XƏBƏR LENTİ
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



Daşkənd tatamisində tarix yaza biləcəyikmi?
İdman 17:17 / 03.10.2022
Daşkəndə keçiriləcək cüdo üzrə dünya çempionatının startına artıq bir neçə gün qalır

Oktyabrın 6-da Özbəkistan paytaxtında 150 ölkədən gəlmiş "tatami ustaları” ən güclü cüdoçu adını qazanmaq üçün yarışa başlayacaq. "Xumo Arena” çıxacaq 700-dən çox cüdoçu arasında 11 Azərbaycan təmsilçisi də var. Onların doqquzu kişi, ikisi isə qadın cüdoçudur.

Bəs onların yüksək nəticə göstərmək şansı varmı? Ümumiyyətlə, Azərbaycan cüdoçusu tarixində ikinci dəfə dünya çempionu ola biləcəkmi? Bildiyiniz kimi, cüdo idman növündə cəmi bir dünya çempionumuz var - hazırda gənclərdən ibarət yığma komandanın baş məşqçisi kimi çalışan Elxan Məmmədov. Bəs alman Rihard Trautmanın rəhbərliyi altında Daşkəndə yollanan komandadan nə gözləmək olar? Gəlin bu haqda təfərrüatı ilə danışaq.

         Dünya çempionatında 60 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Kəramət Hüseynov medal qazanmaq şansı olan idmançılarımızdandır desək, yanılmarıq. Ən azı ona görə ki, ötən il  Kəramət həm dünya, həm Avropa çempionatlarından Vətənə "bürünc” medalla qayıdıb və bu il o medalların davamını gözləmək məntiqli olardı. Yeganə problem 24 yaşlı Kəramətin zədələrə meyilli olması və sonuncu zədədən yenicə bərpa olunmasıdır ki, bu, onun uğurunu əngəlliyə bilər. Daşkənddə 66 kq çəki dərəcəsində isə iki nəfərlə təmsil oluruq – Orxan Səfərov və Yaşar Nəcəfovla.  Bu dünya çempionatında məhz onların hansının bu  yığmada "birinci”, hansının isə "ikinci nömrə” olması bilinəcək.  Son vaxtlar uğursuzluq zolağına düçar olan təcrübəli Orxan, yoxsa bu il çıxış etdiyi yarışlarda gözəl təhsir bağışlayan Yaşar? Nə deyirik, təki onların rəqabəti medalla bitsin. Buna ümid, az da olsa, var. 73 kq çəki dərəcəsində təmsilçilərimiz - Rüstəm Orucov və Hidayət Heydərov illərdir bu çəkidə nəinki Azərbaycanın, dünyanın birinci nömrələrindəndirlər! Xatırladım ki, Tokio Yay Olimpiya Oyunlarındakı uğursuzluğadək Rüstəm dünya reytinqində  birinci idi. Hazırda isə Hidayət bu reytinqdə ikinci pillədə qərarlaşıb. Ən böyük istəyimiz isə, təbii ki, onların yalnız finalda qarşılaşmasıdır və bu istəyimizin reallaşması heç də fantastik deyil. Nəzərə alsaq ki, bu çəkinin hazırki "padşahı” yaponiyalı ikiqat Olipmiya və dünya çempionu Söhey Ono bu yarışlara qatılmayacaq, həm Rüstəmin, həm də Hidayətin dünya çempionu olmaq şansları qat-qat artır. Hazırda dünya reytinqində birinci olan cüdoçumuz Məhəmmədəli Mehdiyevə  (90 kq) gəldikdə isə, onun medalçılar sırasına düşmək şansı nə qədər yüksəkdirsə, çempion olmaq şansı bir o qədər də aşağıdı. Sadəcə olaraq, bu çüdoçumuzun karyerası boyunca finala çıxışı nədəsə alınmır. Bu müəmma ildən ilə təkrarlanır. Əlbəttə, çox istəyərdik ki, bu tilsim Daşkənd tatamisində qırılsın. Necə deyərlər, yaşayarıq, görərik. Azərbaycanı təmsil edən Zelim Kortsoyevdən də (100 kq) medal gözləmək olar. Ən azından ona görə ki, Zelim son 2-3 ildə qatıldığı hər bir yarışdan mütamadi olaraq medal gətirir.
Təəssüflər olsun ki, ən ağır çəki dərəcəsində çıxış edən Uşanqi Kokauri haqqında bunu demək olmur. Sadəcə, Azərbaycanda bu çəkidə rəqabət olmadığına görə, məşqçilər yarışlara tam heyətlə qatılmaq üçün  hər zaman  Uşangini aparmağa məcburdu. Lakin bu gürcü legionerə müsbət təsir göstərmir və 2018-ci ildə Bakıda keçirilmiş dünya çempionatının "gümüş”ündən sonra biz mötəbər yarışlarda Kokaurinin hər hansı bir uğurunu seyr etmirik. Yəqin ki, məşqçilər korpusunun səbri də tükənmək üzrədir və bu dünya çempionatı 30 yaşlı cüdoçu üçün son şans olacaq.
Rəşad Məmmədovun rəhbərliyi altında çıxış edən qadın cüdoçularımıza isə şans verməkdən, deyəsən, artıq keçib. Məhz buna görə dünya çempionatına hər hansı rəqabət apara biləcək yalnız iki qadın cüdoçumuz qatılır - Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq). İrina Kindzerskanın böyük idmanı tərk etdiyindən sonra Leyla komandamızın liderinə çevrilməkdədi. İnsafən, son İslam Həmrəyliyi Oyunlarında yalnız hakimlərin açıq-aşkar cüdoçumuza qarşı edilən haqsızlığı Leylanı finala çıxmağa qoymadı.  Yarışlarda adətən ilk güləşdəcə uduzub, çıxışlarını dayandıran cüdoçu qızlarımız inanıram ki, bu dəfə ən azı iki mərhələ adlaya biləcək. Bəli, Gültac da , Leyla da bunu bacaracaq gücdədirlər! Rəşad Məmmədova isə yalnız səbr və uğurlar arzulayıram!
         Beləliklə, Daşkənddən ən azı üç medalla qayıtmalıyıq. Bu medallardan biri qızıl olsa, bu çempionatın Azərbaycan cüdo tarixinə qızıl hərflərlə yazılacağı şübhəsizdir. Elə deyilmi?



Vüqar VÜQARLI
 Xüsusi olaraq, "Olimpiya dünyası” üçün

14119 oxunub

InvestAZ