XƏBƏR LENTİ
25 May 2020
24 May 2020
23 May 2020
22 May 2020



ONU “NAPOLI”NİN AZARKEŞLƏRİ ALQIŞLAMIŞLAR - Rafiq Əlizadə-70
Maraqlı 17:15 / 19.02.2019


Yaşlı futbol azarkeşləri nostalgiya ilə köhnə zamanları xatırlayır, "O vaxtlar "Neftçi” – "Neftçi” idi”, - deyirlər. Ələkbər Məmmədov, Kazbek Tuayev, Anatoli Banişevski, Adil və Yaşar Babayevlər, Valeri Hacıyev, Əli Rəhmanov, Səməd Qurbanov, Asəf Namazov, İskəndər Cavadov, İqor Ponomaryov və digər oyunçuları yada salırlar.

"Neftçi”də bir futbolçu da vardı.

Məşqçilərin, oyundaşlarının və ən əsası - azarkeşlərin sevimlisi.

Yüksək texnikalı, sürətli futbolçu, onbirmetrlik cərimə zərbələrini qazanmaq üzrə mütəxəssis.

SSRİ idman ustası, Rusiyanın əməkdar məşqçisi Rafiq Əlizadə.

Rəqib komandanın cərimə meydançasında sanki dünən yıxılmışdı...

İllər ötür...

Fevralın 19-da onun 70 yaşı tamam olub.

***

...Rafiq Əlizadə "Neftçi”yə "bürünc” 1966-cı ilin sonlarında cəlb olunmuşdu. 1967-ci ilin mayında Çelyabinsk "Lokomotiv”i ilə kubok qarşılaşmasında debüt edən gənc futbolçu ilk oyunundaca qol vurmuşdu.

1968-ci ildən isə Rafiq mütəmadi olaraq əsas komandada yer almağa başladı, güclülər dəstəsində 29 oyunda meydana çıxaraq 1 qol vurdu. O vaxt onun 19 yaşı vardı. Həmin dövrdə SSRİ-nin yeniyetmələr yığmasına da çağrılmışdı.

- Gör, necə şəxsiyyətlərlə meydana çıxırdım: Banişevski, Bruxti, Semiqlazov... "Neftçi”də əla futbolçular vardı. Eh, gəncliyim, gəncliyim. Onda hər şeyi qiymətləndirə bilsəydim. Güman edirdim, hər şey daimidir.

...1973-cü ildən "Neftçi” güclülər dəstəsini tərk edərək 1-ci liqada oynamağa başladı. Az sonra Rafiqi əsgər forması geyinməyə məcbur etdilər. O, həmin günləri belə xatırlayır:

- Mən yerimirdim, ayaqlarımı yerlə güclə sürüyürdüm. Butslardan sonra əsgər çəkmələrində gəzmək çox çətindir.

Doğrudur, onun əziyyətləri çox çəkmədi, ordu komandasında çıxış etməyə başladı. O vaxtlar Odessanın Ordu İdman Klubu (SKA) Odessada məskunlaşsa da, "Zvezda” və sonra Tiraspol şəhərinin komandası adları ilə Moldovada, Tiraspolda çıxış edirdi. Rafiq Əlizadə bu komandanın heyətində 1974-cü ildə SSRİ-nin 2-ci liqasında 5 qol vurdu.

Bir dəfə döyüşçü-futbolçunu bir general yanına çağırmışdı. Ona deyəndə ki, qəbul otağında Rafiq Hüseyn oğlu Əlizadə gözləyir, general ciddi şəkildə göstəriş verdi: "Qoy, gəlsinlər, amma bir-bir”.

1974-cü ildə Odessanın digər komandası "Çernomorets” ölkə çempionatında 3-cü yeri tutdu və növbəti mövsüm UEFA kubokunda oynamaq hüququ qazandı. Komandaya bizim Əhməd Ələsgərov başçılıq edirdi. O, heyəti gücləndirmək məqsədilə "Neftçi”dən yaxşı tanıdığı Rafiqi də "Çernomorets”ə çağırdı.

1975-ci ildə avrokuboklarda debüt edən Odessa təmsilçisi elə ilk mərhələdəcə İtaliyanın "Lazio” komandası ilə qarşılaşdı. Güclü rəqibə öz meydanında 1:0 hesabı ilə qalib gələn "Çernomorets”in heyətində bizim Rafiq Əlizadə öz oyunu ilə İtaliya millisinin tanınmış hücumçusu, sonralar Nyu York "Cosmos”unda Pelenin oyundaşı olmuş Giorgio Chinaglianı kölgədə qoydu. Və UEFA kubokunda çıxış edən ilk azərbaycanlı kimi tarixə düşdü...

***

1976-cı ildə Rafiq "Neftçi”yə qayıtdı və komandanın güclülər dəstəsinə vəsiqə qazanmasına kömək etdi. Ardıcıl yeddi mövsüm Bakıda oynadıqdan sonra, nəhayət, 1982-ci il mövsümünün sonunda doğma komanda ilə vidalaşdı. Bir müddət futboldan ayrı qalsa da, sonra məşqçi işlədiyi Bakının "Termist” komandasının heyətində 40 yaşında meydana çıxdı və hətta bir qol da vurdu....

Ümumiyyətlə, Rafiq Əlizadə çox nadir hallarda fərqlənirdi. O, başqaları üçün imkan yaratmağa çalışırdı.

Əlizadə 211 rəsmi oyunda "Neftçi”nin formasını geyinib və rəqib qapılarından 13 top keçirib.

Onun 1980-ci ildə Moskva "Dinamo”su ilə matçın 86-cı dəqiqəsində vurduğu qolla komandaya qələbə qazandırdığını (1:0, Ализаде забил из штрафной в ближнюю девятку под острым углом. Напрашивался прострел вдоль ворот, удар оказался полной неожиданностью для Пильгуя), 1982-ci ildə Leninqradda "Zenit”lə qarşılaşmanın 90-cı dəqiqəsində isə dəqiq zərbə ilə komandanı məğlubiyyətdən xilas etdiyini (1:1, приняв мяч от только что вышедшего на поле Алекперова, бакинский нападающий Ализаде с лёта неотразимо пробил в нижний угол - "Советский спорт") də xatırlamaq olar.

Onun qazandığı onbirmetrlik zərbələrdən də neçə qollar vurulub...

- Bir dəfə matç ərəfəsində "ürəyiyumşaq” hakimlərdən biri mənə ciddi şəkildə dedi: "Yoldaş Əlizadə, cərimə meydançasında sizin ayağınızı çilik-çilik etsələr də, fit verən

deyiləm, bunu yaxşı bilin”. Fit verməməyə onun nə haqqı var? Rəqibin cüssəli futbolçuları məni öz cərimə meydançalarından qucaqlarında ehtiyatla çıxaranda, yəqin, düşünürdülər ki, məsələ penalti ilə nəticələnə bilməz. Uşaqların əməyinə heyf, nahaq zəhmət çəkmişdilər.

***

Rafiq Əlizadə 1991-ci ildən Moskvada yaşayır. İki övladı və 4 nəvəsi var.

O, ötən əsrin 90-cı illərindən ömrünü futzala bağlayıb. Əvvəlcə oyunçu kimi qüvvəsini sınayıb, məşqçi də olub, uzun müddət Moskvanın məşhur "Dina” klubunda idman direktoru, daha sonra vitse-prezident işləyib.

Yeri gəlmişkən, "Dina”nı yaratmaq fikri klub prezidentinin ağlına məhz Bakıda, SSRİ yığmasının məşq toplanışında gəlib. Komandanın rənglərindən birinin yaşıl (İslamın rəngi, qələbə rəngi kimi) olmasını da məhz həmyerlimiz təklif edib.

Rafiq Əlizadənin futzala gəlişi isə ümumittifaq yarışlarına qatılan "Neftçi”nin veteranlar komandasına cəlb olunması ilə başlayıb. 1991-ci ilin ölkə çempionatında 8 qol vurub, belə nailiyyət 42 yaşında heç kimə müyəssər olmayıb! Nəticədə, SSRİ yığmasına dəvəl alıb, böyük futbolda qismət olmasa da, futzalda 2 oyunda ölkənin əsas komandasının formasını geyinib.

1999-cu ildə tarixində ilk və hələ ki, sonuncu dəfə Avropa çempionluğunu qazanan Rusiya yığmasının köməkçi məşqçisi olub. Hazırda isə Rusiya Mini-Futbol Assosiasiyası Məşqçilər Şurasının üzvü, Veteranlar Komitəsinin sədr müavinidir.

- Düzdür, mənə futbolçu kimi çempionluq yaşamaq qismət olmayıb. Amma diqqətdən kənarda qalmamışam – necə də olsa, 10 ildən çox "Neftçi”nin formasında meydana çıxmışam və respublikanın şərəfi uğrunda oynamışam. Bununla fəxr edirəm!

***

Vaxtilə Rafiq Əlizadə ilə birlikdə "Neftçi”də oynamış, indi mərhum futbolçular - Əli Rəhmanov və Bəxtiyar Qulamovun 20 il əvvəl onun haqqında dediyi fikirləri təqdim edirik.

Əli Rəhmanov, "Neftçi”nin keçmiş kapitanı:

- Rafiq Əlizadə Azərbaycan futbolunun parlaq ulduzu olub. Əla driblinqə, yüksək sürətə malik idi. Hücumameylli yarımmüdafiəçi idi, rəqibin cərimə meydançasında xüsusilə təhlükəli olurdu. Emosional, eyni zamanda, sərbəst oyunçu idi.

1977-ci ildə İtaliyada "Napoli” ilə yoldaşlıq matçı keçirirdik. Rafiq driblinq edərək iki dəfə sağ cinahdan rəqibin cərimə meydançasına gözəl ötürmə verdi, amma Banişevski hər iki halda topa çata bilmədi. Əgər bu epizodlarda qol vurulsaydı, səfərdə məşhur kluba qalib gələcəkdik. Ümumiyyətlə, Əlizadə həmin matçda çox yaxşı oynadı və bizim üçün fərəhlidir ki, yerli azarkeşlər onu alqışladılar.

1969-cu ildə Rafiqin Küveytdə yerli milli komanda ilə oyunda vurduğu qol da yadımdadır.

Bəxtiyar Qulamov, "Neftçi”nin keçmiş müdafiəçisi:

- Rafiqi 15-16 yaşlarından tanıyıram. O vaxt "Lokomotiv” cəmiyyəti komandasının heyətində birlikdə Bakı çempionatında oynamışıq. Sonra yollarımız ayrıldı: o, "Neftçi”yə getdi, mənsə "Dinamo”da, başqa komandalarda çıxış etdim. 1972-ci ildən yenidən bir komandada oynadıq.

Bütün 90 dəqiqəni oynamağa fiziki gücü çatmırdı, ona görə də, əsasən, ikinci hissənin ortalarında meydana çıxırdı. Buna baxmayaraq, oyunda olduğu 15-30 dəqiqə ərzində var qüvvəsi ilə mübarizə aparırdı. Çox cəld idi. Azrkeşlər onun adını "onbirmetrə” qoymuşdular, çünki rəqibin cərimə meydançasına girəndə müdafiəçilər Rafiqi ancaq qaydaları pozmaqla saxlaya bilirdilər.

Çox təmiz, gözəl insandır. Heç kimə pislik etməyib, ona görə də kimsə Rafiq barədə pis danışa bilməz. Uşaqla uşaq, böyüklə böyük kimidir, bir sözlə, sadə adamdır. Dost üçün canını verən oğlanlardandır.

O həm də zarafatcıl və lətifə danışmağı sevəndir. Rafiqlə bağlı çox məzələ əhvalat söyləmək olar. Məsələn, 1972-ci ildə "Neftçi”nin heyətində yoldaşlıq oyunları keçirmək üçün Afrikada (Qambiya, Qana, Toqo) olmuşduq. İstirahət günlərinin birində bizi cəngəlliyə gəzməyə apardılar. Yanımızda iki qaradərili müşayiətçi də vardı, amma düzü, qarşımıza hər an vəhşi heyvan çıxacağından qorxurduq: ilk dəfə idi ki, belə yerdə olurduq. Rafiq qorxmadığını göstərmək üçün dəstədən qabağa düşdü. Bizdən 15-20 metr aralanmışdı ki, birdən qışqıraraq qaçmağa başladı. Sən demə, ilan görübmüş. Sonralar bu hadisəni xatırlayıb onunla zarafat edirdik.

Bu da olimpiya çempionumuz İqor Ponomaryovun keçmiş oyundaşı haqqında yazdıqları:

- С удовольствием выскажусь о Рафике. Мы общались с ним, несмотря на то, что у нас была разница в возрасте. Встречались семьями. Он на самом деле был очень уважаемым, и я относился к нему с уважением.

Игрок небольшого роста, но очень резкий, защитникам было очень сложно отобрать у него мяч. Поэтому Ахмед Алескеров и выпускал его на последних минутах матча. Все уже чувствовали, если вышел Рафик, то почти 100 процентов заработает пенальти.

Был один случай, не помню против кого играли. Рафик получает пас на ход, влетает в штрафную площадку и делает сам себе подножку и падает, судья назначает 11-метровый, я его реализую. А самого Ализаде на скорой помощи увезли в больницу с сотрясением мозга.

Рафик был умница, интеллигентный парень. В наши молодые годы, мы жили в годы дефицита, а Рафик в моей памяти всегда был настоящим модником, хорошо одетым. В нём присутствовал какой-то определенный шарм, с ним всегда было очень приятно общаться как на поле, так и вне его.

Рад за него. Удачи ему. Через вашу статью, с большим удовольствием хочу поздравить Рафика с Юбилеем!

Rasim Mövsümzadə


7156 oxunub

InvestAZ