XƏBƏR LENTİ
19 Sentyabr 2024
17 Sentyabr 2024
16 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
13 Sentyabr 2024



Şərqlə qərbin kəsişməsində sürət formulası - TƏHLİL
İdman 21:11 / 13.09.2024

Pilotların Avropa sınağı Azərbaycanla yekunlaşır

Müstəqillik əldə etdikdən sonra ölkəmizdə idman sahəsində də böyük uğurlar əldə olundu. İdmançılarımız qazandıqları böyük uğurları ilə üçrəngli bayrağımızı dünyanın ən mötəbər yarış arenalarında dalğalandırırlar. Bu uğurlar bu günə kimi də ənənə halını alıb. Azərbaycan idmanının qüdrəti təkcə idmançılarımızın əldə etdiyi nailiyyətlərlə tamamlanmır. Ölkəmiz eyni zamanda mühüm idman yarışlarının keçirildiyi etibarlı bir məkana çevrilib. Belə ki, tarixdə ilk dəfə Avropa Oyunları öz başlanğıcını Xəzər sahilindən, "Küləklər şəhəri”ndən götürüb. 2015-ci ildə Azərbaycan bütün dünyaya sübut etdi ki, biz istənilən mühüm yarış və tədbirlərin keçirilməsində etibarlı tərəfdaşıq. Bu mötəbər Oyunlardan sonra2017-ci ildə IV İslam Oyunları da ölkəmizdə uğurla təşkil olundu. İslam dünyasını bir araya toplayan Azərbaycan bu yarışları yüksək səviyyədə keçirməklə nüfuzunu birə-beş artırmış oldu. 2019-cu ildə paytaxtımız XVI Avropa Gənclər Olimpiya Festivalına ev sahibiliyi etdi. Artıq müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarının keçirildiyi ölkələr arasında Azərbaycanın da adı var. İdman azarkeşləri yəqin ki 2012-ci ildə qadınlar arasında futbol üzrə dünya çempionatını hələ də unutmayıblar. Ona görə ki, həmin vaxt planetin ən güclü qadın yığma komandalarının qalibi məhz Bakıda müəyyənləşmişdi. Ölkəmizin yüksək səviyyədə ev sahibiliyi etdiyi yarış və Qran-prilərin sayı yetərincədir. Məhz buna görədir ki, hər dəfə hər hansı mötəbər yarışa ev sahibiliyi məsələsi müzakirə olunanda Azərbaycan namizədlər sırasına liderlik edir. Budəfəki yazımızda həmin nüfuzlu yarışlardan biri olan Formula 1 Qran-Prisinin ölkəmizdə keçirildiyi tarixə nəzər salacağıq.

Meksikalı pilot üçün yadda qalan trek

1950-ci ildən etibarən təşkil olunan Formula 1 yarışlarının keçirildiyi ölkələr arasında Azərbaycan təqvimə ilk dəfə 2017-ci ildə daxil edilib. O zaman Bakıda keçirilən yarış Avropa Qran-Prisi adlanırdı. Həmin vaxtdan bu günə kimi ölkəmiz dünyanın ən bahalı idman tədbirinə ev sahibiliyi edir. İndiyə qədər ölkəmizdə keçirilən yarışlarda iki dəfə qalib gələn pilot hələ ki, meksikalı Serxio Peresdir. "Red Bull Rasinq”in sürücüsu 2021 və 2023-cü illərdə Bakı sınağını birinci tamamlayıb. Daniel Rikkardo ("Red Bull Rasinq”), Luis Hemilton ("Mersedes”), Valtteri Botaş ("Mersedes”), Mark Ferstappen ("Red Bull Rasinq”) və sprint yarışlarında Şarl Lekler ("Ferrari”) hərəyə bir dəfə fərqlənmişdilər. Qeyd edək ki, 2020-ci ildə COVİD-19 pandemiyası səbəbindən Bakıdakı yarışlar ləğv olunmuşdu. Göründüyü kimi 8 il ərzində Bakıda 7 yarışda fərqli pilotlar qələbə podiumuna çıxmışdılar.Həmin pilotlar və onları izləyən rəqibləri 6003 metr, 51 dövrədən ibarət olan Bakı trekini çox yaxşı tanıyırlar.

Bakıya qədər şəhər mərhələləri çox darıxdırıcı və sadə görünürdü

Formula 1 yarışlarını izləyən həmkarlarımızın da Bakı treki haqqında qeydləri hər zaman maraqlı olub. Formula 1 yarışlarının təqvimində Bakı trekinin yer almadığı müddətdə şəhər mərhələləri çox darıxdırıcı və sadə görünürdü. Bakıya qədər pilotlar şəhər mərhələlərində mübarizə aparmaq üçün Monako, Sinqapur, Valensiya sınaqlarından keçirdilər. Bu isə pilotların birincilik uğrunda mübarizəsində heç bir gərginliklə yadda qalmırdı. Bir qədər yürüşçülər üçün Valensiyadakı yelləncəkli körpü və Melbrundakı dörd DRS zonası (2011-ci ildən etibarən Formula 1 avtomobillərində yer alan, ötməni asanlaşdırmaq üçün nəzərdə tutulmuş sürtünmə sürətini azaltma sistemidir. Hər Qran Pri trekinin aşkarlama nöqtəsi və aktivləşdirmə nöqtəsi var. Sistemdən istifadə etmək üçün avtomobillər bir-birindən bir saniyədən az məsafədə olmalıdır - A.Ə) qismən maraq kəsb edirdi.

Elə bir pilot yoxdur ki, yeddi il ərzində həmin döngədə səhvlərə yol verməsin

Bakı treki yarış təqviminə hər mənada rəng qatıb. İçərişəhərin mənzərəsi fonunda sürətli şəhər treki Formula 1-də yeni bir səhifə açıb. Bakı trekindən söhbət gedirsə, mütləq İçərişəhərdə yerləşən Qala döngəsi xüsusilə qeyd olunmalıdır. Elə bir pilot yoxdur ki, yeddi il ərzində həmin döngədə səhvlərə yol verməsin. Şübhəsiz ki, bu dəfə də səhvlər olacaq. Bunu pilotların verdiyi müsahibələrdən, yarışları işıqlandırmaq üçün ölkəmizə gələn təcrübəli həmkarların təhlillərindən də görmək olur. Pilotlar qeyd edirlər ki, Bakıdan sonra onların səhv etdikləri treklər Monako və Monzada (İtaliya) yerləşir.

Qeyd olunur ki, Monako trekində pilotlar daha çox qəza riski həddinə qədər "hücuma keçirlər”. Monzadakı yarış da gərginliyi ilə diqqət çəkir. Amma sürətə hökm edən pilotlar Bakı haqqında qeyd edirlər ki, burada hər bir döngə və hər bir məsafə daha böyük maraq kəsb edir.

Məlumat üçün bildirək ki, Bakıda keçirilən Qran-Pri ilk dəfə olaraq Avropa Qran-Prisi kimi yarış təqvimində yer almışdı. Ölkəmizin 8-ci dəfə mərhələ yarışına ev sahibliyi ilə bu həftə təqvimin Avropa mərhələsi yekunlaşacaq. Bununla da pilotlar "köhnə qitə”ni tərk edərək mübarizəyə Asiyadan, Sinqapurdan davam edəcəklər. Mövsümün sonuna qədər pilotlar 12 həftə ərzində üç mərhələdən ibarət 7 Qran-Pridə sükan arxasına əyləşəcəklər. Pilotlar Sinqapurda ("Marina-Bey”, 4940 metr) 62, ABŞ-da (Ostin, 5513 m) 56, Meksikada (Mexiko, 4304 m) 71, Braziliyada (San-Paulu, 4309) 71, ABŞ-da (Las-Veqas, 6201) 50, Qətərdə (Lusail, 5419) 57 və Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə (Yəs-Marina, 5281) 58 dövrəni başa vuracaqlar.

Anar Əhmədov


829 oxunub

InvestAZ