XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Qarabağda idmanla bağlı yeni təhsil klasterinin yaradılması təklif olunub
İdman 12:15 / 04.12.2020
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) ali idarəetmə orqanı olan Elmi Şuranın növbəti iclası keçirilib. Videokonfrans formatında keçirilən iclasda Vətən müharibəsində əldə olunmuş möhtəşəm və tarixi qələbə münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıq hissi ilə müraciət ünvanlanıb. Qeyd olunub ki, Ali Baş Komandanın uzaqgörən ordu quruculuğu siyasətinin məntiqi nəticəsi olaraq, rəşadətli Azərbaycan Ordusu qısa müddətdə düşmənə qalib gələrək işğal altındakı ərazilərimizi azad etdi və illər sonra torpaqlarımızda Azərbaycan bayrağı yenidən dalğalanmağa başladı. Məhz noyabrın 8-də Azərbaycanın qədim şəhəri, mədəniyyət beşiyi olan Şuşanın mənfur düşmənin işğalından azad olunması xəbəri həmin gün 90 illik yubileyini qeyd edən ADBTİA-nın professor-müəllim, inzibati və tələbə heyəti üçün xüsusilə əlamətdar olub. Müraciətdə böyük qürur hissi ilə vurğulanıb ki, Birinci Qarabağ

müharibəsində olduğu kimi, İkinci Qarabağ müharibəsində də ADBTİA-nın 70-dən çox tələbə və məzunu rəşadətlə vuruşub. Onların arasında Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalanlar və qazilər də var. Vətən müharibəsində yaralanmış əsgərlərimizə şəfa, şəhidlərimizə isə Allahdan rəhmət diləyir, ruhları qarşısında baş əyirik. Onlar daim bizim qəlbimizdə yaşayacaqlar.

Eyni zamanda, azad olunmuş Qarabağ torpaqlarında, o cümlədən qədim Şuşa şəhərində idmanın bütün sahələrini əhatə edəcək yeni təhsil klasterinin yaradılmasına ADBTİA-nın kollektivinin hazır olduğu bildirilib.

Qeyd etmək lazımdır ki, Zaqafqaziyanın ilk idman ali məktəbi və ölkəmizin qabaqcıl ali təhsil müəssisələrindən biri olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası bu il təsis olunmasının 90 illiyini qeyd edir. Bu əlamətdar hadisə münasibətilə silsilə tədbirlər keçirilir. Yubiley münasibətilə "Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 90” kitabı çapdan çıxıb, "Əsri haqlayan tarix” adlı sənədli film çəkilib.

18954 oxunub

InvestAZ