SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

“Olimpiya dünyası” qəzetinin 25 yaşı tamam olur   

“Olimpiya dünyası” qəzetinin 25 yaşı tamam olur   

Gündəm

Bugün, 00:08

Bu gün Milli Olimpiya Komitəsinin rəsmi mətbuat orqanı olan “Olimpiya dünyası” qəzetinin fəaliyyətə başlamasından 25 il ötür. “Olimpiya dünyası” qəzetinin ilk sayı 2001-ci il noyabrın 27-də işıq üzü görüb. İlk gündən öz səhifələrində ölkə idmanı, Olimpiya Hərəkatı və Olimpiya ideallarının təbliğinə geniş yer verən “Olimpiya dünyası” idman aləmində, xüsusilə də Azərbaycan idmanında baş verən bütün yenilikləri oxuculara çatdırmağı özünün başlıca vəzifəsi hesab edir. İdman mətbuatı ailəsində özünəməxsus mövqeyi və nüfuzu olan “Olimpiya dünyası” qəzeti bu illər ərzində sevilən nəşrlərdən birinə çevrilib. 25 ildir ki, qəzet dünyada və ölkəmizdə baş verən mühüm idman hadisələrini, yenilikləri müntəzəm və operativ şəkildə işıqlandıraraq oxucuların görüşünə gəlir. 

İdmanın və Olimpiya Hərəkatının inkişafının, kütləviləşməsinin təbliği sahəsində idman mətbuatının rolu danılmazdır. Hər hansı sahədə əldə edilən uğur təbliğat işinin keyfiyyətindən və səviyyəsindən də asılıdır. Geniş auditoriya kütləsi toplamaq üçün, ilk növbədə, oxucu zövqünü və tələbatını təmin etmək lazımdır. Müasir oxucu çoxsaylı informasiya ilə yanaşı, ölkə idmanındakı yenilikləri də daim izləmək istəyir. Bu baxımdan, qəzetin əsas məqsədi ölkədə Olimpiya Hərəkatının genişlənməsi, idmanın inkişafı sahəsində həyata keçirilən tədbirlər barədə operativ məlumatlar vermək, idmansevərləri, idmançıları və idman mütəxəssislərini lazımi informasiya ilə təmin etməkdir. “Olimpiya dünyası” qəzetini digər idman nəşrlərindən fərqləndirən başlıca xüsusiyyət onun bütün idman növlərini eyni səviyyədə diqqətdə saxlamasıdır.

“Olimpiya dünyası” fəaliyyət göstərdiyi 25 il ərzində idman ictimaiyyətinin nümayəndələri ilə yanaşı, oxucularla da sıx əlaqələr yaratmağa nail olub. Qəzet oxucuların idman haqqında biliklərini yoxlamaq və artırmaq məqsədilə tez-tez maraqlı müsabiqələr və viktorinalar təşkil edir. Əsas məqsəd ölkəmizdə idmanın, Olimpiya Hərəkatının inkişafını nəinki Azərbaycanda, hətta ölkəmizin hüdudlarından kənarda da layiqli səviyyədə təqdim etməkdir.

“Olimpiya dünyası”nın səhifələrində müxtəlif rubrikalar altında dərc olunan yazılar oxucularda maraq oyadır. Oxucular idman ictimaiyyətinin tanınmış nümayəndələri, Olimpiya, Avropa və dünya çempionlarının idmandakı uğurları və şəxsi həyatları haqqında maraqlı məlumatlarla tanış olmaq imkanı əldə edirlər. Müxtəlif mövzuları əhatə edən “Mütəxəssis rəyi”, “Sənətçi idman, idmançı sənət haqqında”, “Hesabat kürsüsü” “Sağlamlıq resepti-idman”, “İdmançı ailəsi”, “İdmandan kənar”, “İdmançı menyüsü”, “Ali məktəblərin idman həyatı”, “İdman klublarında”, “Bölgə idmanı”, “Küncdən zərbə”, “İdman ulduzları”, “Gənclər və idman”, “Qadın və idman”, “Musiqi və idman”, “Unudulmayan əfsanələr” və başqa bu kimi rubrikalar oxucular tərəfindən maraqla qarşılanır.

“Olimpiya dünyası” qəzetinin səhifələrində Afina-2004, Pekin-2008, London-2012, Rio-2016, Tokio-2020, Paris-2024 Yay və bir neçə Qış Olimpiya Oyunları, Sinqapur-2010, Nankin-2014, Buenos-Ayres-2018, Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunları, Avropa Yeniyetmələrinin Olimpiya festivalları, I Avropa Oyunları, II Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və bir çox mötəbər beynəlxalq yarışlardan birbaşa və operativ məlumatlar verilib. Olimpiya ideallarının, Olimpiya Hərəkatının Azərbaycanda təbliğinə xidmət edən “Olimpiya dünyası” qəzeti həm ölkə, həm də dünya idmanının aynasına çevrilib. Bu möhtəşəm idman tədbirlərində “Olimpiya dünyası”nın işi digər mətbu orqanlarının fəaliyyətindən xüsusilə fərqlənib. Bu yarışlarda tarix yazan idmançılarımız həyəcanlı anların yaşandığı idman arenalarında ilk müsahibələrini məhz “Olimpiya dünyası”na veriblər. Qəzet Olimpiya yığmamızın dünyanın ən mötəbər yarışlarına hazırlığından, onların Olimpiadada iştirakından geniş şərhlər hazırlayıb. Atletlərimizlə Afina, Pekin, London, Rio-de Janeyro, Tokio, Paris, Sinqapur, Nankin, Buenos-Ayres, Milan Kortino və digər şəhərlərdə yaradılan canlı telefon bağlantıları materialların daha geniş, daha ətraflı və oxunaqlı olmasına zəmin yaradıb.

İdman və Olimpiya Hərəkatının təbliğində peşəkarlıq nümayiş etdirən “Olimpiya dünyası” qəzeti 44 günlük Vətən müharibəsinə xüsusi yer ayırdı. Qəzetimiz bütün səhifələrini Vətən müharibəsinə həsr etdi. Böyük Zəfərdən sonra da qəzetimiz qələbəyə həsr olunmuş yazıları davam etdirir. “Vətən müharibəsinin qəhrəmanları”, “Şəhidlik zirvəsinə ucalan idmançılar”, “Vətən müharibəsinin idmançı qəhrəmanları” rubrikası altında yazılar qəzetimizin səhifələrində dərc olunur. 

“Olimpiya dünyası”nın fəaliyyəti müvafiq təşkilat və qurumlar tərəfindən də yüksək qiymətləndirilib. Qəzet Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının “Ədalətli idman təbliğatçısı” nominasiyasının qalibi olub. Belə ki, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) tərəfindən qəzet dəfələrlə “İlin ən yaxşı idman nəşri” nominasiyasına layiq görülüb. Qəzetin əməkdaşları da müxtəlif illərdə “İlin idman jurnalisti” nominasiyasında birinci olublar. 2004-cü ildə “Olimpiya dünyası” qəzetinin baş redaktoru Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən “İlin ən yaxşı idman jurnalisti” adına layiq görülüb. 2025-ci ildə qəzetin iki əməkdaşı “Azərbaycan Milli Mətbuatının 150 illiyi” (1875-2025) Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. Beynəlxalq mətbuatın da diqqət mərkəzində olan “Olimpiya dünyası” İspaniyada “Nüfuz və keyfiyyətə görə-Aktualidad-XXI” adlı beynəlxalq mükafata layiq görülüb. İdmanın təbliği sahəsindəki fəaliyyətinə görə Beynəlxalq Gimnastika Federasiyasının xüsusi diplomu ilə təltif edilib.

Qəzet həm də AFFA, Azərbaycan Gimnastika Federasiyası, Azərbaycan Voleybol Federasiyası, Azərbaycan Taekvondo Federasiyası, Azərbaycan Güləş Federasiyası və bir çox digər idman qurumları tərəfindən dəfələrlə diplom və mükafatlara layiq görülüb.

“Olimpiya dünyası” qəzeti idmanın təbliği ilə yanaşı, idman tədbirlərinin, müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi önəm verir. İndiyədək qəzet bir sıra ölkədaxili və beynəlxalq yarışların, mədəniyyət tədbirlərinin təşkilatçısı olub. Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri arasında əməkdaşlıq, yaradıcılıq əlaqələrini daha da möhkəmləndirmək üçün “Olimpiya dünyası” və “İdman” qəzetinin təşkilatçılığı ilə keçirilən “KİV-2003” futzal turnirində Kütləvi İnformasiya Vasitələrinin 14 komandası qüvvəsini sınayıb. “Olimpiya dünyası”nın 2004-cü ildə jurnalistlər arasında ən güclü şahmatçını aşkar etmək üçün təşkil etdiyi yarışlar da böyük maraqla qarşılanıb.

“Olimpiya dünyası”nın təşkilatçılığı ilə bölgələrdə də bir sıra tədbirlər həyata keçirib. Belə ki, qəzetin Gəncədə təşkil etdiyi karate-do üzrə “Gəncə kuboku” beynəlxalq turniri də belə tədbirlərdəndir. 

“Olimpiya dünyası” qəzeti karikaturaçılarda idman sahəsinə marağı daha da artırmaq məqsədilə 26 ölkədən 70 rəssamın iştirakı ilə I Bakı Beynəlxalq Karikatura Müsabiqəsi, 2006-cı ildə isə bütün qitələri təmsil edən 40 ölkədən 163 rəssamın iştirakı ilə II Bakı Beynəlxalq Karikatura Müsabiqəsi təşkil edib. Qəzetin “Ən yaxşı idman fotoşəkili” və “Ən yaxşı idman yazısı” adlı müsabiqələri də uğurla keçirilib. Bundan başqa Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyasının və “Olimpiya dünyası” qəzetinin birgə təşkilatçılığı ilə “İdman və ədalətli oyunlar” mövzusunda rəsm müsabiqəsi keçirilib. 

“Olimpiya dünyası” qəzeti 2006-cı ildən başlayaraq Yetkinlik Yaşına Çatmayanların Tərbiyə Müəssisəsində idman tədbirləri təşkil edib. Burada stolüstü tennis üzrə yarış təşkil olunmuş və bu yarışın qaliblərinə MOK tərəfindən diplomlar və idman kostyumları verilmişdir. Növbəti tədbir 2007-ci il martın 5-də “Olimpiya dünyası” ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 4 saylı Cəzaçəkmə Müəssisəsində təşkil edilib. 8 Mart-Beynəlxalq Qadınlar Günü ərəfəsində belə bir tədbirin keçirilməsində əsas məqsəd azadlıqdan məhrumetmə ilə bağlı yaranmış gərginliyi aradan qaldırmaq, məhbusların psixoloji durumunu sabit saxlamaq və onların asudə vaxtının maraqlı və səmərəli təşkilinə kömək göstərmək idi. Cəzaçəkmə Müəssisəsində voleybol üzrə yarış keçirilmiş, bu yarışlara tanınmış voleybolçu Alla Həsənova hakimlik etmiş, qaliblərə və cəzaçəkmə müəssisəsindəki əlli qadına hədiyyələr təqdim olunmuşdur. Belə tədbirlər zamanı Olimpiya, dünya və Avropa çempionları ilə məhbusların görüşü keçirilmiş, Milli Olimpiya Komitəsi tərəfindən Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisələrinin kitabxanalarına MOK-un nəşrlərindən nümunələr və idman zallarına müxtəlif idman avadanlıqları verilmişdir.

2011-ci il oktyabrın 23-də “Olimpiya dünyası” qəzetinin təşkilatçılığı ilə jurnalistlərlə “Neftçi”nin veteran futbolçuları arasında yoldaşlıq görüşü də keçirilib.

“Olimpiya dünyası” qəzetinin 25 il ərzindəki ən böyük uğurlarından biri də, ölkədə idman jurnalistlərinin yetişməsi sahəsində fəaliyyət göstərməsidir. Belə ki, ali təhsil ocaqlarının jurnalistika və digər fakültələrində təhsil alan, idmana maraq göstərən və bu sahənin təbliği ilə məşğul olmaq istəyən prespektivli gənclər redaksiyaya işə dəvət olunurlar. “Olimpiya dünyası” qəzetində indiyədək 40 nəfərdən çox idman jurnalisti yetişib və hazırda onlar ölkəmizin müxtəlif KİV-lərində və idman qurumlarında çalışırlar. 

“Olimpiya dünyası” qəzetinin təsisçiliyi ilə 2011-ci ildən 2015-ci ilədək 80 səhifəlik “Olimpə doğru” adlı idman jurnalı nəşr olunub. 

Ötən illər ərzində “Olimpiya dünyası”nda 40 nəfərdən çox gənc idman jurnalisti yetişib. Onlar ali məktəblərdə təhsillərini davam etdirməklə yanaşı, həm də idman jurnalistikasının sirlərinə yiyələnib və təcrübə əldə ediblər. Hazırda onlar ölkəmizin müxtəlif KİV-lərində idman jurnalisti kimi çalışırlar. Bu təcrübə indi də davam edir. İdman sahəsini yaxşı bilən, yaradıcı və zəngin təcrübəyə malik idman jurnalistlərinin yetişməsi üçün qəzetin kollektivi öz səy və bacarığını əsirgəmir.

Azərbaycanda idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsi olaraq, ölkədə idmanın inkişafını, Olimpiya Hərəkatının genişlənməsini, maddi-texniki bazanın sürətlə möhkəmlənməsini, atletlərimizin beynəlxalq səviyyəli uğurlarını daim diqqət mərkəzində saxlayan və təbliğ edən “Olimpiya dünyası” əvvələr həftədə iki dəfə rəngli formatda 6000 tirajla çap edilirdi. Hazırda qəzet həftədə bir dəfə 4100 tirajla çap edilir və geniş oxucu kütləsinə malikdir. “Olimpiya dünyası” qəzeti hazırda həftəlik qəzet kimi fəaliyyət göstərməklə yanaşı, 2016-cı ilin oktyabr ayından gündəlik onlayn formatda (olimpiyadunyasi.com) da fəaliyyət göstərir.

Dİgər xəbərlər