XƏBƏR LENTİ
26 Dekabr 2024
25 Dekabr 2024
24 Dekabr 2024
23 Dekabr 2024
19 Dekabr 2024
18 Dekabr 2024



İdman ictimaiyyəti qələbə sevincini “Olimpiya dünyası” ilə bölüşür
Gündəm 14:03 / 20.10.2020

Ali Baş Komandan, cənab İlham Əliyevin uğurlu siyasəti və Ordumuzun şücaəti sayəsində torpaqlarımız işğalçılardan azad edilir. Hər bir Azərbaycan vətəndaşı bu gün döyüşlərdən danışır, ardıcıl qələbələr münasibətilə bir-birini təbrik edir. Ölkənin hər bir yerində üçrəngli bayrağımız zəfər nümunəsinə çevrilib. Beynəlxalq arenalarda ən yüksəkdə dalğalanan Azərbaycan bayrağı bu gün işğaldan azad olunmuş torpaqlarımızda dalğalanır.
Azərbaycanda idmanın və Olimpiya Hərəkatının təbliğində özünəməxsus rolu olan "Olimpiya dünyası” qəzeti də döyüşlər başlayan gündən etibarən çoxsaylı oxucularına ordumuzun qələbə soraqlarını çatdırır. İdman ictimaiyyətinin qələbə sevincini və onların arzularını öyrənmək üçün əməkdaşlarımız idman federasiyaları, idmançılarla və idman ictimaiyyətinin nümayəndələrilə əlaqə saxlayır. Bu sayımızda da ənənəyə sadiq qalaraq, həmin fikirləri təqdim edirik.

"Düşmənin əl atdıqları təxribatlar bizim zəfər çalmağımıza mane ola bilməz”

Lyudmila Şubina (Olimpiya çempionu):

- Qarabağ Azərbaycandır! Bu, hər zaman belə olub. Bunu kiməsə sübut etməyə ehtiyac yoxdur. Bu bir faktdır. Ermənilərin bunun əksini deməsi sadəcə təxribadır. Düşmənin əl atdıqları təxribatlar, dünyaya yaydıqları yalan məlumatlar bizim zəfər çalmağımıza mane ola bilməz. Ölkənin ikinci böyük şəhərinin Gəncənin düşmən tərəfindən raket atəşinə tutulmasını ifadə edəcək söz tapmıram. Mən düşməni yalnız faşistlərlə müqayisə edə bilərəm. Amma əslində ermənilər daha pisdirlər. Lakin bizim Ordumuz haqq yolundan dönməyəcək. İllərdir düşmən tapdağında qalan torpaqlarımız azad ediləcək. Bu torpaqların əsl sahibləri evlərinə qayıdacaqlar.

"Dinc insanlara edilən vəhşiliyi sözlə ifadə
etmək mümkün deyil”


Rəfiqə Şabanova (Olimpiya çempionu):

- Dağlıq Qarabağ hər zaman Azərbaycan ərazisi olub. Yadımdadır ki, Xankəndidə və digər şəhərlərdə təşkil olunan respublika çempionatları, respublika kuboku yarışlarında mübarizə aparırdıq. Bu torpaqların əsl sahibləri artıq doğma şəhərlərinə, kəndlərinə qayıtmaq istəyirlər. Şübhəsiz ki, biz tezliklə buna nail olacağıq. Belə ki, şanlı Ordumuz artıq hissə-hissə torpaqlarımızı azad edir. Bir məqamı da vurğulayım ki, Azərbaycan hər zaman tolerant dövlət olub. Ölkəmizdə ermənilər də daxil olmaqla, müxtəlif millətlər mehriban şəkildə yaşayıb. Lakin edilən hörməti, yaşamaq üçün verilən şansı qiymətləndirməyən, özgə əraziləri mənimsəmək arzusunda olan insanlar peyda olduqda, müharibə başlayır. Bundan əlavə ermənilərin Gəncənin mülki vətəndaşlarına etdiyi vandalizm də insanı dəhşətə gətirir. Həqiqətən də, dinc insanlara edilən vəhşiliyi sözlə ifadə etmək mümkün deyil. Amma biz haqq yolundayıq və düşmənin bu oyunları bizi geri çəkə bilməz. Mən əminəm ki, tezliklə Ordumuz düşməni əzəli torpaqlarımızdan qovacaq və Azərbaycan xalqı üçün yeni bir şanlı səhifə açılacaq.


"Azərbaycan vətəndaşı olan igid oğullarımız rəşadətlə döyüşürlər”

Nazir Rəhimov (MOK-un əməkdaşı, Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi):

- Tarixən bilirik ki, ermənilər bütün dünya xalqlarını öz yalanları, iftiraları, qarayaxmaları ilə çaşdırmağa çalışıblar. Məqsədləri də onlara yaxşılıq edən, yaşamağa yer və şərait yaradan xalqların torpaqlarını mənimsəmək olub. Sentyabrın 27-də ermənilər təxribat edərək atəşkəs rejimini pozaraq, yeni torpaq və ərazi xülyası ilə ölkəmizə hücum edib. Hazırda Ordumuz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəbhə xəttində uğurla irəliləyir, torpaqlarımızı azad edir. Biz heç kimin torpağını işğal etməmişik. Müharibə bizim torpaqlarda gedir və dinc əhaliyə güllə atmırıq. Ermənilər isə dinc əhali yaşayan bölgələrə-Gəncəyə, Mingəçevirə, Tərtərə, Bərdəyə və cəbhə xəttindən uzaq olan digər bölgələrə atəş açırlar. İnsanlığa sığmayan bu bədnam əməllər Ermənistan dövlətinin terrorçu xüsusiyyətini aşkara çıxarır. Şübhə yoxdur ki, müzəffər Ordumuz tərəfindən erməni işğalçıları torpaqlarımızdan qovulacaq və onlar törətdikləri vəhşiliklərə, hərbi cinayətlərə və terrora görə cavab verəcəklər.
Bu gün millətindən, dini mənsubiyyətindən asılı olmayaraq torpaq uğrunda döyüşlərdə Azərbaycan vətəndaşı olan igid oğullarımız rəşadətlə döyüşürlər. Onlar bu günün qəhrəmanlarıdırlar. Təəssüf ki, müharibədə şəhid olan igid oğullarımız da var. Şəhidlik Allah məqamında ən yüksək zirvədir. Qurani-Kərimdə buyurulur ki, "Şəhidlərə ölü deməyin. Onlar diridirlər. Allah süfrəsindən ruzi yeyirlər”. Vətən torpağı uğrunda öz canlarından keçib şəhid olanlarla biz fəxr edirik. Onların ruhu qarşısında baş əyir, valideynlərinə, əzizlərinə başsağlığı veririk. Onların xatirəsini nə qədər əziz tutsaq da, adlarını nə qədər əbədiləşdirsək də, borclarından çıxa bilmərik. Çünki onlar Azərbaycan Respublikasının torpaqlarının işğaldan azad olunması və Vətənimizin bütövlüyü, xalqımızın rahat, firavan yaşaması uğrunda şəhid olublar. Hesab edirəm ki, Azərbaycanda yaşayan bütün xalqlar azərbaycanlıdırlar. Bir az da dərindən fikirləşsək qarabağlıdırlar. Qarabağ Azərbaycanın bölünməz hissəsidir. Ali Baş Komandanımız İlham Əliyevin dediyi kimi: "Qarabağ Azərbaycandır!”

"Müzəffər Ordumuz
ölkəmizin qəhrəmanlıq tarixinin yeni
səhifələrini yazır”


Fazil Hadıbəyov ("Zenit” İdman Cəmiyyəti Respublika Şurasının sədri, Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi):


- Yaşadığımız dövr Azərbaycan xalqı üçün çox qürurlu və sevindiricidir. Düşmən tapdağı altında olan doğma torpaqlarımız azad edilir. Müzəffər Ordumuz ölkəmizin qəhrəmanlıq tarixinin yeni səhifələrini yazır. Ali Baş Komandanımızın da dediyi kimi, biz sona kimi gedəcəyik və torpaqlarımızı işğalçılardan azad edəcəyik. İllərdir Azərbaycan bu məsələnin sülh yolu ilə həll olunacağına ümid edirdi. Lakin görürük ki, dünya birliyi bu məsələyə ciddi yanaşmadı və işğalçı ölkə Azərbaycan torpaqlarını geri qaytarmadı. Ermənistan silahlı qüvvələri müharibədə Ordumuza məğlub olduqları üçün bütün çirkin və insanlığa sığmayan yollara əl atır. Ölkənin ikinci ən böyük şəhərinin mülki əhalisinə raket zərbələri endirməsi, Mingəçevir və digər şəhərlərə mərmilərin atılması bunun bariz nümunəsidir.
Bu gün ölkəmizin idmançıları da cəbhə bölgəsində Ordu sıralarında yer alıblar. Azərbaycan yığma komandasının güləşçisi, Avropa və dünya çempionu, müxtəlif beynəlxalq yarışlarının və respublika çempionatının qalibi, "Zenit” İdman Cəmiyyətinin yetirməsi Əfqan Xaşalov torpaqlarımızın bütövlüyü uğrunda hərbçilərimizlə birgə çiyin-çiyinə mübarizə aparır. Vətən müharibəsi adlandırdığımız bu savaş xalqımızı, sözün əsl mənasında, bir yumruq kimi birləşdirdi. Düzdür, övlad itirmək çox çətindir, amma onların valideynləri də bu gün "Vətən sağ olsun” deyirlər. Mənim 65 yaşım olmasına baxmayaraq, bu gün lazım olsa, müharibəyə gedərəm. Cünki Vətən müqəddəsdir və bizim borcumuz onu işğalçılardan azad etməkdir. Təəssüf ki, müharibədə itkilər qaçılmazdır. Vətən uğrunda şəhid olan əsgərlərimizə Allahdan rəhmət diləyir, yaralılara isə tezliklə şəfa tapmasını arzulayıram. Biz də öz növbəmizdə Ordumuza əlimizdən gələn dəstəyi göstəririk. Xalqımızda həqiqətən də çox böyük ruh yüksəkliyi var. İnsanlarımız səbirsizliklə doğma torpaqlarına qayıtmaq, dünyasını dəyişən yaxınlarının qəbrlərini ziyarət etmək istəyirlər. Qələbə bizimdir!

"Arzu edirəm ki, azad olunan torpaqlarımızda "Qarabağ kuboku” adlı beynəlxalq turnir təşkil edək”

Yaşar Bəşirov (Azərbaycan Milli Karate Federasiyasının prezidenti):

- Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib və hər kəs öz vətənpərvərliyini bir daha sübut edir. Xalqımızda olan birlik, güc, həqiqətən də, qürurverici və möhtəşəmdir. Birlik isə bildiyiniz kimi, hər bir maneəni məhv etməyə qadirdir. Biz də Azərbaycan Karate Federasiyası olaraq, çalışırıq Ordumuza hər bir mənada dəstək olaq. Düşünürəm ki, bu, hər bir vətəndaşın borcudur və hər kəs öz sahəsində əlindən gələni etməyə çalışır. Belə ki, bura bizim doğma Vətənimizdir və əsgərlərimiz torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşürlər. Azərbaycanın rəşadətli Ordusu ilə fəxr edirəm. Federasiyamızın da hər bir nümayəndəsi, hər an torpaqlarımızın azadlığı uğrunda cəbhəyə yollanmağa hazırdır. Sözsüz ki, xalqımız böyük ruh yüksəkliyi ilə dövlət başçımızın, Ali Baş Komandanımızın əmrinə tabedir. Ölkə başçımız öz çıxışları ilə bütün dünyaya səs salıb və həqiqətən də, lider olduğunu bir daha sübut etdi. Bildirim ki, Azərbaycan Karate Federasiyasının idmançıları arasında da Ordumuzun sıralarına qoşulanlar var. Həmçinin karateçilərimiz arasında yaralılar və şəhid olanlar da var. Kədərli olsa da, müharibədə şəhidlərin də olması qaçılmazdır. Buna görə də, mən şəhid zirvəsinə ucalan əsgərlərimizə və zabitlərimizə Uca Tanrıdan rəhmət, yaralılara şəfa diləyirəm. Əminəm ki, biz tezliklə düşmən üzərində qələbə çalacağıq və dədə-baba torpaqlarımızı azad edəcəyik. Həmçinin arzu edirəm ki, azad olunan torpaqlarımızda "Qarabağ kuboku” adlı qələbə əhval-ruhiyyəli beynəlxalq turnir təşkil edək və bütün dünya Dağlıq Qarabağın əsl sahiblərini tanısın.


"İnanırıq ki, şanlı
Ordumuz tezliklə
bütün işğal olunmuş torpaqlarımızı azad edəcək”


Orxan Abbasov (Azərbaycan Həndbol Federasiyasının birinci vitse-prezidenti):

- Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi təxribatlar, vəhşiliklər illərdir davam edir. Düşmənin növbəti təxribatı zamanı cəbhə bölgəsində vəziyyət gərginləşdi. Buna adekvat cavab olaraq isə Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirdi. Sevindirici haldır ki, hazırda bizim rəşadətli Ordumuz doğma torpaqlarımızı işğalçılardan azad edir. Cəbhə bölgəsində hərbçilərimizlə birgə düşmənə qarşı mübarizə aparanlar arasında idmançılar da az deyil. Təbii ki, Azərbaycan Həndbol Federasiyasının idmançılarından da Vətənimizin azadlığı uğrunda əsgərlərimizlə çiyin-çiyinə döyüşürlər. Həmçinin bildirim ki, Azərbaycan Həndbol Federasiyası yalnız idmançılara deyil, bütün Ordumuza əlindən gələn dəstəyi göstərir. Biz inanırıq ki, şanlı Ordumuz tezliklə bütün işğal olunmuş torpaqlarımızı azad edəcək və biz qələbə çalacağıq.


"Əminəm ki,
tezliklə azad olunan
torpaqlarımızda üç rəngli bayrağımız dalğalanacaq”


Ceyhun Məmmədov (Azərbaycan Sambo Federasiyasının prezidenti):

- Uzun illərdir işğalda olan torpaqlarımızın hissə-hissə geri alınması çox böyük sevincdir. Bu, Azərbaycanın şanlı Ordusunun zəfəridir. Düşmənə qarşı şücaətlə vuruşan müzəffər Ordumuza cansağlığı, güc-qüvvət arzulayıram. Vətən uğrunda şəhid olan əsgərlərimizə isə Allah rəhmət eləsin deyirəm. Bu gün sambo üzrə əsas yığma komandamızın üzvləri arasında Ordu sıralarında döyüşən idmançılarımız var. Mən onlar da daxil olmaqla bütün hərbçilərimizin bu savaşdan qalib ayrılmasını və sağ-salamat ailələrinin yanına qayıtmasını arzulayıram.
Düşmənin müharibə ərazisindən uzaqda yerləşən Gəncə şəhərini hədəfə alması, günahsız vətəndaşların qətlə yetirilməsi vəhşilikdir. Təəssüf ki, Ermənistan silahlı qüvvələrinin törətdiyi qeyri-qanuni, heç bir qaydaya uyğun olmayan təxribatlarına dünya birliyi lazımi münasibət bildirmir. Nəticədə isə dinc sakinlər, körpə uşaqlar həlak olurlar. Lakin xalqımız inanır ki, düşmənə qalib gələcəyik.

34831 oxunub

InvestAZ