Masallı Olimpiya İdman Kompleksində SSRİ idman ustası, Əməkdar məşqçi, tanınmış pəhləvan Nadir Ağayevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında yunan-Roma güləşi üzrə XXVIII ənənəvi Lənkəran-Astara region açıq turniri keçirilib.
Azərbaycan Güləş Federasiyası, Lənkəran-Astara Regional Gənclər və İdman
İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda əvvəlcə ulu öndər Heydər
Əliyevin və Vətən yolunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik
sükutla anılıb, Dövlət himnimiz oxunub.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Yusif
Xamıyev bildirib ki, yarışın təşkilində əsas məqsəd Nadir Ağayevin keçdiyi şərəfli
idman yolunun təbliği, yeniyetmələr arasında yunan-Roma güləşi idman növünün
inkişafı və kütləviliyinin artırılmasından ibarətdir. Qeyd olunub ki, yarış
həmçinin idmançılar arasında dostluq əlaqələrinin daha da inkişafı, eyni zamanda
yeniyetmələrdən ibarət yığma komandaya namizədlər seçmək baxımından da əhəmiyyətlidir.
Yarışda çıxış edən digər qonaqlar Nadir Ağayev güləş məktəbinin Azərbaycan
idmanında tutduğu mövqedən söz açıb, mötəbər yarışlarda əldə edilən
nailiyyətlərin ölkə rəhbəri, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev
tərəfindən idmana göstərilən diqqət və qayğının təzahürü olduğunu deyib və
idmançılara uğurlar arzulayıblar.
Çıxışlardan sonra yarışlara start verilib. İki gün davam edən turnirdə
2008-2010-cu il təvəllüdlü güləşçilər 10 çəki dərəcəsində qələbə uğrunda
mübarizə aparıblar. Dünya Güləş Birliyinin təsdiq etdiyi qaydalara uyğun olaraq
Azərbaycan Güləş Federasiyasının hakimlər heyəti tərəfindən idarə edilən
yarışlarda respublikanın müxtəlif rayon və şəhərlərdən ibarət 25-ə yaxın
komandanın tərkibində 200-dən yuxarı yeniyetmə yunan-Roma güləşçisi qüvvəsini sınayıb.
Qalib idmançılara təşkilat komitəsi, eləcə də sponsor tərəfindən müvafiq
dərəcəli diplom, medal və pul mükafatları verilib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü