XƏBƏR LENTİ
04 Dekabr 2022
02 Dekabr 2022
01 Dekabr 2022
30 Noyabr 2022
29 Noyabr 2022
28 Noyabr 2022
27 Noyabr 2022



Yekaterina Ryabova: "Qazandığım təcrübəyə görə hər zaman Azərbaycana minnətdar olacağam"
Müsahibə 11:30 / 13.09.2022
Bu günlərdə Azərbaycan fiqurlu konkisürəni Yekaterina Ryabova karyerasını başa vurduğunu elan edib. 2019-cu ilin yanvar ayından Azərbaycan yığmasının həyətinə cəlb olunan 19 yaşlı idmançımız müxtəlif beynəlxalq yarışlarda ölkəmizi təmsil edib. O, üç il əvvəl "İce star" turnirinin bürünc mükafatçısı olub. Ölkəmizi Pekin-2022 Qış Olimpiya Oyunlarında təmsil edən Y.Ryabova yarışların fərdi proqramında 15-ci yerə sahib çıxıb. Hər zaman olimpiyaçıları diqqətdə saxlayan "Olimpiya dünyası" qəzeti olaraq, legioner idmançımızla əlaqə saxladıq. Qəzetimizə müsahibəsində karyerasını erkən yaşda başa vurma səbəbini açıqlayan Yekaterina Ryabova həmçinin Azərbaycanın ona təqdim etdiyi imkanlar və digər maraqlı mövzular barədə danışdı.

- Yekaterina, bu yaxınlarda idman karyeranızı bitirdiyinizi elan etmisiniz. Belə gənc yaşınızda bu qərarı verməyə nə səbəb oldu?

- İdman karyeramı bitirməyimə həm köhnə, həm də bir müddət əvvəl aldığım yeni zədələr səbəb oldu. Artıq anladım ki, orqanizmim istədiyim kimi məşq etməyə imkan vermir. Hesab edirəm ki, maksimum səviyyədə nəticə göstərmək lazımdır. Əks halda çıxış etmək faydasızdır. Etiraf edirəm ki, zədələrə görə artıq məşq edə bilmirəm. Buna görə də, karyeramı birdəfəlik bitirmək qərarına gəldim.

- Maraqlıdır, hansı zədədən sonra karyeranızın ən vacib qərarını verdiniz?

- Əslində, hər şey ötən mövsümün yayından başladı. Mən bunu zədə anı olmadan, zədələnmək adlandırıram. İlk olaraq, ayaqlarımda problem yarandı. Düzdür, belə problemlərlə tez-tez rastlaşırdım. Amma təcrübəmə əsaslanaraq, onları daha effektiv yolla müalicə edirdim. Lakin bu ilin yay ayında yenidən ayaqlarımda ağrılar başladı. Qəribəsi odur ki, mən heç bir zədə almırdım. Hər bir fəndi dəqiq və zədəsiz yerinə yetirirdim. Lakin ayaqlarım səbəbsiz şəkildə ağrımağa başlayırdı. Mən bu problemi də aradan qaldırdım. Amma mövsümün başlamasına yaxın bud nahiyəsinin ön hissəsində əzələlərin dartılması baş verdi. Nəticədə, bir həftə müddətində yaranan ağrılardan artıq məşq edə bilməyəcəyim qənaətinə gəldim. Heç bir tullanma hərəkətlərini yerinə yetirə bilmirdim. Belə ki, buz üzərinə eniş zamanı ayaqlarım məni saxlamırdı. Nəticə olaraq, həkimlər mənə üç ay müddətində məşq etməyi qadağan etdilər. Bununla da, bütün mövsümdən kənarda qaldığımı anladım. Düzdür, valideynlərim əvvəlki formama qayıtmağım üçün mənə maddi və mənəvi cəhətdən çox dəstək oldular. Lakin artıq anlayırdım ki, belə problemlər gələcəkdə davam edəcəksə, istədiyim nəticəni əldə edə bilməyəcəyəm, istəmədiyim nəticə isə mənə lazım deyil.

- Yekaterina, bəs gələcək planlarınız nədir? İdman sahəsindən tamamilə uzaqlaşacaqsınız?

- Xeyr. Mən idmanı çox sevirəm. Həyatımı idmansız təsəvvür edə bilmirəm. Turnirlərdə çıxış edə bilməsəm də, yarışlara idmançılar hazırlayacağam. Bundan sonra məşqçi və xoreoqraf olaraq fəaliyyətimi davam etdirməyi planlaşdırıram.

- Azərbaycanı Pekində təşkil olunan Qış Olimpiya Oyunlarında təmsil etmisiniz. Bununla bağlı fikirlərinizi və təəssüratlarınızı bilmək istərdik.

- Pekin mənim xoşuma gəldi. Olimpiya kəndində çox gözəl ab-hava var idi. Yeganə çatışmayan cəhət azarkeşlərin olmaması idi. Tribunalardan azarkeş dəstəyi hiss etməyəndə mübarizə aparmaq bir qədər darıxdırıcı olur. Düzdür, Pekinin gəzməli-görməli yelərinə də səfər etmək çox istəyərdim, lakin qaydalara görə biz yalnız Atletletlər kəndində olmalı idik. Ümumilikdə, bu Olimpiya Oyunları mənim xatirəmdə yalnız xoş iz buraxdı.

- Ölkəmizin şərəfini qoruduğunuz müddətdə Azərbaycan sizə hansı imkanları yaratdı?

- Azərbaycanı təmsil etdiyim üçün çox böyük sevinc və qürur hissi keçirirdim. Belə ki, Azərbaycanın sayəsində istədiyim bütün yarışlarda mübarizə aparmaq imkanı əldə etmişdim. Beynəlxalq yarışlarda rahat şəkildə çıxış etdiyim üçün isə Azərbaycana xüsusi ilə təşəkkür edirəm. Qazandığım təcrübəyə görə hər zaman Azərbaycana minnətdar olacağam.

- Ölkəmizə bir neçə dəfə səfər etmisiniz. Bakı haqqında təəssüratlarınız maraqlı olardı.

- Düzdür, Azərbaycana ilk dəfə üç il əvvəl mart ayında gəlmişəm. Həmin vaxt millidə çıxış etməyi yeni qərara almışdım. Daha sonra bu ilin mart ayında Fransada keçirilən dünya çempionatına gedə bilmək üçün viza hazırlamağa gəlmişdim. Dünya çempionatında gücümü sınamağı çox istəyirdim. Azərbaycan Qış İdmanı Növləri Federasiyası bu məsələdə mənə maksimum dərəcədə kömək etdi. Sonuncu dəfə isə bir neçə gün əvvəl Bakıya gəlmişdim. Buna səbəb isə federasiyaya idman karyeramı bitirəcəyim barədə məlumat vermək idi. Təəssüf ki, mən yalnız bu səfərimdə əlavə bir gün ayırdım və atamla Bakını biraz gəzdik. Bakı həqiqətən çox gözəl şəhərdir. Düzdür, biraz külək var idi, amma hava çox gözəl idi. Az da olsa bu gözəl şəhəri gəzə bildik.


Türkay Niftəliyeva

4683 oxunub

InvestAZ