhifələrini Vətən müharibəsinə həsr etdi. Böyük Zəfərdən
sonra da qəzetimiz qələbəyə həsr olunmuş yazıları davam etdirir. "Şəhidlik zirvəsinə
ucalan idmançılar”, "Vətən müharibəsinin idmançı qəhrəmanları” rubrikası
altında yazılar qəzetimizin səhifələrində dərc olunur.
"Olimpiya dünyası”nın fəaliyyəti yüksək qiymətləndirilib. Azərbaycan
Prezidenti İlham Əliyevin Sərəncamı ilə qəzetimizin iki əməkdaşı "Azərbaycan
Respublikasının Əməkdar jurnalisti”, üç əməkdaşı da "Tərəqqi” medalına layiq
görülüb. Qəzet Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının "Ədalətli
idman təbliğatçısı” nominasiyasının qalibi olub. Azərbaycan İdman Jurnalistləri
Assosiasiyası (AİJA) tərəfindən qəzet dəfələrlə "İlin ən yaxşı idman nəşri”
nominasiyasına layiq görülüb. Qəzetin əməkdaşları da müxtəlif illərdə "İlin
idman jurnalisti” nominasiyasında fərqləniblər. 2004-cü ildə "Olimpiya dünyası”
qəzetinin baş redaktoru Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən "İlin ən
yaxşı idman jurnalisti” nominasiyasında birinci olub.
Beynəlxalq mətbuatın da diqqət mərkəzində olan "Olimpiya
dünyası” İspaniyada "Nüfuz və keyfiyyətə görə-Aktualidad-XXI” adlı beynəlxalq
mükafata layiq görülüb. İdmanın təbliği sahəsindəki fəaliyyətinə görə Beynəlxalq
Gimnastika Federasiyasının xüsusi diplomu ilə təltif edilib.
Qəzet həm də AFFA, Azərbaycan Gimnastika Federasiyası, Azərbaycan
Voleybol Federasiyası, Azərbaycan Taekvondo Federasiyası, Azərbaycan Güləş
Federasiyası və bir çox digər idman qurumları tərəfindən dəfələrlə diplom və
mükafatlara layiq görülüb.
"Olimpiya dünyası” qəzeti idmanın təbliği ilə yanaşı, idman tədbirlərinin,
müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi önəm verir. İndiyədək qəzet
bir sıra ölkədaxili və beynəlxalq yarışların, mədəniyyət tədbirlərinin təşkilatçısı
olub. Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri arasında əməkdaşlıq,
yaradıcılıq əlaqələrini daha da möhkəmləndirmək üçün "Olimpiya dünyası” və
"İdman” qəzetinin təşkilatçılığı ilə keçirilən "KİV-2003” futzal turnirində
Kütləvi İnformasiya Vasitələrinin 14 komandası qüvvəsini sınayıb. "Olimpiya
dünyası”nın 2004-cü ildə jurnalistlər arasında ən güclü şahmatçını aşkar etmək
üçün təşkil etdiyi yarışlar da böyük maraqla qarşılanıb.
"Olimpiya dünyası”nın təşkilatçılığı ilə bölgələrdə də bir
sıra tədbirlər həyata keçirib. Belə ki, qəzetin Gəncədə təşkil etdiyi karate-do
üzrə "Gəncə kuboku” beynəlxalq turniri də belə tədbirlərdəndir. 2011-ci il
oktyabrın 23-də "Olimpiya dünyası” qəzetinin təşkilatçılığı ilə jurnalistlərlə
"Neftçi”nin veteran futbolçuları arasında yoldaşlıq görüşü də keçirilib.
İdman mövzusunda karikaturalara maraq həmişə böyük olub.
Dünyada idman çox inkişaf etdiyindən karikatura ustaları dəfələrlə bu mövzuya
müraciət edir, öz ustalıqlarından istifadə edərək gözəl nümunələr yaradırlar.
Ölkəmizdə də karikaturaçılar idman mövzusuna müraciət edirlər. "Olimpiya
dünyası” qəzeti karikaturaçılarda idman sahəsinə marağı daha da artırmaq məqsədilə
I Bakı Beynəlxalq Karikatura Müsabiqəsi təşkil edib. Bu müsabiqədə 26 ölkədən
70 rəssam bacarığını nümayiş etdirib. 2006-cı ildə qəzetin təşkilatçılığı ilə
keçirilən II Bakı Beynəlxalq Karikatura Müsabiqəsində isə bütün qitələri təmsil
edən 40 ölkədən 163 rəssam 500 karikatura ilə iştirak edib. Qəzetin "Ən yaxşı
idman fotoşəkili” və "Ən yaxşı idman yazısı” adlı müsabiqələri də uğurla
keçirilib.
Bundan başqa Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli
Oyunlar Komissiyasının və "Olimpiya dünyası” qəzetinin birgə təşkilatçılığı ilə
"İdman və ədalətli oyunlar” mövzusunda rəsm müsabiqəsi keçirilib. 3-8 və 9-16
yaş qrupları üzrə keçirilən müsabiqəyə paytaxt və Naxçıvan MR ilə yanaşı, 42
bölgədən ümumilikdə 2114 rəsm daxil olub. Onlardan 1560-ı 9-16 yaş qrupu, 554-ü
3-8 yaş qrupu üzrə olub. Rəsmlər hər yaş qrupuna uyğun olaraq Azərbaycan Rəssamlar
İttifaqını təmsil edən peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib.
"Olimpiya dünyası” qəzeti 2006-cı ildən başlayaraq Yetkinlik
Yaşına Çatmayanların Tərbiyə Müəssisəsində idman tədbirləri təşkil edib. Burada
stolüstü tennis üzrə yarış təşkil olunmuş və bu yarışın qaliblərinə diplomlar və
idman kostyumları verilmişdir. Növbəti tədbir 2007-ci il martın 5-də "Olimpiya
dünyası” ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı
ilə 4 saylı Cəzaçəkmə Müəssisəsində təşkil edilib. 8 Mart-Beynəlxalq Qadınlar Günü
ərəfəsində belə bir tədbirin keçirilməsində əsas məqsəd azadlıqdan məhrumetmə
ilə bağlı yaranmış gərginliyi aradan qaldırmaq, məhbusların psixoloji durumunu
sabit saxlamaq və onların asudə vaxtının maraqlı və səmərəli təşkilinə kömək
göstərmək idi. Cəzaçəkmə Müəssisəsində voleybol üzrə yarış keçirilmiş, bu
yarışlara tanınmış voleybolçu Alla Həsənova hakimlik etmiş, qaliblərə və cəzaçəkmə
müəssisəsindəki qadınlara hədiyyələr təqdim olunmuşdur. Belə tədbirlər zamanı
Olimpiya, dünya və Avropa çempionları ilə məhbusların görüşü keçirilmiş, Penitensiar
Xidmətin Cəzaçəkmə Müəssisələrinin kitabxanalarına MOK-un nəşrlərindən nümunələr
və idman zallarına müxtəlif idman avadanlıqları verilmişdir.
Qəzetimizin yubileyi ilə bağlı 2021-ci il noyabrın 3-də MOK-un
Azərbaycan Mətbuat Şurasının (MŞ) təşkilatçılığı ilə Mətbuat Şurasında
"Olimpiya dünyası” qəzetinin 20 ilik yubileyinə həsr olunmuş "Narkomaniyaya
qarşı mübarizədə media və idmanın rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə
iştirak edən dünya, Avropa və Olimpiya çempionları və digər qonaqlar gənclərin
narkomaniya və zərərli vərdişlərdən qorunması, sağlam həyat tərzinə yönəlməsi
ilə bağlı fikirlərini bildiriblər. Qeyd edək ki, qəzetimizin səhifələrində
"İdmançılar narkomaniyaya qarşı” rubrikası altında oxucularımıza müntəzəm
olaraq maraqlı yazılar təqdim olunur.
"Olimpiya dünyası” qəzetinin 22 il ərzindəki ən böyük
uğurlarından biri də, ölkədə idman jurnalistlərinin yetişməsi sahəsində fəaliyyət
göstərməsidir. Belə ki, ali təhsil ocaqlarının jurnalistika və digər fakültələrində
təhsil alan, idmana maraq göstərən və bu sahənin təbliği ilə məşğul olmaq istəyən
prespektivli gənclər redaksiyaya işə dəvət olunurlar. Ötən illər ərzində
"Olimpiya dünyası”nda 40 nəfərə yaxın gənc idman jurnalisti yetişib. Onlar ali
məktəblərdə təhsillərini davam etdirməklə yanaşı, həm də idman
jurnalistikasının sirlərinə yiyələnib və təcrübə əldə ediblər. Hazırda onlar
ölkəmizin müxtəlif KİV-lərində idman jurnalisti kimi çalışırlar. Bu təcrübə
indi də davam edir. İdman sahəsini yaxşı bilən, yaradıcı və zəngin təcrübəyə
malik idman jurnalistlərinin yetişməsi üçün qəzetin kollektivi öz səy və
bacarığını əsirgəmir.
Azərbaycanda idmana dövlət səviyyəsində göstərilən diqqət və
qayğının nəticəsi olaraq, ölkədə idmanın inkişafını, Olimpiya Hərəkatının
genişlənməsini, maddi-texniki bazanın sürətlə möhkəmlənməsini, atletlərimizin
beynəlxalq səviyyəli uğurlarını daim diqqət mərkəzində saxlayan və təbliğ edən
"Olimpiya dünyası” əvvələr həftədə iki dəfə rəngli formatda 6000 tirajla çap
edilirdi. Hazırda qəzet həftədə bir dəfə 4100 tirajla çap edilir və geniş oxucu
kütləsinə malikdir. "Olimpiya dünyası” qəzeti hazırda həftəlik qəzet kimi fəliyyət
göstərsə də, 2016-cı ilin oktyabr ayından həm də gündəlik çıxır. Belə ki, onlayn
formatda da gündəlik olaraq oxucuların görüşünə gəlir (olimpiyadunyasi.com).
Böyük məsuliyyət tələb edən qəzet işi kollektiv əməyin məhsuludur.
Redaksiyada idmana və jurnalistikaya qəlbən bağlı mehriban və işgüzar yaradıcı
kollektiv formalaşıb.
Uğurlu fəaliyyətimiz bu gün də davam edir. Hesab edirik ki,
Azərbaycan idmanı və Olimpiya Hərəkatı inkişaf etdikcə, idmançılarımızın
nailiyyətləri artdıqca, qəzetimiz də qələbə xəbərlərini çoxsaylı oxucularımıza
çatdıracaq.