XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024



POÇT ŞÖBƏSİNİN KORONAVİRUSLU GÜNLƏRİ - Hekayə
Mədəniyyət 15:05 / 09.09.2020
Arif  ƏRŞAD


Respublikanın hər yerində olduğu kimi, bizim şəhərdə də koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə bağlı sanitar-profilaktik tədbirlər gündəlik olaraq davam etdirilməklə, sakinlərin sağlamlığının qorunması üçün dezinfeksiya işləri daha da gücləndirilir. Vaxtaşırı olaraq küçə və prospektlər xüsusi məhlullarla yuyulur və həmin işlər məhəllədaxili yollarda da mütamadi qaydada aparılır. Son vaxtlar insanların daha çox istifadə etdiyi avtobus dayanacaqlarının ətrafı, mağazaların, bankların girişləri və poçt şöbələrinin həyətyanı sahələri də hər gün tezdən dezinfeksiya olunan vacib məkanlar sırasındadır. Aparılan bu işlərə şəhər icra hakimiyyətinin tabeliyində olan kommunal xidmət idarələri ilə yanaşı Daxili Qoşunların xüsusi texnikaları da cəlb olunub. Xalqımızın sağlamlığı üçün dövlətimiz və dövlət başçımız nə lazımdırsa edir ki, təki dünyanı bürümüş bu pandemiya bəlasından az itkilərlə qurtulaq. Bu xeyirxah işdə xalqımız da özünün ən yüksək xüsusiyyətlərini göstərir - həmrəylik, birlik, məsuliyyət. Mən heç şübhə etmirəm və əminəm ki, xalqımız bu çətin günlərdən də üzüağ çıxacaq, bütün bunları sonradan pis bir yuxu kimi xatırlayacaq. Kaş, bu koronaviruslu günlərimiz tez keçəydi! Kaş, bu gün dövlətimizin xərclədiyi milyonlarla pullar pandemiya ilə mübarizəyə yox, əvvələr olduğu kimi Vətənimizin inkişafına və çiçəklənməsinə, torpaqlarımızın işğaldan azad olunmasına, insanlarımızın həyat şəraitinin daha da yaxşılaşdırılmasına və rifah halının yüksəldilməsinə yönələydi. Kaş, o günlərimiz tez gələydi!..
Evdən çıxandan yolboyu ağlında düşündüyü və arzuladığı bu fikirlərlə o, poçt şöbəsinə yaxınlaşanda binanın qarşısına yığılan insanların çoxluğu onu heç də təəcübləndirmədi, öyrəşmişdi. Artıq bir müddət idi ki, beləydi. Ümumiyyətlə son vaxtlar istirahət günləri olmadan davamlı olaraq işləmələri, onların onsuz da ağır olan işlərini dözülməz dərəcədə artırmışdı. Həm mənəvi, həm də fiziki cəhətdən çox yorulmuşdular. Son günlər elə bil adamların da əsəblərinin tarıma çəkilməsi nəzərə çarpırdı. Belə ki, SMS-lə icazə alıb üç saatlığa evdən çıxan və adına pul oturmayan bir çox insanlar, bu işdə poçt işçilərini günahkar bilir, əsəblərini onların üzərinə tökməklə elə bil özlərini bir balaca sakitləşdirirdilər. Bəzən aralarında az da olsa onlarla kobud tərzdə danışan, hətta əməliyyatçı qızları söyüb-təhqir edənlər də tapılırdı. Amma bütün bunlara baxmayaraq, COVİD-19 koronavirus pandemiyasının dünyanı bürüdüyü belə ağır günlərdə həkimlər, polislər və bir çox vacib sahələrdə çalışan insanlar kimi poçt işçiləri də fədakarlıq göstərərək, daima öz işlərinin başındaydılar. Hələ nə yaxşı ki, nizam-intizam yaratmaq üçün polis işçilərini poçt şöbəsinə təhkim etmişdilər. Əgər onlar olmasaydı, normal şəraitdə işləmək bəlkə də heç cür mümkün olmazdı. Əlbəttə ki, "Koronavirusla mübarizə” layihəsi çərçivəsində əhalinin işləməyən təbəqəsinə 190 manat birdəfəlik maddi yardımın verilib qurtaracağı günə qədər, polis işçilərinin poçtda qalması dövlət tərəfindən verilən çox düzgün qərar idi. Belə ki, həyətdə nə qədər çox abonentlərin olmasına baxmayaraq, polislər bir metr ara məsafəsi saxlamaqla onların səliqə ilə sıraya düzülməsini təmin edir, növbəsi çatanları içəri bir-bir buraxırlar. Hətta şöbənin içinə daxil olan abonentlərin mütləq qaydada ortalıqda spirt qabı qoyulan masaya yaxınlaşmalarına və əllərini dezinfeksiya etmələrinə də özləri ciddi nəzarət edirlər. Beləliklə də karantin günlərində poçt işçilərinin öz işlərini yüksək səviyyədə həyata keçirmələrində və iş rejiminin pozulmamasında polis işçilərinin haqqları danılmazdı. Poçt şöbəsinin rəisi kimi istər Mürsəl müəllim, istərsə də şöbənin digər işçiləri polislərin işindən tam olaraq məmnun idilər.
Poçt əməkdaşlarının xidmətində dayanan dörd nəfər polis işçilərinin arasında Sənan adlı kiçik çavuş öz mehribanlığı və diribaşlığı ilə digər yoldaşlarından seçilirdi. Belə ki, bəzən dayana bilməyən hamilə qadınları və ya yaşlı, xəstə adamları növbədə gözlətməmək üçün onların sənədlərini alaraq özü şöbəyə daxil olur, adlarına pulun olub-olmamasını yoxlatdırır. Bununla da hesablarına pul oturan belə abonentlərin növbədən kənar içəri keçmələrinə şərait yaradır, olmayanlara isə evə gedib bir az səbr etmələrini məsləhət görürdü.
Sənan bu dəfə də əlində tutduğu sənədi pəncərənin gözlüyündən əməliyyatçı qıza uzadaraq dedi:
- Səma xanım, bu qadının sənədlərini bir də yoxla da, xahiş edirəm.
Səma onun verdiyi sənədi alıb gözdən keçirərək narazı halda dilləndi:
- Ay Sənan, bu qadının sənədini hər gün mənə yoxlatdırırsan. Vallah onun adına pul oturmayıb, olsa verəcəm də. Sən narahat olma.
Artıq bir ay ərzində hər gün bir yerdə çalışdıqlarından poçt işçiləri ilə münasibəti doğmalaşan kiçik çavuş incik halda sənədi Səmadan geri aldı:
- Səma xanım, sən o qadının gözlərində olan ümid işığının gündən günə necə azaldığını görsəydin, hər gün onun sənədlərini yoxlatdırmaq üçün gətirməyi özün məndən xahiş edərdin. Axı, onun bu yardıma ehtiyacı olmasaydı heç bura ...
Şöbə rəisinin aralıdan onlara nəzər yetirdiyini görən Sənan sözünü axıra kimi bitirməyib növbədə dayananların yanına qayıtmaq istədikdə, Mürsəl müəlim ona yaxınlaşdı:
- Nə olub ay Sənan, nə problem var?
- Heç bir problem yoxdur, Mürsəl müəllim. Sadəcə bir imkansız qadın var, həyətdə növbədə dayanmasın deyə, hər gün onun sənədlərini yoxlatdırıram, amma adına pul olmur və hər dəfə bunu ona deyəndə qadının necə sarsıldığının şahidi oluram. Qadının bu halı, bir insan kimi məni də çox sarsıdır. Bəlkə bu dəfə siz ona izah edəsiniz?
- Nə olar, çağır gəlsin.
Mürsəl müəllim tələsmədən kabinetinə keçdi, Sənan isə qadını çağırmaq üçün həyətdə düzülmüş növbəyə sarı yollandı. Az sonra hər ikisi içəri daxil oldular. Otuz beş-qırx yaşı ancaq olan qadının üst-başı nimdaş olsa da, geyimi ümumi halda təmiz və səliqəli idi. Yoxsul həyat yaşadığı hiss olunurdu. Dırnaqları boyasız, barmaqları quru və çat-çat olduğundan əlləri kobud görünürdü. Saçlarına vaxtsız dən düşdüyünü görmək üçün heç də eynək taxmaq vacib deyildi. Ümumilikdə abırlı-həyalı qadın təsiri bağışlayırdı, hətta utancaqlığından üzü bir azacıq allanmışdı da.
- Mürsəl müəllim, mən sizə bu qadın haqqında deyirdim. Siz söhbət edin, mən isə öz işimə qayıdım, - deyən Sənan, cavab gözləmədən kabinetdən çıxdı.
- Gəl içəri qızım, keç əyləş. Buyurun, eşidirəm sizi.
Qadın keçib əyləşdi və sakit səslə danışmağa başladı:
- Mürsəl müəllim, mən artıq bir aya yaxındır ki, hər gün poçta gəlirəm, amma adıma pul oturmur. Axı, mən də hamı kimi sosial deyilən ünvana mesaj vasitəsi ilə öz sənədlərimi göndərmişəm. Niyə hamıya cavab gəlir, mənə isə yox? Narahatçılığım da odur ki, mesajın bitməsinə cəmi iki gün qalır. Sabah da, biri gündə adıma pulun oturması barədə mesaj gəlməsə, bəs mən uşaqlarımı karantin qurtarana qədər necə saxlayacam.
- Yoldaşın işləmir ki, qızım?
-Yoldaşım iki ildir ki, avtomobil qəzasında həlak olub. Heç harda işləmədiyindən, uşaqlara pensiya da kəsmədilər. Altı-səkkiz yaşında iki qızım və dörd yaşında bir oğlumla kirayədə yaşayırıq. Karantinə qədər şadlıq sarayında qab yuyurdum, beləcə bir təhər dolanırdıq.
Qadın bunları deyib kövrəldi, amma özünü tox tutmaqla fikirini bitirməyə çalışdı:
- Restoran və şadlıq sarayları karantinə görə bağlandığından, iş yoldaşlarımı da görə bilmirəm. Yoxsa, işimiz açılana qədər həmişəki kimi onlardan borc pul ala bilərdım.
- Bəs, şadlıq sarayının rəhbəri öz işçilərinə maddi yardım göstərmir?
Qadın başını bulayaraq, asta səslə cavab verdi:
- Mürsəl müəllim, mən müqaviləsiz işlədiyimdən, heç bir kömək almıram.
Mürsəl müəllim başını buladı:
- Çox nahaq yerə, qızım. Müqaviləsiz işləmək olar?
Qadının dodaqları titrədi:
- Bundan qabaq işlədiyim şadlıq sarayının rəhbərinə dedim ki, mənim gələcəkdə təqaüd almağım üçün sizinlə müqaviləmin olması vacibdir. O da kinayə ilə gülümsəyərək mənə dedi ki, sabahdan evdə otur, müqaviləni hazır edəndə səni çağırtdıracam, gəlib işləyərsən. Beləcə bir aya yaxın gözlədim, sonra xəbər tutdum ki, işdən çıxdığım gündən mənim yerimə başqa qadın işləyir. Ona görə də ta gözüm qorxub, indiki şadlıq sarayının rəhbərinə artıq heç nə demirəm. Toy olanda özü mənə xəbər göndərir, gəlib qabları yuyuram, təmizlik işlərini görürəm. Axşam da evə gedəndə beş-on manatımı ödəyir, əlavə olaraq da masalarda qalan çörəkdən, salatdan nə versələr, min bərəkət, aparıb uşaqlarımı saxlayıram.
- Hə, aydındır. Deməli belə. Qızım, sən hər gün körpə uşaqlarını evdə nəzarətsiz qoyub bura gəlməklə özünü yorma. Əlaqə nömrəni ver, bu iki gün ərzində sənin adını şəxsən özüm nəzarətdə saxlayacam. Adına pul oturmuş olarsa, mütləq sənə zəng edib çağırtdıracam. Sən heç narahat olma.
Qadın dodaqlarının altında yavaş səslə mızıldandı:
-Eh... deməli düzəlmiyəcək, əvvəlki şadlıq sarayının rəhbəri də belə demişdi. O, hələ də çağırır.
Qadının bu sözlərini eşidən şöbə rəisi, qayğıkeşliklə ona cavab verdi:
- Mən şadlıq sarayının rəhbəri yox, poçt şöbəsinin rəhbəriyəm, qızım. Dedimsə, deməli nəzarətdə saxlayacam, narahat olma. Get evdə otur, mənim zəngimi gözlə. İndi isə səni aramaq üçün istər ev və ya mobil telefon nömrəni söylə, özümdə qeyd edim.
Qadın günahkarcasına çiyinlərini çəkdi:
- Axı, mənim telefonum yoxdur.
- Bəs, sən onda hansı telefonla sosiala mesaj göndərmisən?
- Qapı qonşumuz Şölə xanımın mobil telefonu ilə. O, sizin şöbədə poçtalyon vəzifəsində çalışır.
- Lap yaxşı qızım, onda mən sənə Şölə xanımdan xəbər göndərərəm.
Qadının gözlərindəki sönməkdə olan ümid qığılcımı sanki yenidən alovlanmağa başladı. O, şöbə rəisinə öz təşəkkürünü bildirərək, kabineti tərk etdi.
Səhəri gün Mürsəl müəllim işə gələn kimi əməliyyatçı Səma xanıma qadının adına pulun daxil olub-olmaması barədə sistemdə yoxlama aparmasını tapşırdı. Qadının adına pulun olmadığını bilən kimi, poçtalyon Şölə xanımı onun yanına göndərməsini Səmadan xahiş etdi, özü isə fikirli halda kabinetinə keçdi. Bir azdan qapı döyüldü, gələn poçtalyon Şölə xanım idi:
- Rəis, çağırmısız?
- Hə, Şölə xanım, çağırmışam. Gəl içəri, əyləş.
Şölə içəri keçib əyləşdi və narahatlıqla əsəbi görünən rəisin üzünə baxdı.
- Şölə xanım, dünən sizin qapı qonşunuz mənim yanıma gəlmişdi, deyir onun adından sosiala mesajı siz göndərmisiniz, amma neçə gündür sistemdə yoxlayırıq, adına pul oturmayıb. Bəlkə mesajı düzgün göndərməmisiniz?
Poçtalyon əlində tutduğu mobil telefonu azca irəli uzadıb dedi:
- Yox, Mürsəl müəllim, ilk gündən mesajı düzgün göndərmişəm və iki gün sonra da cavabı gəlib. İstəyirsiz baxın. Amma gələn cavabı mən ona deyə bilmirəm.
Sözlərini bitirən poçtalyon günahkarcasına çiynini çəkib, gözlərini əl telefonuna zillədi.
- Nə yazılıb ki? Cavabı ona niyə deyə bilmirsən ki?
Əllərini ovuşdurmasından Şölə xanımın həyəcanlı olduğu sezilirdi:
- Ona cavab gəlib ki, adınızda torpaq sahəsi olduğundan, sizə 190 manat sosial yardım düşmür. Mən ondan adında torpaq sahəsinin olub-olmadığını soruşdum. Məlum oldu ki, qayınatası kənddə onun adına ayrılan pay-torpaq sahəsini hələ beş il bundan qabaq satıb, amma alqı-satqı məsələsini sənədləşdirməyib. Elə buna görə də yardım ala bilməyəcəyini ona deyə bilmirəm. Çox ehtiyacı olduğunu bildiyimdən, onun ümidinin mənim əlimlə kəsilməsini istəmirəm.
Mürsəl müəllim siqaret çıxartmaq üçün əlini cibinə saldı və artıq üç ay olardı ki, tərgitdiyini yadına salıb barmaqlarını əsəbi halda masanın üstündə taqqıldatmağa başladı. Sonra, - Bəs bu qadına necə kömək edək? - deyib, telefonla Mənzil İstismarı sahəsinin rəisinə zəng etdi:
- Salam Rza müəllim, necəsiniz? Çox sağ olun, mən də yaxşıyam. Hə, bir işim düşüb. Sizdən bir xahişim var, çox ehtiyacı olan bir ailənin adını dövlət tərəfindən yardım paketi verilən siyahıya və ya Heydər Əliyev Fondunun imkansız ailələrə payladığı ərzaq siyahısına salmaq mümkündürmü? Kömək etmiş olsanız, minnətdar olaram.
Telefon xəttinin o biri başındakı yoldaş nə dedisə, Mürsəl müəllim təşəkkürünü bildirib, dəstəyi asdı.
- Deyir, siyahılar tərtib olunub və bu ayın bütün yardımları da paylanılıb. On gündən sonra əlaqə saxlasın, mümkün olarsa gələn ayın siyahısına saldırmağa çalışaram. Bax belə... Deyirəm, birdən Rza müəllim qadının adını gələn ayın siyahısına saldıra bilməz, bax onda qadının ümidlərini qırmış olarıq. Ona görə də, peşmançılıq olmasın deyə, hələ ki, sən də qonşuna bu barədə heç bir söz demə, birdən düzəlməz, biyabır olarıq, düzələrsə deyib sevindirərsən. Yaxşı, sən get işində ol, lazım olsan, özüm çağıracam.
Poçtalyon kabinetdən çıxmaq istəyirdi ki, şöbə rəisi onu səslədi:
- A Şölə, bir dəqiqə dayan görüm. Bayaq rəhbərlikdən zəng edib tapşırdılar ki, vaxt daralır, ona görə də hamı bir nəfər kimi şəhər poliklinikasına gedib, koronavirusa bağlı test müayinəsindən keçsinlər. Dünən mən özüm əməliyyatçı qızların testdən keçmələrini təmin eləmişəm, təkcə poçtalyonlar qalıb. Bu gün artıq gecdir, sabah poçtalyonların poliklinikaya getmələrini və müayinədən keçməsini özün şəxsən təşkil eliyərsən. İşin sonuna kimi bu barədə xəbər elə ki, mən də rəhbərliyə məlumat verim.
Poçtun iş vaxtı 18:00-da qurtarsa da, Mürsəl müəllim son vaxtlar şöbədən saat 19:00-da ancaq çıxa bilirdi. Gün ərzində 150-200 nəfərə yaxın abonentə 190 manat həcmində ayrılan sosial yardımın verilməsi, kiçik paket və banderolların ünvanlarına yola salınması, barat və maniqramların ödənilməsi, eləcə də yüzlərlə məktub və teleqramların sahiblərinə çatdırılması, bütün görülən işlərin hesabatlarının kompyuterə oturdulması və yoxlanılması, günün sonunda isə görülən bu işlərin sənədlərinin səliqə ilə tikilib bir qovluğa yığılması heç də asan məsələ deyildi. Təkcə şöbənin bir pəncərəsindən 190 manat yardımı alan kimi digər pəncərəyə yaxınlaşıb dövlət başçısı İlham Əliyevə və ya Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür teleqramlarını göndərən abonentlərin də sayı kifayət qədər idi. Bütün bunları dəqiq və keyfiyyətlə görmək üçün təbii ki, bədənin sağlam olması da xüsusi önəm daşıyır. Şəkər xəstəsi olduğundan fiziki yorğunluq, gün ərzində yaşadığı stress, bəzən keçirdiyi əsəbi hallar adətən özünü işin sonunda mütləq biruzə verirdi. Bu gün də yorğun olduğu asta yerişindən hiss olunurdu, amma yenə də dincəlmək üçün evə tələsmirdi, çünki onu evdə heç kim gözləmirdi. Respublikamızın ərazisində karantin elan olunan gündən etibarən, şəhər xəstəxanasında "Yolxucu xəstəliklər” şöbəsinin müdiri vəzifəsində çalışan həyat yoldaşı şöbənin bütün həkim və tibb personalı ilə birgə iyirmi dörd saat gecə-gündüz olaraq karantində olan xəstələrin müalicəsi ilə məşğul olur, onların sağlamlığının keşiyini çəkirdi. Elə bu üzdən də onunla ancaq gün ərzində bir neçə dəfə telefonla danışmağı mümkün olurdu. Həm də həyat yoldaşı özü onu arayanda, çünki Mürsəl müəllim zəng edib onu məsuliyyətli işindən ayırmağa utanırdı. Şəhərin mərkəzində yaşayan qızı ilə də ancaq axşamdan axşama "skayp”la danışa bilirdi və bu vaxt nəvələri ilə keçirdiyi bir neçə dəqiqəlik virtual görüşü ona, yorğunluğunu azacıq da olsa unutdururdu. Bütün respublikada koronavirus pandemiyası ilə əlaqədar təhsil sistemi müvəqqəti olaraq bağlandığından, orta məktəbdə ingilis dili fənnindən dərs deyən qızı və aşağı sinif şagirdləri olan nəvələri dövlətin "evdəqal” çağırışına əməl edərək bütün günü evdə olurdular. Hətta dərslərini də virtual olaraq kompyuter vasitəsi ilə birbaşa evdə keçirdilər və bu da onlara dərslərdən geri qalmamağa şərait yaradırdı. Dəfələrlə qızı və nəvələri görüşmək üçün onu öz evlərinə dəvət etsələr də, baba ürək ağrısı ilə qəti surətdə onlara getməkdən imtina edirdi. Karantin elan olunan ilk gündən etibarən evdən çıxan kimi tibbi maskadan istifadə edən Mürsəl müəllim, işdə də işçilərinin rezin əlcək və maska taxmalarını xüsusi ciddiliklə nəzarətdə saxlayırdı. Buna baxmayaraq qızının evinə gedib, nəvələri ilə görüşməkdən yenə də ehtiyat edirdi. Gün ərzində poçta gələn yüzlərlə insanların axı, heç də hamısı tibbi maskalardan istifadə eləmirdilər, nə olar, nə olmaz.
Mürsəl müəllim evə çatanda divar saatının əqrəbləri artıq səkkizin üzərində idi. Bu gün nə yeməyə, nə də ki, nəvələri ilə danışmaq üçün "skayp”a qoşulmağa, nə həvəsi vardı, nə də ki, halı. Divanda yerini rahlayıb, xəbərləri izləmək üçün televizorun düyməsini basdı. Özəl kanalların birində hansısa rayondan imkanlı iş adamının əhalinin kasıb təbəqəsinə yardımlar paylaması barədə geniş sujet göstərilirdi. Çox baxa bilmədi, qeyri-səmimi görünən bütün bu işin məqsədli şəkildə şişirdilərək önə çəkilməsi və iş adamının reklam olunması onu qıcıqlandırdığından, televizoru söndürüb ayağa qalxdı. Dolabdan təmiz məhraba götürüb hamam otağına geçdi. Çox yorğun olduğundan, yüngülvari duş qəbul edib, yatmaq istəyirdi...
Həmişəki kimi bu gün də işləri çox olan fədakar polis işçiləri, yenə də öz işlərini səbrlə görür, insanları növbədə sıra ilə düzülməyə dəvət edirdilər. Adamlar işini səhər saat doqquzda başlamalı olan poçt şöbəsinin qarşısını saat səkkizdən kəsdirib durmuşdular. Bu gün 190 manatların verilməsinin sonuncu günü olduğundan poçtun həyətinə iynə atsaydın, yerə düşməzdi. Pəncərədən növbədə dayananları müşahidə edən Mürsəl müəllimin gözü məyus halda əllərini sinəsində çarpazlayaraq bir az aralıdakı söyüd ağacına söykənmiş həmin o qadına sataşdı. Üzündəki pərişanlıq, gözlərindəki ümidsizlik uzaqdan oxunurdu. Pullarını alıb sevincək şöbəni tərk edən insanların dalınca həsədlə baxması, bayaqdan ona göz qoyan Mürsəl müəllimin gözündən yayınmadı. Bir anlıq ürəyi sıxıldı, sağ əlini ürəyinin üstünə qoyub ehmalca sığalladı və bu zaman barmaqlarına toxunan pulu mexaniki olaraq köynəyinin döş cibindən çıxardıb, şalvarının cibinə yerləşdirdi. Bir neçə dəqiqədən sonra ürək nahiyəsindəki sıxıntı səngiyən kimi kompyuter arxasına keçib tələsmədən nəsə yazmağa başladı. Sonra yazını printerdən çıxardıb bir daha gözdən keçirdi və məmnun halda vərəqi özü ilə kabinetə apardı. Qadınla birgə otağa gəlmək üçün Şöləni yanına çağırtdırmaq istədi, poçtalyonların testdən keçmək üçün poliklinikaya göndərdiyini xatırlayıb, mobil telefonunu əlinə aldı. Armudu stəkandakı soyumuş çaydan qurtum-qurtum içə-içə kiminsə adını aramağa başladı, tapdı və zəng edərək ağacın yanında dayanan həmin qadını yanına göndərməsini xahiş etdi. Bir azdan qadın narahat halda kabinetə daxil olub salam verdi. Qadının "salam”ını gülərüzlə alan Mürsəl müəllim printerdən çıxardığı vərəqi onun qabağına qoyub imzalamağı xahiş etdi. Qadın gözlərində sevinc hissi ilə adı yazılan kağıza imza atdı, sonra masanın üstünə qoyulmuş 190 manat pulu götürüb jaketinin cibinə basdı və üzünü Mürsəl müəllimə tutaraq ona təşəkkür etməyə başladı:
- Çox sağ olun, Mürsəl müəllim. Yaxşı ki, mənim adımı özünüz şəxsən nəzarətdə saxladınız. Yoxsa, adamların çoxluğundan, adım əməliyyatçı qızların gözündən yayına bilərdi. Allah sizdən razı olsun! Dünən bütün gecəni sizə dua eləmişəm. Allaha qurban olum, mənim səsimi, dualarımı eşitdi. Bu əziz Ramazan günlərində necə ki, siz məni sevindirdiniz, Allah da sizi sevindirsin! Belə gözəl ayda bizim kimi imkansız ailələrin əlindən tutanların hamısına, Allah özü kömək olsun!
Alqışını bitirən qadın sevinə-sevinə kabineti tərk etdi. Qadın çıxandan sonra Mürsəl müəllim onun imzaladığı kağızı əlinə alıb oxudu və qımışaraq cırıb zibil yeşiyinə atdı. Bütün dünyanı bürüyən "Koronavirus pandemiyası”nın yaratdığı belə çətin günləri gələcəkdə insanların unutmamaları üçün COVİD-19 adı altında yeni poçt markalarının buraxılmasının vacib olduğunu və yaxın günlərdə bu barədə "Azərpoçt” rəhbərliyinə təklif göndərəcəyini düşündü. Bir az əvvəl qadının gözlərindəki ümid işığını yadına salıb, məmunluqla gülümsədi. Şalvarının cibindəki pulları çıxardıb saydı və bu dəfə onları yenidən köynəyinin döş cibinə yerləşdirdi. Kresloya əyləşib masanın üstündəki aşırmalı təqvimin vərəqini ehmalca çevirdi. Gələn maaşa isə hələ düz bir ay vaxt vardı...

03.05.2020-ci il.



.












47242 oxunub

InvestAZ