"Tuttosport” nəşrinin yaydığı xəbərə görə, "Milan”ın futbolçusu Zlatan İbrahimoviç artıq komandanın Milanellodakı bazasına qayıdıb. O, məşqlərə fərdi şəkildə qoşulub. Ayağındakı zədə səbəbindən cərrahiyə əməliyyatı keçirən Zlatanın UEFA Çempionlar Liqasında "Tottenhem” ə qarşı matçda (14 fevral) iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, il yarımdır ki, yaşıl meydanlarda görünməyən Zlatan "Milan”-”Mançester Yunayted” görüşündə diz bağından zədələnmişdi.
Bəs bu müəddət ərzində Zlatan İbrahimoviç nə işlə məşğul olub, harada görünüb?
Cərrahiyə əməliyatı olunduqdan sonra o, bir sıra hadisələrin iştirakçısına çevrilib.
"Budəfəki zədəm çox ağrılı və dözülməz idi. Gün ərzində narahatlıqdan hərəkətsiz qalmağa məcbur olurdum. Mənim kimi bir insana bu cür həyat tərzi heçə yaraşmırdı. 20 ədəd iynə qəbul etdim. Lakin yenə də təsirsiz oldu. Yuxu problemi ilə üzləşmişdim. Gecənin səhərə necə çevrildiyini məhz bu yaşımda öz gözlərimlə görürdüm. Çıxış yolunu həkimlərdə tapdım. Həkimlərə dedim ki, sağlamlığım sizin əlinizdədir. Siz bilirsiniz də, mən hər həkimə belə bir şansı vermirəm. Çalışın, Zlatan sizdən razı qalsın. Onlara öz təşkkürümü blidirirəm. Yalnız öz əlimdə olmayan bir işin öhdəsindən onlar layiqincə gəldilər”, - deyə isveçli futbolçu özünəməxsus şəkildə fikir bildirib.
"Milan”ın uğurları üçün 41 yaşında futbola "əlvida” demək istəməyən əfsanəvi futbolçu klubdakı gələcəyi ilə bağlı da danışıb. O deyib: ""Mançester Yunayted”lə görüşdə aldığım ciddi zədənin qısa zaman ərzində sağalacağı barədə ümidli idim. Ötən mövsüm "Latsio” ilə matçda özümdə qüvvə tapıb, meydana çıxdım. Bilirsiniz ki, mən neçə dəfə belə halla rastlaşmışam. Zədələnməyi nəzərdə tuturam. Həmin vaxt 20 dəqiqə meydanda mübarizə apara bildim. Gördüm ki, xeyr, bu çıxış alınmayacaq. Düşünməyin ki, mən qocalmışam. Sadəcə, məni zədələyən, futboldan başqa meydanda hər şeyi bacaran rəqibimə söz tapmıram ki, deyim”.
Zlatan İbrahimoviç əməliyyatdan sonra bir sıra işlərlə məşğul olmağa başlayıb. O, əvvəlcə İsveç Futbol İttifaqının rəhbərliyi ilə görüşmüşdü. Bu görüşdə ona təklif olunub ki, karyerasını başa vurana qədər səfir kimi ölkədə futbolun inkişafına dəstək versin. Bu təklifi o, uzun müddətdən sonra qəbul etmişdi. Sonra o, "Milan”la yeni müqaviləyə imza atmışdı. Müqaviləyə əsəsən Zlatan bir illik 1,5 milyon avro qazanacaq. Ona film sektorunda əməkdaşlıq təklifi gələndə, xarizmatik futbolçu buna etiraz etmədi. Futbolçunu məşhur "Asteriks və Obeliks” filminin yeni bölümündə Roma legioneri olan "Antivirus” roluna çəkdilər.
Həmin ərəfələrdə Zlatanın "Mançester Siti”nin baş məşqçisi Xosep Quardiola ilə bağlı səs-küylü müsahibəsi bütün dünya mətbuatının manşetinə çevrilmişdi. O, müsahibədə bildirmişdi ki, Quardiola onun "Barselona”dakı karyerasını məhv etdi. Eyni zamanda onun yaxşı bir məşqçi olmadığı barədə israrla qeyd etmişdi. Demişdi ki, yaxşı ki, "Barselona”, daha doğrusu "Quardiola” kabusundan qurtuldum. Fransaya (PSJ) gedəndən sonra sanki, "dağda qar üzərində sürüşürmüş” kimi yeni bir həyata başladım.
Super ulduz bəyəndiyi futbolçunu da gizlətməmişdi. Zlatan demişdi ki, norveçli Erlinq Haaland müasir dövrün "ən gənc istedadı”dır. Onu İnzaqi, Trezeqe və Vieri ilə müqayisə etmişdi.
Ötən ilin sonunda Qətərdə keçirilən futbol üzrə dünya çempionatına tribunlardan tamaşa etmək üçün dünyanın adlı-sanlı futbolçuları yollanmışdı. Onların arasında Zlatan da var idi. O, mundiala fransalı futbolçu Pol Poqbanın dəvətilə Həbib Nurməhəmmədov və Novak Cokoviçlə birlikdə getmişdi. Bundan başqa NBA müntəzəm çempionatı çərçivəsində "Miluoki” - "Bruklin” görüşündə birinci oturacaq məhz onun üçün ayrılmışdı. Sonradan qonaq komandanın basketbolçusu Kari İrvinq imzalı köynəyini ona hədiyyə etmişdi. Növbəti dəfə Zlatan əfqanıstanlı futbolçu Nadiyə Nadimlə stolüstü tennis oynamışdı. Bu qarşılaşma olduqca maraqla dəyərləndirilmişdi. Bir sözlə, Zlatan İbrahimoviçin hər bir hərəkəti böyük səs-küyə səbəb olur. Görünür, bu əfsanəvi futboluçunu izləməyə dəyər.
Qeyd edək ki, isveçli futbolçu ilə "Milan”ın heyətində yeni bir titula yiyələnə bilər. Onun komandası İtaliya Kuboku çərçivəsində "İnter”lə qarşılaşacaq. Həmin görüş yanvarın 18-də keçiriləcək.
Anar
23770 oxunub