XƏBƏR LENTİ
31 Mart 2025
30 Mart 2025
29 Mart 2025
28 Mart 2025
27 Mart 2025



Qarabağda Novruz bayramının adət və ənənələri bu gün də özünəməxsus şəkildə yaşadılır
İdman 14:30 / 21.03.2025

Bu gün Azərbaycanda Novruz bayramı qeyd edilir. Suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanın hər yerində Novruz bayramı böyük təntənə və qələbə sevinci ilə qarşılanır. Novruz bayramı son illər xalqımız üçün xüsusilə əlamətdardır. Ona görə ki, artıq Novruzu bütövləşmiş Azərbaycanın vətəndaşları kimi qürurla, fəxarətlə, sevinclə qeyd edirik. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə suverenliyimizin tam bərpasından sonra Novruz tonqalları Xankəndidə, Şuşada, Xocalıda, Əsgəranda, Xocavənddə, Ağdərədə də qalanır.
Ümummilli lider Heydər Əliyev 1998-ci ildə çıxışlarının birində demişdi: "Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik”.
Bu tarixi çıxışdan 22 il sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev ulu öndərin bu vəsiyyətini də yerinə yetirdi. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.
Əsrlər boyu Novruz bayramı, Azərbaycanın digər bölgələrində olduğu kimi, Qarabağ bölgəsində də xüsusi coşğu ilə qeyd edilir. Novruza qədər çillə çıxarmaq, çərşənbələr, səməni cücərtmə, yumurta döyüşdürmə, yumurta boyama, papaqatdı, Novruz falları və s. mərasimlər bu gün də özünəməxsus şəkildə yaşadılır.
Lakin bütün bu kimi çətinliklərə baxmayaraq, Azərbaycanda o cümlədən, Qarabağda milli idman növlərinin inkişafı davam etmişdir. Respublika əlyazmaları fondunda saxlanılan "Əhvalatı Qarabağ” adlı əlyazma diqqəti cəlb edir. O , Azərbaycanda fiziki mədəniyyətin tarixini öyrənmək baxımında böyük əhəmiyyət kəsb edir. Əsər 1888-ci ildə yazılmışdır. Onun müəllifi vaxtilə İbrahim xanın məşhur saray xadimlərindən biri olan Mirzə Vəlinin nəvəsi olan Baharlıdır. Əsərdə güləşdən, cıdırda at çapmaqdan, çövqan, "papaq” oyunu, şahmat və nərd oyunlarından geniş məlumat verilmişdir. "Əhvalatı Qarabağ” adlı əlyazmada xalq məişətindən, müxtəlif tarixi hadisə və əhvalatlardan maraqlı sənədlər vardır.
"Şuşada Nabat adlı bir pəhləvan var idi. Heç kim onun kürəyini yerə vura bilməmişdi. O vaxt Təbrizdən, Badukübədən, Şəkidən, Salyandan və başqa yerlərdən Şuşaya pəhləvanlar gələrək Cəfərqulu xanın qulluğunda güştü (qurşaq) tutublar. Pəhləvan Nabat həmin pəhləvanlara layiqincə qalib gəlmişdir”.
Nabat Məşədi Səfərəli oğlu 1812-ci ildə Şuşa şəhərinin Qurdlar məhəlləsində anadan olmuşdu. Dabbaqlıqla məşğul idi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Nabat hündür, qolu zorlu bir adam idi. Cəfərqulu xan Cavanşirin pəhləvanı idi. Xan şərq dünyasından tanınmış pəhləvanları Şuşaya dəvət edər, Məşədi Nabatla güləşdirərdi. Tarixçi Baharlı yazır: "Belə ki, Dördlər qurdu məhəlləsində bir pəhləvan var idi. Onun adı pəhləvan Nabat və sənəti dabbağlıq idi. Çox zorlu və güləşkən adam idi”.
XVIII əsrin axırları-XX əsrin əvvəllərində Şuşada rəqs və məzəli oyunlarla müşayiət edilən "Əl üstə kimin əli” adlı uşaq oyunu geniş yayılmışdı. Yalnız uşaqların deyil, yeniyetmə və gənclərin də oynadığı bu oyunda iştirakçılardan biri ortada üzüqoylu uzanır, ətrafda oturanlar isə yumruqlarını üst-üstə onun belinə qoyub "əl üstə kimin əli?” deyə soruşurdular. Düz cavab verəndə yumruq sahibi onu əvəz edir, tapa bilmədikdə iştirakçılar onun belinə vurub "götürün, vurun, yalandır!” deyir, yaxud məğlub olan iştirakçıların arzusunu yerinə yetirir, məsələn, oxuyur, rəqs edir və ya hansısa məzəli oyun göstərirdi. Həmin oyundan tənbehetmə üsulu kimi başqa oyunlarda da istifadə edilirdi”.
XVIII əsrin ortalarında Şuşada "Fincan-fincan” musiqili folklor oyunu əsasən el şənlikləri və mərasimlər zamanı subay gənclərin oynadıqları sözlü-nəğməli, çox da mürəkkəb olmayan oyun idi. Oyunda on iki nəfər-altı qız, altı oğlan iştirak edirdi. Mahnı və rəqsin müşayiəti ilə oyun canlı, şən, müxtəlif atmaca və zarafatlarla keçirdi.
Şuşa şəhərinin yaxınlığında yerləşən Cıdır düzü tarixən Novruz bayramlarının keçirildiyi məkan olub. Qarabağ tarixən dağları və atları ilə məşhur olub. Şuşadan yuxarıdan yerləşən Cıdır düzü Qarabağ xanlığında əsas şənlik yeri olub. Burada milli idman növü olan cıdır yarışları və Novruz şənliyi keçirilir". Bayram günlərində xalq bir yerə toplaşar, şənlik edər, müxtəlif oyunlar oynanılardı. Bu oyunlarda elin güclü, qüvvətli igidləri öz bacarıqlarını nümayiş etdirərdilər. Azərbaycanda lap qədimlərdən Novruz şənliklərində "İynə-iynə”, "Sayaçı”, "Yuğlama”, "Yel baba”, "Cütçü şumu”, "Kəvkəs”, "Kosa-kosa”, "Qaravəlli”, "Qurd oyunu”, "Aşıq oyunu”, "Dirə döymə” və s. kimi milli xalq oyunları keçirilib. Bütün bunlarla birlikdə "Kəndirbaz”, "Masqara”, "Qılınc oynatma”, "Kəmər atma”, "Qoç döyüşdürmə” tamaşaları hazırlanır.
Xalqımızın zəngin mənəvi dünyası onun oyunlarında da özünü göstərir. Həmin xalq oyunlarından bir neçəsi də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada yaranıb və inkişaf edib.
Şuşa şəhərində novruz bayramı ərəfəsindəki axır çərşənbə mərasimində qız-gəlininin bəxtini sınamaq məqsədilə "Dintutma” oyunu keçirilirdi. Mahnı və məzəli oyunun müşayiəti ilə hər iştirakçı ürəyində niyyət, əlində güzgü tutaraq yoldaşları ilə birgə qonşu və ya küçə qapısına yollanır, ayağının altına açar qoyaraq qapı arxasında dururdu. İnama görə, əgər bu vaxt qapının arxasında xoş söz eşidilərsə, niyyət hasil olacaq, yaxud əksinə. Oyunun el-oba içində "Qapıpusdu”, "Qulaqaparan, "Qulaqfalınaçıxdı” və s. adları da var.
"Kosa-kosa”, "Kəndirbaz”, "Sim pəhləvan”, "Masqara”, "Gözübağlıca”, "Cıdır" tamaşaları, qələncə oynatmaq, kəmənd atmaq, qurşaq tutmaq, daş qaldırmaq, at çapmaq və s. kütləvi əyləncəli milli oyunların bayramla əlaqədar keçirildiyi söylənilir. Sadaladığımız xalq oyunları zaman-zaman yol keçərək bu günümüzədək gəlib çatıb. Novruz bayramında həmçinin güləş yarışları təşkil edilir, meydanlarda yallılar oynanılır, kəndirbazların tamaşaları göstərilir, mahnılar oxunur və aşıqlar deyişirlər.
Şuşa şəhərinin yaxınlığında yerləşən Cıdır düzü tarixən Novruz bayramlarının keçirildiyi məkan olub. Qarabağ tarixən dağları və atları ilə məşhur olub. Şuşadan yuxarıdan yerləşən Cıdır düzü Qarabağ xanlığında əsas şənlik yeri olub. Burada milli idman növü olan cıdır yarışları və Novruz şənliyi keçirilir”.
Bu mərasimlər içərisində bir növ tamaşa səviyyəsində dramaturji xəttə malik olanları da var. Bu mənada, Qarabağın mədəniyyət beşiyi olan Şuşa daim seçilib. Məsələn, Şuşada bayrama hələ bir ay qalmış çillə çıxarılar, ay ərzində gecələr çalğı-rəqslər ilə keçərmiş. Xalq köhnə ilin kəsalətindən qurtulub, təzə ilə daxil olmaqla qış çillələrindən (çilə) yaxa qurtarmağa çalışarmış. Çilləyə hazırlıq məqsədilə əvvəlcədən məhəllələrdəki böyük evlərin zalları tutulur, döşənir, iştirak edəcək şəxslərin siyahısı hazırlanır, xüsusi musiqi dəstəsi çağırılır, meyvə, şirni, şam və s. ibarət xonçalar düzülürdü. Toylardakı kimi xonçanın başında "xan” dayanır, lakin verdiyi əmrlər, cəzalar daha yüngül olurdu.
Qarabağda Novruz bayram günlərində meydan tamaşalarına daha çox üstünlük verilməsi, xalq oyunları çərçivəsində folklorumuzun zənginliyinin nümayiş etdirilməsidir. Novruz günlərində daha çox göstərilən meydan tamaşaları Azərbaycan peşəkar teatrının əsasını qoyub desək, daha doğru olardı. Kökləri Dədə Qorqud boylarınadək gedib çıxır ki, onlar da xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Qədim tarixə malik "Sayaçı”, "Novruz”, "Gəvsəç” kimi mərasimlərdə xor, rəqs və dialoqla yanaşı, dramatik süjetə, hərəkətə, bəzən isə bədii surətə də rast gəlinir. Novruz Bayramında papaq atmaq, qulaq falına çıxmaq, tonqaldan tullanmaq, səməni yetişdirmək, xonça bəzəmək, yumurta döyüşdürmək, qonaq getmək, şam yandırmaq, yallı getmək, novruz oyunları oynamaq kimi adətlər yerinə yetirilir.
Bayramlarda Cıdır düzündə Azərbaycanın məşhur pəhləvanı mərhum Qaçay Hüseynov və oğlanları Təvəkkül, Allahverdi, qız nəvəsi 10 yaşlı Rəşadın çıxışları, xüsusilə pəhləvanın arxası üstə uzanaraq sinəsinin üstündən yük yerində 30-40 nəfər olan "Qaz-53” markalı maşını keçirməsi zamanı alqış səsləri ətrafı bürüdü.
Azərbaycan mədəniyyətinin, tarixinin, ədəbiyyatının, o cümlədən folklorunun inkişafında və təkamülündə doğma vətənimizin ayrılmaz bir hissəsi olan Qarabağın folklor mühiti əvəzsiz və böyük rolu oynayıb. Qarabağ folklorunu dərindən öyrənmək üçün əvvəlcə bu regionun tarixi ərazilərini, hüdudlarını müəyyənləşdirmək vacibdir. Çünki bunu aydınlaşdırmadan burada baş verən ədəbi-mədəni hadisələri də tam şəkildə təsəvvürə gətirmək mümkün deyil. Qarabağda məşhur olan bəzi xalq oyunları Novruz bayramında isə şeirlə ifa olunurdu. Bu isə, heç şübhəsiz ki, oyunu daha maraqlı edirdi. Belə oyunlara "Sanama” "Motal-motal”, ”Tapın görək”, "Yelləncək”, "Öcəşmə”, "Püşk " (çöp) və s. oyunları misal göstərmək olar. "Sanama” - Azərbaycanda, eləcə də Qarabağda uşaqlar və gənclər arasında Novruz bayramında, yaz günlərdə, şənliklərdə, bayramlarda, eləcə də adi günlərdə dəstələrə bölünmədən oynanılan oyunlarda "başçı” seçmək üçün başlanğıc formaya deyilir. Belə ki, dəstələrə bölünməklə oynanılan bütün oyunlar halay qurmaqla başlanır. Lakin bir çox oyunlarımız dəstələrə bölünmədən oynanılır. "Ənzəli”, "Eşşək beli sındırdı” , "Yeddi ağac” və s. belə oyunlara misal ola bilər.
Bu gün xalqımız sevimli Novruz bayramını yenidən işğaldan azad edilmiş bölgələrdə qürur hissi ilə qarşılayır. İşğaldan azad edilmiş tarixi torpaqlarımızda yazın gəlişi ilə bağlı bayram tonqalları qalanır.
44 günlük Vətən müharibəsindən sonra 2021-ci il martın 20-də Şuşa şəhərinin Cıdır düzündə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev xalqa müraciətində dedi: "Bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır... Bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik... Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik.
Mən xoşbəxt adamam ki, əziz, doğma xalqıma işğaldan azad edilmiş Qarabağdan Novruz bayramı münasibətilə təbriklərimi çatdırıram. Bu əziz gündə bir daha bütün Azərbaycan xalqını gözəl bayram münasibətilə təbrik etmək istəyirəm. Bu gün Novruz bayramını Cıdır düzündə qeyd edərkən qürur hissi ilə deyirəm: "Şuşa sən azadsan!”, "Şuşa Azərbaycandır!”, "Qarabağ Azərbaycandır!”
2022-ci il mart 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində bayram tonqalı alovlandırdılar. Sonra dövlət başçısı Azərbaycan xalqını təbrik edən zaman dedi:
"İkinci dəfədir ki, tarixi Zəfərimizdən sonra biz Novruz bayramını doğma Qarabağ diyarında qeyd edirik. Bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır. İkinci dəfədir ki, bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik. Bu gün mən Novruz tonqalını burada - Suqovuşanda qaladım, qədim Azərbaycan diyarı olan Suqovuşanda. Keçən il isə Novruz bayramını mən Şuşa şəhərində, hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etmişdim və Azərbaycan xalqına müraciət etmişdim. Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik”.
2023-cü il martın 18-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Talış kəndində Novruz tonqalını alovlandırdılar. Sonra dövlət başçısı Azərbaycan xalqını bayram münasibətilə təbrik edərək bu bayramı üçüncü dəfə tarixi torpaqlarımızda qeyd olunduğunu dedi:
Üçüncü dəfədir ki, Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarabağ diyarından deyirəm. Bu, böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsini bu gün biz hörmətlə yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman Azərbaycan hərbçilərini buradan səmimiyyətlə salamlayıram. Onların canı-qanı bahasına biz doğma torpaqlarımıza qayıtmışıq.
İkinci Qarabağ müharibəsi dövründə bütün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Bütün Azərbaycan xalqını bir daha salamlayıram. Bütün Azərbaycan xalqına yeni-yeni uğurlar, yeni qələbələr arzulayıram!”
Ötən il martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırdı. Sonra dövlət başçısı Azərbaycan xalqını təbrik edən zaman dedi: Dördüncü dəfədir ki, bayram tonqalını mən azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu, böyük xoşbəxtlikdir. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik və bu gün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir.
Beşinci dəfədir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Həsənriz kəndində Novruz tonqalını alovlandırıblar.
Beləliklə, bu gün xalqımızın Novruz bayramını yenidən Oğuz elinin bir hissəsi olan Qarabağ torpağında qarşılayırıq, qarçiçəyini, novruzgülünü, xarıbülbülü Şuşanın dağlarından dəririk.
Novruz bayramınız mübarək olsun!

Dilqəm Quliyev,
pedaqogika üzrə elmlər doktoru, professor
















1218 oxunub

InvestAZ