SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Mədəni irsimizin və yaddaşımızın güzgüsü: idman tarixi, zorxanalar və inkişaf yolumuz

Mədəni irsimizin və yaddaşımızın güzgüsü: idman tarixi, zorxanalar və inkişaf yolumuz

İdman

Bugün, 15:28

Mədəniyyətlərarası dialoq və milli irsimizin qorunması

Bəşəriyyətin ortaq dəyərlərinin qorunması, sivilizasiyalararası əməkdaşlığın genişləndirilməsi və müxtəlif mədəniyyətlərin yaxınlaşması müasir dövrün başlıca qlobal çağırışlarındandır. Bu baxımdan, Azərbaycanın paytaxtı Bakı şəhəri uzun illərdir beynəlxalq əhəmiyyətli tədbirlərə, o cümlədən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir.

Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində diqqət yetirilən mühüm məsələlərdən biri də “Mədəni irs və yaddaş: nə qaldı?” sualı ətrafında müzakirələrin aparılması, tarixi abidələrin, muzeylərin və bəşəriyyətin ortaq mədəni sərvətlərinin qorunmasının əhəmiyyətinin diqqətə çatdırılmasıdır. Bu irsin mühüm tərkib hissələrindən birini də xalqımızın əsrlər boyu yaşatdığı milli idman ənənələri, fiziki mədəniyyətimiz və onların maddi daşıyıcıları olan qədim idman qurğuları təşkil edir.

Azərbaycanın maddi-mədəni irsinin qədim və özünəməxsus qollarından biri milli güləş, pəhləvanlıq və zorxana mədəniyyətidir. Zorxanalar təkcə fiziki gücün nümayiş etdirildiyi məkanlar deyil, həm də igidlik, mərdlik, dürüstlük, dostluq və qarşılıqlı hörmət kimi milli-mənəvi dəyərlərin təbliğ olunduğu ocaqlar olmuşdur. Burada pəhləvanlar güclərini sınamaqla yanaşı, nizam-intizam, dözümlülük və iradə nümayiş etdirmiş, xalqın qəhrəmanlıq ənənələrinin yaşadılmasına töhfə vermişlər.

Tarixi mənbələr göstərir ki, zorxanalar Azərbaycanın bir çox qədim şəhərlərində geniş yayılmışdı. Orta əsrlərdən başlayaraq Təbriz, Naxçıvan, Ərdəbil, Gəncə, Marağa, Bakı, Urmiya, Xoy, Şəki, Şirvan və Şuşada fəaliyyət göstərən zorxanalar əhalinin fiziki tərbiyəsində, milli güləşin və pəhləvanlıq ənənələrinin inkişafında mühüm rol oynamışdır.

Bakı zorxanaları: tarixin yaddaşında qalan ənənə

XIX əsrin sonlarında Bakı zorxanaları öz şöhrəti ilə seçilirdi. Tarixi məlumatlara əsasən, hər gecə 300 nəfərə qədər tamaşaçının toplandığı Bakı zorxanası 1893-cü ildə çar polis məmurları tərəfindən bağlanmışdır.

Həmin dövrdə Rusiyada baş verən inqilabi proseslərin ucqarlara da yayılması çar hökumətini ictimai toplanışlara qarşı daha sərt tədbirlər görməyə sövq edirdi. Bakı proletariatının və digər zəhmətkeş təbəqələrin inqilabi çıxışlarından ehtiyatlanan hakimiyyət müxtəlif ictimai məkanların fəaliyyətini məhdudlaşdırırdı. Bakı zorxanasının bağlanması da həmin dövrün siyasi və ictimai şəraiti ilə əlaqəli hadisələrdən biri idi.

Lakin zorxana ənənələri bununla aradan qalxmadı. Böyük zorxananın bağlanmasından sonra Bakıda kiçik, məhəllə tipli və gizli fəaliyyət göstərən zorxanalar mövcudluğunu davam etdirdi. Görkəmli Azərbaycan aktyoru və teatr xadimi Hüseynqulu Sarabskinin xatirələrində də bu ənənələrə dair maraqlı məlumatlara rast gəlinir. Onun təsvirinə görə, İçərişəhərdə, Yuxarı bazarda, Qoşa karvansaranın altında yerləşən, bir zirzəmidən ibarət zorxana binası 1930-cu illərə qədər fəaliyyət göstərmişdir.

Bu faktlar göstərir ki, zorxana mədəniyyəti xalqın yaddaşında dərin kök salmış, siyasi və ictimai çətinliklərə baxmayaraq, öz varlığını uzun müddət qoruyub saxlamışdır.

Bölgələrdə zorxana mədəniyyətinin izləri

Azərbaycanın müxtəlif bölgələrində də zorxana mədəniyyətinin izləri bu günədək qorunub saxlanılmışdır. Gəncədə qədim zorxana binaları dövrümüzə gəlib çatmasa da, həmin məkanlarda istifadə olunan idman alətlərinin bir qismi Gəncə Ölkəşünaslıq Muzeyində nümayiş etdirilir. Bu eksponatlar keçmişdə pəhləvanların fiziki hazırlıq prosesində istifadə etdikləri vasitələr haqqında təsəvvür yaradır.

Gəncədə vaxtilə pəhləvanların istifadə etdiyi və “pəhləvan hamamı” adlandırılan hamam binası da tarixi yaddaşın mühüm nümunələrindən biridir. Məlumata görə, bir zamanlar hamamın daxili divarları pəhləvanların yarışlarını və zorxana oyunlarını əks etdirən təsvirlərlə bəzədilmişdi. Təəssüf ki, həmin təsvirlər günümüzədək gəlib çatmamışdır.

Naxçıvan və Ordubad şəhərlərindəki qədim zorxana tikililəri isə milli memarlıq və idman tariximizin öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Ordubad şəhərində yerləşən, XVII əsrə aid orijinal tikililərdən biri hesab edilən səkkizbucaqlı günbəzli “Qeysəriyyə” binası xalq arasında “Zorxana” adı ilə də tanınır. Tədqiqatçıların bir qismi binanın üzərindəki 1714-cü il tarixinin onun inşa olunma vaxtını deyil, təmir tarixini göstərdiyini bildirir.

Şəki şəhərində də vaxtilə zorxanalar fəaliyyət göstərmiş, burada milli güləş və pəhləvanlıq ənənələri yaşadılmışdır. Lakin həmin zorxanaların binaları dövrümüzə gəlib çatmamışdır.

Bu gün muzeylərimizdə qorunan qədim zorxana ləvazimatları, pəhləvan geyimləri, zəncirlər, millər və digər idman atributları xalqımızın zəngin fiziki mədəniyyət tarixini əks etdirən qiymətli eksponatlardır. Onların qorunması, elmi cəhətdən araşdırılması və gənc nəslə tanıdılması milli irsimizin yaşadılması baxımından mühüm əhəmiyyət kəsb edir.

İdman abidələrinin və tarixi qurğuların qorunması

Mədəni irsin qorunması tarixi abidələrin və memarlıq nümunələrinin mühafizəsi ilə yanaşı, idman tarixini əks etdirən maddi nümunələrin gələcək nəsillərə çatdırılmasını da nəzərdə tutur. Azərbaycanda idman qurğularının inşası və idmanın maddi-texniki bazasının formalaşdırılması müxtəlif tarixi mərhələlərdə həyata keçirilmişdir.

1920-ci ildən sonrakı dövrdə ölkəmizdə müxtəlif idman qurğuları və kompleksləri inşa olunmağa başlamışdır. Sonrakı illərdə tikilmiş idman obyektlərinin bir qismi bu günədək qorunub saxlanılır. Muzeylərdə nümayiş etdirilən pəhləvan geyimləri, zəncirlər, millər və digər idman alətləri isə xalqımızın qədim fiziki tərbiyə ənənələri haqqında dəyərli məlumatlar verir.

Bu nümunələrin qorunması təkcə keçmişə ehtiramın ifadəsi deyil. Onlar gənc nəslin milli tariximizə marağının artırılması, idman ənənələrinin mənşəyinin öyrənilməsi və qədim təcrübənin müasir idmanla əlaqələndirilməsi baxımından da əhəmiyyətlidir.

Müasir Azərbaycan: güclü idman siyasəti və bölgələrdə Olimpiya kompleksləri

Azərbaycanda idmanın inkişafı, fiziki mədəniyyətin geniş yayılması və ölkənin idman infrastrukturunun gücləndirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Onun rəhbərliyi dövründə idmana dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi yanaşılmış, milli idman ənənələrinin yaşadılması və yeni idmançı nəslinin yetişdirilməsi üçün əlverişli şərait yaradılmışdır.

Bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə yüksəlmişdir. Dövlət başçısının idmana göstərdiyi diqqət və qayğı nəticəsində ölkənin müxtəlif bölgələrində müasir tələblərə cavab verən idman infrastrukturu yaradılmış, Olimpiya idman kompleksləri inşa edilərək istifadəyə verilmişdir.

Bu gün Azərbaycanın müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən Olimpiya idman kompleksləri idmanın kütləviliyinin artırılmasına, gənclərin fiziki hazırlığının gücləndirilməsinə və sağlam həyat tərzinin təbliğinə xidmət edir. Ölkə üzrə 50-yə yaxın müasir Olimpiya idman kompleksinin tikilib istifadəyə verilməsi idmanın maddi-texniki bazasının genişləndirilməsi istiqamətində görülən işlərin mühüm göstəricisidir.

Naxçıvandan Gəncəyə, Şəkidən Ordubada qədər bölgələrdə yaradılan müasir idman imkanları bir sıra mühüm vəzifələrin həyata keçirilməsinə şərait yaradır. İlk növbədə, gənclərin idmana cəlb olunması, onların sağlam həyat tərzinə yiyələnməsi və zərərli vərdişlərdən uzaq tutulması üçün əlverişli mühit formalaşır. Eyni zamanda, istedadlı idmançıların üzə çıxarılması, peşəkar hazırlıq keçməsi və ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil etməsi üçün imkanlar genişlənir.

Müasir idman infrastrukturu qədim zorxana ənənələrini olduğu kimi təkrarlamaq məqsədi daşımır. Əksinə, milli güləş və pəhləvanlıq mədəniyyətinin tarixi əhəmiyyətini qoruyaraq bu irsi müasir idman təfəkkürü, elmi yanaşma və yeni nəsillərin maraqları ilə əlaqələndirməyə imkan verir.

Tarixi yaddaşdan gələcəyə uzanan yol

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas ideyaları ilə səsləşən milli idman irsimiz göstərir ki, mədəniyyət yalnız tarixi abidələrdə, muzey eksponatlarında və yazılı mənbələrdə yaşamır. O, həm də xalqın adət-ənənələrində, fiziki tərbiyə üsullarında, milli oyunlarında və nəsildən-nəslə ötürülən həyat təcrübəsində öz əksini tapır.

Azərbaycanın qədim zorxanaları, pəhləvanlıq ənənələri, milli güləş nümunələri, bu sahənin inkişafına töhfə vermiş ziyalıların fəaliyyəti və bu gün bölgələrdə yaradılan müasir idman infrastrukturu vahid tarixi inkişaf yolunun ayrı-ayrı mərhələləridir. Bu yol xalqımızın fiziki mədəniyyətə, mərdliyə, dözümlülüyə və sağlam həyat tərzinə verdiyi dəyəri nümayiş etdirir.

Mədəni irsimizin qorunması üçün tarixi idman qurğularının öyrənilməsi, mövcud nümunələrin mühafizəsi, muzeylərdə saxlanılan eksponatların elmi tədqiqi və milli güləş ənənələrinin təbliği xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, müasir idman komplekslərində yetişən gənc nəslə bu ənənələrin tarixi köklərinin öyrədilməsi keçmişlə gələcək arasında mənəvi bağın möhkəmlənməsinə xidmət edir.

Bakıdan bölgələrə uzanan bu yaddaş xətti qədim zorxanalardan, pəhləvanlıq məktəblərindən və milli güləş ənənələrindən başlayaraq fədakar ziyalıların elmi-pedaqoji fəaliyyətinə, oradan da müasir Olimpiya idman komplekslərinə qədər böyük bir inkişaf yolunu əhatə edir.

Milli idman tariximizi öyrənmək, maddi-mədəni irsimizi qorumaq və onu gələcək nəsillərə çatdırmaq keçmişimizə ehtiramın, milli kimliyimizə bağlılığın və gələcəyimiz qarşısında məsuliyyətimizin ifadəsidir.

Dilqəm Quliyev,

pedaqogika üzrə elmlər doktoru, professor.

Dİgər xəbərlər