XƏBƏR LENTİ
26 Yanvar 2022
21 Yanvar 2022
20 Yanvar 2022
19 Yanvar 2022
18 Yanvar 2022
17 Yanvar 2022
16 Yanvar 2022



AZARKEŞİN QEYD DƏFTƏRİNDƏN...
Maraqlı 16:33 / 21.12.2021
Mobil İSMAYILOV




(futbol motivləri)

Futbol aləmi də bizim dünyamızın içindədir. Dünyamızda hansı proseslər baş verirsə, əslində elə futbol aləmində də belədir. Elə insan var gözləri ətrafı dərhal və çox iti görür, eləsi var duyğu bilmək qabiliyyəti, hissiyatı güclüdür, insan da var ki, həmişə düzgün qərar qəbul etməyi bacarır, hazırcavab olur və sairə. Futbolda da belədir. Eləsi var sürətlə qaçır, futbolçu var ki, nisbətən ləngdir, amma texnikalıdır. Başla yaxşı oynayan futbolçunun bir də görürsən zərbələri dəqiq olmur. Eləsi var bütün oyun ərzində yorulmur. Futbolçu var ki, fürsəti qaçırmır. Ulduz futbolçu olmasına baxmayaraq, şanslardan yararlanmayan da var. Eləsi var güclü zərbələrə malikdir və yaxud əksinə. Axı, futbolçu da, hakim də insandır. Deməli, onlar da səhvlərdən, uğursuzluqlardan sığortalanmayıblar.



Bəxt və bəxtsizlik,
yoxsa təsadüf...


Vaxtıilə yaxşı mütəxəssis kimi qəbul edilən Hektor Kuperə həm də bəxtsiz məşqçi deyirdilər. Çalışdığı illərdə alnına çempionluq yazılmamışdı, vəssalam. Kuperin sayəsində "Valensiya” iki dəfə ÇL-in finalına yüksələ bildi. Əvvəlcə "Real” üstün oldu, növbəti dəfə də "Bavariya”. "Malyorka”nı da UEFA kubokunun finalına çatdıran Kuperdən bəxt son görüşdə üz döndərdi. Sonradan Kuper "İnter”ə rəhbərlik etdi. İtaliyada ilk mövsümünü əla keçirən Kuper yalnız son turda çempionluğu əldən verdi "Yuventus”a. Növbəti mövsümdə "İnter” və "Milan” uzun müddət şərikli lider idilər. Yenə də son turlarda Kuper rəqabətə tab gətirmədi - "Milan” çempion oldu. Artıq azarkeşlər də Kuperin bəxtsizliyinə inanmağa başladılar. Belə ki, ən son anlarda bəxt Kuperdən üz döndərir və o, məqsədinə çata bilmirdi. Yeri gəlmişkən, mənim də rəğbət bəslədiyim argentinalı məşqçi sərtliyi, ciddiliyi, nizam-intizamı sevməsi ilə həmişə seçilirdi.

 Hansı klubda işləyibsə, tələbkar Kuper intizamı ön plana çəkib. Hətta sakit təbiətli braziliyalı Ronaldo Kuperin qaydalar rejiminə dözməyərək, tezliklə italyan klubundan "Real”a keçdi. Kristian Vyeri və Di Byacco da tələbkarlığın sərtiliyi səbəbindən baş məşqçi ilə yola getmirdilər. Ona görə onlar da arabir ehtiyatda qalırdılar. Kuperə görə hətta xırda məsələ belə yalnız icazə prinsipləri əsasında baş tutmalı idi. Özünəməxsus Kuper eyni zamanda Krespodan və Əmrədən razı idi. Bütün bu müsbət mütəxəssis keyfiyyətlərinə baxmayaraq Kuper alnına yazılmayan çempionluq xoşbəxtliyinə heç vaxt çata bilmədi.



"Bir çox məsələlər məşqçinin
iradəsindən,
istəyindən asılı
olmur”


Bəxt və bəxtsizlikdən söhbət düşmüşkən total oyun” tərzini futbola gətirən "uçan hollandlar”ı yada salmaq yerinə düşər. Həlledici görüşlərdə bəxtin məhz son anlarda hollandlardan üz döndərməsini yaşlı azarkeşlər yəqin ki, xatırlayırlar.
Hər bir insanın həyatında xoş və çətin günlər olur. Futbol dünyasının içində olan baş məşqçi də belədir. Zirvələrə yüksəlmək, eniş-yoxuş bir-birini əvəz edə bilər. Bu, artıq təkcə məşqçinin öz işinin öhdəsindən gəlmək bacarığından asılı deyil. Burada qismət, bəxt, ətraf, şərait və digər amillər də nəzərə alınmalıdır.

Bəzi hallarda kluba gətirilən təcrübəli, tanınmış məşqçi ümidləri doğrultmur. Komandanın oyununda böhran yaranır və məşqçi bu vəziyyətdən çıxa bilmir. Bəzən məşqçi ilə oyunçular arasında psixoloji əngəllər baş verir. Məşqçi bu səbəbləri aradan qaldıra bilmədikdə, istefa verir. Göründüyü kimi, bir çox məsələlər məşqçinin iradəsindən, istəyindən asılı olmur.
Vaxtilə "Skuadra adzura”nın baş məşqçisi olmuş Çezare Prandelli 2016-cı ilin son aylarında çətin vəziyyətə düşmüş "Valensiya”nın sükanı arxasına gətirildi. Lakin baş məşqçi postunda təcrübəli mütəxəssisin işi alınmadı. "Yarasalar”a kömək edə bilmədiyindən çox keçmədi ki, klubdan ayrıldı.
Bəzən ilk baxışda klubda hər şey qaydasında olduğu kimi görünür. Amma uğursuz nəticələr bir-birini əvəz edir. Məncə, belə hallarda obyektiv, subyektiv səbəblər axtarılsa da, sadəcə fortuna komandadan, deməli, həm də baş məşqçidən üz döndərir. Məsələn, Valverdenin və ondan sonra gələn məşqçilərin "Barselona”da bəxtləri gətirmədi. Hansı klublarda işləməsindən asılı olmayaraq yaxşı mütəxəssis kimi özünü çoxdan təsdiq etmiş Emeri arabir uğursuzluğa düçar olur.
Bəxtli məşqçilər də var. Məsələn, Klopp, Semeone, Tuxel. Kimin baş məşqçi olmasından asılı olmayaraq "Real” ümumiyyətlə, bəxtli komandalardan sayılır. "Ayağı düşərli oldu, yaxud olmadı” deyimini də unutmaq olmaz. "Çelsi”də əla oyun göstərən Eden Azar "Real”a transfer olunduqdan sonra bəxt sanki ondan üz döndərib.
Ümumiyyətlə, məşhur baş məşqçinin, elə futbol ulduzunun da karyerasında digər insanların həyatında olduğu kimi "qara zolaqlar” müşahidə etmək mümkündür.
Bir də görürsən komanda sadəcə olaraq uğurlu mövsüm yaşayır. Məşqçinin rolunu elə də şişirtmək düzgün deyildir. Məşqçi ardıcıl uğurlar əldə edən kimi onun ətrafında az qala mif yaradılır. Bu da sonradan mənfi nəticələr verməyə başlayır.



"Futbolçulara
verilən oyun
xasiyyətnaməsi”


Futbol təsadüflərlə doludur. Ona görə əbəs yerə demirlər ki, futbol həm də təsadüflərdən qurulur. Bu il ÇL-in qrup mərhələsində "Real” heç kimin gözləmədiyi halda öz meydanında Moldavanın "Şerif” komandasına uduzdu. Əlbəttə, bu, sırf təsadüf idi. Belə ki, Madrid klubu rəqibini sadəcə qiymətləndirməmişdi. Yaxud, Yunanıstanın Avropa çempionu olması tam təsadüf nəticəsində baş vermişdi.

Güclü komandaların oyunlarında cüzi bir səhv, yaxud təsadüfi qol nəticəni müəyyən edir. Heç-heçə nəzərə alınmasa, iki komandadan biri meydandan məğlub ayrılır. Gücü təxminən eyni olan super komandaların prinsipial derbi qarşılaşmalarında təbii ki, qalib gəlmək istəyi daha çox nəzərə çarpır. Ancaq buna baxmayaraq tərəflərdən birinin qalib gəlməyini Tanrı istəmirsə, onda oyun heç-heçə başa çatır. Belə oyunlarda daha çox kuryozlar görürük. Məsələn, super ulduz penaltini qaçırır, qapıçılar adi vəziyyətlərdə bağışlanmaz səhvlərə yol verirlər, kobud hərəkətlər, gözlənilməz qırmızı kartlar yadda qalır və sairə. Əslində bütün bu epizodların necə baş verdiyini heç futbolçuların özləri də anlamırlar. Bir qayda olaraq oyun ərzində əldə etdikləri şansları dəyərləndirən komanda qalib gəlir. Şans da ki, hər dəfə və ya tez-tez ələ düşmür. Gərək, şansdan da istifadə etməyi bacarasan. Bax, burada yenə də bəxt və təsadüf amilləri gündəmə gəlir. Yəni, söhbət qələbə şansının kimin tərəfində olmasından gedir. Başqa sözlə, bəxt kimin üzünə gülürsə, həmin komanda da qalib gəlir. Əlbəttə, belə hallarda da səbəblər axtaran ekspertlər, mütəxəssislər kritik situasiyaları, oyunçuların fiziki hazırlığını, psixoloji dayanıqlığını, ustalıq keyfiyyətlərini və sair xüsusiyyətləri qabartmağa çalışırlar. Bəzən deyirlər ki, ayrı-ayrı futbolçular polad əsəblərə və güclü xarakterə fərdi ustalıq səviyyəsinə malik olduqlarından həlledici anlarda digərlərini üstələyirlər. Bu cür yanaşmanın özü də nisbidir. Uğurun gətirməsi amilinə üstünlük verən bəzi mütəxəssislər qeyd edirlər ki, bütün bunlar əslində futbolçulara verilən oyun xasiyyətnaməsidir. Bir də görürsən favorit hesab olunan komanda görüşdən məğlub ayrılır. Güvənilən oyunçu ümidləri doğrultmur. Bəzən də nəticə oyuna görə olmur. Oyun ərzində hücum edən komanda qalib gələ bilmir, hətta məğlubiyyətə düçar olur. Məsələn, ötən mövsümün və bu ilin "Barselona”sı. Yaxşı müdafiə olunan komanda isə uğur qazanır. Bəzi hallarda məşqçi, komanda oyunun sonlarına yaxın risk edir və bu addım, riskli gediş təsadüfən uğur gətirir. Amma əksinə də olur. Hər bir halda yenə də bəxt və təsadüf anlamına gəldik çıxdıq.
Gərgin keçən oyunlarda hərdən az qala izahı mümkün olmayan məqamlarlada rastlaşmalı oluruq. Elə həlledici anlar da olur ki, sanki futbolçunun ayağı tutulur. Fikrimcə, samballı məşqçi mətbuat konfransında, futbolçu isə matç bitəndən sonra meydanın kənarında müsahibə zamanı deyirsə ki, "bu gün xoşbəxtlik, bəxt bizim tərəfimizdə oldu və biz qalib gəldik”- daha düzgün və məntiqli səslənir. Axı, dedikləri idman xoşbəxtliyi və bəxt uğuru rəqib komandanın da tərəfində ola bilərdi.
Bu yaxınlarda dünya çempionatının seçmə qrup mərhələsində Portuqaliya Serbiya ilə öz meydanında son oyununda əlavə olunmuş dəqiqələrdə gözlənilmədən qapısından qol buraxdı. Bu isə o demək idi ki, Portuqaliya indi pley-offda mübarizə aparmalı olacaq. İndi siz deyin: bu bəxtsizlik idi, yoxsa təsadüf? Hətta oyundan sonra qazonda oturan Ronaldu göz yaşlarını saxlaya bilmədi. Elə həmin gün məlum oldu ki, son Avropa çempionu İtaliya da dünya çempionatına birbaşa vəsiqə qazana bilmədi və bu yığma da bəxtini pley-offda sınayacaq. Prosesin sonrakı gedişatı da hər iki ölkənin yığması üçün heç də ürəkaçan olmadı. Belə ki, püşkün "hökmünə” görə son iki Avropa çempionu olmuş bu ölkələrin yığma komandaları yeganə vəsiqəni əldə etmək üçün qarşı-qarşıya gələcəklər. Püşkün nəticəsi azarkeşlərin də əhvalını korladı. Təsadüf və yaxud bəxtsizlik ucbatından iki nəhəng futbol ölkəsindən biri Qətərə yollanmayacaq. Nə qədər acı olsa da, bu- realdır və dəqiqdir. Bəzən taleyin bax belə qəfil, kəskin dönəmi də olur. Qeyd etmək yerinə düşər ki, İtaliya 2018-ci ildə dünya çempionatına düşə bilməmişdi.
Həm bəxtsizlik, həm də məğlubiyyətə səbəb olan təsadüfi epizodlar qanqaraldıcı təsir bağışlayır. Elə azarkeşlər var ki, belə hallara görə, necə deyərlər, tüstüsü başından çıxır. Çoxları da içəridən yanır. Eləsi də olur ki, qəzəbi başdan aşır. Göz yaşlarını saxlamayanlara da rast gəlinir. Belə hallarda ürəyi çırpınmayan azarkeş təsəvvür etmirəm. Elə anlar da olur ki, obrazlı desək, azarkeşin barmağını kəssən, xəbəri olmayacaq. Bir sözlə, bəxtsizlik və amansız təsadüflər ucbatından baxır, kim hansı hissləri keçirir. Axı, fanatlar komanda ilə nəfəs alırlar, komanda ilə yaşayırlar...
Futbol əslində həmişə macəralarla dolu olur. Bir də görürsən oyun macəraçılıq xüsusiyyətləri kəsb edir sanki. Macəra olan yerdə də vəziyyət elə gətirir ki, əksər hallarda həlledici anlar ya təsadüflər, ya da bəxtsizlik üzərində qurulur. Lakin hətta bu cür təsadüflər, yaxud bəxtin gətirməsi də nəticə etibarı ilə bir fəlsəfi məntiqə söykənir. Yəni, məsələn, "Sumqayıt”, "Keşlə” hətta təsadüf nəticəsində də "Liverpul”u, "Bavariya”nı uda bilməz. Bu proqnozu həm futbolun məntiqi tərəfi təsdiqləyir, həm də müqayisəli təhlili. Başqa sözlə, xoş təsadüflər də, bəxtin möcüzəli tərzdə gətirməsi də hardasa müəyyən bir hüdudlar daxilində baş verə bilər. Belə bir məşhur deyim var: "Bəxtsiz uğur qazanılmır. Amma hərçənd ki, güclü olanın bəxtinin gətirməsini də biz bilirik”. Bu fikirlə bağlı isə əlavə şərhə ehtiyac duymuram. Təbii ki, elə hər dəfə uğursuzluq üz verdikdə bəxtsizlikdən şikayətlənmək yanlış yanaşma olardı. Ədalətli nəticənin komandaların səviyyəsinə uyğun olması da bir qayda olaraq əsasən göz qabağında olur.
Mən futbol oyunlarının əksəriyyətini təkcə adi azarkeş kimi izləmirəm. Oyunlara baxa-baxa incəlikləri saf-çürük edir, diqqəti çəkən analitik məqamlara mütəxəssis nöqteyi-nəzərindən yanaşır, ən başlıcası isə qənaətlərim anlamaq prinsiplərinə söykənir. Hətta elə təqvim günləri olur ki, bəzi futbol dramlarını, necə deyərlər, iliklərimə qədər yaşayıram. Və obyektivliyi itirməmək şərti ilə əksər hallarda yenə də bəxt, bəxtsizlik, təsadüflər anlayışlarını ön plana gətirirəm.

(ardı var)

2946 oxunub

InvestAZ