XƏBƏR LENTİ
21 Dekabr 2024
19 Dekabr 2024
18 Dekabr 2024
17 Dekabr 2024
16 Dekabr 2024
13 Dekabr 2024
12 Dekabr 2024



Şərqlə qərbin kəsişməsində sürət formulası - TƏHLİL
İdman 14:08 / 26.09.2024

Pilotların Avropa sınağı Azərbaycanla yekunlaşdı

Müstəqillik əldə etdikdən sonra ölkəmizdə idman sahəsində də böyük uğurlar əldə olundu. İdmançılarımız qazandıqları böyük uğurları ilə üçrəngli bayrağımızı dünyanın ən mötəbər yarış arenalarında dalğalandırırlar. Bu uğurlar bu günə kimi də ənənə halını alıb. Azərbaycan idmanının qüdrəti təkcə idmançılarımızın əldə etdiyi nailiyyətlərlə tamamlanmır. Ölkəmiz eyni zamanda mühüm idman yarışlarının keçirildiyi etibarlı bir məkana çevrilib. Belə ki, tarixdə ilk dəfə Avropa Oyunları öz başlanğıcını Xəzər sahilindən, "Küləklər şəhəri”ndən götürüb. 2015-ci ildə Azərbaycan bütün dünyaya sübut etdi ki, biz istənilən mühüm yarış və tədbirlərin keçirilməsində etibarlı tərəfdaşıq. Bu mötəbər Oyunlardan sonra 2017-ci ildə IV İslam Oyunları da ölkəmizdə uğurla təşkil olundu. İslam dünyasını bir araya toplayan Azərbaycan bu yarışları yüksək səviyyədə keçirməklə nüfuzunu birə-beş artırmış oldu. 2019-cu ildə paytaxtımız XVI Avropa Gənclər Olimpiya Festivalına ev sahibiliyi etdi. Artıq müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarının keçirildiyi ölkələr arasında Azərbaycanın da adı var. İdman azarkeşləri yəqin ki 2012-ci ildə qadınlar arasında futbol üzrə dünya çempionatını hələ də unutmayıblar. Ona görə ki, həmin vaxt planetin ən güclü qadın yığma komandalarının qalibi məhz Bakıda müəyyənləşmişdi. Ölkəmizin yüksək səviyyədə ev sahibiliyi etdiyi yarış və Qran-prilərin sayı yetərincədir. Məhz buna görədir ki, hər dəfə hər hansı mötəbər yarışa ev sahibiliyi məsələsi müzakirə olunanda Azərbaycan namizədlər sırasına liderlik edir. Budəfəki yazımızda həmin nüfuzlu yarışlardan biri olan Formula 1 Qran-Prisinin ölkəmizdə keçirildiyi tarixə nəzər salacağıq. Eləcə də 2024-cü ildə Bakı trekində qeydə alınan nəticələri çoxsaylı oxucularımıza təqdim edirik.

Meksikalı pilot üçün yadda qalan trek

1950-ci ildən etibarən təşkil olunan Formula 1 yarışlarının keçirildiyi ölkələr arasında Azərbaycan təqvimə ilk dəfə 2017-ci ildə daxil edilib. O zaman Bakıda keçirilən yarış Avropa Qran-Prisi adlanırdı. Həmin vaxtdan bu günə kimi ölkəmiz dünyanın ən bahalı idman tədbirinə ev sahibiliyi edir. İndiyə qədər ölkəmizdə keçirilən yarışlarda iki dəfə qalib gələn pilot hələ ki, meksikalı Serxio Peresdir. "Red Bull Rasinq”in sürücüsu 2021 və 2023-cü illərdə Bakı sınağını birinci tamamlayıb. Daniel Rikkardo ("Red Bull Rasinq”), Luis Hemilton ("Mersedes”), Valtteri Botaş ("Mersedes”), Maks Ferstappen ("Red Bull Rasinq”) və sprint yarışlarında Şarl Lekler ("Ferrari”) hərəyə bir dəfə fərqlənmişdilər. Qeyd edək ki, 2020-ci ildə COVİD-19 pandemiyası səbəbindən Bakıdakı yarışlar ləğv olunmuşdu. Göründüyü kimi 8 il ərzində Bakıda 7 yarışda fərqli pilotlar qələbə podiumuna çıxmışdılar. Həmin pilotlar və onları izləyən rəqibləri 6003 metr, 51 dövrədən ibarət olan Bakı trekini çox yaxşı tanıyırlar.


Bakıya qədər şəhər mərhələləri çox darıxdırıcı və sadə görünürdü

Formula 1 yarışlarını izləyən həmkarlarımızın da Bakı treki haqqında qeydləri hər zaman maraqlı olub. Formula 1 yarışlarının təqvimində Bakı trekinin yer almadığı müddətdə şəhər mərhələləri çox darıxdırıcı və sadə görünürdü. Bakıya qədər pilotlar şəhər mərhələlərində mübarizə aparmaq üçün Monako, Sinqapur, Valensiya sınaqlarından keçirdilər. Bu isə pilotların birincilik uğrunda mübarizəsində heç bir gərginliklə yadda qalmırdı. Bir qədər yürüşçülər üçün Valensiyadakı yelləncəkli körpü və Melbrundakı dörd DRS zonası (2011-ci ildən etibarən Formula 1 avtomobillərində yer alan, ötməni asanlaşdırmaq üçün nəzərdə tutulmuş sürtünmə sürətini azaltma sistemidir. Hər Qran Pri trekinin aşkarlama nöqtəsi və aktivləşdirmə nöqtəsi var. Sistemdən istifadə etmək üçün avtomobillər bir-birindən bir saniyədən az məsafədə olmalıdır - A.Ə) qismən maraq kəsb edirdi.


Elə bir pilot yoxdur ki, yeddi il ərzində həmin döngədə səhvlərə yol verməsin

Bakı treki yarış təqviminə hər mənada rəng qatıb. İçərişəhərin mənzərəsi fonunda sürətli şəhər treki Formula 1-də yeni bir səhifə açıb. Bakı trekindən söhbət gedirsə, mütləq İçərişəhərdə yerləşən Qala döngəsi xüsusilə qeyd olunmalıdır. Elə bir pilot yoxdur ki, yeddi il ərzində həmin döngədə səhvlərə yol verməsin. Şübhəsiz ki, bu dəfə də səhvlər oldu, mübarizə qəzasız (Karlos Sayns və Serxio Peres qəza səbəbindən mübarizəni yarımçıq dayandırdı - A.Ə) ötüşmədi.

Bunu pilotların verdiyi müsahibələrdən, yarışları işıqlandırmaq üçün ölkəmizə gələn təcrübəli həmkarların təhlillərindən də görmək olur. Pilotlar da qeyd edirlər ki, Bakıdan sonra onların səhv etdikləri treklər Monako və Monzada (İtaliya) yerləşir.

Qeyd olunur ki, Monako trekində pilotlar daha çox qəza riski həddinə qədər "hücuma keçirlər”. Monzadakı yarış da gərginliyi ilə diqqət çəkir. Amma sürətə hökm edən pilotlar Bakı haqqında qeyd edirlər ki, burada hər bir döngə və hər bir məsafə daha böyük maraq kəsb edir.


Təsnifat pilotlar üçün "ilk”lərlə yadda qalıb

Ölkəmizdə keçirilən Formula 1 yarışında maraqlı nəticələr qeydə alındı. Bu mərhələdə "McLaren”nin avstraliyalı pilotu Oskar Piastri finişi birinci keçdi. "Ferrari”nin fransalı sürücüsü Şarl Lekler yarışı ikinci yerdə tamamladı. "Mercedes” komandasının britaniyalı pilotu Corc Rassel ilk üçlükdə yer alıb. Meksikalı Serxio Peres ("Red Bull Rasing”) və ispaniyalı Karlos Sayns ("Ferrari”) yarışı qəza ilə yekunlaşdırdılar. Ümumilikdə həm təsnifat, həm də əsas yarışlarda əldə olunan nəticələr bir neçə pilotun kayerasında yeniliklə yadda qalacaq.

Belə ki, Bakıda təsnifatı birinci yerdə tamamlayan Şarl Lekler bu göstəricidə Mika Hakkinenlə bərabər, karyerasında 26-cı poul-pozisiyası qazandı. Bu, "Ferrari”nin Bakıda beşinci, fransalı pilotun bu trekdə dördüncü və cari mövsümdə üçüncü poul mövqeyidir. "McLaren”in pilotu Oskar Piastri təsnifatda ikinci yer tutdu. Onun bu nəticəsi sayəsində komandası startda ilk dəfə olaraq ilk altılıqda yer aldı. "Ferrari”nin pilotu Karlos Sayns Bakıda üçüncü ən sürətli vaxt göstərən üç pilotdan biri oldu.

Təsnifatda Serxio Peres ("Red Bull Rasinq”) dördüncü yeri ələ keçirdi. Bununla da o, ötən il Mayami Qran-prisində olduğu kimi Maks Ferstappeni qabaqladı. Corc Rasselin (Mersedes) əldə etdiyi beşinci yeri onun Bakıdakı təsnifatda əldə etdiyi ən yaxşı nəticə oldu. Son dörd yarışda üçüncü dəfə mübarizəyə ilk beşlikdən kənarda başlayan Ferstappen altıncı vəsiqənin sahibi oldu. "Williams”ın sürücüsü Franko Kolapinto 1982-ci ildə Braziliyada Karlos Reutemanndan sonra ilk onluğa daxil olan ilk argentinalı kimi yadda qaldı. Kolaptinonun komanda yoldaşı Aleks Albon bu il altıncı və ardıcıl üçüncü dəfə təsnifatda final həyəcanı yaşadı. Qeyd edək ki, bu mövsüm ilk dəfə olaraq "Williams”ın hər iki bolidi finalda yer alıb.

Daniel Rikkardo ("Red Bull Rasinq”) bu mövsüm seçmə mərhələnin ilk hissəsində beşinci dəfə mübarizəni tərk etdi.


Əsas yarış həyəcanında da pilotlar fərqlənə bildilər

Azərbaycan Qran-Prisini qalibi olan Oskar Piastri cari mövsümdə (Macarıstandan sonra - red) karyerasının ikinci qələbəsini qazanıb. İngiltərəli pilot hər iki yarışa ikinci yerdən başladıqdan sonra podiumda birinci pillədə yer alıb. Bundan başqa Oskar son yeddi yarışda ən çox xal qazanan iştirakçı olub.

Bakıda dördüncü yeri tutan Oskar Piastri və Lando Norris 38 xal qazandılar. Bu nəticədən sonra "McLaren” "Red Bull Racing”in 55 Qran Pri və ya 847 gün davam edən liderliyini dayandırdı. Komanda 2014-cü ildə Avstraliya Qran-prisindən sonra ilk dəfə Mühəndislər çempionatında liderliyi ələ keçirdi. Avstraliyalı "McLaren” sürücüsü karyerası ərzində 300 xal topladı. Məlumat üçün bildirək ki, "McLaren” sürücüləri indiyə qədər Bakıda heç vaxt beşinci yerdən yuxarı nəticə göstərməmişdilər.

Şarl Leklerin Bakı trekində ikinci yeri tutması onun Azərbaycan Qran-prisində ən yaxşı nəticəsidir. Ardıcıl dördüncü ildir ki, Lekler Bakıda pouldan başladıqdan sonra qələbə qazana bilməyib. Fransalı pilot son 15 startda yalnız bir qələbə qazanıb. Həmin nailiyyət onun anadan olduğu Monakoda qeydə alınıb. Ölkəmizdə keçirilən yarışda mükafatçılar sırasında yer alan Corc Rassel bu il üçüncü dəfə podiuma yüksəldi. Ümumilikdə karyerası ərzində britaniyalı pilot karyerasında onuncu dəfə eyni nəticəyə nail olub. Qeyd edək ki, onun Bakıdakı çıxışı karyerasında 600-cü xalı ilə də yadda qalıb. Ötən mövsüm uğurlu çıxışları ilə yadda qalan "Red Bull Red Bull Racing”in Belçika əsilli niderlandlı pilotu Maks Ferstappen bu dəfə beşinci yerlə kifayətləndi. Aleks Albonun yarışda əldə etdiyi yeddinci yer "Williams” üçün mövsümün ən yaxşı nəticəsi hesab olundu. Onun üçün Azərbaycan Qran-Prisi xal qazandığı 40-cı yarış kimi yadda qalacaq. Onun gənc komanda yoldaşı Franko Kolapinto karyerasının ilk xallarını ikinci yarışda qazanıb. Ötən il Ostində keçirilən ABŞ Qran-Prisindən sonra ilk dəfə olaraq "Williams” komandası iki avtomobillə xal qazanıb. "Mersedes”in ən titullu pilotu Hemilton karyerasında 100 000 kilometr məsafə həddini keçdi - 100, 278 km. Britaniyalı sürücü Fernando Alonsodan ("Aston Martin”) geri qalır - 107 347 km. "Haas”ın heyətində Oliver Berman onuncu yeri tutdu. Bununla da o, Formula 1 tarixində ilk iki Qran-Prisində iki fərqli komandaya xal qazandıran ilk sürücü oldu. Məlumat üçün bildirək ki, Bakıda keçirilən Qran-Pri ilk dəfə olaraq Avropa Qran-Prisi kimi yarış təqvimində yer almışdı. Ölkəmizin 8-ci dəfə mərhələ yarışına ev sahibliyi ilə iki həftə əvvəl təqvimin Avropa mərhələsi yekunlaşdı. Bununla da pilotlar "köhnə qitə”ni tərk edərək mübarizəyə Asiyadan, Sinqapurdan davam etdilər. "Marina-Bey” trekində (4940 metr) 62 dövrənin yekunlarına əsasən Lando Norris ("McLaren”), Maks Ferstappen ("Red Bull Racinq”) və Oskar Piastri ("McLaren”) fərqləndilər.

Mövsümün sonuna qədər pilotlar 11 həftə ərzində üç mərhələdən ibarət 6 Qran-Pridə sükan arxasına əyləşəcəklər. Pilotlar Sinqapurdan sonra ABŞ-da (Ostin, 5513 m) 56, Meksikada (Mexiko, 4304 m) 71, Braziliyada (San-Paulu, 4309) 71, ABŞ-da (Las-Veqas, 6201) 50, Qətərdə (Lusail, 5419) 57 və Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə (Yəs-Marina, 5281) 58 dövrəni başa vuracaqlar.

Anar Əhmədov


3555 oxunub

InvestAZ