İdman 12:17 / 16.01.2023
Azərbaycan Basketbol Liqasında 13-cü turun oyunları keçirilib. "Sərhədçi” İdman Mərkəzində təşkil olunan turun açılış oyununda "Sərhədçi” və "Sabah” basketbolçuları üz-üzə gəliblər. Matça sürətli hücumlarla başlayan "Sərhədçi” basketbolçuları görüşdən 81:68 hesablı qələbə ilə ayrılıblar.
Turun növbəti oyun günündə "Gəncə” komandası NTD-ni qəbul edib. Gərgin mübarizə şəraitində keçən görüşün sonunda NTD basketbolçuları 86:79 hesablı qələbəyə seviniblər. Komanda birgünlük fasilədən sonra yenidən turnir cədvəlinin ilk pilləsinə yüksəlib.
Yanvarın 14-də "Sərhədçi” İdman Mərkəzində "Neftçi” və "Zirvə Astara” komandaları üz-üzə gəliblər. Oyunun birinci dövrəsində hesabda geri düşməsinə baxmayaraq, sonradan geri dönüş edən paytaxt klubu matçdan 102:82 hesablı qələbə ilə ayrılıb.
Turun bağlanış oyunu yanvarın 15-də "Olimpik Şəki” və "AAAF Xırdalan” komandaları arasında keçirilib. Oyun Xırdalan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 77:88.