İdman 03:15 / 10.11.2025
Futbol üzrə İspaniya La Liqasında 12-ci turun oyunlarına yekun vurulub.
Olimpiyadunyasi.com xəbər verir ki, turun son oyunda "Barselona" klubu Viqoda "Selta"nın qonağı olub. Oyun Kataloniyalıların qələbəsi ilə yekunlaşıb -2:4. Matçda hesabı 10-cu dəqiqədə penaltidən "Barselona"nın hücumçusu Robert Levandovski açıb. Lakin bir dəqiqə sonra meydan sahibləri hesaba tarazlıq gətiriblər. Serxio Karreira dəqiq zərbə ilə yadda qalıb. Matçın 37-ci dəqiqəsində Reşfordun ötürməsindən sonra polşalı hücumçu Robert Levandovski hesabı komandasının xeyrinə dəyişib. Oyunun 43-cü dəqiqəsində Borxa İqlesias hesabı yenidən bərabərləşdirib. Lakin "qalisiyalılar"ın bundan artığına gücü çatmayıb. Əvəzində ilk hissənin əsas vaxtına əlavə edilmiş dördüncü dəqiqədə Lamin Yamal "Barselona"nı irəli çıxarıb. Matçın 73-cü dəqiqəsində isə Levandovski özünün üçüncü, komandasının isə dördüncü qolunun müəllifi olub.
Beləliklə, qələbə sayəsində xallarının sayını 28-ə çatdıran Hans-Diter Flikin komandası yenidən ikinci pilləni ələ keçirib. Kataloniyalılar lider "Real"ın xal itkisindən sonra aradakı xal fərqini üçə endirib. "Qalisiyalılar" isə 13 xalla 13-cü pillədə qərarlaşıb.