"Şöhrət” ordenli, Əməkdar bərən tərbiyəsi və idman xadimi”, Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri, Azərbaycan Dövlət Gömrük Komitəsinin İdman-Sağlamlıq Mərkəzinin Baş direktoru, gömrük xidməti polkovniki Xəzər İsayevin fevralın 1-də 60 yaşı tamam olur.
Yubiley ərəfəsində Xəzər müəllimlə əlaqə saxlayıb, onunla keçdiyi həyat yolundan danışdıq.
Azərbaycan idman tarixində şərəfli iz buraxan və öz uğurları ilə gənclərə örnək olan Xəzər müəllim keçən illər ərzində xeyli nailiyyətlər əldə edib.
Güləş idman növü ilə kiçik yaşlarından məşğul olan Xəzər İsayev ilk uğurunu 1971-ci ildə rayon birinciliyində qazanıb (I yer). 1978-1983-cü illərdə 6 dəfə Azərbaycan çempionu olub. 1978-ci ildə yeniyetmələr arasında keçirilən SSRİ məktəblərinin Spartakiadasında gümüş mükafata layiq görülüb. 1985-ci ildə Bakıda SSRİ birinciliyində çempion titulu əldə edən Xəzər İsayev bir il sonra Macarıstanın Budapeşt şəhərində təşkil olunan dünya çempionatında qızıl, 1987-ci ildə Fransanın Klermon Ferran şəhərində təşkil edilən dünya çempionatında isə gümüş medala layiq görülüb. İki dəfə (1986,1987) Avropa çempionatının qalibi olan Xəzər İsayev dəfələrlə SSRİ kubokunun qalibi, SSRİ çempionu adına sahib çıxıb.
- Xəzər müəllim, sizi 60 illik yubiley münasibətilə redaksiya heyəti adından təbrik edirik. Ötən illəri necə xatırlayırsınız?
- Təbrikiniz üçün çox sağ olun. Fikrimcə, insan əgər öz sevdiyi işlə məşğul olursa, ömrün necə keçdiyinin fərqinə varmır. Yaradıcı insanlarda isə bu daha çox özünü göstərir. Sualınız gənclik illərimi xatırlatdı. 30 yaşıma qədər ömür yolu mənim üçün elə keçib ki, özüm də həmin anları hiss etməmişəm. Gənclik illərindən sonra həyatda böyük sınaqlarla üz-üzə gəlməli olursan. Çalışdım ki, hər zaman bu sınaqlardan üzüağ çıxım. Etiraf edim ki, insan çalışdığı vaxtlarda da ömrünün bir göz qırpımında necə gəlib, keçdiyini hiss etmir. Bir də görürsən ki, 50-ni, 60-ı haqlamısan. Əgər insan əzm, bacarıq nümaiyş etdirib, həyat tərzini düzgün istiqamətdə qura bilibsə, deməli onun gördüyü işlərin səmərəsi olacaq. Bu illər ərzində gördüyüm işlər, əldə etdiyim nailiyyətlər, ictimaiyyət arasında qazandığım nüfuz geriyə dönüb baxanda necə yaşadığımı göstərən bir güzgüdür.
- Geridə qoyduğunuz illər ərzində istəklərinizə nail ola bilmisinizmi?
- Atam rəhmətə gedəndə universitetdə, 2-ci kursda oxuyurdum. Mənim üçün çox çətin idi. Gənc idim, həyat yoluna hələ təzə qədəm qoyurdum. Bu məqamda atamın dəstəyinə böyük ehtiyacım var idi. Həmin vaxt mənim yeniyetmə və gənclər arasında spartakiadalarda nəticələrim var idi. Atamın mənə nəsihəti idmançı karyeramı davam etdirmək idi. O, məni dünya, Avropa və Olimpiya çempionu kimi görmək istəyirdi. Atamın vəfatından sonra arzularımı onun arzularına bağladım. Bir sözlə, vaxt gəldi, addım-addım idman sahəsində böyük nailiyyətlər əldə etdim. Hər qazandığım medaldan sonra onun məzarını ziyarət edir, arzusunu həyata keçirdiyimi bildirmək istəyirdim. Lakin bu, qeyri-mümkün bir hal idi.
Sonrakı dövrdə hüquqşünas olmaq istəyirdim. Hətta Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil oldum. Həyat elə gətirdi ki, Daxili İşlər Nazirliyi sistemində, Dövlət Gömrük Komitəsində çalışdım.
Hüquq fakültəsini bitirməyim isə bu gün öz hüquqlarımı bilməyimi, işlərimi hüquqi müstəvidə nizama salmağıma kömək edir. Bundan başqa mənim ən böyük arzularımdan biri də ölkə idmanına xidmət etmək idi. 1997-ci ildə cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra ölkə idmanında əsaslı dəyişikliklər baş verdi. Mənim də idman fəaliyyətimdə yeni bir səhifə açıldı. Uzun müddət Milli Olimpiya Komitəsinin vitse-prezidenti vəzifəsində çalışdım.
- Bəs Xəzər müəllimin həyata keçirə bilmədiyi hansı arzular var?
- Təbii ki, elə arzularım var ki, onları reallaşdıra bilmədim. Bu, mənim üçün hər zaman arzu olaraq qalacaq. Olimpiya çempionu olmaq ən böyük arzum idi. Lakin alınmadı. Bunun üçün çox təəssüflənirəm. Bundan başqa dövlət işində çalışdığıma görə məşqçilik fəaliyyəti ilə tam olaraq məşğul ola bilmədim. Bu illər ərzində məşqçi kimi çalışsa idim, ölkəmizə çoxlu sayda layiqli idmançılar yetişdirə bilərdim. Düzdür, buna müəyyən qədər nail oldum və 4 il ərzində məşqçi kimi çalışdım. Hətta bir neçə idmançım gənclər arasında dünya, Avropa çempionu və mükafatçısı adına sahib çıxdı. Cəmi 4 il müddətində bunları reallaşdıra bildim. Amma mənim Olimpiya, dünya, Avropa çempionları yaratmaq imkanım var idi. Təəssüf ki, idarəçilik işimlə məşqçilik fəaliyyətim uyğun gəlmirdi. Ona görə də bu arzumu də tam şəkildə həyata keçirə bilmədim. Lakin bu gün ən böyük xoşbəxtliyim ondan ibarətdir ki, dövlət işində çalışmışam. Ölkə rəhbərliyi tərəfindən aldığım təltiflər gördüyüm işlərin əyani sübutudur.
- Ad günlərinə və yubileylərə münasibətiniz necədir?
- Ad günlərimi əsasən evdə, ailəmlə qeyd etməyi sevirəm. Yubiley isə bir qədər başqa olur. Əslində, yubileyi bir dəfə - 50 illiyimdə keçirmişəm. Bu, həyatımda ən yaddaqalan anlardan biri idi. Azərbaycan Prezidenti İlham Əliyev 50 illik yubileyimin Milli Olimpiya Komitəsinin xətti ilə yüksək səviyyədə qeyd olunması üçün göstəriş vermişdi. Fürsətdən istifadə edib mənə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevə öz minnətdarlığımı bildirirəm.
- İdmandan başqa, daha hansı sahədə özünüzü sınamaq istərdiniz?
- Əgər güləşlə məşğul olmasa idim, futbolu seçərdim. Futbol sevimli idman növümdür. İnanıram ki, həmin dövrdə hazırlıq səviyyəmə görə SSRİ yığmasının tərkibinə düşə bilərdim. O illərdə dövrün futbolçuları ilə demək olar ki, birgə mübarizə aparırdıq. Onlar biz güləşçilərlə futbol oynayanda çətinlik çəkirdilər
Yolum idmanla kəsişməsəydi, bəlkə özümü biznes sahəsində də sınayardım. Amma hərənin öz sahəsi var. Görünür, bu, mənim alın yazımdır.
- Bir qədər də bu illər ərzində həyatın sizə bəxş etdiyi ən böyük hədiyyəsindən danışaq.
- Bu gün gözəl ailə sahibiyəm, övladlarımdan razıyam. Üç nəvəm var. İnsan üçün həyatda bundan gözəl hədiyyə ola bilməz. İctimaiyyət arasında nüfuz qazanmaq, özünə qarşı diqqət görmək insanı yaşadan amillərdir. Bütün bunlara nail olduğum üçün özümü xoşbəxt hesab edirəm.
- 2000-ci ildən Ədalətli Oyunlar Komissiyasının sədri vəzifəsində çalışırsınız. Sizcə ədalətli oyun prinsipi özündə nəyi əks etdirir?
- Ədalətli olmaq hər insana nəsib olmur. Ədalətli şəkildə yaşamaq həqiqətən də çox çətindir. Lakin bu prinsiplərlə yaşayan insanlar da var. Fikrimcə, hər bir işdə ədalət prinsipləri öz rolunu oynamalıdır. Bir sözlə, insan həyatını bu prinsiplər üzərində qurmalıdır.
Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının sədri vəzifəsində çalışıram. Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası Avropa Ədalətli Oyunlar Komissiyası ilə çox sıx əlaqədədir. Uzun müddətdir ki, biz birgə tərəfdaşlıq edirik. Bu günə qədər çalışırıq ki, qarşımıza qoyduğumuz məqsədləri qətiyyətlə həyata keçirək. Əsas məqsədimiz, xüsusilə uşaq və gənclər arasında ədalətli oyun ideyalarının və prinsiplərinin təbliği, maarifləndirmə işlərinin həyata keçirilməsi, idmançıların və komandaların mükafatlarla təltif edilməsindən ibarətdir. Bununla onların hər birinə diqqət göstərməyə çalışırıq ki, ədalət prinsiplərini dərindən mənimsəsinlər. Biz hər il idman ictimaiyyəti arasından ilin yekunu ilə əlaqədar nominantlar seçir və onları Ədalətli Oyunlar Komissiyası tərəfindən mükafatlandırırıq. Bu tədbirlər vasitəsilə ədalət prinsiplərini insanlara layiqincə çatdıraq. Ümumiyyətlə isə hər bir insan ədaləti öz daxilində axtarmalıdır. Belə olan halda cəmiyyətimiz də ədalətli olacaq.
Azər Əlizadə
27738 oxunub