XƏBƏR LENTİ
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Bir gimnastın 26 illik faciəsi
Maraqlı 14:02 / 22.02.2019


İnsan həyatda olduğu kimi, idmanda da qəzavü-qədərdən, bədbəxt hadisələrdən sığorta olunmayıb. Tanınmış idmançılar var ki, başlarına gələn bədbəxt hadisələrə, ağır xəstəliklərə baxmayaraq, ayaqda durmağı bacarıblar və hətta yenidən uğur qazanmağa müvəffəq olublar. Belə idmançılardan Məhəmməd Əli, Lens Armstronq, Martina Nevratilova, Pele, Mixail Şumaher və başqaları taleyin acı snaqlarına qatlanaraq davam edə bilənlərdəndir. Amma Yelena Muxinanın bəxti gətirmədi...
Məşhur gimnastika ulduzu Yelena Muxina 2006-cı il dekabrın 23-də həyatdan köçdü. Gimnastika tarixində bu cür faciəli taleyə malik ikinci bir adam tapmaq çətindir. Bu insan bel onurğası qırıldığına görə düz 26 il yataq xəstəsi olub. Yelena nə dura, yeriyə, nə də otura bilirdi. Bədbəxt qadın əlində qaşıq belə tuta bilmir, ürəyi istədiyi vaxt istədiyi adama zəng vura bilmək imkanından belə məhrum idi. Əvvəlcə Yelenaya doğma nənəsi qulluq edir, nazını çəkirdi. Son beş ildə bu vəzifə onun yaxın rəfiqəsinin üstünə düşürdü. Bu, onun gimnast həmkarı idi və bütün ürəyi ilə Muxinaya bağlı bir insan idi.
O dövrdə gimnastların, ümumiyyətlə idmançıların həyatı indiki kimi ictimaiyyət üçün açıq deyildi. Muxina jurnalistlərlə ünsiyyət yaratmağı sevməzdi. Hətta şöhrətin ən yüksək zirvəsinə qalxdığı vaxtlarda belə KİV nümayəndələri ilə qarşılaşmağı özü üçün əzab sayırdı. Bu o illər idi ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samaranç ona Olimpiya Hərəkatının ən yüksək mükafatını - Olimpiya ordenini təqdim etmişdi. Çox ağır vəziyyətdə olmasına baxmayaraq, Muxina istənilən mövzuda sakit tərzdə mühakimə etməyi bacarır və hər şeyi öz adı ilə çağırırdı.

"Şikəst olduğunu unutdum”

Gimnast yoldaşı Yelena Vaytsexovskaya Muxina haqda yazırdı: «İlk dəfə onun evində 1997-ci ildə olmuşam. Hələ o vaxtdan biz yaxşı tanış idik. Çünki 70-ci illərin 2-ci yarsından bir klubda - MOİK-da məşğul olurduq. Evinə ayaq basmağa qorxurdum, ürəyim sıxılırdı: uzun illər tanıdığım və uzun müddət yataq xəstəliyinə tutulmuş və həyat qabiliyyətini itirmiş bir insanla nə haqqında və necə danışım? Lakin onunla 3 saatdan artıq söhbət məni heyrətə gətirdi. İnsanın ürəyində bu qədər işıq, insanlara məhəbbət, ağıl, dərrakənin qarşısında mən qarşımdakının şikəst olduğunu unutdum. Ümumi tanışımız Muxinanın müsahibəyə heç vaxt razılaşmayacağını mənə bildirmişdi. İdman zədələri haqda material topladığımı biləndə isə buna tam etiraz etdi. Mənsə dediyiminin üstündə möhkəm durdum. Muxina ilə görüşüb ayrılanda bilmirdim, ona necə deyim ki, danışdıqlarımızın bəzisini çap etmək olarmı? Birdən Yelena özü qəfildən dedi: «Deyəsən, bu haqda yazmaq istəyirsən? Yaz…».

Döşəməyə yıxılaraq boynunu sındırdı

Yelenanın başına gələn faciə Minsk şəhərində 1980-ci ilin iyulunda baş vermişdi. O vaxtlar gimnastika üzrə SSRİ yığması Olimpiya Oyunlarına hazırlaşırdı. Muxinanın məşqçisi Mixail Klimenko iki günlüyə Moskvaya getmişdi. Danışırdılar ki, Muxinanı yığmanın əsas tərkibinə daxil etmək istəyirlər və elə Klimenko da bunun üçün paytaxta getmişdi. Yelena məşqçisiz,
müstəqil işləyirdi və o məşqlərin birində mürəkkəb saltonu sınaqdan keçirməyi qərara alır. Bu cəhdin mahiyyəti ondan ibarət idi ki, flyak və mürəkkəb tullanmadan (yarım salto ilə 540 dərəcədən dönmək) sonra gimnast həmişə olduğu kimi, yerə ayaqları üstə deyil, başı üstə gəlməli idi. Bədbəxtlikdən Yelenanın bəxti gətirmədi və yüksəklik kifayət qədər olmadığından gimnast dövlət məşqçisi Lidiya İvanovanın və akrobatika üzrə komandanın məşqçisi Lidiya İvanovanın gözləri qarşısında döşəməyə yıxılaraq boynunu sındırdı.
İlk 8 il ərzində onu bir neçə dəfə əməliyyat etdilər. Onurğasında aparılan ilk əməliyyat Minskdə aldığı ilk zədədən sonra aparıldı. Əməliyyat bir neçə saat çəksə də, nəticə o qədər də qənaətbəxş deyildi. Muxina iflic olmuşdu. Sonra böyrəklər fəaliyyətini dayandırdı. Növbəti əməliyyatdan sonra gimnastın böyründə yarıq açıldı ki, bunun da bitişməsi də il yarım çəkdi. Hər dəfə həkimlər Muxinanı əməliyyatdan sonrakı komadan çıxarmaq üçün bütün mümkün vasitələrdən istifadə edirdilər. Orqanizm həyat uğrunda mübarizə aparmaqdan imtina edirdi.

Müqəddəs kitablara pənah aparıb

Muxina mənə danışırdı: Sonsuz sayda aparılan əməliyyatlardan sonra qərara aldım ki, əgər azacıq da olsa yaşamaq istəyirəmsə, xəstəxanadan uzaqlaşmalıyam və onda başa düşdüm ki, mən tamamilə həyata münasibətimi dəyişməliyəm. Başqalarına həsəd aparmamalı, hazırki halıma uyğun olaraq sevinməyi, gülməyi öyrənməliyəm. Yoxsa dəli olardım. Başa düşdüm ki, müqəddəs kitabda yazılan «Pis fikirləşmə», «Pis hərəkət etmə», «Həsəd aparma» kimi nəsihətverici sözlər əbəs yerə deyilməyib. Çünki bu sözlərlə insan özünü necə hiss etməsi arasında birbaşa əlaqə mövcuddur.
Və mən bu əlaqəni hiss etməyə başladım. Başa düşdüm ki, fikirləşmək imkanına malik olmaq hərəkət edə bilmək imkanından qat-qat yüksəkdir».
Düzdür, əvvəllər özünə çox yazığı gəlib. Taleyindən narazılıq edib. Xüsusilə o vaxt ki, zədədən sonra ilk dəfə evinə qayıdıb. Hansı ki, bu evdən yeriyərək çıxmışdı. Onu ilk dəfə yoluxmağa gələnlər yalnız bu sualı verirdilər: «Məhkəməyə müraciət etməyəcəksən ki?!». Təbii haldır ki, baş verən faciəli hadisələrdən, alınan zədələrdən sonra ilk verilən sual bu olur: «Kimdir günahkar!» Bəs görəsən, Muxina özü bu barədə nə düşünürdü? Yelena başına gələn faciədə özünü günahkar görürdü və açıqlaması da belə olmuşdu: «Mən məşqçimi istənilən zədə və istənilən şəraitdə məşq edə biləcəyimə öyrətmişdim».

Səadət Hakıyeva

48997 oxunub

InvestAZ