XƏBƏR LENTİ
19 Mart 2024
18 Mart 2024
17 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024



Nəriman Həsənzadənin dramaturgiyası
Mədəniyyət 22:03 / 25.02.2021

Nəriman Həsənzadə -90

Xalq şairi Nəriman Həsənzadə 1980-90-cı illərdə pyesləri teatrlarda ən çox tamaşaya qoyulan və bu səhnə əsərləri böyük əks-səda yaradan dramaturqlardan biri idi. Onun ilk pyesi "Nəriman” poeması əsasında yazdığı "İmzalar içində” adlanırdı. Dramaturqun bu ilk pyesini o vaxtlar Şəki Dövlət Dram Teatrınının yaradıcısı, Moskvada Dövlət Teatr Sənəti İnstitutunu ( indiki Teatr Akademiyası) əla qiymətlərlə bitirmiş, öz dəst-xətti olan çox maraqlı və istedadlı rejissor , rəhmətlik Vaqif Abbasov və cavan rejissor Hüseynağa Atakişiyev böyük uğurla 1977-ci ildə birlikdə tamaşaya qoymuşdular. Bu tamaşada baş rolu- Nəriman Nərimanov rolunu cavan aktyor, Əməkdar artist, mərhum Muxtar İbadov, Əliağa Şıxlinski-İbrahim Əliyev, onun xanımı Nigar Şıxlinskaya- Mahirə İbrahimova, Məhəmməd Hadi-Novruz Cəfərov, Nərimanovun xanımı Gülsüm- Qəmər Məmmədova, Nəsib bəy- Əligüşad Rəhimov, Qoca kəndli- Mustafa Əhmədzadə və başqaları yüksək peşəkarlıqla oynamışdılar. Tamaşanın bəstəkar- Emin Sabitoğlu, quruluşçu rəssamı- Qüdrət Məmmədov olub.

1975-ci ildə yaranan Şəki Dövlət Dram Teatrının bu tamaşa 12-ci tamaşası olub. Bu tamaşa haqqında həmin vaxtlar respublika mətbuatında çoxlu və maraqlı ressenziyalar yazılmışdı. Vaqif Abbasovun və Hüseynağa Atakişiyevlə birlikdə quruluş verdiyi bu tamaşa bir də ona görə orijinal idi ki, Vaqif Abbasov özünün ideyası əsasında, bu tamaşada Meyerxold, Vanxtanqov, Brext sistemlərini Azərbaycan meydan teatrının forması ilə çox ustalıqla sintez eləmiş və maraqlı bir sistem yaratmışdı. Ona görə də bu tamaşa çox baxımlı, maraqlı alınmışdı. Ümumiyyətlə, Şəki Dövlət Dram Teatrı başqa teatrlardan məhz bu gün də onunla fərqlənir ki, Vaqif Abbasovun yaratdığı bu sistemi, ondan sonra teatra rəhbərlik eləyən və Vaqifin bu sistemini ondan mənimsəyən Əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyev də çox uğurla davam etdirmişdi. Eləcə də sonra teatra rəhbərlik eləyən Xalq artisti Cahangir Novruzov və başqa rejissorlar da bu üsluba sadiq qalıblar. Bu teatrda yeri gələndə hər bir aktyor da öz rolunun rejissoru ola bilir və məhz ona görə Şəki Teatrında yetişən aktyorlar və gün də çalışanlarlar başqa teatrların aktyorlarından seçilir.

Bu pyesin uğurundan sonra Nəriman Həsənzadənin bir-birindən maraqlı pyesləri- "Bütün Şərq bilsin”, "Atabəylər”, "Pompeyin Qafqaza yürüşü”, "Nabat xalanın çörəyi” səhnə əsərləri yarandı. Xalq artisti Lütfi Məmmədbəyov Nəriman müəllimin "Kimin sualı var?” poeması əsasında çox maraqlı televiziya tamaşası hazırladı. Nəriman Həsənzadə həm də o dramaturqlarımızdandır ki, bu günə qədər öz pyeslərini nəzmlə yazır. Bu da dramaturgiyada çox çətindir. Burada dramaturqdan az sözlə böyük fikirlər yazmaq tələb olunur. Buna görə dramaturqdan həm peşəkarlıq və həm də səhnəni daha mükəmməl bilmək tələb olunur. Amma o, nəzmdə elə maraqlı orta forma tapır ki, sözlər Şekspirin pyeslərində olduğu kimi təkcə nəzm yox, həm də aforizmlərlə zəngindir. Onu da vurğulayım ki, Nəriman Həsənzadənin poemalarının çoxu maraqlı dram əsərləri ola bilər. Çünki bu poemalarda kəskin konfliktli epizodlar və maraqlı süjetlər var. Dramaturgiyanı yaxşı bilən rejissor bu poemaları çox asanlıqla səhnələşdirə bilər və bunlar da günümüzlə səsləşən maraqlı səhnə əsərləri ola bilər.

Nəriman Həsənzadənin Sumqayıt Dövlət Dram Teatrında böyük uğurla tamaşaya qoyulmuş "Bütün Şərq bilsin” tamaşası haqqında, bu tamaşanın yaradıcılarından biri olduğuma görə oxucuların bilmədiyi maraqlı məqamlara toxunub, həmin tamaşa ilə bağlı heç kimin bilmədiyi fikirlər demək istəyirəm.

Böyük ədibimiz, ictimai xadim Nəriman Nərimanovun keşməkeşli, çox çətin həyatına həsr olunan və Azərbaycan tarixinin faciəli 1917-22-ci illərini əhatə edən bu tamaşa teatra keçmiş Sovetlər İttifaqı miqyasında böyük uğur gətirən tamaşa oldu.

... Yadımdadır ki, 1980-ci ildə yenə də Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında direktor və baş rejissor arasında- kimin teatrda birinci şəxs olması ilə bağlı davalar, konfliktlər başlamışdı. Həmin vaxtı teatrın direktoru, mərhum Salman Dadaşov və baş rejissoru, Xalq artisti, Prezident təqaüdçüsü Mərahim Fərzəlibəyov idi. Belə bir vəziyyətdə tetrın yaradıcı heyyəti də iki yerə bölünmüşdü. Yaşlı aktyorlar Salman Dadaşovu, cavan aktyorlar isə Mərahim Fərzəlibəyovu müdafiə edirdi. Əlbəttə, mən də cavan olduğuma görə Mərahim Fərzəlibəyovu müdafiə edirdim. Çünki o, artıq 1977-ci ilin aprel ayından bu teatrda quruluş verdiyi maraqlı tamaşalarla və teatra gətirdiyi yeniliklərlə hamımızın qəlbinə yol tapmışdı. Həm də mənim rejissuraya böyük marağım olduğuna görə o, mənə bu sənətlə bağlı çox şey öyrədirdi. Çünki, Mərahim Fərzəlibəyov Sankt-Peterburqda ali rejissor təhsilini, həmin vaxtı artıq dünyada məşhur olan Georqi Tovstanoqovdan almışdı. Tetarımıza da həmin məşhur rejissorun dəst-xəttini gətirmişdi. Belə ki, Tovstanoqov özünün rejissura məktəbində rejissor sənətini bir peşə adlandırır və aktyorları da oynadıqları tamaşada əsl yaradıcı olmağa, hər bir aktyoru öz rolunun rejissoru olmağa sövq edirdi. Amma Azərbaycanda əksər aktyorlar rejissorun buyruq qulu olmağa və yalnız onun diqtəsi ilə işləməyə öyrəndiklərindən, teatrımızın yaşlı aktyorları Mərahim Fərzəlibəyovun rejissor işini bəyənmirdilər. Amma cavanlar daha çox yaradıcı olduqlarından onunla işləməyi daha üstün tuturdular.

Mən həmin vaxtlar teatrda aktyor işləsəm də 1976-cı ildən Sumqayıt şəhərində yaratdığım Sumqayıt Gənclərinin "Ümid” Tetar-Studiyasına ( 1979-cu ildən bu kollektiv Sumqayıt Gənclərinin Xalq Teatrı oldu) rəhbərlik edir və 300-ə qədər həvəskar aktyorlarla tamaşalar hazırlayırdım. Bu tamaşalar da Sumqayıt tamaşaçılarının marağına səbəb olur və hətta həftənin 4 günü Sumqayıt məktəbliləri üçün tamaşalar oynayırdıq. Həm də Sumqayıt Dövlət Dram Teatrında elə 1976-cı ilin fevral ayından burada aktyor kimi fəaliyyətə bağladığım vaxtdan mənim rejissuraya marağım olduğunu görən teatrın o vaxtkı baş rejissoru, Xalq artisti Vaqif Şərifov və quruluşçu rejissoru, mərhum Arif Ağayev quruluş verdiyi tamaşalara məni rejissor assistenti və ya ikinci rejissor kimi əmrimi verdirirdilər. Mən də tamaşalar hazırlananda bacardığım kimi onlara quruluş vaxtı köməklik edirdim.

Beləliklə, 1980-ci ildə artıq teatrda konfliktlər pik həddinə çatmışdı. Mərahim Fərzəlibəyov da bu haqsızlıqlardan çox əsəbiləşmişdi. O, artıq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına quruluşçu rejissor işləməyə getmək istəyirdi. Çünki onu həmin teatrın baş rejissoru, böyük islahatçı rejissor, özünün teatr məktəbini yaratmış Tofiq Kazımov, Mərahim Fərzəlibəyovun 1977-ci ilin aprel ayından başlayaraq, Sumqayıt teatrında quruluş verdiyi tamaşaları görmüşdü və onun rejissor dəsti-xəttini bəyənmişdi. Bütün bu tamaşaların da ya rejissor assistenti, ya da ikinci rejissoru mən olurdum. Təsəvvür edin ki, Mərahim Fərzəlibəyov Sumqayıt teatrında cəmi 4 ildə 14-dən çox tamaşalara maraqlı quruluş vermişdi.

Səhv eləmirəmsə 1980-ci ilin noyabr ayında Nəriman Həsənzadə bizim teatra "Nəriman” poemasının motivləri əsasında yazdığı bir pyes verdi. Həmin pyesin bir variantı artıq yuxarıda dediyim kimi, mənim dostum, müəllimim, Şəki Dövlət Dram Teatrının yaradıcısı Vaqif Abbasov tərəfində "İmzalar içində” adı ilə çox böyük uğurla tamaşaya qoyulmuşdu. Bu tamaşa haqqında teatr ictimaiyyəti çox maraqlı fikirlər söyləyirdi. Nəriman müəllimin bizim teatra təqdim etdiyi həmin pyesin yeni variantı isə belə adlanırdı "Qoy bütün Şərq bilsin”. Həmin vaxtı Mərahim müəllim pyesi oxuyandan sonra mənə verdi ki, oxuyum. Oxudum və çox xoşuma gəldi. Ən əsası da burada birdən-birə Nəriman Həsənzadə 6 tarixi şəxsiyyətləri ilk dəfə səhnəyə gətirmişdi. Bunlar- Hacı Zeynəlabdin Tağıyev, Nəriman Nərimanov, Fətəli xan Xoyski, Məhəmməd Hadi, general Əliağa Şıxlinski və cavan yazıçı Ernest Hemenquey idi. Bu pyesdə Azərbaycan tarixinin ən bəlalı dövrlərindən olan 1917 və 1922-ci illəri dramaturq tərəfindən yüksək ustalıqla, kəskin konfliktlərlə təsvir olunurdu. Biz, cavanlar Mərahim müəllimdən xahiş etdik ki, o, bu pyesə quruluş versin. Əlbəttə, Mərahim Fərzəlibəyov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına getməyə hazırlaşdığı bir dövrdə yarıkönül olsa da bizimlə razılaşdı və böyük həvəslə tamaşanı hazırlamağa başladı. Məni bu tamaşaya ikinci rejissor etdi. Və həm də mənə bu tamaşada iki rol-rejissor və cavan yazıçı Ernest Hemenqueynin rolunu tapşırdı. Bu tamaşada yuxarıda adlarını yazdığım tarixi şəxsiyyətlərin rollarını Mərahim Fərzəlibəyov belə bölmüşdü. Hacı Zeynalabdin Tağıyev- Rövşən Almuradlı, Nəriman Nərimanov- Məlik Dadaşov, Fətəli xan Xoyskini- Ramiz Qiyasov, Məhəmməd Hadi- Valeh Kərimov, general Əliağa Şıxlinski- Ramiz Novruzov və Əli Nur, Ernest Hemenquey- Ağalar İdrisoğlu (Mehdiyev). Tamaşada o biri rolları isə teatrın bütün aparıcı aktyorları ifa edirdi. Kütləvi səhnələrdə və epizodik rollarda isə mənim rəhbərlik etdiyim Sumqayıt Gənclərinin Xalq Teatrının həvəskar aktyorları həvəslə çıxış edirdi. Ümumilikdə bu tamaşada 60-dan çox iştirakçı vardı.

Mərahim Fərzəlibəyov mənim pyeslər yazdığımı və dramaturgiyaya böyük həvəsim olduğunu bildiyinə görə dramaturqla pyes üzərində işləməyi, Nəriman Həsənzadənin pyesə əlavə episodlar yazmasını mənə tapşırmışdı. Elə ilk görüşdən bizim Nəriman müəllimlə fikirlərimiz üst-üstə düşdü və o, bir-birindən maraqlı epizodlar yazdı. Bununla pyes daha monumental və maraqlı oldu. Bu tamaşanın məşqlərinin maraqlı gedişi həm də kollektivdə olan konflikti aradan götürdü. Çünki bu tamaşada teatrın bütün yaradıcı heyyəti məşğul idi. Hətta yuxarıda yazdığım kimi mənim rəhbərlik elədiyim Sumqayıt Gənclərinin Xalq Teatrının da həvəskar aktyorları epizodlarda və kütləvi səhnələrdə iştirak edirdilər. Beləliklə, tamaşada səhnəyə bəzən təxminən 60-dan çox aktyorun eyni vaxtda çıxması tamaşaçılar tərəfindən də maraqla qarşılanırdı və tamaşaya monumentallıq gətirməklə, böyük kütləvilik yaradırdı. Bu tamaşada baş rolu, Nəriman Nərimanovu, Azərbaycanın ən böyük aktyorlarından biri, Xalq artisti, Dövlət mükafatı laureatı Məlik Dadaşov yüksək peşəkarlıqla, həvəslə məşq edir və oynayırdı. Belə böyük sənətkarın tamaşada oynaması biz cavanlar və ümumiyyətlə, teatr üçün fəxarət idi. O, həm də Salman Dadaşovun kişik qardaşı idi. Tamaşanın məşqlərinin getdiyi ərəfədə Məlik Dadaşov və Nəriman müəllim Salman Dadaşovla, Mərahim Fərfəlibəyovu barışdırdılar. Bundan sonra kollektiv arasında mehribançılıq daha da artdı. Bu da tamaşanın məşqərinə çox yaxşı təsir etdi. Beləliklə, bu tamaşanın hazırlanmasına başda Mərahim Fərzəlibəyov olmaqla, bütün yaradıcı heyyət gecə-gündüz çalışdı. Hamı böyük həvəslə məşq edirdi. Ən kiçik epizodlar, bütün kütləvi səhnələr zərgər dəviqliyi ilə işlənilirdi və maraqlı mizanlar qurulurdu. Ona görə də yüksək peşəkar səviyyədə bir tamaça alındı. Məşqlərin gedişi vaxtı Nəriman Həsənzadə təklif etdi ki, tamaşanın adı belə olsun. "Bütün Şərq bilsin”. Bu ad daha yaxşı səslənirdi. Bu tamaşanın ilk premyerası 1981-ci ilin fevral ayının 23-də çox böyük uğurla göstərildi. İlk tamaşaya Bakıdan da çoxlu filosoflar, alimlər, sənətşünaslar, rejissorlar gəlmişdi. Elə səhəri gündən tamaşa haqqında qəzetlərdə bir-birindən maraqlı ressenziyalar çap olundu. Amma yuxarı dairədə əyləşən bəzi məmurlar tamaşada olan Sovetlər İttifaqının əleyhinə bir neçə siyasi məqamlara görə tamaşanın daha oynanılmamasını tələb etdilər. Həm də teatrı məcbur edirdilər ki, həmin epizodları hökmən tamaşadan çıxaraq. Elə bu vaxtı ulu öndər Heydər Əliyev həmin tamaşaya baxmaq istədiyini bildirdi. Beləliklə, ikinci tamaşa Bakıda, Akademik Milli Dram Teatrının səhnəsində oynanılanda ulu öndər, dahi liderimiz Heydər Əliyevlə birlikdə, Moskvada yaşayan, xalqımızın böyük oğlu, məşhur alim, həmin vaxtı Bakıda olan Əziz Şərif də gəlib baxdı. Eləcə də Azərbaycanın həmin vaxtı üzdə olan bütün alimləri, şairləri, nasirləri, sənətşünasları, tənqidçiləri, jurnalistləri də ikinci tamaşada idilər. Tamaşanın gedişi vaxtı tamaşaçıların tez-tez gür və sürəkli alqışlarını eşidirdik. Bu da tamaşanı bir qədər də maraqlı oynamağa bizdə böyük stimul, həvəs yaradırdı. Tamaşadan sonra Ulu Öndər adəti üzrə səhnəyə gəldi. Bizi belə maraqlı tamaşa oynadığımıza görə təbrik etdi. Tamaşadan sonra peşəkar teatrşünas kimi əsəri, tamaşanın quruluşunu və akytor oyunlarını yüksək səviyyədə təhlil etdi. Dahi rəhbər onu da vurğuladı ki, "bu tamaşa onun son vaxtlar görduyu tamaşaların ən yüksək peşəkar tamaşalarından biridir. Bu tamaşanı tez-tez həm Bakıda və həm də Sumqayıtda oynamaq lazımdır ki, tamaşaya daha çox adam baxsın. Çünki bu, bizim tariximizdir”. Böyük alim Əziz Şərif də tamaşa haqqında xoş sözlər dedi. Bu tamaşadan sonra Ulu Öndərlə və Əziz Şəriflə bir yerdə şəkil çəkdirdik. Həmin şəkil bu gün də Sumqayıt teatrının ən maraqlı, ən əziz və tarixi şəkillərindən biri sayılır.

Sonra bu tamaşa haqqında çoxlu ressenziyalar yazıldı. Biz bu tamaşanı həmin ilin aprel ayında Azərbaycan teatrlarını təmsil etməklə SSRİ teatrlarının festifalı çərçivəsində Moskvada Mayakovski adına Akademik Teatrın binasında çox böyük uğurla göstərdik. Orada da çoxlu Sovet teatrşünasları tamaşaya baxıb, bizim işimizi yüksək qiymətləndirdilər. Bu tamaşaya görə SSRİ Mədəniyyət Nazirliyinin, SSRİ Yazıçılar İttifaqının və SSRİ Teatr Cəmiyyətinin ( indiki Xadimləri İttifaqının) birinci dərəcəli diplomunu aldıq. Həmin vaxtlar artıq Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı haqqında Sovetlər İttifaqı səviyyəsində bir-birindən maraqlı ressenziyalar yazıldı. Teatrımız İttifaq miqyasında tanındı. Bu tamaşa təkcə müəllif Nəriman Həsənzadənin, quruluşçu rejissor Mərahim Fərfəlibəyovun yox, həm də bu tamaşada iştirak edən, başda Məlik Dadaşov olmaqla hamımızın həyatında özünə maraqlı, tarixi bir iz buraxdı. Əbədilik, hamımızın yaddaşına ən xoş anlar, xatirələr kimi köçdü.

Bu tamaşadan sonra Mərahim Fərzəlibəyov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işləməyə getdi. Sonra o, həmin teatrda Nəriman Həsənzadənin "Atabəylər” tarixi pyesinə maraqlı quruluş verdi. "Atabəylər” pyesi Azərbaycan dövlətinin, dövlətçiliyinin XII əsrdə daha mükəmməl təşəkkül tapması və bununla bağlı gedən mübarizəyə, həmin dövrdə artıq Azərbaycanda intibah dövrünün başlanmasına, Qızıl Arslanın hökmdarlığı ilə dövlətçiliyimizin daha da möhkəmlənməsinə həsr olunub. Nəriman Həsənzadə bu pyesi də yüksək peşəkarlıqla yazıb. Bu pyes Azərbaycanın həmin dövrünü daha mükəmməl öyrənmək üçün çox maraqlı mövzudur. "Atabıylər” pyesi əsasında əgər bədii kinofilm çəkilsə inanıram ki, həmin kinoflilmi dünya ekranlarına çıxarmaq olar. Artıq dünya xalqları da bilər ki, intibah ilk dəfə məhz Azərbaycanda, özü də XII əsrdə başlayıb. Avropa ölkələrində isə intibah XV əsrdən başlayıb.

Bu tamaşada Azərbaycanın korifey sənətkarlarından- Qızıl Arslan-Kamal Xudaverdiyev, Nizami Gəncəvi-Hamlet Xanızadə, Əcəmi-Sadıq İbrahimov, Əbu Bəkr-İlham Əsgərov, İnac Xatun- Vəfa Fətullayeva, Səfura İbrahimova, Bağban-Manaf Süleymanov, Gülaçar-Elmira Həşımzadə, Yad Adam- Hacı İsmayılov və başqaları çox maraqlı obrazlar yaratdılar. Onu da vurğulayım ki, Xalq artisti Mərahim Fərzəlibəyov, Nəriman Həsənzadənin "Atabəylər” və "Pompeyin Qafqaza yürüşü” pyeslərinə Naxçıvan Dövlət Musiqili-Dram Teatrında da çox maraqlı quruluşlar vermişdi. Bu tamaşalarda da teatrın bütün aparıcı aktyorları yüksək peşəkarlıqla oynayırdılar. Hər iki tamaşa uzun illər Naxçıvan Dövlət Musiqili-Dram Teatrının repertuarında qaldı və tez-tez tamaşaçılara göstərildi.

1996-cı ildə, həmin vaxtlar cavan olmasına baxmayaraq artıq teatr aləmində öz sözünü layiqincə demiş Əməkdar incəsənət xadimi Bəhram Osmanovun, Nəriman Həsənzadənin "Pompeyin Qafqaza yürüşü” tamaşasına Akademik Milli Dram Teatrında çox uğurlu və peşəkar quruluş verməsi də teatr ictimaiyyəti tərəfindən maraqla qarşılandı. Tamaşasının quruluşçu rəssamı, Xalq rəssamı- Tahir Tahirov idi. O da bu tamaşaya maraqlı tərtibat vermişdi. Musiqisini isə bəstəkar-Fərəc Qarayev yazmışdı. Bu pyesdə azərbaycanlıların öz vətənlərini igidliklə qoruması, amma qeyri-bərabər döyüşdə Vətən yolunda şəhid olması qırmızı xətlə müəllif tərəfindən çox maraqla işlənib. Bu tamaşada Xalq artistləri Ramiz Novruzov, Məleykə Əsədova, Laləzar Mustafayeva, Əməkdar artistlər Pərviz Bağırov, Sadıq İbrahimov və başqaları çox maraqlı obrazlar yaratmışdılar. Bu tamaşa da tamaşaçılar tərəfindən çox maraqla baxılırdı.

Nəriman Həsənzadənin "Nabat xalanın çörəyi” povestinin motivləri əsasında eyni adlı əsəri Xalq artisti , rejissor Zülfüqar Abbasovun Mingəçevir Dövlət Dram Teatrında tamaşaya qoyması, baş rollarda Nabat- Əməkdar artist Nisə Rzayevanın, Alməmməd- Heybət Hörmətzadənin və başqa aktyorların oyunu da tamaşaçıları, teatr mütəxəssislərini qane elədi və maraqla qarşılandı. Quruluşçu rəssam Ayaz İbrahimov da tamaşaya maraqlı tərtibat vermişdi. Bu tamaşa da uzun illər Mingəçevir Dövlət Dram Teatrının repertuarında qaldı və tez-tez tamaşaçılara göstərildi. "Nabat xalanın çörəyi” də tamaşaçıların ən sevdiyi tamaşalardan biri oldu.

Mən Nəriman Həsənzadənin dramaturgiyası haqqında fikirlərimi belə də tamamalamaq istəyirdim. Amma düşündüm ki, fikirlərim tam deyil. Axı Nəriman Həsənzadə son vaxtlar da dramaturgiya ilə bağlı maraqlı işlər görüb. Orijinal pyeslər yazıb. Oxucular bu pyeslərlə və ümumiyyətlə, Nəriman Həsənzadənin son illərdəki yaradıclığı ilə da yaxından tanış olmalıdırlar. Ona görə də sevimli şairimiz, dramaturqumuz Nəriman Həsənzadəyə müraciət elədim və onun da fikirlərini öyrənib yazıma əlavə elədim. Bilirdim ki, Nəriman müəllim çox orijinal fikirlər deyəcək. Elə də oldu.

- Nəriman müəllim, sizin pyeslər Akademik Milli Dram Teatrında, Naxçıvan Dövlət Musiqili-Dram Teatrında, Şəki Dövlət Dram Teatrında, Sumqayıt Dövlət Dram Teatrında və Mingəçevir Dövlət Dram Teatrında çox maraqlı rejissor yozumlarında tamaşaya qoyulub. Mən də bu tamaşaların bir neçəsinə baxmışam və xoşuma gəlib. Özüm də sizin "Bütün Şərq bilsin” tamaşanızda oynamışam. Bir dramaturq kimi sizi həmin tamaşalar qane edibmi? Ümumiyyətlə, həmin tamaşalar haqqında hansı xatirələriniz var ki, hələ də mətbuatda yazılmayıb?

- Ağalar müəllim, mənim sizə xüsusi hörmətim var. Qırx ildir ki, sizinlə yaradıcılıq əlaqələrimiz var. Yəni mənim "Bütün Şərq bilsin” pyesim 1981-c ildə Sumqayıt Dövlət Dram Teatrında tamaşaya qoyulduğu vaxtdan. Həm də sizə bir yazıçı, dramaturq, rejissor, jurnalist və fəal yaradıcı insan kimi ona görə böyük hörmətim var ki, hələ də bu sahələrlə çox ciddi məşğul olursunuz. Mənə verdiyiniz bu sual çox mürəkkəb sualdır. Bəzən ürəyində olanları deyə bilmirsən. Mingəçevirdə tamaşaya qoyulan "Nabat xalanın çörəyi” mənim povestimin motivləri əsasında yazılmışdı. O tamaşaya da gedib baxmışam. Ümumi tamaşa və rejissor yozumu xoşuma gəlmişdi. Amma həmin pyes mənim əsərim deyildi. Rejissor Zülfüqar Abbasov povesti özü səhnələşdirmişdi. Əgər mən özüm pyesi yazsaydım, tamam başqa cür işləyərdim. Yəni həmin tamaşa mənim povestim yox, povestin motivləri əsasında yazılıb.

Akademik Milli Dram Teatrda görkəmli rejissorumuz, Xalq artisti Mərahim Fərzəlibəyovun quruluşunda "Atabəylər” pyesim hazırlandı.Tamaşadan razı qaldım. Böyük uğurla getdi. Sonra istedadlı rejissor, Əməkdar incəsənət xadimi Bəhram Osmanov mənim "Pompeyin Qafqaza yürüşü” pyesimə də çox maraqlı qurluş verdi. Amma həmin pyesdə qladiatorların döyüş səhnələri vardı. Kütləvi səhnələr idi. Neyçünsə həmin səhnələri hazırlamadılar. Bu əlbəttə ki, rejissorun yozum idi. Çünki tamaşanın müəllifi rejissordur. Amma ümumi tamaşa maraqlı və baxımlı idi. Naxçıvan Dövlət Musiqili-Dram Teatrın da mənim "Atabəylər” və "Pompeyin Qafqaza yürüşü” tamaşalarım da Mərahim Fərzəlibəyovun quruluşunda hazırlandı. Hər iki tamaşada, həm Akademik Milli Dram Teatrda və həm də Naxçıvan Dövlət Musiqili-Dram Teatrında aktyor heyyəti çox xoşuma gəldi. Hamı öz rolunu peşəkarlıqla oynayırdı. Həmin dövrlərin atmasferini yarada bilirdilər. Hər tamaşaya baxdıqca istəyirdim ki, yeni pyesimi başqa səpkidə hazırlasınlar. Amma rejissorun fikri başqa cür olur və müəllifin fikri ilə ola bilər ki, üst-üstə düşməsin. "Atabəylər”, "Pompeyin Qafqaza yürüşü” tamaşalarını Tiflisdə Akademik Milli Dram Teatrı çox böyük uğurla oynadı. Sumqayıt Dövlət Dram Tearı "Bütün Şərq bilsin” tamaşasını Moskvadakı Mayakovski adına Teatrın binasında çox böyük uğurla göstərdi. Hətta həmin tamaşa ən yaxşı tamaşa kimi SSRİ Mədəniyyət Nazirliyinin , SSRİ Yazıçılar İttifaqının və SSRİ Teatr Cəmiyyətinin xüsusi diplomuna layiq görüldüyü vaxt mənim və teatrın kollektivinin sevinci çox yüksək oldu.Həmin hadisə tamaşanın iştirakçısı kimi sizin də yadınızadır. Orada bu tamaşa ilə bağlı çoxlu qəzetlər məqalələr çap elədi. Bu tamaşa Moskvada böyük sensassiya kimi qarşılandı.

- Sizin ilk pyesiniz "İmzalar içində” Şəki Dövlət Dram Teatrında çox istedadlı rejissor, böyük islahatçı, mərhum Vaqif Abbasov və Hüseynağa Atakişiyev tərəfindən hazırlanmışdı. Vaqif Abbasov özü və həmin tamaşa sizin yaddaşınızda necə qalıb?

- Bu mənim ilk pyesim olduğuna görə ilk öncə sevinirdim. Tamaşa Vaqif Abbasov tərəfindən çox maraqlı bir formada hazırlanmışdı. Vaqif Abbasov həm də insan kimi çox maraqlı və hərtərəfli savadlı bir adam idi. Allah ona rəhmət eləsin. Neyçünsə teatr mütəxəssisləri belə bir maraqlı rejissor haqqında çox az yazıblar. O, məni dramaturgiyaya elə həvəsləndirdi ki, mən bundan sonra bir neçə pyes yazdım. Gördüm ki, teatr başqa bir aləmdi. Mən də düşdüm həmin sehirli aləmə.

- 1990-cı illərin axırlarına kimi sizin pyeslər teatrlarda çox maraqla gedirdi. Lütfi Məmmədbəyovun quruluşunda "Kimin sualı var?” televiziya tamaşanız da maraqla qarşılanırdı. Amma sonra siz, daha pyes yazmadınız. Yalnız şeirlər, poemalar və publisist yazılar yazdınız. Bunun səbəbi nə oldu?

- Siz burada çox maraqlı bir məsələyə toxundunuz. Bu suala görə sizə öz minnətdarlığımı bildirirəm. Doğrudur, həmin xaos illərində bütün sahələr kimi teatrların da vəziyyəti ağır idi. Amma həmin illərdə nə Mədəniyyət Nazirliyi, nə də teatrların rəhbərləri dramaturqlarla maraqlanmırdılar. Hətta demədilər ki, yeni quruluşla, müstəqi Azərbaycan respublikası ilə bağlı müsabiqə elan eləyək və yeni pyeslər yazılsın. Mən həmin vaxtı bunu təklif elədim. Amma nə Mədəniyyət Nazirliyi, nə də teatrların rəhbərləri mənim bu təklifimə bir reaksiya vermədilər. Artıq Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Anar, mən və başqa dramaturqlar teatrlardan uzaqlaşdıq. İndi də pyes yazan demək olar ki, cəmi üç-dörd nəfərdir. Əslində indi Azərbaycanda ən azından iyirmidən çox maraqlı dramaturq olmalıdır. Onların da pyesləri teatrlarda tamaşaya qoyulmalıdır. Axı dünyanın hər yerində teatr, milli dramaturgiya ilə daha çox inkişaf edir. Yadımıza salaq rəhmətlik rejissorlar- Adil İsgəndərovun, Mehdi Məmmədovun, Tofiq Kazımovun vaxtında görün neçə maraqlı dramaturqlar yetişdi. Axı bu gün Azərbaycan tarixində elə maraqlı mövzular var ki, onlar pyes kimi yazılmalı və tamaşaya qoyulmalıdı. Həmin əsərlərə görə teatrlara daha çox tamaşaçı gələr.

- Mən sizinlə tam şərikəm. Azərbaycanın keçmiş tarixi ənənələri, dövlətçiliyi və indi Vətən Müharibəsi ilə bağlı gərək çoxlu səhnə əsərləri yazılsın. Kinoflmlər çəkmək üçün ssenarilər yazılmalıdı. Bu müqəddəs işə də rəhbərliyi Mədəniyyət Nazirliyi etməlidir. Amma bu sahədə işlər ləng gedir. Görəsən bunun səbəbi nədir?

- Mən son vaxtlar Azərbaycan ziyalılarının həyatından bəhs edən "Xəlvətdə yanan şam” və Qarabağ muharibəsinə həsr olunan "Qarabağ Azərbaycandı, Qrabağnamə”m İlhamdı adlı iki pyes yazmışam. İkinci pyesim artıq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşaya hazırlanır. Yazacağım bir neçə pyes də var ki, onların üzərində də ciddi işləyirəm. Amma həmin pyeslərimin adlarını hələ ki, demək istəmirəm. Dahi Nizami Gəncəvi deyib ki, "yazılmamış əsərinin adını əvvəlcədən demə. Çünki danışanda yazmaq olmur”. Mən inanıram ki, yeni Mədəniyyət nazirimiz cənab Anar Kərimov və onun birinci müavini hörmətli Vaqif Əliyev dramaturgiya sahəsindəki bu problemin tezliklə aradan qaldırılması üçün ciddi düşünəcəklər. Çünki onlar əl-ələ verib, milli mədəniyyətimizin dirçəlməsi üçün böyük işlərə başlayıblar. İnanıram ki, az bir vaxtda milli dramaturgiyamız da dirçələck. Bununçün əlbəttə, ilk öncə yazarlarımızda da milli ruh olmalıdır. Müasir səhnə əsərləri Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət etməklə, tamaşaçıları öz ardınca aparmalıdır. Axı teatr zamanın güzgüsüdür. Antik dramaturgiya yaranan dövrdən, həmin dramaturgiya və səhnənin sehri insanları öz ətrafına toplayıb. Bu gün də dünyanın elə aparıcı ölkləri var ki, həmin ölklərin teatrları xalqı öz ardınca böyük uğurla aparır və onların dünya görüşünə, daxili mədəniyyətinin, mənəviyyatının yüksəlməsinə çox böyük təsir göstərir. Mən istərdim ki, bizim dramaturgiyamız və teatrlarımız da belə olsun. Axı bizim dünya səviyyəsində tanınan çoxlu ədiblərimiz, incəsənət xadimlərimiz olub və var. Onların yolunu davam etdirmək lazımdır ki, bizim imzamız da dünya xalqlarının imzaları içərisində layiqincə tanınsın.









41346 oxunub

InvestAZ