İdman 13:05 / 16.01.2023
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin, Gənclər Evinin birgə təşkilatçılığı, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə "Heydər Əliyev İli” çərçivəsində Milli Olimpiya Komitəsinin təsis edilməsi ilə əlaqədar "İdmanın böyük himayədarı – Heydər Əliyev” mövzusunda tədbir keçirilib. Gənc idmançıların iştirakı ilə keçirilən tədbirdən əvvəl Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Milli Olimpiya Komitəsinin təsis edilməsi və ulu öndərin Azərbaycan idmanına göstərdiyi diqqət və qayğı barəsində məlumat verilib.
Tədbirdə çıxış edən Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, idman siyasətinə də diqqət və qayğı göstərildiyini qeyd edib.
Sonra Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclər sektorunun müdiri Rəşad Əlizadə, Gəncə şəhər 2 saylı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin müdiri Asif Həsənov, paralimpiya çempionu Ramil Qasımov və Gəncə Olimpiya İdman Kompleksinin direktoru İntiqam Hüseynov çıxış ediblər. Onlar çıxışlarında ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyasının bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirildiyini qeyd ediblər.
Tədbirdə "Azərbaycan idman ölkəsidir” mövzusunda hazırlanmış videoçarx nümayiş olunub.