XƏBƏR LENTİ
27 Dekabr 2024
26 Dekabr 2024
25 Dekabr 2024
24 Dekabr 2024
23 Dekabr 2024
19 Dekabr 2024
18 Dekabr 2024



Olimpiya kateqoriyalı hakim Hicran Şərifov karyerasını başa vurdu
İdman 18:37 / 24.12.2024
Bu gün "Şöhrət” ordenli, "Tərəqqi” medallı, Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif olunan, "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, Azərbaycanın Olimpiya kateqoriyalı, beynəlxalq dərəcəli hakimi, Əməkdar məşqçi Hicran Şərifov hakimlik karyerasını başa vurub. 
Olimpiya kateqoriyalı hakim Bakı İdman Sarayında keçirilən güləş üzrə Azərbaycan çempionatının ilk günündə azarkeşlərin və tələbələrinin alqış sədaları altında hakimliklə vidalaşıb. 
Tədbirdə Milli Olimpiya Komitəsi tərəfindən Hicran Şərifova onun idman sahəsindəki fəaliyyətini özündə əks etdirən məktub təqdim olunub. 
Ədalət təmsilçimiz hakimlik karyerasını başa vurması ilə bağlı təəssüratlarını olimpnews.az saytı ilə bölüşüb. 
"Güləş üzrə hakimlik karyeramda neçə illik əməyimi yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm. Hər zaman hakimlik edəndə düşünmüşəm ki, qərəzli ola bilmərəm. Çünki ilk növbədə Azərbaycanı təmsil etmişəm. Hər zaman bu fikirlərlə ədalətli olmağa çalışmışam. Buna görə də Dünya Güləş Birliyi tərəfindən London-2012 Yay Olimpiya Oyunlarında "Qızıl Fit" mükafatı ilə təltif olunmuşam. Bugünkü diqqət və qayğıya görə Azərbaycan Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə minnətdarlığımı bildirirəm. Hakimlik karyeramı başa vursam da, bundan sonra da dövlətimizə və Azərbaycan güləşinin inkişafına xidmət edəcəyəm", - deyə Olimpiya kateqoriyalı hakimimiz bildirib.  
Hicran Şərifov bundan sonra da güləş idman növündə qalacağını qeyd edib. 
"Mən güləşlə yaşayıram. Bu gün ölkəmizdə rəhbəri olduğum "Cəngi" güləş klubu fəaliyyət göstərir. Məşqçi kimi də çalışıram ki, güləş idman növünün inkişafına öz töhfəmi verim. Bu gün həmçinin Azərbaycan İdman Akademiyasında idmanın təkmübarizlik idman növləri kafedrasını baş müəllimiyəm. Ali elmi dərəcəm var. Bir sözlə, bundan sonra da öz bilik və bacarığımı gənc nəsilə ötürməyə çalışacağam", - deyə Hicran Şərifov bildirib.  
Qeyd edək ki, Hicran Şərifov ədalət təmsilçisi kimi bu vaxta qədər 3 Yay Olimpiya Oyunlarında, Avropa və Hərbçilərin Olimpiya Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında, bir çox ölkədaxili və beynəlxalq yarışlarda hakimlik edib. Onun idman sahəsində göstərdiyi xidmətlər dövlətimiz tərəfindən yüksək səviyyədə qiymətləndirilib. Belə ki, o, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət” ordeni, "Tərəqqi” medalı, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu, "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” adı ilə təltif edilib. Milli Olimpiya Komitəsinin "Olimpiya” ordeni,  "Azərbaycan Respublikasının Əməkdar məşqçisi” adını alan Hicran Şərifov London-2012 Yay Olimpiya Oyunlarında "Qızıl Fit” mükafatına layiq görülüb. 


538 oxunub

InvestAZ