XƏBƏR LENTİ
19 Mart 2024
18 Mart 2024
17 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024



Avrokuboklarda “final”ın ingilis adı
Maraqlı 10:05 / 21.05.2019

Kim necə düşünürsə, düşünsün, bu gün dünyada bir güclü çempionat var - İngiltərə Premyer Liqası. Bu turnirdə hər şey var. Sürət, dinamika, aqressiya və rəqabət. Buna görə də hazırda kürənin milyonlarla futbol azarkeşi İngiltərədə keçirilən matçları izləyir. Burada hakimlər hər xırda qayda pozuntusuna görə oyunu saxlamır. Burada VAR sistemi yoxdur (ola bilsin növbəti mövsümdən olsun-A.Ə) ki, futbolçular hər xırda məqama görə penalti tələb etsinlər. Burada matçlarda tək bir top olur ki, sanki məhəllə futbolunu xatırladır. VAR olmasa da "Goal Line” sistemi var ki, top qapıdan keçən kimi, hakimin qolundakı saata "qol” sözü yazılır.Məhz bu inkişafın nəticəsidir ki, Premyer Liqanın 4 komandası qitənin ən nüfuzlu iki yarışnda finala vəsiqə əldə ediblər. Maraqlı deyil?
Məhz bunu nəzərə alaraq, "Olimpiya dünyası” qəzeti İngiltərə Premyer Liqasına həsr olunmuş yazını oxucularına təqdim edir.


İngiltərədə çempion
olmaq çox çətindir
İngiltərə Premyer Liqasında çempionluq uğrunda mübarizəyə start veriləndə "Mançester Siti”nin baş məşqçisi maraqlı fikirlər söyləyərək, bütün diqqətləri öz üzərinə çəkmişdi. "Mən bu vaxta qədər Avropanın aparıcı çempionatlarında məşqçilik etmişəm. Lakin etiraf edim ki, İngiltərədə çempion olmaq çox çətindir. Bu çempionatda asan və mübarizə aparmayan komanda yoxdur. Heç bir qarşılaşmada qələbəni arxayın qazanmaq mümkün deyil. Aşağı pillələrdə qərarlaşan və debütant olan komanda belə liderləri büdrədə bilər”, - deyə ispaniyalı mütəxəssis bildirmişdi. Quardiolanın dedikləri doğru çıxdı. İngiltərə çempionatı gərgin və maraqlı keçdi. Digər çempionatlardan fərqli olaraq, Premyer liqanın qalibi son turda müəyyənləşdi. "Şəhərlilər” ən yaxın izləyicisi - "Liverpul”u cəmi 1 xal qabaqlaya bildilər. Mütəxəssislərin fikrincə İngiltərə çempionu olmaq yerli klublar üçün daha önəmli sayılır. Lakin Çempionlar Liqasında baş mükafata sahib olmaq isə hər bir klubun arzusudur. 1/4 finala qədər keçirdiyi bütün görüşləri uğurla başa vuran komandanın qarşısını elə öz həmyerliləri kəsdi. Söhbət "Tottenhem”dən gedir. Neçə ildir ki, Çempionlar Liqasında arzusunu həyata keçirə bilməyən "Mançester Siti” yenə də bu estafeti uğursuz başa vurdu. Yalnız "Barselona” ilə ÇL-in qalibi olan Pep Almaniyada olduğu kimi, İngiltərədə də ondan kubok gözləyən azarkeşləri məyus etdi. Görünür, ispaniyalı baş məşqçi karyerasında yalnız "Barselona”nın qazandığı kubokla təskinlik tapacaq. "Mançester Siti”nin ÇL-də qələbə qazanması yaxın bir neçə ildə mümkün olmayacaq. Əgər "Liverpul” və yaxud "Tottenhem” qitənin ən nüfuzlu turnirində qalib olsa, "şəhərlilər”in tələbi daha da artacaq. Quardiola isə elə bir məşqçidir ki, ondan nəsə tələb edəndə, o, bu tələbə fikir vermir. Tezliklə həmin yerdən uzaqlaşır. Yəqin ki, növbəti mövsümdə ÇL-in kuboku qazanılmasa, Pep özü Mançesteri tərk edəcək.

Əgər sənin
komandan Bakıda oynamırsa..
Bakı və bakılılar haqqında şüursuz danışan Yürgen Klopp baş məşqçi kimi qazandığı nüfuzunu bir qədər itirdi, desək, yanılmarıq. Görünür, onun dünya görüşü futboldan və stadiondan o tərəfə keçmir. Sual verilə bilər ki, əgər sənin komandan Bakıda oynamırsa, sənin Bakının Avropa Liqasının finalına ev sahibliyi etməsi barəsində dediyin sözlər nəyə lazımdır? Sən hələ bilmirsən "Metropolitano”da qələbə qazanacaqsan, ya yox, artıq özündən hündürə boylanırsan. Əgər "Barselona” yarımfinalda arxayınlıq etməsəydi, Ernesto Valverdenin məşqçi taktikası olsaydı, sənin komandanın finalda izi-tozu olmazdı. Söz yox ki, "Liverpul” güclü futbolçulardan ibarətdir. Əgər belə olmasa idi, aparcı futbolçular olmadan qələbə qazana bilməzdi. Bilmirəm bunu bəlkə də bəxt amili ilə əlaqələndirmək olar. Bir daha qeyd edim ki, "Barselona” yalnız arxayınlıq və komandadakı intizamsızlıq səbəbindən "Enfild”i məğlubiyyətlə tərk etdi. Klopp 2015-ci ildən bəri hələ komandasına bir kubok belə qazandırmayıb. Amma onun uzun dili var. Bu almana yəqin ki, kimsə başa salacaq ki, Bakı və bakılılar həm qonaqpərvərdir, həm də hörmət saxlayandır. Bunu beynəlxalq yarışlarda - Bakı-2015 I Avropa Oyunlarına, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarına gələn avropalıların əvəzinə İngiltərədə oturub, Bakı haqqında ağlına gələni deyirsə, görünür, özündən başqa heç kimi və heç yeri tanımır. Olsun, Maurissio Sarri, ya da Unay Emeri Bakıya gəlib, qayıdandan sonra Klopp fürsət tapıb onlarla görüşər, həmin həmkarlarının Bakı təəssüratlarını öyrənər. Yəqin dünya şöhrətli karikaturaçı Omar Momaninin Kloppa verdiyi mesaj ünvanına çatmayıb.


Kürsüsüz
"zadəganlar”
İngiltərədə "Çelsi”ni bəxti gətirməyən klub kimi tanımaq olar. Komandanın nə qədər güclü futbolçuları olsa belə, yenə də "zadəganlar” yüksək kürsüdə əyləşə bilmirlər. 1952-ci ildən bu günə qədər 15 məşqçi ilə müxtəlif titullara malik olan "Çelsi” bu mövsüm çempionluq imkanlarını əldən verdi. Komanda 72 xalla Premyer Liqada üçüncü pillədə qərarlaşdı. Bu o deməkdir ki, "Çelsi” növbəti mövsümdə UEFA Çempionlar Liqasında çıxış edəcək. Bu mövsüm komanda da bir sıra anlışılmazlıqlar oldu. İtaliyalı baş məşqçi ilə "Çelsi” çox aşağı səviyyədə çıxış etdi. İstər evdə, istərsə də səfərdə Sarrinin komandası mühüm xallar itirdi. Güclü heyətə malik olmasına baxmayaraq, "zadəganlar” iki cəbhədə vuruşa bilmədilər. Premyer Liqada güclü rəqabətə davam gətirə bilməyən komanda daha çox diqqəti UEFA Avropa Liqasına yönəltdi. Komandanın bu planı özünü doğrultdu. "Çelsi” Liqanın finalında oynamaq imkanı əldə edib. Maraqlıdır ki, onun rəqibi də eyni şəhərin digər təmsilçisi "Arsenal”dır. Finala vəsiqə əldə etməsinə baxmayaraq, "Çelsi”nin daxilində ciddi problemlər hökm sürür. Qeyd olunduğu kimi, heyətin əksər üzvləri baş məşqçi ilə ortaq məxrəcə gələ bilmir, onunla hesablaşmaq istəmir. Sanki heyətdə bir nüfuzlu futbolçu var ki, bütün komanda onun sözləri ilə oturub-durur. Belə bir qruplaşma olan kollektivdə heç bir çempionluqdan söz açmağa dəyməz. Sarrinin indi bir şansı var. O da, Bakıda qələbə qazanıb, kuboku əldə etmək. Əgər belə olmasa, onda Sarri 1952-ci ildən bu günə kimi "Çelsi”də mükafat qazanmayan məşqçi olacaq. Bu həm onun, həm də klubun tarixinə antirekord kimi yazılacaq.


Mübariz kollektivin Avropanın
ən güclü klubu olmaq şansı

"Tottenhem” də bu il öz gücündən çox az istifadə edən bir klub kimi yadda qaldı. Bir il ərzində demək olar ki, futbolçu transferi etməyən komanda öz gücünə oynadı. Onu da qeyd edək ki, komanda üçün yeni futbol arenası tikilir. Bu səbəbdən "Tottenhem” heyətini gücləndirmək üçün maliyyə vəsaiti tapa bilmədi. Hətta komandanın aparıcı futbolçusu Harri Keynin zədəli olmasını da diqqətdən qaçırmaq olmaz. Lakin Poçettinonun mübariz kollektivi Premyer liqada ilk altılıqdan kənarda qalmadı. Eyni zamanda ötən mövsümdə ÇL-də işini yarımçıq qoyan "Tottenhem” bu dəfə finala vəsiqə əldə edib. "Mançester Siti”ni mübarizədən kənarlaşdıran "mahmızlar” Avropanın ən güclü klubu olmaq şansı qazanıb. Əgər "Liverpul” səddini keçəsələr, onda "Tottenhem” tarixində ilk dəfə Çempionlar Liqasının qalibi adını qazanacaq. Əslində hər şey onlardan asılıdır. "Liverpul” Premyer Liqada "Tottenhem”ə qalib gəlsə də, ÇL-in finalında hər şey fərqli olur. "Mahmızlar” bunu bu mövsüm dəfələrlə təkrar ediblər. Onlar matçda geridönüş etməyi bacaran kollektivlərdən sayılırlar. "Tottenhem”in baş məşqçisi yaxşı bilir ki, belə bir imkan bir daha ələ düşməyəcək. Çünki gələn mövsümdə rəqiblər builki kimi yarışa "dırnaqarası” yanaşmayacaqlar.

Xatirəyə çevrilən
çempionluq

"Arsenal”ın tarixi uğursuzluqları deyəsən, geridə qalır. Amma bunu Premyer Liqaya aid etmək olmaz. Arsen Vengerlə ölkə çempionatında "sürgün həyatı yaşayan topçular” bir balaca dirçəlməyə doğru gedir. Əgər belə olmasa idi, "topçular” UEFA Avropa Liqasında finala vəsiqə əldə etməzdilər. Biz onların yüksəlişini Olimpiya stadionunda açıq-aşkar görmək imkanı əldə etmişik. Vengerin həmyerlisi Unay Emeri uzun illərdən sonra komandaya böyük uğur qazandıra bilər. Bakıdakı "London derbisi” bütün suallara aydınlıq gətirəcək. Lakin "Arsenal” azarkeşləri üçün Premyer Liqada sonuncu dəfə 2003-2004-cü ildə əldə olunan qalibiyyət bir xatirəyə çevrilib. Tələbkar ingilislər komandanın yenidən həmin nailiyyəti təkrarlamasını tələb edirlər. Lakin nəzərə alsaq ki, bu, Premyer Liqadır, burada çempion olmaq asan deyil, onda klub rəhbərliyi daha mütərəqqi layihələr üzərində işləməlidirlər. Əks halda Unay Emeri kimi bir neçə baş məşqçi öz vəzifəsindən getməli olacaq.


Öz işini nizama sala bilməyən
"qırmızı şeytanlar”

"Mançester Yunayted” haqqında da bu il xoş sözlər demək mümkün olmadı. Komandanın Premyer Liqada 6-cı yeri tutması "qırmızı şeytanlar” üçün uğursuz nəticə hesab olunur. Heyətində ulduz futbolçular olmasına baxmayaraq, "Mançester Yunayted” etimadı doğrulda bilmədi. Liqanın ortalarında Mourinyonu yola salıb, Ule Qunnar Sulşeri baş məşqçi gətirən komanda rəhbərliyi ardıcıl olaraq bir neçə qarşılaşmada qələbə qazandı. Çoxları düşündü ki, "qırmızı şeytanlar”ı dayandırmaq olmayacaq. Amma "qırmızı şeytanlar”ın özləri dayandı. Nəticədə çempionluq imkanları tükəndi, Çempionlar Liqasında çıxış bərbad oldu. PSJ kimi klubu mübarizədən kənarlaşdırsa da, onlar "Barselona” səddini aşa bilmədilər. Ümumiyyətlə, "Mançester Yunayted” Primyer Liqada öz işini nizama sala bilməyən komandalardan sayılır. Çox güman ki, növbəti mövsümdə də "Mançester Yunayted” eyni aqibəti yaşayacaq. Hətta aparıcı futbolçuların klubu tərk edəcəyi də, istisna deyil.
Anar Əhmədov


27561 oxunub

InvestAZ