XƏBƏR LENTİ
30 Dekabr 2024
29 Dekabr 2024
28 Dekabr 2024
27 Dekabr 2024
26 Dekabr 2024
25 Dekabr 2024
24 Dekabr 2024



MOK-da II Təhlükəsiz İdman Forumu keçirilib
İdman 13:58 / 13.12.2024

Dekabrın 13-də Milli Olimpiya Komitəsinin inzibati binasında ll Təhlükəsiz İdman Forumu keçirilib.

Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinova, Gənclər və idman nazirinin müavini Mariana Vasileva, Olimpiya mükafatçılarımız və yerli idman federasiyalarının nümayəndələri iştirak ediblər.

Forumun əvvəlində Azərbaycanda təşkil olunan ilk Təhlükəsiz İdman Forumundan bəhs edən videoçarx nümayiş edilib.

Sonra Beynəlxalq Olimpiya Komitəsinin Təhlükəsiz İdman şöbəsinin müdiri xanım Kirsti Barrousun Forum iştirakçılarına video təbriki səslənib.

O, çıxışında bildirib ki, belə mötəbər tədbirin təşkilində Azərbaycan Milli Olimpiya Komitəsi xüsusi fəallıq nümayiş etdirir. Təhlükəsiz İdman sahəsində ölkəmizin lider olduğunu qeyd edən BOK nümayəndəsi bildirib ki, təkcə bu ilin oktyabr ayında Azərbaycanda bu mövzuda xüsusi tədbirlər keçirib. Vurğulanıb ki, BOK bütün üzv ölkələrdə olduğu kimi, Azərbaycanda da Təhlükəsiz İdman mühitinin yaranmasında maraqlıdır.

Xanım Kirsti Barrousun çıxışından sonra təqdimatlar olub.

Milli Olimpiya Komitəsinin idman idarəsinin baş məsləhətçisi, Təhlükəsiz idman üzrə Beynəlxalq Olimpiya Komitəsinin setifikatlaşdırılmış mütəxəssisi Vaqif Əliyev Təhlükəsiz idman hamı üçün - siyasət və prosedurlar mövzusunda çıxış edib. Kaliforniya Universitetinin nümayəndəsi Daniela Neqreda Avropa Birliyinin Təhlükəsiz idman üzrə BESST (Building European Safe Sport Together) mövzusunda layihənin mahiyyətindən danışıb.

Azərbaycan Gimnastika Federsiyasının nümayəndəsi idmanda insan hüquqlarının müdafiəsi barədə Forum iştirakçılarına geniş məlumat verib.

Azərbaycan Cüdo Federasiyasının təhsil üzrə meneceri, "Gənc psixoloqlar" İctimai Birliyinin sədri Orxan Oruczadə Forumdakı təqdimatında elit idmançılar və psixoloji sağlamlıq xidmətləri mövzusunda öz fikirlərini bildirib.

UNİCEF-in Azərbaycan nümayəndəliyinin Uşaq müdafiəsi proqramının rəhbəri Vüqar Salmanov da Forumda çıxış edib. O, təqdimatında Uşaqların zorakılıqdan müdafiəsində UNİCEF-in rolu və gələcəyə baxışı mövzusunda Forum iştirakçılarına məlumat verib.

Monteneqro Milli Olimpiya Komitəsinin baş katibinin müavini Maya Pekoviç Forumda onlayn çıxış edib. Xanım Pekoviç idmanda təhlükəsizliyin prioritetləşdirilməsi mövzusundan danışıb.


1561 oxunub

InvestAZ