İdman 17:22 / 21.02.2023
Milli Olimpiya Komitəsinin rəsmiləri Kanada və Qırğız Respublikasını təmsil edən OCEP məktəblərinin tədbirində iştirak ediblər. T. Həsənov adına 23 saylı məktəbin OCEP məktəbliləri zəngin tarixə, mədəniyyətə, idman ənənələrinə və heyrətamiz təbiətə malik Kanada haqqında maraqlı səhnəciklərlə qonaqları qaşılayıblar. MOK-un vitse prezidenti Çingiz Hüseynzadə, ETN-nin Məktəbdənkənar fəaliyyət şöbəsinin müdiri Elnur Əliyev, məktəb direktorları və başqa qonaqların iştirak etdiyi tədbir şən əhval ruhiyyədə keçib. "Kanadanın tarixi və ənənələri” adlı tədbirdə çıxış edən məktəbin direktoru Nigar Hənifəyeva iştirakçıları şagirdlərin böyük mənuniyyətlə hazırladıqları təqdimatlara baxmağa dəvət edib. "Qədim Kanada”, "Kanadanın ənənələri” "Kanadanın Mətbəxi” "Kanadada İdman”, "Kanadakı şəhərlər” və "Müasir Kanada” təqdimatları rəqslər və musiqi ifaları ilə müşayət olunub.
Qırğız Respublikasını təmsil edən 205 saylı tam orta məktəbin şagirdləri isə bu il OCEP layihəsinə qoşulub. Məktəbin direktoru Xoşqədəm Bağırova bildirib ki, Qırğız Respublikasını tanıtmaq üçün bir sıra tədbirlər həyata keçirilib. Şagirdlərin qardaş ölkə ilə yaxından tanışlığı üçün dərslər təşkil edilib. Bu yaxınlarda isə OCEP məktəbliləri qardaşlaşdıqları Qırğız Respublikasının Heydər Əliyev adına 20 nömrəli tam orta məktəbinin VII sinif şagirdləri ilə onlayn görüş keçiriblər. Qırğız Respublikasının tarixini, mədəniyyətini, atributlarını özündə əks etdirən tədbirdə MOK-un baş katibi Azər Əliyev, Qırğız Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev, Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Nəsimi rayonu İcra Hakimiyyətinin başçısı Asif Əsgərov iştirak ediblər. Maraqlı tədbir qonaqların qədim Qırğızıstan və Azərbaycan yurdlarına səyahət ilə başa çatıb.