XƏBƏR LENTİ
19 Mart 2024
18 Mart 2024
17 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024



Mükafatlar futbolun romantikası, onun gözəlliyidir
Maraqlı 16:19 / 04.06.2019



Futbol matçı ərzində tribunalardan dəfələrlə alqış səsləri eşidilir. Qapıya top vurularkən bu alqışlar tamamilə təbiidir. Ancaq məsələ burasındadır ki, təkcə qollar deyil, oyunun ən maraqlı epizodları da tamaşaçıları vəcdə gətirir, onları sevinməyə və kədərlənməyə, əl çalmağa və qışqırmağa məcbur edir.
Bəli, futbol gözəl oyundur. Onun gözəlliyi mərdanə, atletik oyun olmasındadır. Futbolçular hündür və ya gödək, enlikürək və ya arıq ola bilərlər, ancaq sürət, qüvvə və çeviklik onların hər biri üçün məcburidir. Oyun saat yarım çəkir və bütün bu müddət ərzində hərəkət etmək lazımdır. Müşahidələrə görə, top hər oyunçuda az bir müddətdə (hücumçuda təxminən 2 dəqiqə, yarımmmüdafiəçidə dəqiqəyarım, müdafiəçidə isə 1 dəqiqə və bundan da az) qalır. Lakin bu o demək deyildir ki, onlar hərəkətsiz dayanıb topa zərbə vurmaq növbələrinin çatmasını gözləməlidirlər. Top kimdə olur-olsun (istər sənin komanda yoldaşında, istərsə də rəqibdə) hamı meydançada hərəkət etməlidir. Ya sürətlə irəliləyib boş yerə çıxmaq və komanda yoldaşının topu sənə ötürməsini gözləmək, ya rəqibin qarşısını kəsməyə çalışmaq, ya da onun yoldaşlarından birini izləmək, topu qəbul etməsinə mane olmaq lazımdır.
Futbol meydançası çox genişdir - uzunluğu 100 - 110 metr, eni isə 60-75 metrdir. Futbolçular bu ərazidə müxtəlif istiqamətlərdə fasiləsiz surətdə yüyürdüklərinə görə oyunun axırınadək hərəsi təxminən 10 kilometr məsafə qət etmiş olur. Buraya tullanmaq, topa zərbə vurmaq, mübarizəyə girişmək hərəkətlərini, yıxılmaları da əlavə etsək aydın olar ki, futbolçu universal, dözümlü bir idmançıdır. Oyun ərzində o, 1500 kalori sərf edir, 1,5 kiloqramdan 5 kiloqramadək arıqlayır.



Futbolun da özünəməxsus gözəllikləri var

Biz balet artistlərinin zərif və gözəl hərəkətlərindən zövq alarkən yaxşı bilirik ki, onlar səhnəyə çıxmazdan əvvəl yüz dəfələrlə məşq edirlər. Futbolda da həmin qanunlar hakimdir. Futbolçular yorulmamaq, güc almaq üçün kross qaçışında iştirak edir, ağırlıq qaldırır, akrobatika və gimnastika ilə məşğul olur, hokkey, tennis, basketbol oynayır. Yarış zamanı topun ona «itaət etməsi» üçün futbolçu məşq prosesində saatlarla səbir və hövsələ ilə işləyir. Məlum olduğu kimi, top girdə və şıltaqdır: bir balaca geciksən, dəqiq hərəkət etməsən, sənin istəmədiyin yerə uçub gedəcəkdir.
İndiyədək danışdığımız məsələləri mütəxəssislər fiziki və texniki hazırlıq adlandırırlar. Bunlar bir-biri ilə əlaqədardır: tez gücdən düşərək tövşüməyə başlayan futbolçu top ilə dəqiq rəftar etməyi bacarsa da, oyunda az fayda verə bilər. Futbol texnikasının incəliklərinə bələd olmayan sağlam oyunçular haqqında da eyni sözləri deyə bilərik. İdmançı bu tələblərin hər ikisinə yüksək səviyyədə cavab verə bilirsə, biz onun oyunundan əsl zövq alırıq.
«Futbol» ingilis sözüdür: «fut» - ayaq, «bol» - top deməkdir. Oyunun adı məzmununu düzgün əks etdirir. Topa ayaqla, habelə bədənlə (əllər istisna olmaqla) və başla zərbələr vura-vura onu birgə səylərlə rəqib komandanın qapısından keçirmək lazımdır. Bu, asan iş deyildir, bəzən saat yarım ərzində top bir dəfə belə qapıya yol tapa bilmir. Halbuki onun sahəsi 18 kvadratmerdir, bu isə böyük bir otağın sahəsinə bərabərdir. 90 dəqiqə ərzində futbolçuların yeganə məqsədi qol vurmaqdan ibarətdir. Bu məqsədlə onlar bütün qüvvələrini sərf edir, ən müxtəlif oyun fəndləri işlədir, rəqibin müqavimətinə üstün gəlməyə çalışırlar.
Oyunun gözəlliyi məhz mübarizədə yaranır. İdmanın hər bir növündə olduğu kimi, futbolun da özünəməxsus gözəllikləri var. Tamaşaçılar topu məharətlə irəli apararaq dolanbac yollarla rəqibin cərimə meydançasına daxil olan hücumçunun ustalığını, aldadıcı fəndlərlə qarşısındakı futbolçunu səhvə yol verməyə məcbur edən yarımmüdafiəçini, təhlükəli vəziyyəti fədakarlıqla aradan qaldıran müdafiəçini, ümidsiz topu cəsarətli sıçrayışla tutan qapıçını ürəkdən alqışlayırlar. Futbolun bütün gözəlliklərini saymaq mümkündürmü! Deyə bilərlər ki, əllərin oyunda iştirak etməməsi futbolun nöqsanıdır. Bəs qapıçılar? Axı, havaya tullanaraq topu qapının yuxarı küncündən barmaqlarının ucu ilə qaytararkən və ya cəsarətlə hücumçunun ayaqları altına sıçrayaraq zəbə vurmağa imkan verməyərkən onun əlləri əsl möcüzə göstərir. Beləliklə, futbolda əllərin də öz yeri vardır. Hələ topu yan xətlərdən meydançaya daxil edərkən əllərdən xüsusi dəqiqlik və qüvvə tələb olunduğunu demirik.
Bəzən futbol oyununa baxan tamaşaçılar darıxır və hətta narazılıqlarını bildirirlər. Oyun heç də həmişə maraqlı olmur və azarkeşlərə zövq vermir. Bu, tamamilə təbidir. Bəzən mükəmməl bir pyes də aktyorların pis oynamaları nəticəsində tamaşaçıların xoşuna gəlmir. Deməli, məsələ ifaçıların məharətində, oyunçuların və komandaların ustalığındadır.
Buna görə də əsl futbolçu olmaq, güclü və gözəl oynamağı öyrənmək istəyən hər bir oğlan və gənc bu oyuna lap əvvəldən son dərəcə ciddi münasibət bəsləməli, topu dəqiq idarə etmək, fəndləri öyrənmək və təkrarlamaq üçün vaxtını əsirgəməməlidir.
Böyük futbol ustaları topdan heç zaman ayrılmırlar, həvəslə məşq edirlər. Elə buna görədir ki, onların hər bir hərəkəti səlisdir, ölçülüb-biçilmişdir. Mahir futbolçular çətinlik çəkmədən oynayırlar, istədiklərinə asanlıqla nail olurlar. Bu da futbolun gözəlliklərindən biridir.
Deməli, oyundan-oyuna fərq var. Həm futbolçuların, həm də tamaşaçıların yaxşı zövqə malik olmaları, yüksək səviyyəli, dərin məzmunlu, texnikalı oyunu bəsit, kobud, maraqsız oyundan fərqləndirə bilmələri çox vacibdir.


Futbol şahmata bənzəyir

Futbol ağıllı oyundur. O, şahmata bənzəyir. Şahmatda bütün fiqurlar qələbə uğrunda əlbir mübarizə aparır, bir-birini müdafiə edir və qoruyur. Futbolda həmin işi komandanın bütün üzvləri görürlər. Hər hansı üçün futbolçu nə qədər istedadlı olursa-olsun, yoldaşlarının köməyindən imtina etsə, təkbaşına qol vurmağa çalışsa, əlindən heç nə gəlməyəcəkdir. Komandada 11 oyunçu vardır, hərəsinə də ayrıca bir vəzifə tapşırılır. Biz yazanda ki, komanda əlbir və səlis oynayır, bu o deməkdir ki, futbolçular nə etməli olduqlarını bilirlər, ən çətin və mürəkkəb vəziyyətlərdən yaxşı baş çıxarırlar. Futbolda buna taktika deyilir.
Hər bir idman oyununda məzmun qabaqcadan düşünülməli, manevrlər və yerdəyişmələr məqsədəuyğun olmalıdır. Futbolda yarış iştirakçıları geniş ərazidə və hokkeyə, basketbola nisbətən bir qədər ləng fəaliyyət göstərdiklərinə görə fikirlər və məqsədlər, müvəffəqiyyətlər və səhvlər daha aydın görünür və tamaşaçılar onları qiymətləndirməyə macal tapırlar. Buna görə də futbol azarkeşi xəyalən də olsa, yarışın iştirakçısına çevrilir, oyunçular düzgün qərar qəbul edəndə sevinir, açıq-aşkar səhvləri görəndə kədərlənir.
Ötürmələr futbolun «dilidir». Oyunçular topu bir-birinə ötürərkən sanki öz aralarında danışır, nə etmək lazım olduğunu xəbər verirlər. Komanda oyuna nə qədər yaxşı hazırlaşmışdırsa, onun təcrübəsi nə qədər çoxdursa, bu «söhbət» bir o qədər aydın və səlis olacaqdır. Bir-birini yaxşı başa düşən futbolçular barəsində haqlı olaraq deyirlər ki, onlar bir-birinin «dilini bilirlər»
Taktika nə deməkdir? O, oyunu elə aparmaq bacarığıdır ki, rəqib qapısına qollar vura biləsən, özün isə top buraxmayasan. Bir vaxtlar futbol yenicə yaranarkən komandanın bütün üzvləri hücuma keçir, sonra isə birlikdə müdafiə olunurdular. İndinin özündə də zəif komandalar bu «taktika ilə oynayırlar. Lakin yüz il ərzində şübhəsiz ki, mühüm dəyişikliklər olmuşdur. Müxtəlif oyun sistemləri bir-birini əvəz etmişdir. Bunların sonuncuları haqqında sizə məlumat verək.
1958-ci ildə İsveçdə keçirilən dünya çempionatında braziliyalılar yeni oyun sistemi tətbiq etdilər. Ona «dörd müdafiəçi sistemi» və ya «Braziliya sistemi» adı verildi. Bu oyun taktikasını 1 - 4 - 2 - 4 düsturu ilə ifadə edirlər. 1 - qapıçı deməkdir. İlk 4 rəqəmi müdafiəçilərin sayını göstərir, onların ikisi mərkəzdə, ikisi isə cinahlarda oynayır. 2 rəqəmi yarımmüdafiəçilərin sayına işarədir. Onlara dispetçer də deyirlər, çünki bu futbolçular müdafiə və hücum xətlərini bir-biri ilə əlaqələndirirlər. İkinci 4 rəqəmi hücumçuların sayını bildirir. Bunların da ikisi mərkəzdə, ikisi isə cinahlarda fəaliyyət göstərir.
1958-ci ildən bəri daha bir neçə dünya çempionatları keçirilmiş, futbol taktikası xeyli inkişaf etmişdir. İndi yarımmüdafiəçilər futbolun ən mühüm zərbə qüvvəsinə çevrilmişlər. Onlar təkcə dispetçer vəzifəsini yerinə yetirməklə kifayətlənmir, hücum əməliyyatları zamanı ikinci eşelon, müdafiəyə keçərkən isə birinci eşalon rolunu oynayırlar. Məhz buna görədir ki, yarımmüdafiəçiləri müasir futbolda «meydanın mərkəzində oynayan futbolçular» adlandırırlar. Oyun taktikası da onların sayına və qarşılarında qoyulan vəzifələrin məzmununa görə qurulur. Güclü orta xətti olan komandalar oyun zamanı özlərinin iradəsini rəqibə asanlıqla qəbul etdirə bilir, çox zaman müvəffəqiyyət qazanırlar. Kiyevin «Dinamo» komandası məhz yarımmüdafiəçilərinin yüksək məharəti sayəsində ölkə çempionatlarında ardıcıl çempionluq qazanmışdı. 1966-cı ildə İngiltərədə keçirilən dünya çempionatında ev sahibləri məhz orta xəttin əla oynaması sayəsində qızıl medallar layiq görülmşdü.
Futbol taktikasında bu dəyişiklik - meydanın mərkəzində zərbə qüvvəsi yaradılması 1 - 4 - 4 - 2 və 1 - 4 - 3 - 3 düsturları ilə ifadə olunmaqdadır. Bir çox komanda orta xəttə bir və ya iki futbolçu əlavə etmək xatirinə kənar hücumçulardan imtina etmişdir. Cinahlardakı boşluğu hücum zamanı doldurmaq vəzifəsi bəzən yarımmüdafiəçilərə, bəzən də irəli çıxan kənar müdafiəçilərə tapşırılır. Bu, rəqib komandanın müdafiəçiləri üçün gözlənilməz olur və onların sıralarında çox zaman çaşqınlıq yaradır.
Qapıçıdan başqa, bütün futbolçuların öz fərdi rəqibi vardır. Hər bir oyunçu öz rəqibinin fəaliyyəti üçün cavabdehdir. Lakin oyun başlanan kimi hücumçular müdafiəçilərdən uzaqlaşmağa, onların diqqətindən yayınmağa çalışırlar. «Himayəçilər» qorunmalı olduqları rəqibləri addımbaaddım izləsələr (bəzən belə də olur), onların «kölgəsinə» çevrilsələr, nə müdafiəçi, nə də hücumçu yaxşı oyun göstərə biləcəkdir. Futbolda belə oyuna «fərdi mühafizə» deyirlər.
Rəqibi fərdi izləmək işin yarısıdır. Oyunçu gərək meydançada düzgün mövqe tutmağı bacarsın, harada daha çox lazım olduğunu müəyyən edə bilsin. Tutaq ki, sən hücumçusan. Rəqib komanda sizin qapınıza doğru hücuma keçmişdir. Sən geri çəkilərək müdafiəçi yoldaşlarına köməyə gedə bilərsən. Ancaq başqa çıxış yolu da vardır: boş yer seçərsən, yoldaşların topu ələ keçirib sənə ötürərkən dərhal əks-hücuma başlayarsan. Bu zaman rəqiblər geri çəkilməyə məcbur olarlar və sən təhlükəni öz qapınızdan uzaqlaşdırarsan. Haqlı olaraq deyirlər ki, hücum - ən yaxşı müdafiədir.
Taktikada belə incəliklər çoxdur. O, bütün bir elmdir. Rəqibin hər bir fəndinə əks fəndlə cavab vermək mümkündür. Fərz edək ki, yarışan komandaların hər ikisi mövcud manevrləri dəqiq öyrənmişdir, onda gərək oyun heç-heçə qurtarsın. Ancaq əslində belə olmur. Oyunun gedişində futbolçular yaradıcılıq göstərir, daim yenilik axtarır, düşünüb tapır və tətbiq edirlər. Bütün bunlar olmasaydı, tamaşaçılar oyuna gəlməzdilər: hər dəfə eyni mənzərəyə baxmaq heç kəs üçün maraqlı deyildir. Buna görə də savadlı futbolçu taktikanın əsaslarını bilməklə kifayətlənməməli, müstəqil düşünməyi bacarmalı, yeni, orijinal oyun tərzi axtarmalı və tapmalıdır. Bir sözlə, futbolda yenilik yüksək qiymətləndirilir və məşhur oyunçuların hamısı bu cəhətdən fərqlənir. Oyun zamanı heç kəsi təqlid etməmək, başqalarından müəyyən bir xüsusiyyətə görə fərqlənmək lazımdır. Belə futbolçu öz komandası üçün həmişə faydalı olacaqdır, çünki rəqibi dəfələrlə çətin vəziyyətdə qoruya biləcəkdir.
Oyunu tribunalardan tamaşa edən tamaşaçılar təkcə topun hərəkətini deyil, futbolçuların fəaliyyətini də diqqətlə izləyirlər. Gərgin futbol oyunu, iştirakçıların hər birinin xarakterini açıq-aydın göstərir.
Bu ciddi oyunda gərginliyə davam gətirmək hər adamın işi deyildir. Təbiətən qorxaq olanlar özlərini narahat hiss edirlər. Özü haqqında yüksək fikirdə olanlar hamıdan fərqlənməyə, alqışlar qazanmağa çalışır, komanda yoldaşlarını unudur, topu özündə çox saxlayır və nəticədə onun günahı üzündən hücum əməliyyatı yarımçıq qalır. Özlərini məşhur futbolçu sayanlar isə komanda yoldaşları səhv edən kimi çiyinlərini çəkir, əlləri ilə başlarını tutur, tamaşaçılara göstərmək istəyirlər ki, kim isə çox pis oynayır, halbuki bunun əvəzində həmin yoldaşa kömək etməyə və səhvi düzəltməyə çalışmaq lazımdır. Meydançada gözdən pərdə asanlara da rast gəlirik. Belələri adi toqquşma zamanı yerə sərilib qıvrılmağa başlayır, guya ağır zədə aldıqlarını göstərməyə çalışırlar. Futbolçular arasında kiçik müvəffəqiyyətsizlik zamanı ruhdan düşənlər, nəhayət, təhlükəli hərəkətlərə, kobudluğa yol verənlər də vardır.
Lakin belələrinin sayı azdır. Oyun özü onları «saf-çürük» edir: kim onun mübariz ruhuna uyğun gəlmirsə, çox davam gətirə bilmir, yaxud hər halda usta futbolçu olmur.
Digər tərəfdən, futbol özü də adamlara təsir göstərir, ən yaxşılardan nümunə götürməyə məcbur edir.
Hər bir komanda müxtəlif xasiyyətli adamlardan ibarətdir. Lakin oyundan əvvəl onlar eyni rəngdə mayka geyirlər və tamaşaçıların qarşısına vahid, yekdil bir kollektiv kimi çıxırlar. Futbolçular cəsarətlə, inamla, ilhamla oynadıqda, son saniyəyədək qələbə uğrunda mübarizə apardıqda tamaşaçılar gur səslə və coşğun alqışlarla öz razılıqlarını bildirirlər. Oyun ehtirassız, sönük olduqda azarkeş qaşlarını çatıb sakit oturur, iradəsiz, süst, laqeyd oyun gördükdə isə hətta fit çalır.
Futbolçular nə qədər dərin təlim görmüş olsalar da, qələbə həvəsi ilə oynamasalar, doğma komandanın mənafeyini var qüvvə ilə qorumasalar, ümumi məqsəd uğrunda mübarizə aparmasalar, dostluq etməsələr, güclü bir komanda yarada bilməyəcəklər.
Yekdillik futbolun gözəl qanunlarından biridir. Tamaşaçı ədalətli oyun görmək istəyir. Futbolun öz qaydaları vardır, burada bütün hallar nəzərdə tutulmuşdur. Həmin qaydalar on illər ərzində yaradılmış və dəqiqləşdirilmişdir. Məsələn, qapılara torların taxılması ilk dəfə 1891-ci ilin mart ayında İngiltərənin Şimal və Cənub komandaları arasında keçirilən oyunda olub. Futbol oyunu 2000 il yarım əvvəl qədim Yunanıstan və Romada da mövcud idi.
1863-cü ilin oktyabrında Londonda top oyunu həvəskarları toplaşıblar. Hakim meydana fitlə yalnız 1878-ci ildə çıxıb. Həmin vaxta qədər hakim meydandan kənarda otururdu və oyunçular ona müraciət etdikdə onların mübahisələrini həll edirdi. 11 metrlik cərimə zərbəsi 1891-ci ildən etibarən oyunun qaydalarına daxil edilib. 1926-cı ildən isə birbaşa küncdən zərbə ilə vurulan qolları da hesaba almağa başlayıblar. Dünyanın ilk futbol klubu "Şeffild” sayılır. Bu komandanın əsası 1857-ci ildə qoyulub. O ki, qaldı futbol tarixinin ilk beynəlxalq qarşılaşmasına bu hadisə 1872-ci il noyabr ayının 30-una təsadüf edib. Futbolçuların köynəklərinə nömrələr isə daha gec - 1939-cu ildən yazılmaqdadır. Futbolun bütün dünyada tanınmasında heç şübhəsiz Jül Rimenin əməyi danılımaz olub. Fransalı mütəxəssis 33 il FİFA-ya rəhbərlik edib. 1928-ci ildə Amsterdamda təşkil olunan iclasda Dünya Çempionatının keçirilmə təklifi hamı tərəfindən bəyənilib və təsdiqlənib. İlk mundial 1930-cu ildə olub. Uruqvayda təşkil olunan turnirdə elə ev sahibləri çempion olublar. Mundiallarda ən çox qalib olan komanda Braziliya millisidir. 20-ci əsrin ortalarından etibarən isə artıq ayrıca olaraq qitə çempionatları da keçirilməyə başlanıb. Klub səviyyəsində də müxtəlif turnirlər mövcüddur. İngiltərə federasiya kuboku uğrunda yarış futbol tarixinin ən qədim klub turniri sayılır. Ancaq nüfuzuna görə ən böyük klub turniri əlbəttə ki Çempionlar liqasıdır. Keçmişdə Avropa Çempionlar Kuboku adlanan bu turnirdə köhnə qitənin ən güclü komandaları baş mükafat uğrunda mübarizə aparırlar. Bu yarışda ən çox qalib olan klub isə Madridin «Real»ıdır. Bundan əlavə nüfuzuna görə 2-ci klub yarışı UEFA Avropa Liqasıdır. Cənubi amerika qitəsində Libertadores və Sud Amerikana Kuboku turnirlərini də qeyd etməyə dəyər.


Hakimlik çox çətin bir peşədir


Bəzən hakim səhvə yol verir. Oyunçular və tamaşaçılar bunu bağışlamağı bacarmalıdırlar: axı hakim də insandır və yanıla bilər. Lakin o, tez-tez səhv etdikdə və oyunun nəticəsinə təsir etdikdə hakimlər kollegiyası onun meydançaya çıxmasına daha icazə vermir. Beləliklə, hakim də nəzarət altındadır və öz fəaliyyəti üçün cavabdehdir.
Azarkeşlər öz təəssüratlarından daha çox, hakimə inanmalıdırlar. O, oyun qaydalarını daha yaxşı bilir, hadisələri daha yaxından görür. Sevimli komandanın məğlubiyyəti üçün günahı hakimin boynuna yıxmaq ədalətsizlikdir.
Ədalət təkcə hakimə aid məsələ deyildir. Ölkəmizdə hər il «Ədalətli oyun üçün» xüsusi mükafatı verilir. Bu mükafata oyun qaydalarını ən az pozan komanda layiq görülür.
Tamaşaçılar kobud oyun görəndə qəzəblənirlər. Onlar haqlıdırlar.
Kobudluq necə əmələ gəlir? Kobud fəndlərə yol verənlər bir qayda olaraq rəqibin öhdəsindən gələ bilməyən, sürətdə, texnikada, dərrakədə ondan geri qalan futbolçulardır. Səciyyəvidir ki, yüksək səviyyəli oyunçular meydançada özlərini həmişə ləyaqətlə aparırlar. Qətiyyətlə deyə bilərik ki, nəzakətli oyun hər bir güclü və bacarıqlı futbolçuya xas olan cəhətdir.
Bir neçə kəlmə də azarkeşlər haqqında demək istəyirik. Futbolu yaxşı bilənlər və ürəkdən sevənlər həmişə ədalətli olmağa çalışırlar. Doğrudur, onlar sevdikləri komandaya qələbə arzulayırlar. Ancaq necə qələbə? Kobud, məzmunsuz, süst oyundan sonra təsadüfən, birtəhər qazanılmış qələbə əsl azarkeşi sevindirə bilməz. Onlar bu cür düşünməyi bacarmalıdırlar: «Sevdiyim komanda mənə əzizdir, futbol isə ondan da əzizdir». Belə olmasa, azarkeş futboldan əsl zövq ala bilməz və özünü bu oyunun bilicisi olmaq hüququndan məhrum edər.
Futbol maraqlı oyundur. O, əbədi bir sirr ilə əhatə olunmuşdur. Hər ilin baharında bizi eyni suallar düşündürür: hansı komanda çempion olacaqdır? Bu sualların cavabı məlum olanadək uzun müddət səbrlə gözləmək lazım gəlir. Çox zaman bizim ümidlərimiz və gümanımız tamamilə alt-üst olur. Bugünkü oyunun nəticəsini qabaqcadan kim dəqiq deyə bilər? Bəs sabah? İki komandanın iştirakı ilə keçirilən oyun barəsində «kim kimi?» sualı guya çətin deyildir, ancaq bu məsələ yalnız hakimin son fiti ilə birlikdə həll olunur.
Mükafatlar futbolun romantikası, onun gözəlliyidir. Həyət komandaları turnirinin qalibinə təqdim olunan vaza birinci və unudulmaz mükafatdır. Həmin gün o uşaqlar üçün «Qızıl ilahə»dən - dünya çempionları olan braziliyalılara əbədi verilmiş bu mükafatdan da əzizdir.


43444 oxunub

InvestAZ