XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Elvin Hidayətzadə: “Dəfələrlə mühasirəyə düşsək də, döyüşçü ruhumuz bir an belə sarsılmadı”
Müsahibə 14:12 / 14.04.2021

Kitablara sığmayan qəhrəmanlıq ənənələri ilə zəngin olan Azərbaycan əsrlərə söykənən qədim tarixə sahibdir. Ölkəmizin mərd oğulları XXI əsrdə də qəhrəman əcdadlarının davamçıları olduqlarını sübut etdilər. Qəhrəman hərbçilərimiz illər sonra 44 gün müddətində Xarı bülbül qoxulu Qarabağımızı düşməndən azad edərək, ona yeni nəfəs verdilər.
Müharibə başlayan ilk gündən müharibə iştirakçılarını diqqətdən kənarda qoymayan "Olimpiya dünyası” qəzeti yenə də ənənəsinə sadiq qalır. Qəzetimizin "Vətən müharibəsinin idmançı qəhrəmanları” rubrikasının bu dəfəki qonağı "Ekspress Baku” voleybol klubunun idmançısı Elvin Hidayətzadədir.
Qəhrəmanımız 1998-ci il yanvarın 2-də Masallı şəhərində anadan olub. 2004-2015-ci illərdə İsfəndiyar Zülalov adına Masallı şəhər 5 saylı orta məktəbində təhsil alıb. Həmçinin o, Masallı rayonu musiqi məktəbində 7 illik fortepiano təhsilinə də yiyələnib. İdmançımız 2019-cu ildə Azərbaycan Texniki Universitetini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətini Bakıda keçən Elvin, 2020-ci il iyul ayında xidmətini şərəflə başa vurub.
Lakin tale elə gətirdi ki, Elvin tezliklə yenidən ordu sıralarına qoşulmalı olub. Torpaqlarımızın azadlığı uğrunda canından keçməyə belə hazır olan idmançımız döyüşlərdə ona tapşırılan vəzifənin öhdəsindən layiqincə gəlib. Cəsur döyüşçümüz müharibədən sonra "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” və "Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Bu yaxınlarda Elvinlə redaksiyamızda görüşüb, müharibə xatirələri, dəfələrlə mühasirəyə düşməsi və ümumilikdə voleybol karyerası haqda danışdıq.


"Hər an həyatla
vidalaşa bilərdik”


- Elvin, söhbətimizə müharibəyə yollanmağından başlayaq. Həmin anları necə xatırlayırsan?

- Sentyabrın 21-də təlimlərimiz başladı və biz Ağcabədiyə yola düşdük. Bir müddət orada təlim keçdikdən sonra Füzuliyə doğru istiqamətləndik. Sentyabrın 26-da isə Lələtəpə yüksəkliyində məskunlaşdıq. Qəhrəman hərbçilərimizin şücayəti sayəsində Füzuli rayonu düşməndən azad edildi. Noyabrın əvvəllərdində isə artıq Xocavəndə doğru yol aldıq. İşğal olunan ərazilərimizə getmək, həmin yerləri görmək hər zaman arzum olub. Çox sevinirəm ki, bu arzum ürəyimdə qalmadı və Qarabağa getmək mənə də qismət oldu.

- Müharibədə təhlükəli anlarla yəqin ki, çox rastlaşmısan?

- Əraziləri tam dəqiq tanımadığımız üçün, bir neçə dəfə mühasirəyə düşdük. Yadıma gəlir ki, duman səbəbindən səhv yolda olduğumuzu anladıq. Lakin artıq çox gec idi. Düşmənlə demək olar ki, 150-200 metr məsafəmiz vardı. Biz mühasirəyə düşdüyümüzü anladığımız anda ermənilər olduğumuz yeri atəşə tutdu. Hər birimiz minamyotlardan və güllələrdən qorunmaq üçün yerə uzandıq. Geriyə qayıtmaq üçün uzun müddət minamyotların atəşinin kəsilməsini gözlədik. Bir müddət sonra atəş səsləri kəsildi və ehtiyatla ayağa qalxmağa başladıq. Amma düşmən bizim tərəfdə hərəkət gördüyü anda yenidən müxtəlif silahlarla atəş açmağa başladı. Onlar bizi rahatlıqla görürdü. Biz isə hündürlüyün və hava şəraitinin dumanlı olması səbəbindən onları görməkdə çətinlik çəkirdik. Atəşin dayanmayacağını anlayıb, sürünərək əvvəlki ərazimizi tapmağa nail olduq.
Dəfələrlə mühasirəyə düşsək də, döyüşçü ruhumuz bir an belə sarsılmadı. Tezliklə ordumuzun səyi nəticəsində həmin ərazi düşməndən azad olundu.

- Mühasirədə olduğun anlarda düşüncələrin sənə nə deyirdi?

- Təsəvvür edin ki, açıq ərazidə başımızı tutub yerdə uzanmışıq və hər an atəş açılaçağını bilirik. Düşmən top atəşi endirəndə onun səsini eşidir, hara düşəcəyini fikirləşirdik. Yəni əlimizdən sadəcə, uzanıb, atəşin bizə çatıb-çatmayacağını gözləmək gəlirdi. Sözün əsl mənasında, ölümlə üz-üzə dayanmışdıq. Yəni hər an həyatla vidalaşa bilərdik.
Noyabrın 8-i dəhşətli günlərdən biri kimi yaddaşımda qalacaq. Müharibənin bitməsinə bir gün qalmış mühasirəyə düşdük. Ermənilər bizi dayanmadan minamyotlarla atəşə tuturdu. Təəssüf ki, həmin vaxt 2 hərbçimiz ölümün pəncəsindən qurtula bilmədi. Onlardan biri 3 ay komada qaldıqdan sonra şəhidlik zirvəsinə ucaldı.


"Dostumun
sağ qalmasını istəyirdim ...”


- Müharibə insanları bir-birinə yaxınlaşdırır. Sən necə, döyüşlərdə özünə yaxın dost qazana bildinmi?

- Əlbəttə. Müharibə mənə çox yaxın dostlar qazandırdı. Lakin elə qazandırdığı kimi də, tez bir zamanda əlimdən alırdı. Ən yaxın münasibətdə olduğum əsgər yoldaşım, Zaqataladan olan 20 yaşlı Alim Məhəmmədov idi. Oktyabrın 26-da qızğın döyüşlərdən sonra təxminən 30 nəfərə yaxın hərbçimiz ilə birgə dincəlmək üçün bir yer seçdik. Hər zaman bir yerdə döyüşməyimizə, bir yerdə dincəlməyimizə baxmayaraq, nədənsə, bu dəfə bir-birimizdən ayrı düşdük. Çox keçmədi ki, olduğumuz əraziyə top mərmisi düşdü. Elə həmin an özümü itirmiş halda Alimi səsləməyə başladım. Hər zaman səsimə səs verən döyüşçü dostum, bu dəfə mənə cavab vermirdi. Səssizlikdən narahat olub, dərhal onu axtarmağa başladım. Bir neçə addım irəliləmişdim ki, Alimin dəhşətli bir vəziyyətdə yerdə uzandığını, digər hərbçi yoldaşlarımızın onun ətrafında olduğunu gördüm. Onun ayağının bir hissəsi tamamilə yox idi. Alimə yaxınlaşıb, səslənsəm də, artıq heç kimi tanımırdı. Dostumun sağ qalmasını istəyirdim, lakin gördüklərim bunun əksini sübut edirdi və dostum şəhid oldu. Bu, məni həqiqətən də çox sarsıtmışdı. Yaşadığım hissləri sözlə ifadə etməkdə çətinlik çəkirəm. Alimlə biri-birimizə söz vermişdik ki, müharibə bitəndən sonra onunla birlikdə sağ-salamat evə qalib kimi qayıdacağıq. Lakin təəssüf ki, Alim şəhid oldu və xəyallarımız yarımçıq, arzularımız isə ürəyimizdə qaldı. Mən Alimə və bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Döyüşlərdə yaralanan hərbçilərimizə isə tezliklə şəfa tapmalarını arzu edirəm.

- Döyüşlərdə yaralanan əsgərlərimizi tibb məntəqəsinə necə çatdırırdınız?

- Gördüklərimə baxmayaraq, bütün gücümü toplayıb hərbçi yoldaşlarımla yaralı əsgərlərimizə yadım etməyə çalışırdıq. Düşmənin tank əleyhinə olan toplardan atəş açması nəticəsində əsgər yoldaşlarımız şəhid olurdular. Yaralı əsgərlərimizi bir-bir çiynlərimizə alaraq, təxminən 4-5 kilometr geriyə təcili tibbi yardım maşınlarına aparırdıq. Hətta yolda tibb maşınına çatmamış şəhid olan hərbçilər də olurdu. Hadisə baş verdiyi yerdə şəhidlərimizin nəşinin qalmamasına çalışırdıq. Komandirimizin dediyi - "onları orada tərk etsək, ruhları bizi bağışlamayacaq” - sözləri heç vaxt xatirəmdən silinməyəcək. Bəzən növbəti gün həmin yerə qayıdaraq, şəhidlərimizin nəşini götürürdük.

- Yaddaşından heç vaxt silinməyəcək Vətən müharibəsindən xatirə olaraq özün üçün nə saxlayırsan?

- Müharibədən yadigar olaraq dostum Alimin mənə verdiyi gilizi saxlayırdım. Evə qayıtdıqdan sonra belə gilizi üzərimdə gəzdirirdim. Lakin hər dəfə ona baxanda Alimlə bağlı xatirələrim gözümün önündə canlanırdı. Bu isə mənə çox ağır təsir edirdi. Sanki üzərimdə böyük bir yük daşıyırdım. Buna görə də onu saxlamaq üçün anama verdim. Çünki mən Alimin verdiyi gilizi saxlamağı deyil, bir yerdə keçirdiyimiz çətin, lakin bir o qədər də qürurlu və şərəfli günlərimizi onunla birgə yad etməyi istəyirdim.

- Qələbə xəbərini necə eşitdin?

- Noyabrın 9-da təxminən axşam saat 10 radələrində qrupumuza qoşulmaq üçün maşınla Xocavənd istiqamətinə irəliləyirdik. Düşmənin bizi görməməsi üçün isə avtomobilin işıqlarını söndürmüşdük. Bir qədər irəlilədikdən sonra həm ön, həm də arxa tərəfdən maşınlarımızın top atəşinə məruz qaldığını gördük. Bu hadisə nəticəsində bir hərbçi yoldaşımız şəhid oldu. Müharibənin bitməsinə saatlar qalmış belə bir hadisə ilə rastlaşmağımız çox təsiredici idi. Həmin hadisədən bir neçə saat sonra isə müharibənin bitməsi ilə bağlı məlumat verildi. Bu xəbərə sevinsək də ürəyimdə bir kədər var idi. Çünki günlərdir çiyin-çiyinə vuruşduğumuz yoldaşlarımızın hamısı bizimlə birgə bu zəfəri qeyd edə bilmədilər. Onların anaları oğulsuz, ailələri başsız, övladları isə atasız qaldı.

- Qalib ordunun, qalib əsgəri kimi evə qayıtmaq necə bir hissdir?

- Bu, həqiqətən də çox qürurvericidir. İllərdir düşmən tapdağında olan torpaqların azad olunmasında əməyimin olması, xalqımızın sevincini görmək çox gözəl bir duyğudur. Evə qayıdanda döyüşdüyümüz yerlərdən keçirdik. Həmin yollara baxanda qarışıq hisslər yaşayırdım. Bir neçə gün əvvəl mühasirədə olduğumuz, minamyotların başımızın üzərindən keçdiyi bu yolları indi qalib kimi geri qayıdırdım. Düzünü desəm, böyük bir təntənə ilə rastlaşacağımı düşünmürdüm. Amma ailəmdən əlavə qohumlar, qonşular, hətta kənd sakinləri də məni qarşılamağa gəlmişdilər.


"Hər gecə müharibəni sanki yenidən
yaşayıram”


- Müharibədən qayıtdıqdan sonra səhhətində nə kimi problemlər yaranıb?

- Tərxis olunandan sonra bir neçə gün həddindən artıq çox ağrılarım var idi. Düzdür, indi də ara-sıra ağrılar olur. Amma nisbətən vəziyyətim yaxşılığa doğru gedir. Əsasən, gecə saatlarında özümü narahat hiss edirəm. Hər gecə yatmağa hazırlaşanda döyüşlərdə gördüyüm hadisələr gözümün qarşısına gəlir. Yəni elə bir gün yoxdur ki, döyüş yoldaşlarım, şəhid hərbçilərimizin səslərini eşitməyim. Hər gecə müharibəni sanki yenidən yaşayıram. Bundan başqa eşitmə qabiliyyətimdə də zəiflik hiss edirəm. Bu da döyüşlər vaxtı baş verən güclü partlayışlardan sonra yaranıb. Həkimlər müalicə prosesindən sonra eşitmə qabiliyyətimin tam bərpa olunma ehtimalının az olduğunu deyirlər.

- İstərdik ki, bir az da oxucularımıza voleybola olan marağının yaranmasından danışasan.

- Voleybola marağım 5-ci sinifdən yaranıb. Hər zaman məndən böyük məktəblilərin voleybol oynamağına həsədlə baxıb, onlar kimi oynamağı arzulayırdım. Voleybol məşqlərinə yazılıb, bu istəyimi reallaşdırmaq istəyəndə isə atam icazə vermədi. O, dərslərimə yetərincə zaman ayıra bilməyəcəyimi düşünürdü. Amma illər keçsə də, uşaqlıq arzum ağlımdan çıxmırdı. Elə buna görə də, universitetə qəbul olandan sonra voleybol ilə məşğul olacağıma qəti qərar verdim. Düzünü desəm, voleybolda belə qısa bir müddətdə bu qədər irəli gedəcəyimi düşünmürdüm.
Yəni voleybol uşaqlıq sevgim olduğu üçün onunla həvəskar şəkildə məşğul olmağa başladım. Lakin zaman keçdikcə istedad və həvəs özünü biruzə verdi və mən birinci Liqada "İqtisadçı” komandasında çıxış etməyə başladım. Amma təəssüf ki, komanda o qədər də uğurlu nəticə göstərmədi. Daha sonra 2018-ci ildə "Ekspress Baku” komandasının şərəfini qorumağa başladım. 2019-cu ildə birinci liqanın final mərhələsində "Tale Ate” komandasına 3:2 hesabı ilə məğlub olduq. Bununla da Azərbaycan Birinci Liqasını ikinci pillədə başa vurduq. Daha sonra hərbi xidmətə yolladım. Hazırda isə pandemiya olduğundan hələ ki, məşqlər və yarışlar dayandırılıb. Pandemiya bitəndən sonra voleybol karyerama yenidən davam etmək niyyətindəyəm. Həmçinin qeyd edim ki, mən şirkətlərin birində mühasib kimi də işləyirəm. Çalışacağam ki, hər iki sevdiyim işi eyni zamanda icra edim.

- İdmançı olmağın sənə döyüşlərdə nə kimi üstünlük qazandırdı?

- Qeyd edim ki, yarışlara hazırlıq vaxtı hər zaman özümü psixoloji olaraq qələbəyə hazırlayırdım. Bu amil mənə döyüşlərdə də çox böyük kömək oldu. Döyüşlərin ilk günlərindən qələbə qazanacağımıza və sağ-salamat evə qayıdacağıma özümü psixoloji olaraq hazırlamışdım. Buna görə də, çalışırdım ki, döyüş yoldaşlarımı da sağ-salamat evə qayıdacaqlarına inandıram.
Hərbçi yoldaşlarım voleybolla məşğul olduğumu bilirdilər. Müharibə bitdikdən sonra Xocavənddə idman zalına getdik, basketbol topu tapıb hərbçi yoldaşlarımızla oynadıq. Orada məktəblərin birində isə piano tapıb "sarı gəlini” və milli musiqilərimizi uşaqlar üçün ifa etdim.

Türkay Niftəliyeva






29962 oxunub

InvestAZ