XƏBƏR LENTİ
04 Dekabr 2022
02 Dekabr 2022
01 Dekabr 2022
30 Noyabr 2022
29 Noyabr 2022
28 Noyabr 2022
27 Noyabr 2022



İlham Zəkiyev: “NÖVBƏTİ HƏDƏFİM BEŞİNCİ PARALİMPİYA MEDALINI QAZANMAQDIR”
Müsahibə 10:54 / 23.09.2021
Bu yaxınlarda Yaponiyanın paytaxtı Tokioda XVI Yay Paralimpiya Oyunları təşkil olundu. 163 ölkədən 4400-dək idmançının iştirak etdiyi Oyunlarda Azərbaycan Paralimpiya komandası da təmsil olunurdu. Komandamız bu yarışlarda uğurla çıxış edərək 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə 19 medal qazandı. Komandamız bu nəticə ilə medal sıralamasında onuncu yeri tutdu. Bu, Azərbaycanın həm Paralimpiya, həm də idman tarixində görünməmiş hadisə oldu.

Bu dəfəki Paralimpiya Oyunları komandamız üçün həm uğurlu nəticələr, həm rekordlar, həm də ilklərlə yadda qaldı. Komandamız üçün yaddaqalan hadisələrdən biri isə Paralimpiya Hərəkatının ən öndəgedən simalarında biri olan ikiqat Paralimpiya çempionumuz, İlham Zəkiyevin Tokioda mükafatçılar sırasında yer alması oldu. İkiqat dünya, yeddiqat Avropa çempionumuz bununla da ardıcıl iştirak etdiyi beşinci Paralimpiya Oyunlarında dördüncü mükafatını qazandı. İdmançımız bununla Azərbaycanın Paralimpiya Oyunları tarixində özünəməxsus yer tutdu.
Bu günlərdə "Şöhrət” ordenli, Tərəqqi medallı dördqat Paralimpiya çempionumuz, Azərbaycanın Əməkdar idman ustası, Qarabağ müharibəsi əlili və qazisi İlham Zəkiyevlə əlaqə saxladıq. Müsahibimiz bizimlə söhbətində Paralimpiya Oyunlarındakı çıxışı, Oyunlarda aldığı zədəsi və Şuşa şəhərinə etdiyi səfər barəsində danışdı.

- İlham müəllim, əvvəlcə Sizi Tokio-2020 Yay Paralimpiya Oyunlarının bürünc mükafatçısı olmağınız münasibəti ilə təbrik edirik. Dördqat Paralimpiya mükafatçısı olmaq necə bir hisdir?

- Çox gözəl bir hisdir. Növbəti hədəfim beşinci Paralimpiya medalını qazanmaqdır. Mövcud zədələrimi aradan qaldırdıqdan sonra 2024-cü ildə Parisdə təşkil olunacaq Oyunlarda yenidən Paralimpiya medalını qazanmağa çalışacağam.

- Tokio-2020-də keçirdiyiniz görüşlər elə də asan olmadı. Necə düşünürsünüz, sizcə hansı görüş Sizin üçün daha çətin oldu?
- Tokioda ilk görüşüm İngiltərə təmsilçisi ilə oldu. Qeyd edim ki, bu Oyunlara qədər həmin cüdoçu ilə dörd dəfə qarşılaşmışdım və ümumi hesab 4:0 mənim xeyrimə idi. Bu dəfə o, yarışa daha yaxşı hazırlaşmışdı. Bundan əlavə topuğumda zədə olduğu üçün bu da mənə bir qədər güləşməkdə çətinlik yaradırdı. Rəqibimi çaşdırmaq və zədənin hansı ayağımda olmasını bilməməsi üçün həkimdən hər iki topuğumu sarımasını xahiş etmişdim. Rəqib çox kobud şəkildə güləşərək hər iki topuğuma möhkəm zərbələr endirirdi. Onunla görüşümüz altı dəqiqə yarım davam etdi. Gərgin mübarizənin sonunda qalib gələrək, növbəti mərhələyə vəsiqə qazandım. Bu mərhələdə rəqibim koreyalı idmançı, ikiqat Paralimpiya çempionu idi. Həmin qarşılaşmada sol ayağımın iki barmağı sındı. Amma buna baxmayaraq, barmağımın qırılmağını rəqibimə bildirmədim və görüşü davam etdirdim. Səkkiz dəqiqə yarım davam edən qarşılaşma rəqibin üstünlüyü ilə başa çatdı. Görüşdən sonra mənə tibbi yardım göstərildi. Həkimlər ayağımı sarıyanda ağrılara baxmayaraq dözməyə çalışırdım ki, birdən mübarizəmi davam etdirməyə icazə verməzlər. Bunun üçün onlara sadəcə, yüngül zədə aldığımı və əlavə yardımlara ehtiyac olmadığını bildirdim. Bununla da, növbəti mərhələdə zədəli halda güləşdim və bürünc medala sahib çıxdım. Əsas odur ki, Tokio-2020-dən əliboş qayıtmadım.



- Cüdoçularımız Tokio Paralimpiadasında birinci oldular. Ümumilikdə isə komandamız Tokioda bir tarix yazdı.
- Bəli, cüdo üzrə pralimpiya yığmamız Oyunlarda 6 qızıl və 2 bürünc medalla tarixi nəticəyə imza atdı. Bu nəticə ilə cüdo yarışlarının birincisi olduq. Bu, Azərbaycan Paralimpiya cüdosunun inkişafından xəbər verir. Biz qazandığımız nəticələrlə sübut etdik ki, Azərbaycanda cüdo idman növü var. Ümumilikdə götürdükdə isə paralimpiyaçılarımız Tokio-2020-ni 19 medalla başa vurdu. Bu medallardan 14-ü qızıl, 1-i gümüş, 4-ü isə bürüncdür. Qazanılan bu medal Azərbaycanın Paralimpiya Oyunları tarixində ən böyük uğuru idi. İnanıram ki, paralimpiyaçılarımız uğurları ilə növbəti yarışlarda da xalqımızı sevindirəcəklər.

- Ötən il Tokio-2020 təxirə salınanda zədəli idiniz. Görünür, paralimpiadanın təxirə salınması işinizə yaradı.
- Şükür Allahın məsləhətinə. Oyunların təxirə salınması kiməsə sərf etdi, kiməsə yox. Amma deyərdim ki, yarışın təxirə salınması daha yaxşı oldu ki, biz ora qalib ölkənin idmançıları kimi getdik. Bunun özü də idmançılarımız üçün bir təkan idi. Bundan başqa Tokio Paralimpiadasının təxirə salınması zədələrimi aradan qaldırmaq baxımdan mənə sərf etdi. Qeyd edim ki, ötən il Düsseldorfda olimpiyaçılarla beynəlxlaq təlim-məşq toplanışında topuğumdan çox ciddi zədə almışdım. Hətta bir il üç ay tatamiyə çıxa bilmədim. Tokio Paralimpiadasına da zədə ilə yollanmışdım. Yarışdan əvvəl heç kimə zədəli olmağım barədə deməmişdim. Çünki istəmirdim ki, kimsə bunu bəhanə kimi qəbul etsin. Biz ora qalib ölkənin idmançıları kimi getmişdik və üçrəngli bayrağımızı orada dalğalandıra bildik. Bu qələbəni Ali Baş Komandan cənab İlham Əliyevə, şəhidlərimizə, şəhid ailələrinə və qazilərimizə həsr edirəm. Çünki onlar bizə daha əzəmətli qələbəni yaşatdılar. Üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarda yenidən dalğalandırıldı. Həmin anlar çox qürurverici idi.

- Rio Paralimpiadasında qarşılaşdığınız rəqiblər ciddi görmə qüsuru olmayan idmançılar idi. Deyəsən, Tokioda da bu hal aradan qalxmamışdı.
- Bəli, təəssüf ki, bu problemlər Tokio Paralimpiadasına qədər də aradan qaldırılmadı. Baxmayaraq ki, bu barədə dəfələrlə beynəlxalq quruma müraciət etmişdim. Bu dəfəki Oyunlarda da həmin kateqoriyada olan idmançılar mənə rəqib oldular. Bu yaxınlarda həmin məsələ ilə bağlı Beynəlxalq Cüdo Federasiyasının rəhbərliyi ilə yenidən danışmışam. Yarışların ədalətli olması üçün heç görməyənlər ayrı güləşməlidirlər. Yəqin ki, növbəti oyunlarda bu məsələ öz həllini tapacaq. Bu baxımdan Paris-2024-ün daha ədalətli olacağına inanıram.


- Həmin idmançıların Sizdən üstün cəhəti görmələri idi. Amma bu üstünlük belə, onların köməyinə çatmadı.
- Bəli, qarşılaşdığım rəqiblərin hamısı görürdülər. Orada görməyən idmançı bir braziliyalı idmançı idi, bir də mən. Braziliyalı cüdoçu ilk görüşdə kubalı rəqibinə 8 saniyəyə məğlub oldu. Təbii ki, görən idmançının reaksiyası görməsində ciddi problem olan idmançıdan daha yaxşı olur. Biri var mən onun nə edəcəyini hiss edim və onun qarşısını alım. Biri də var ki, rəqib mənim əlimi, ayağımı, tətbiq edəcəyim fəndi görür və qarşısını alır. Bu isə həmin idmançının tatamidə məndən bir addım daha üstün olması deməkdir. Şükür Allaha rəqiblərimin görmələri onlara kömək olmadı, görüşdə qalib gələrək, bürünc medala sahib çıxdım.

- Yəqin ki, Bakıya qayıtdıqdan sonra zədənizin bərpası ilə də məşğul olursunuz?
- Bəli, Bakıya qayıtdıqdan sonra həkimə müraciət etdim. Hazırda zədəmin bərpası üzərində çalışıram. İnşallah zədələrimi müalicə etdikdən sonra məşqlərə yenidən başlayacağıq.

- Qəzetimizə verdiyiniz əvvəlki müsahibələrinizin birində qeyd etmişdiniz ki, ən böyük arzularınızdan biri də Şuşada olmaqdır. Bu günlərdə Şuşa şəhərində şəhid anaları və şəhid övladları üçün tədbir keçirildi. Siz də Olimpiya çempionlarımızla birgə bu tədbirdə iştirak etmişdiniz. Şuşa şəhəri Sizə necə təsir bağışladı?

- Sentyabrın 19-da Şuşa şəhərində şəhid övladları, Olimpiya çempionları ilə birgə tədbirdə iştirak etdim. Həmin tədbirdə mənimlə yanaşı Olimpiya çempionlarımız Nazim Hüseynov, Zemfira Meftaxetdinova, Namiq Abdullayev, Fərid Mansurov, Elnur Məmmədli və görkəmli incəsənət ustalarımız iştirak edirdilər. İsa bulağında, Cıdır düzündə, Gövhər Ağa məscidində oldum. Çox gözəl tədbir keçdi. Tədbirdən sonra Şuşada qalıb, hərbçi dostlarla görüşdüm. Şuşaya daxil olanda çox maraqlı hisslər yaşadım. Şəhidlərimizi, qazilərimizi xatırladım, qanları bahasına gözəl yurdumuzu düşmənlərdən azad etməsini xəyalımda canlandırdım. Bu hissləri heç vaxt yaşamamışdım. İnsan həm kövrəlir, həm də sevinirdi. Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, qazilərimizə isə şəfa arzulayıram. Biz bu gün onların sayəsində doğma torpaqlarımıza ayaq basırıq. Var olsun Ali Baş Komandanımız və müzəffər Ordumuz!



- Yeri gəlmişkən, bildiyimizə görə mütəmadi olaraq Vətən müharibəsinin qaziləri ilə görüşlər keçirir, onlara öz tövsiyələrinizi verirsiniz.

- Bəli, Vətən müharibəsi zamanı qulluq etdiyim və yaralandığım ərazilərə yollanmışdım. Orada əsgər və zabitlərlə görüşür, onlarla döyüşdən əvvəl motivasiya xarakterli söhbət edirdim. Hətta 1999-cu ildə yaralanandan sonra müalicə aldığım hospitala baş çəkdim, orada olan yaralı hərbçilərimizi ziyarət etdim. Bundan başqa şəhid olan hərbçilərimizin dəfnində iştirak edir, şəhid ailələrini və qazilərin ailələrini ziyarət edirdim. Döyüşlərdən sonra çalışırdım ki, ən birinci görmə qabiliyyətini itirən qazilərimizin ünvanlarını öyrənim və onları ziyarət edim. Çünki həmin vaxtı onları məndən yaxşı heç kim başa düşə bilməzdi. Cəlilabadda İsmayıl, Xızıda Kamran, Novxanıda Amil adlı qazimiz var idi ki, hər iki gözü görmə qabiliyyətini itirmişdi. Bundan başqa bir neçə qazilərimizi ziyarət edib, onlara öz dəstəyimi göstərirdim.

- Siz həm də Azərbaycan Milli Paralimpiya Komitəsinin vitse-prezidentisiniz. Hazırda komitədə Vətən müharibəsinin qaziləri ilə işlər hansı istiqamətdə qurulub?

- Bildiyiniz kimi, biz Vətən müharibəsindən sonra qazilərimizin Paralimpiya Hərəkatına cəlb olunması istiqamətində tədbirlər həyata keçirirdik. Düzdür, paralimpiadaqabağı AMPK-nın rəhbərliyi və digər əməkdaşlar bütün gücü ilə Tokio-2020-yə köklənmişdi. Amma mütəmadi olaraq, qazilərimizlə də müəyyən görüşlər həyata keçirilirdi. Mən də dəfələrlə öz müraciətlərimdə onlara demişəm ki, tam reabilitasiya mərhələsini keçdikdən sonra Azərbaycan Milli Paralimpiya Komitəsinə müraciət etsinlər. Qazilərimizin əlilliyinə uyğun olaraq məşqçilərimiz, mütəxəssislərimiz onlarla məşğul olacaq və uyğun olan idman növünə yönəldəcəklər. İnanıram ki, təcrübəli mütəxəssislərimiz onların arasında gələcəyin Paralimpiya, dünya və Avropa çempionlarını yetişdirəcəklər.

Azər Əlizadə

13834 oxunub

InvestAZ