Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax 2025-ci ildə vəzifəsini tərk etmək qərarını şərh edib.
BOK rəhbəri tutduğu vəzifədən təşkilatın maraqlarına uyğun olaraq getmək niyyətində olduğunu açıqlayıb. Avqustun 10-da istefasını açıqlayan 70 yaşlı funksioner səlahiyyətlərini Olimpiya Xartiyasında nəzərdə tutulan müddətdən artıq uzatmamaq qərarına gəlib.
"Əminəm ki, Beynəlxalq Olimpiya Komitəsinin yeni prezidentinin seçilməsi Olimpiya Hərəkatının maraqlarına cavab verir. Məndən sonra bu vəzifəyə seçiləcək yeni rəhbərə uğurlar arzulayıram. İnanıram ki, yeni prezident işinin öhdəsindən layiqincə gələcək, - TASS agentilyi Tomas Baxın sözlərindən sitat gətirib.
Məlumat üçün bildirək ki, BOK-un yeni prezidenti vəzifəsinə seçkilər gələn ilin mart ayında keçiriləcək. Seçkilər Yunanıstanda təşkil olunacaq. Olimpiya Komitəsinin yeni rəhbəri 2025-ci ilin iyununda vəzifəsinin icrasına başlayacaq. BOK-un prezidenti vəzifəsinə 7 namizəd irəli sürülüb. Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının rəhbəri Sebastyan Koe, BOK-un vitse-prezidenti Xuan Antonio Samaranç, Zimbabvenin idman naziri Kirsti Koventri, Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti Yuhan Elias, Beynəlxalq Velosipedçilər İttifaqının rəhbəri David Lapartian, Beynəlxalq Gimnastika Federasiyasının rəhbəri Morinari Vatanabe, həmçinin İordaniya Olimpiya Komitəsinin rəhbəri Feysəl bin Hüseyn BOK prezidenti olmaq üçün seçkilərdə iştirak edəcək.