XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Səməd Vurğunun “Şair, nə tez qocaldın sən?” şeiri necə yarandı?
Mədəniyyət 10:32 / 15.02.2019

Məşhur futbolçumuz Ələkbər Məmmədovun "Olimpiya dünyası” qəzetinə futbolu sevən və ona boyuk maraq göstərən mədəniyyət və incəsənət adamları ilə dostlugundan, onlarla baglı xatirələrindən.
"Mən asan ünsiyyət quran insan olduğuma görə, müxtəlif sənət və peşə adamları ilə yaxın dostluq əlaqələrim olub. Onların arasında elm, incəsənət, mədəniyyət, kino işçiləri də var. Azərbaycanın məşhur mədəniyyət və incəsənət adamları ilə yaxından tanış olduğum üçün özümü xoşbəxt sayıram. Bunlardan məşhur müğənnilər Rəşid Behbudovun, Müslüm Maqomayevin, xalq başqalarının Səməd Vurğunun, yazıçı İmran Qasımovun və s. adlarını çəkə bilərəm. Mən, bütün pərəstişkarları kimi, Rəşib Behbudova, onun səsinə heyran idim. Qeyri-adi istedada malik olan bu insanın ifasında Azərbaycan, rus, türk, ərəb, hind mahnıları özünəməxsusluğu ilə seçilirdi. Rəşid Behbudovun ifasında Üzeyir Hacıbəyovun "Arşın mal alan” komediyasına dəfələrlə baxmışam. Sizə bir epizod danışım. Moskvada nümayiş etdirilən növbəti tamaşaların birində gözəl, orta boylu, bir az dolu bədənli bir şəxs şirin təbəssümlə əlini mənə uzadaraq özünü təqdim etdi: "Behbudov”. Təqdimatdan sonra Rəşid müəllim mənə futbolla yaxından maraqlandığını, mənim oyunumdan çox böyük zövq aldığını bildirdi. Sonralar mən dəfələrlə onun Bakıda və Moskvada təşkil edilən konsertlərində iştirak etdim. Biz tez-tez görüşürdük. Amma tale elə gətirdi ki, yollarımız ayrıldı və biz bir daha görüşmədik”.
Məşhur ədəbiyyat və incəsənət xadimi, şair, gözəl insan Səməd Yusif oğlu Vəkilov idmana çox bağlı insan idi. Onun əla ovçuluğu var idi və gözəl at sürməyi bacarırdı. Lakin futbol şairin ən çox sevdiyi idman növü idi.
Ələkbər müəllim xalqımızın böyük şairi Səməd Vurğun haqqında, onun futbola böyük marağı barədə maraqlı xatirələr danışdı: "Yaxşı yadımdadır, bir dəfə Moskvada "Dinamo” komandasının soyunma otağında xalqımızın böyük şairi Səməd Vurğunu və rus yazıçısı Konstantin Simonovu gördüm. Sonradan eşitdim ki, məşhur bəstəkar Qara Qarayev də onların arasında imiş.
1949-cu ildə Bakının "Neftçi” klubu ilk dəfə SSRİ birinciliyində yüksək liqada iştirak edirdi. Səməd Vurğun, demək olar ki, "Neftçi”nin bütün oyunlarında çıxış edirdi. O, həmkarı İmran Qasımov və bəstəkar Qara Qarayevlə birgə tribunadan "Neftçi”nin matçlarını izləyir və bizi dəstəkləyirdi. Məşhur insanların tribunadan bizi izləməsi və dəstək verməsi gənc futbolçuları ruhlandırırdı. Heç yadımdan çıxmır, bir neçə oyun idi ki, dalbadal qol vura bilmirdim. Razin stadionunda "Lokomotiv”lə görüşdə mən rəqib qapısına top vurdum. Səməd Vurğun sevincindən başından şlyapasını çıxararaq tribunaya tullayıb. Tamaşaçılardan biri cəld tərpənərək şlyapanı göydə tuta bilib. Bu haqda mənə sonralar Səməd Vurğunun yaxın dostu İmran Qasımov danışdı.
Səməd Vurğun Konstantin Simonov və Aleksandr Fadeyevlə möhkəm dost idilər. Bir vaxtlar Fadeyev SSRİ Yazıçılar İttifaqının sədri, Səməd Vurğun isə katib işləyirdi. Vəzifəsi ilə əlaqədar Səməd tez-tez Moskvaya səfərə getməli olurdu.
1954-cü il oktyabrın 10-u idi. Hava çox soyuq və küləkli idi. "Dinamo” sonuncu ev oyununu keçirirdi. Nəticənin necə olmasından asılı olmayaraq, komanda çempion titulunu təmin etmişdi. Komandamız Minskin eyniadlı klubu ilə oynayırdı. Səməd Vurğun, Kostantin Simonov və Fadeyev tribunadan bizə azarkeşlik edirdilər. İndi hərdən gözlərimi yumub bu dahi insanları "Dinamo” stadionundakı lojada təsəvvür edirəm. İntellegent, səliqəli geyinmiş və təmkinliliyi ilə seçilən Simonovu təsəvvürümə gətirirəm. Əsəbiləşəndə sevdiyi "Belomor” siqaretindən tez-tələsik qullab vurur və həyəcandan yerində atılıb-düşən dostlarını lağa qoyurdu. Fadeyev oyunu hirslə, qəzəblə seyri edirdi. Hisslərini, həyəcanını biruzə vermək istəmir, olanları içində çəkməyə çalışırdı. Yalnız Səməd Vurğun cənublulara məxsus çılğınlıqla matçı izləyirdi. O atılıb-düşür, əl-qolunu oynadır, meydançada baş verənlərə öz emosiyasını gizlətmirdi. "Dinamo”nun qapısı ağzında təhlükəli vəziyyət yarananda Səməd Vurğun hirsindən qaralır, özünə yer tapa bilmir və dodağının altında nəsə deyinirdi. Əksinə, komandamız hücuma keçəndə o, sevincdən yerindən qalxır, bərkdən qışqıraraq komandanı dəstəkləyirdi. Bu cür məşhur insanların, sənət adamlarının özlərini kiçik uşaq kimi aparmalarına kənardan baxmaq bir ayrı mənzərə idi. Həmin gün matçdan sonra Səməd Vurğun dostları ilə tribunanın altındakı otağa gəlmişdi. Burada o, məni axtarıb tapdı və öz dostları ilə tanış etdi. Sonra onların üçü də mənim xahişimlə soyunub-geyinmə otağına gəldilər və komandanı qələbə münasibəti ilə təbrik etdilər. Burada Lev Yaşin, Sergey Salnikov, Sergey Beskovla səmimi söhbət etdilər. Onların üzü sevincdən gülürdü. Uşaq kimi qələbəmizə sevinirdilər. Səməd Vurğun hər dəfə Moskvaya gələndə belə olurdu.
Bir hadisəni də danışım. "Dinamo” komandası 1955-ci ilin sentyabr ayında İtaliyada "Milan”la qarşılaşmalı idi. Reportajı Vadim Sinyavski aparırdı. Xoşbəxtlikdən dörd qolun dördünü də mən vurdum. Həmin gün Səməd Vurğun dostu İmran Qasımovun ev balkonunda oturubmuş. Şair radioqəbulediciyə möhkəm səs verib İtaliyadan verilən reportaja qulaq asırmış. Küçədən keçənlər balkonda reportaja həyəcanla qulaq asan Səməd Vurğunun səsini eşidərək istər-istəməz ayaq saxlamağa məcbur olublar. Səməd həmin matçdan xatirə olaraq mənə suvenir hədiyyə etmişdi. Həmin hədiyyə indi Səməd Vurğunun ev-muzeyində saxlanılır.
Böyük şair futbolun vurğunu idi. Nə qədər qəribə olsa da, onun məşhur "Şair, nə tez qocaldın sən?” şeirinin yaranma tarixçəsi məhz futbola bağlıdır. 1955-ci il iyunun 18-də "Dinamo” və "Spartak” komandalarının görüşü keçirilirdi. Bu, birinci dövrənin son oyunu idi. Biz öz meydançamızda rəqibə böyük hesabla (1:4) məğlub olduq. Səməd Vurğun komandanın məğlubiyyəti ilə barışmır, hirsindən qap-qara qaralmış və nə elədiyini bilmirdi. Fikirli-fikirli caamatın arası ilə stadonunun çıxış qapısına yollanan Səmədin, "bıçaq vursan, qanı çıxmazdı”. "Moskva” mehmanxanasına tərəf istiqamət götürən taksi sürücüsü qaza bərk basanda şair ona yavaşca: "Sən tələsmə, mən heç yerə tələsmirəm. Mənim tələsən vaxtım çoxdan keçib” deyib. İmran Qasımov mehmanxanaya gələn dostuna bir yerdə vaxt keçirməyi təklif etsə də, Səməd imtina edib və tək qalmaq istəyib. Şairin məşhur "Şair, nə tez qocaldın sən” şeiri məhz həmin oyundan sonra qələmə alıb:
Nemətsə də gözəl şeir,
Şair olan qəm də yeyir.
Ömrü keçir bu adətlə,
Uğurlu bir səadətlə.
Görən məni nədir deyir:
Saçlarına düşən bu dən?
Şair, nə tez qocaldın sən!


Səadət Hakıyeva


62205 oxunub

InvestAZ