İdman 13:41 / 16.01.2023
Gürcüstanın AİA-GESS gimnaziyası ilə qardaşlaşmış Azərbaycanın Namiq Həmzəyev adına 238 nömrəli məktəbinin şagirdləri Milli Olimpiya Komitəsinin OCEP layihəsi çərçivəsində Tbilisiyə səfər ediblər. Məktəbin 8 və 9-cu sinif şagirdləri ingilis dili dərsləri, yaradıcılıq fəaliyyətləri və hər iki xalqın mədəniyyət günlərini özündə əks etdirən zəngin proqramla çıxış ediblər. Məktəblilərin Gürcüstan Olimpiya Komitəsinə səfəri yeniyetmələrə unudulmaz anlar yaşadıb. Burada Gürcüstan Milli Olimpiya Komitəsinin prezidenti cənab Leri Xabelov hər iki məktəbin şagirdlərini qəbul edib. Ölkələr arasındakı münasibətlər, Olimpiya Hərəkatı və Olimpiya prinsipləri haqqında danışılan görüşdə Gürcüstan MOK-nun baş katibi Emzar Zenaişvili və Beynəlxalq Əlaqələr Şöbəsinin direktoru Rusiko Aptsiauri də iştirak ediblər. Görüşdən sonraOCEP məktəbliləri Gürcüstan Milli Olimpiya Komitəsinin muzeyi ilə tanış olublar.
Səfər müddətində məktəblilər şəhər turuna da qatılıblar. Onlar qədim Tbilisi, Botanika bağı, Sülh körpüsündə olublar. Məktəblilərin Mtskxeta şəhərinə səfəri də maraqlı keçib. Məktəblər bir-birinə xatirə hədiyələri təqdim ediblər.