İdman 08:53 / 16.01.2023
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı "King Fahd” stadionunda futbol üzrə İspaniya Super kubokunun final oyunu keçirilib. Həlledici oyunda "Real” və "Barselona” komandaları qarşılaşıb. Oyunda hesab 33-cü dəqiqədə açılıb. Kataloniyalıların gənc yarımmüdafiəçisi Qavi "El klasiko”da komandasını hesabda irəli çıxarıb. "Barselona” klubu fasiləyə qədər hesabdakı üstünlüyünü bir qədər də artırıblar. Bu dəfə polşalı hücumçu fərqlənərək komandasının üstünlüyünü iki topa çatdırıb.
Matçın ikinci hissəsinə də fəal başlayan Kataloniya təmsilçisi 69-cu dəqiqədə növbəti dəfə rəqib qapısına yol tapıb. Pedri dəqiq zərbə ilə hesabı darmadağın halına gətirib. "Real” futbolçularının isə yalnız təsəlli qolunu vurmağa gücü çatıb. Matçın 90+3-cü dəqiqəsində Kərim Benzema fərqlənərək hesab arasındakı fərqi azaltsa da, bu, komandasını məğlubiyyətdən xilas edə bilməyib. Beləliklə, "Barselona” klubu 3:1 hesabı ilə qalib gələrək 14-cü dəfə İspaniya Superkubokunun qalibi adını qazanıb.