XƏBƏR LENTİ
21 Yanvar 2021
20 Yanvar 2021
19 Yanvar 2021
18 Yanvar 2021
15 Yanvar 2021
14 Yanvar 2021
13 Yanvar 2021



Təsadüf ya Olimpiya Oyunlarının lənəti?
Maraqlı 14:06 / 28.12.2020

Məlum olduğu kimi, bütün dünyanı bürüyən COVİD-19 pandemiyası bir sıra mühüm əhəmiyyətli tədbirlərin, eyni zamanda idman yarışlarının keçirilməsinə mane oldu. Dünya, Avropa çempionatları, hətta Yaponiyanın paytaxtı Tokioda keçirilməsi planlaşdırılan XXXII Yay Olimpiya Oyunları pandemiya səbəbi ilə təxirə salındı. Bu qərar mart ayının sonunda Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbərliyi ilə danışıqlardan sonra Yaponiya hökuməti tərəfindən qəbul edildi. Yaponiya hakimiyyəti və BOK-un rəsmiləri Oyunların sadəcə təxirə salındığını bildirdilər. Həmçinin onlar Olimpiya alovunun Yaponiyada qalacağını və Oyunların yenə də Tokio-2020 adlanacağını qeyd etdilər. Hazırda oyunların 2021-ci il iyulun 23-dən avqustun 8-dək keçirilməsi nəzərdə tutulur.

Tokio-2020-nin təxirə salınması olimpiadalar tarixində ilk belə hadisə deyil. Tarixə nəzər salsaq bu günə qədər Olimpiya Oyunlarının bir neçə dəfə təxirə salındığını görmək mümkün olar. Hətta Olimpiya Oyunlarının ləğvi ilə ondan bir il sonra baş verən hadisələr arasında mistik əlaqənin olduğu da iddia edilir. Budəfəki yazımızda Olimpiya Oyunlarının hansı səbəblərdən təxirə salınması və hadisələr arasında hansı əlaqələrin olmasından danışacağıq. Baş verən hadisələrdə Olimpiya Oyunlarının lənətinin olub-olmamasını isə oxucularımızın öhdəsinə buraxırıq.

Dünyanı stadiona deyil döyüş meydanına toplayan hadisə

1916-ci ildə keçirilməsi planlaşdırılan VI Olimpiya Oyunlarına Almaniyanın paytaxtı Berlin şəhəri ev sahibliyi edəcəkdi. Bu qərar 1912-ci ildə Stokholmda keçirilən Beynəlxalq Olimpiya Komitəsinin 14-cü sessiyasında qəbul olunmuşdu. Lakin həmin vaxt ölkələr arasında gözlənilən idman mübarizəsinin Oyunlar üçün inşa edilən "Deutsches Stadion” arenasında yox, əsl döyüş meydanında olacağı heçkimin ağlına belə gəlmirdi. Oyunlara xüsusi hazırlaşan almanlar 18 min tamaşaçı tutumuna malik olan "Deutsches Stadion” stadionunu bir ildən az bir müddətdə inşa etdilər. Maraqlıdır ki, 1914-cü ilin iyun ayında Beynəlxalq Olimpiya Komitəsi (BOK) Parisdə keçirdiyi növbəti sessiyasında Olimpiya Hərəkatı üçün vacib qərarlar aldı. Beləliklə, məhz orada Pyer de Kuberten Oyunların bayrağını və beş halqadan ibarət olan nişanəsini təqdim etdi. Bu sessiyada Olimpiya Oyunlarının rəsmi dilinin fransız, ingilis və alman dilləri olması elan olundu. Lakin 1914-cü ilin iyunun 28-də bosniyalı terrorçu Qavril Prinsip tərəfindən Sarayevoda Avstriya ertsqersoqu Frans Ferdinand qətlə yetirildi.
Bununla da, Birinci Dünya müharibəsi başladı. Birinci Dünya müharibəsi iştirakçı ölkələrin planlarına xeyli dəyişikliklər etdi. Olimpiya Oyunlarının təşkilatçıları bir neçə aya razılaşma əldə olunacağını düşünsələr də, müharibə dörd il davam etdi. Buna antik dövrdə Olimpiya Oyunları vaxtı əldə olunan, müqəddəs razılaşma adlanan "ekexiriya” belə kömək ola bilmədi. Oyunlar ləğv olunsa da, sıra nömrəsi VI olaraq qaldı. Yalnız 1915-ci ildə Milli Olimpiya Komitəsi Oyunları 1920-ci ildən tez təşkil etməyəcəyini elan etdi. Növbəti Olimpiya Oyunları 1920-ci ildə Belçikanın Antverpen şəhərində keçirildi və Oyunların sıra nömrəsi VII təyin edildi. Lakin həmin vaxt bəşəriyyət ilk dəfə ləğv edilmiş olimpiadanın lənəti ilə üzləşdi. Uğursuz oyunların təyin olunduğu tarixdən bir il sonra Rusiyada nəinki Rusiyanı hətta bütün dünyanı alt-üst edən Oktyabr çevrilişi baş verdi.

İrqçiliyin ziddiyəti

Növbəti dəfə Almaniyaya Olimpiya Oyunlarına ev sahibliyi etmək şansı 1936-cı ildə verildi. Düzdür, XI Olimpiya Oyunları təşkil olunsa da, keçirilməsi uzun müddət sual altında qaldı. Almaniya XI Yay Olimpiya Oyunlarının keçirilmə haqqını hələ Adolf Hitlerin hakimiyyətə gəlişindən əvvəl, yəni 1931-ci ildə əldə etmişdi. Bundan sonra beynəlxalq təşkilat dəfələrdə Oyunları İspaniyanın Barselona şəhərində keçirilməsini təklif etdi. 1936-cı ildə Olimpiya ideyalarını müdafiə edən beynəlxalq konferensiya irqçiliyi təbliğ edən ölkədə Olimpiya Oyunlarının keçirilməsinin məqsədəuyğun olmadığını bildirdi.
Lakin Beynəlxalq Olimpiya Komitəsi araşdırmalardan sonra Oyunların başqa şəhərə keçirilməsinin səbəbsiz olduğunu elan etdi. Hətta bu qərara bir neçə ölkə etirazını bildirdi. Məsələn, İspaniya və Litva siyasi səbəblərdən yarışı boykot etdilər. Maraqlıdır ki, həmin vaxt heç Olimpiya Komitəsinin olmadığı Sovetlər İttifaqı belə tədbirə məhəl qoymamağı qərara aldı. Bununla da, 1936-cı ilin Olimpiya Oyunları tarixə ən ziddiyyətli olimpiadalardan biri kimi daxil oldu.

Qismət olmayan Oyunlar

1940-cı ildə Yaponiyanın eyni vaxtı iki Olimpiyadaya ev sahibliyi etməsi gözlənilirdi. Tokioda Yay Olimpiya Oyunlarının, Sapporoda isə Qış Olimpiya Oyunlarının keçirilməsi planlaşdırılırdı. Lakin, uzun zamandır gözlənilən idman hadisəsindən üç il əvvəl Yaponiya Çin dövləti ilə irimiqyaslı müharibəyə başladı. Ölkənin müharibə aparması üçün güc tələb etdiyini bildirən Yaponiya İmperiyası Oyunların keçirilməsindən imtina etdi. MOK yarışları Finlandiyanın Helsinki və Almaniyanın Qarmiş-Partenkirhen şəhərinə həvalə etdi. Məhz bu şəhərlərdə 1940-ci ildə Yay və Qış Olimpiya Oyunlarının təşkil olunması gözlənilirdi. Finlandiya ciddi şəkildə beynəlxalq yarışlara hazırlığa başladı. Hətta ölkənin nişanəsini əks etdirən medallar belə hazırlanmışdı. Amma Oyunlardan heçbirinin keçirilməsi qismət olmadı. Buna dünyanı sarsıdan İkinci Dünya müharibəsi mane oldu.
Olimpiya Oyunlarının lənəti adlandırıla biləcək bu hadisələr barədə hərkəsin məlumatı var. 62 dövlətin iştirak etdiyi iki dünya hərbi-siyasi koalisiyasının müharibəsi və ümumilikdə 80 milyona qədər insan itkisi.

Londonun bəxtsizliyi

İkinci Dünya Müharibəsi 1944-cü ildə təşkili planlaşdırılan Olimpiadanın da ləğv edilməsinə səbəb oldu. Baxmayaraq ki, Londona XIII Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququ müharibədən xeyli əvvəl - 1939-cu ilin iyun ayında verilmişdi. Lakin Oyunlara ev sahibliyi etmək istəyənlər sırasında Roma, Detroit, Budapeşt, Monreal, Afina, Lozanna və Helsinki var idi. Beynəlxalq Olimpiya Komitəsi (BOK) onlara xüsusi münasibət bəsləyirdi. XIII Olimpiadanın Beynəlxalq Olimpiya Komitəsinin əlli illik yubileyinə təsadüf etməsi planlaşdırılırdı. Ancaq 1943-cü ildə hərbi əməliyyatların hələ davam etməsi məlum olduğu üçün Oyunlar ləğv edildi.

Həmçinin 1944-cü ildə İtaliyanın Cortino Dampezzo kurortunda keçiriləcək Qış Olimpiadası da ləğv edildi. Nəhayət bütün dünyanı silkələyən müharibədən sonra 1948-ci ildə Londona Olimpiya Oyunlarını keçirmək hüququ verildi. Əslində belə mötəbər və bahalı tədbirin keçirilməsi üçün vaxt elə də uğurlu seçilməmişdi. Belə ki, Böyük Britaniya hələ də qanlı müharibədən sonra öz iqtisadiyyatını tam bərpa etməyə nail olmamışdı. Amerika Birləşmiş Ştatları da ölkəyə iqtisadi dəstək verməkdən imtina etmişdi. Oyunların keçirilməsi zamanı Böyük Britaniyada hələ də ərzaq məhsullarının rasionlaşdırılması sistemi fəaliyyət göstərirdi. Atletlər isə kazarmalarda və məktəblərdə yerləşdirilirdi. Bununla belə, 1948-ci ildə Londonda təşkil olunan Olimpiya Oyunlarında 59 ölkə iştirak etdi.

Bu Olimpiya Oyunlarının lənəti isə İkinci Dünya müharibəsi başa çatdıqdan sonra dünyanın kapitalist və sosialist düşərgəsinə bölünməsi hesab olunur. Bu da beynəlxalq gərginliyin artmasına və bəşəriyyəti dəfələrlə fəlakətin astanasına qoymuş soyuq müharibəyə gətirib çıxartdı. Onu da qeyd edək ki, yarışların təxirə salındığı şəhərlərdən bir çoxları daha sonra Oyunlara ev sahibliyi etməyə nail oldular. Yarışlara 1952-ci ildə Helsinki, 1964-cü ildə Tokio, 1972-ci ildə isə Sapporo Qış Olimpiya Oyunlarını qəbul etdi.

Qanlı Olimpiya Oyunları

1972-ci ildə keçirilən yarışlar Olimpiya Oyunlarının tarixində ilk dəfə olaraq ən faciəvi hadisə səbəbi ilə dayandırıldı. Münhendə təşkil olunan XX Olimpiya Oyunları Almaniya rəhbərliyi üçün böyük əhəmiyyət kəsb edirdi. Hakimiyyət 1936-cı ildə keçirilən və nasist ideyalarının təbliğatı fikirləri ilə ən qalmaqallı Oyunlar kimi tarixə düşən yarışlar barədə xatirələri unutdurmaq iddiasında idi. Hər bir detalı diqqətdə saxlayan təşkilatçılar Oyunların mükəmməl olmasına can atırdılar. Lakin təəssüf ki, təşkilatçılar əsas diqqətin təhlükəsizlik tədbirlərinə yönəldilməsini unutmuşdular. Məhz buna görə, illərdir unudulmayan və Olimpiya tarixinə adını qara hərflərlə yazdıran hadisə baş verdi. Belə ki, 1972-ci il sentyabrın 5-də Fələstinin "Qara sentyabr” terror təşkilatının bir neçə üzvü israilli idmançıları girov götürdü. Polis və Almaniya Federativ Respublikasının xüsusi təyinatlılarının qeyri-peşəkar işi nəticəsində 11 girov həlak oldu. Hadisənin növbəti günü 3 min iştirakçının və 80 min izləyicinin iştirakı ilə matəm mərasimi keçirildi.

Hadisədən təsirlənən BOK Oyunları dayandırmaq məcburiyyətində olduğunu açıqladı. Lakin bu qərar yalnız bir gün qüvvədə qaldı. Bir gündən sonra yarışların davam etdirilməsi barədə yeni qərar qəbul edildi.
Qeyd edək ki, dünya alimləri məhz Tokio Olimpiadası üzərində sanki qara bulud olduğunu bildirirlər. Buna səbəb isə Tokioda təşkil olunması planlaşdırılan Olimpiya Oyunlarının heç birinin vaxtında keçirilməməsidir. 1940-cı ildə təxirə salınan Oyunlar, yalnız 1964-cü ildə təşkil olundu. Lakin yenə də, Oyunlar özündə lənətin kögəsini biruzə verdi. Belə ki, tarixdə ilk dəfə olaraq Yay Olimpiya Oyunları payızda keçirildi. Təxirə salınmış Oyunların tarixi isə 80 il sonra təkrarlandı. Ammma yenə də 2020-ci ildə üçüncü dəfə Tokioda keçirilməsi planlaşdırılan Olimpiya Oyunlarının keçirilməsi sual altındadır. Ümid edirik ki, Tokioda sayca üçüncü dəfə təşkili gözlənilən Olimpiya Oyunları ilk dəfə olaraq tək rəqəmli tarixdə keçiriləcək.


Türkay Niftəliyeva

1541 oxunub

InvestAZ