XƏBƏR LENTİ
05 Aprel 2020
03 Aprel 2020
01 Aprel 2020
31 Mart 2020
29 Mart 2020
13 Mart 2020
11 Mart 2020



Zemfira Meftəhətdinova: “İstəyirəm ki, insanlar məni şöhrətin zirvəsində xatırlasınlar”
Müsahibə 14:14 / 11.02.2019


                                                               Dosye
Adı: Zemfira
Soyadı: Meftəhətdinova
Doğulduğu yer: Bakı şəhəri
Təvəllüdü: 28.05.1963-cü il
Boyu: 164 sm
İdman növü: Stend atıcılığı "dairəvi”
Nailiyyətləri: Sidney Yay Olimpiya Oyunlarının qalibi, Afina Olimpiadasının bürünc mükafatçısı, ikiqat Olimpiya rekordçusu, altıqat dünya rekordçusu, ikiqat dünya çempionu, yeddiqat Avropa çempionu, dünya Kubokunun qalibi.
İdman sahəsində qazandığı nailiyyətlərə görə "Şöhrət Ordeni” və "Tərəqqi medalı” ilə təltif olunub.
2000-ci ildə Azərbaycanda "XX əsrin ən yaxşı idmançısı” adına layiq görülüb.



İdmançılarımızın uğurlarına daim işıq salan "Olimpiya dünyası” qəzetində Olimpiya çempionu Zemfira Meftəhətdinovanın idmanda qazandığı uğurlar haqqında çox yazılıb. Uşaq yaşlarından idmana maraq göstərən atıcımız idmanda ən yüksək nailiyyətlər qazanıb. Dəfələrlə dünya və Avropa çempionatları kimi mötəbər yarışlarda qalib olan idmançımızın ən yüksək uğuru Olimpiya çempionu adını qazanmasıdır. Həyatını idmana həsr edən Zemfira xanım artıq bir müddətdir ki, idman karyerası ilə vidalaşıb. Bu il idmançımıza yeni vəzifə də həvalə olunub. Belə ki, hazırda polis polkovniki Zemfira Meftəhətdinova Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin (DİN İC) sədri kimi çalışır. "Olimpiya dünyası” qəzetinə verdiyi müsahibəsində Zemfira xanım idmanın onun həyatında rolu, karyerasını başa vurduqdan sonra həyatında baş verən yeniliklər barədə söz açdı.


"Yeni vəzifəyə təyin
edilməyim mənim üçün
böyük sürpriz oldu”
- Zemfira xanım, sizi ilk növbədə yeni vəzifəyə təyin olunmağınız münasibətilə təbrik edirik. İllər boyu sərbəst həyata alışmış insan kimi stol arxasında işə başlamaq sizə çətin olmadı ki?
- Təbrikə görə çox sağ olun. Düz deyirsiniz, ilk günlər həqiqətən də işə alışmaq çox çətin idi. Yeni vəzifəyə təyin olunmağım mənim üçün böyük sürpriz oldu. Bu təyinatdan sonra evə göz yaşları içində gəldim və evdəkilərə dedim ki, bu işin öhdəsindən gələ bilməyəcəyəm. Amma insan hər işə alışır. Artıq 6 aydır ki, DİN İC-nın sədri işləyirəm. Cəmiyyətdə çox gözəl insanlar çalışırlar. Çox gözəl kollektivimiz var. Onlar mənə anlayışla yanaşırlar. Bilirlər ki, heç vaxt bu cür işdə işləməmişəm. Həyatımın böyük hissəsi idmanda keçib. Bunu anlayışla qarşılayır və mənə işimdə köməklik edirlər.
- Yeni təyinatınızı evdə necə qarşıladılar?
- Ailə üzvlərim, qızım, oğlum, hamısı sevindilər. Onlar mənimlə fəxr etdiklərini bildirdilər. Yaxınlarım mənə görə həm də narahat olurlar. Çünki bu, məsuliyyətli işdir.
- Zemfira xanım, necə düşünürsünüz, idman həyatı adi həyatdan nə ilə fərqlənir?
- İdman çətin sahədir. Burada gərək özünü bütünlüklə bu sahəyə həsr edəsən. İstirahət üçün boş vaxtların olmur. İdmanda uğur qazanmaq üçün çox şeyi qurban verməlisən. Şükürlər olsun ki, idmanda əziyyətim hədər getməyib. Məşqçim Hafiz Cəfərovun rəhbərliyi altında 13 yaşından stend atıcılığı ilə məşğul oluram. Hafiz müəllimin rəhbərliyi altında Olimpiya çempionu adını qazanmışam. Olimpiya Oyunlarının bürünc mükafatçısı, ikiqat dünya çempionu, yeddiqat Avropa çempionu olmuşam.

"Karyeramın zirvəsində
idmanla vidalaşmaq istəyirdim”
- Necə oldu ki, karyeranızı başa vurmaq qərarına gəldiniz?
- Son bir neçə il idi ki, Hafiz müəllimə deyirdim ki, idmandan kənarlaşmaq, məşqçiliyə keçmək istəyirəm. Bu idman növü məndə yaxşı alındığından Hafiz müəllim idmanda qalmağımı məsləhət görürdü. O deyirdi ki, sən təcrübəlisən, potensialın var, bu növdə uğurlar qazana bilərsən. Əslində, mən karyeramın zirvəsində idmanla vidalaşmaq istəyirdim. İstəyirəm ki, insanlar məni şöhrətin zirvəsində xatırlasınlar. Məncə, hər şeyi vaxtında etmək lazımdır. Bir maraqlı məqamı xatırladım. Sovet dövrünün tanınmış atıcısı olan Yevgeni Petrov gənc yaşlarında Olimpiya çempionu adını qazansa da, karayerasını başa vurdu. Onun belə gənc yaşlarında idmanla vidalaşması çoxlarını təəccübləndi. Sonra o yığma komandanın baş məşqçisi kimi karyerasına davam etdi. İndi onu hamı Olimpiya çempionu kimi xatırlayır. Onun bu addımı atmasında məqsədi o idi ki, yaddaşlarda çempion kimi yaşasın. Məndə isə elə oldu ki, idmanı davam etdirdim. Sidney Olimpiadasından sonra Afina Olimpiya Oyunlarında bürünc medal qazandım. Son dövrlərdə yarışlarda çıxışlarım o qədər uğurlu olmadı. Ölkə çempionatında sonuncu çıxışım zamanı layiqli perspektivli gənc nəslin yetişdiyini gördüm və qərara gəldim ki, artıq idmanla vidalaşmaq vaxtıdır. Nurlana Cəfərova, Sevda Mustafayeva, Emin Cəfərov kimi idmançılarımız gələcəkdə uğurlu nəticələr göstərəcəklər. Bu idmançılar Hafiz Cəfərovun rəhbərliyi altında yetişirlər. Bildiyiniz kimi, qızım Regina da atıcılıqla məşğul olur. Hazırda o analıq məzuniyyətindədir. Buyaxınlarda nəvəm dünyaya gəlib. Nəvəmin adını Cəmil qoymuşuq. İnanıram ki, qızım da bir müddətdən sonra yenidən idmana qayıdacaq və öz sözünü deyəcək.
- Məşğul olduğunuz idman növündə yaş məhdudiyyəti varmı?
- Stend atıcılığında yaş məhdudiyyəti yoxdur. Kanadadan olan bir idmançı 60 yaşı olmasına baxmayaraq hələ də bu idman növündə çıxışını davam etdirir, yarışlara qatılır. Bu insanın gücü və potensialından asılıdır.
- Olimpiya çempionu olanda neçə yaşınız var idi?
- 37.
- Bu uğura daha tez nail olmaq istərdinizmi?
- Məncə, bu qismətdir. Hər şeyə zaman lazımdır. Əlbəttə ki, 13 yaşında stend atıcılığı idman növü ilə məşğul olmağa başladım. Məktəbi bitirib instituta daxil oldum. 3-cü kursda oxuyarkən məni keçmiş "Dinamo”ya təlimatçı götürdülər. Gənclər arasında SSRİ birinciliyinin qalibi oldum. 1993-də müstəqil Azərbaycan dövlətinin bayrağı altında Avropa çempionu adını qazandım. Daxili işlər naziri tərəfindən mənə leytenant rütbəsi təqdim olundu. 1995-də dünya çempionatında, 1997-ci ildə yenidən Avropa çempionatında qalib oldum. 1998-də mötəbər yarışlardan olan Dünya kubokunun finalında çempion tituluna yiyələndim.

O vaxtlar biz idmana gələrkən məqsədimiz Olimpiya çempionu olmaq deyildi. İndi valideynlər övladlarını idmana yazdıran kimi Olimpiya çempionu olmasını istəyirlər. Amma idman çətin sahədir. Bu sahədə uzun illər əziyyət çəkməlisən. Olimpiya çempionu titulunu qazanmaq üçün 13 yaşından 37 yaşına kimi məşqçimlə birgə idmanda uzun bir yol qət etmişəm. Sovet dönəmində idmançılara indiki kimi diqqət və qayğı yox idi. Hazırda ölkəmizdə idman yüksək səviyyədə inkişaf edir. Titullu idmançılarımızın sayı kifayət qədərdir. Gənclərimiz tanınmış idmançılara baxaraq ruhlanır, Olimpiya çempionlarının məşqlərini izləyir, keçirilən yarışlarda təcrübə qazanırlar.


"Hər bir qadın çətin anlarında
ayaqları üzərində dayanmağı bacarmalıdır”
- Həyatda uğurlar qazanmış qadın kimi zərif cinsin nümayəndələrinə nə məsləhət görürsünüz?
- Hər bir qadın həyatda müəyyən mənada müstəqil olmağı bacarmalıdır. Çünki insanın başına nə gələcəyini heç kim bilmir. Həyatda çox çətinliklərlə üzləşmişəm. Hər bir qadın çətin anlarında ayaqları üzərində dayanmağı bacarmalıdır. Bunu mən öz qızıma da məsləhət görürəm. Hər bir gənc qız ilk növbədə ali təhsil almağı qarşısına məqsəd qoymalıdır. Hər hansı sahədə uğur qazanmaq üçün öz üzərində işləməlidir. Həm ailəni, həm də işi bir araya sığışdırmağı bacarmalıdır. Bugünkü gündə ideal qadın timsalında ən parlaq nümunə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevadır. Mehriban xanım qayğıkeş ana, gözəl həyat yoldaşı, bacarıqlı rəhbərdir.


"İstənilən sahədə
çalışmaq çətindir”
- Bəs sizdə necə, ailə qayğıları işinizə mane olmur ki?
- İdmanda olduğum dövrlərdə də, indi də müəyyən çətinliklər var. Məncə, istənilən sahədə çalışmaq çətindir. Məsələn, jurnalistika sahəsinin özünün də çətinlikləri mövcuddur. Jurnalistlər vaxtının əksəriyyətini digər insanların həyat və yaradıcılığına həsr edirlər. Bununla belə, ailə həyatını da işlə uyğunlaşdırmağa çalışırlar. İdmançı olduğum dövrlərdə valideynlərim qızımı böyütməkdə mənə kömək edirdilər. Oğlum isə atası ilə və ya baxıcısı ilə qalırdı. Məncə, insan nəyi isə arzulayırsa, onu əldə etmək üçün mütləq yol tapacaq. Əsas odur ki, mənəvi və fiziki cəhətdən özünü həmin işə həsr edəsən. Belə olan halda nəticə də olacaq.
- Bu qədər titulun sahibisiniz. Heç "ulduz xəstəliyi”nə tutulmusunuz?
- Məncə, bunu ətrafdakı insanlar daha yaxşı deyə bilərlər. Amma mənə elə gəlir ki, belə hal baş verməyib (gülür).
- Həyatda ən çox kimə güvənirsiniz?
- Tanrının əli hər zaman üzərimdədir. Bunu hiss edirəm. Ətrafımda məni xeyirxah, vəfalı insanlar əhatə edirlər. Valideynlərim, qardaşım, həyat yoldaşım, övladlarım həmişə məni dəstəkləyiblər. Məşqçim Hafiz Cəfərov mənə idmanda valideynlərimi əvəz edib. O məni öz övladı kimi böyüdüb, idmanda və həyatda uğur qazanmağımda böyük rol oynayıb. Çətin anlarda və yaxşı günlərdə o həmişə mənim yanımda olub. Yaxın dostlarımın da köməyinə həmişə güvənmişəm.


"İdmandakı kimi işdə də öz sözümü demək istəyirəm”
- Necə düşünürsünüz, Olimpiya çempionluğu titulu həyatınızda hansı rolu oynayıb?
- Bu ad mənə çox uğur gətirib. Olimpiya çempionu kimi insanlar mənə isti, xeyirxah münasibət bəsləyiblər. Məhz bu ada, idmanda qazandığım nailiyyətlərə görə mən bu gün Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin sədri vəzifəsində çalışıram. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevə, Daxili İşlər Nazirliyi rəhbərliyinə minədtaram ki, mənə bu cür məsuliyyətli vəzifəni həvalə ediblər. Bu kiçik vəzifə deyil. İdmandakı kimi, işdə də öz sözümü demək istəyirəm.
- Olimpiya Oyunlarındakı uğurlarınızı tez-tez xatırlayırsınız?
- Çıxışıma hər dəfə baxarkən sevinc göz yaşlarımı saxlaya bilmirəm. İndi də həmin anları xatırlayanda həyəcan hissi məni bürüyür. Öz-özümə qeyri-ixtiyari deyirəm: "Biz buna nail olduq”. Stend atıcılığı ilk dəfə 2000-ci ildə Olimpiya oyunlarının proqramına salındı və mən həmin yarışda qalib gəldim. 1998-ci ildə qadınların Dünya kubokunun finalında iştirakına icazə verildi. Həmin yarışda uğurla çıxış edərək xrustal kuboka layiq görüldüm.
- Yeri gəlmişkən, mükafatlarınızı evdə saxlayırsınız?
- Hələ ki onları evdə saxlayıram. İstəyirəm ki, nəvələrim böyüyəndə onları görüb fəxr etsinlər.
- Bilirik ki, qızınız Regina atıcıdır. Oğlunuz necə, idmana maraq göstərir?
- Qızım əvvəllər bədii gimnastika və atıcılığı çox sevirdi. Rəqsə gedirdi. Qızıma kifayət qədər vaxt ayıra bilmirdim. Etiraf edim ki, Reginanı həmişə atıcılıq üçün qoruyurdum. Hələ kiçik yaşlarından onu öz hesabıma yarışlara aparırdım. Hafiz müəllim də həmin vaxtlar öz oğlunu yarışlara aparırdı. Müəyyən səviyyəyə gəldikdən sonra onlar rəsmi olaraq federasiya tərəfindən yarışlarda iştirak etməyə başladılar. Oğlum DİN İC-da ciu-citsu ilə məşğul olur. Üzgüçülüyə, şahmata da gedir. Oğlumun elə xasiyyəti var ki, onu nəyi isə etməyə məcbur etmək lazımdır. Mən yanında olanda o daha da ürəklənir.


"İdmançılar çox, Olimpiya medalı isə bir dənədir”
Necə düşünürsünüz, idman gənclərin həyatında hansı rola malikdir?
- İdman gənclərin hərtərəfli inkişafında böyük rol oynayır. Söhbət peşəkar idmandan getmir. Böyük idmanda uğurlar qazanmaq hər kəsə nəsib olmur. Hər bir idmançı dünya arenasına çıxıb, medal qazana bilmir. İdmançılar çox, Olimpiya medalı isə bir dənədir. Həvəskar şəkildə idmanla məşğul olmaq sağlamlıq üçün ən gözəl vasitədir. Bundan başqa, idman gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün yaxşı vasitədir. Hər bir valideyn bunu başa düşməli və övladını bu yola istiqamətləndirməlidir.
- Bugünkü gənclikdən razısınızmı?
- Hər bir dövrün öz tələbi var. Bizim dövrümüzdə gənclik başqa cür idi. Uşaqlar açıq havada çox vaxt keçirir, bir-birləri ilə ünsiyyət qururdular. O vaxtlar biz çox maraqlı oyunlar oynayardıq. İndiki gəncləri bunlar maraqlandırmır. İndi uşaqlar daha çox kompyuter qarşısında vaxt keçirməyə üstünlük verirlər. Sözsüz ki, bütün bunlar dünyada baş verən proseslərlə əlaqədardır. Müasir gənclik zəngin dünyagörüşünə malikdir. Onlar bunu bilmək məcburiyyətindədirlər. Bizim dövrümüzdə elə bir tələb yox idi ki, sən çox dil bilməlisən. İndi nə qədər çox dil bilsən, kompyuteri yaxşı bilsən, gələcəyin bir o qədər uğurlu olacaq, işlərin öhdəsindən bir o qədər asanlıqla gələcəksən. Bununla belə çalışıram ki, övladlarımla işdən sonra havada daha çox vaxt keçirim. Oğlum çox gözəl velosiped sürür. İndi komyuteri əlindən almışam. Ona demişəm ki, müəllimə səni tərifləməyincə komyuteri sənə qaytarmayacağam. İndi o dərslərini daha yaxşı oxumağa çalışır (gülür).

"Həyat yoldaşım deyir ki,
mən hamıdan yaxşı yemək bişirirəm”
- Hobbiniz varmı?
- Kitab oxumağı, filmə baxmağı çox sevirəm. Amma indi işdə elə yoruluram ki, heç nə ilə məşğul olmağa vaxt qalmır.
- Yemək bişirməyi xoşlayırsız?
- Yemək bişirməyi çox xoşlayıram. Həyat yoldaşım deyir ki, mən hamıdan yaxşı yemək bişirirəm. Yoldaşım məni tərifləyirsə, deməli yaxşı bişirirəm.
- Həyata keçməyən arzularınız varmı?
- Belə bir arzum qalmayıb. Düzü, idmanda olarkən də Olimpiya çempionu olmağı arzulamırdım. Əsas məqsədim yaxşı idmançı olmaq idi. Sonradan idman mənim gündəlik həyat tərzimə çevrildi. Dincəlmək üçün kifayət qədər vaxtım olmayıb. Çox istəyirəm ki, ailəmlə birlikdə vaxt keçirərək dincəlim.

"İdmançı məğlub olarkən
ruhdan düşməməlidir”
- İdmançılara nə arzulayırsınız?
- Deyirlər general olmağı arzulamayan əsgər yaxşı əsgər deyil. Yaxşı idmançı qarşısına məqsəd qoymalı, ona tərəf getməlidir. Düzdür, elə məşq etməlisən ki, çempion olasan. İdmanda qələbə də, məğlubiyyət də var. İdmançı məğlub olarkən ruhdan düşməməlidir. İdmançının qələbə qazanmasında məşqçinin də rolu böyükdür. Məşqçi idmançını elə hazırlamalıdır ki, lazımi anda onu yüksək hazırlıq formasına çatdırsın. Bundan başqa, hər bir idmançı məşğul olduğu idman növünə ürəkdən bağlanmalıdır.
- Atıcılıqda ən vacib tələb nədir?
- Hər bir idman növündə olduğu kimi, dözümlülük. Burada yaş məhdudiyyəti yoxdur. Yaşla bağlı müəyyən problemlər də çətinlik yaratmır. Əsas odur ki, fiziki və mənəvi cəhətdən dözümlü olasan. Texniki hazırlıqla yanaşı, öz hisslərini cilovlamağı bacarmalı, özünə güvənməlisən.
- Gələcəklə bağlı hansı planlarınız var?
- Planlarım yeni işimlə bağlıdır. İstərdim ki, nəzərimdə tutduğum bir sıra yenilikləri həyata keçirim.
- Bu il ölkəmiz tarixdə ilk dəfə I Avropa Oyunlarına ev sahibliyi etdi. Bakı-2015 Avropa Oyunları ilə bağlı fikirlərinizi öyrənmək istərdik.
- Avropa Oyunları bütün dünyanı heyran qoydu. Bu Oyunlar möhtəşəmliyi ilə fərqlənirdi. Açılış və bağlanış mərasimləri inanıram ki, yaddaşlardan uzun müddət silinməyəcək. Yarışların təşkilinə olan münasibət, açılış və bağlanış mərasiminin möhtəşəmliyi, Atletlər kəndində yaradılan şərait bir növ Olimpiya Oyunlarını xatırladırdı. Bütün bunlar onu göstərir ki, Azərbaycan gələcəkdə Olimpiya Oyunlarına da ev sahibliyi edə bilər.
- Milli Olimpiya Komitəsinin sifarişi ilə sizin haqqınızda "Qızıl Sidney” filmi çəkilib. Bu filmə tez-tez baxırsınız?
- Çəkilən ikinci film mənə həsr olunub. Eşidəndə ki, mənim barəmdə film çəkəcəklər, həm narahat oldum, həm də sevindim. Narahat oldum ona görə ki, filmin necə alınacağını bilmirdim. Sevinməyimin səbəbi isə aydındır. Hər kəs ona qayğı göstərildiyini görəndə fərəhlənir, ürəyi dağa dönür. Birinci film müstəqillik dövründə ilk Olimpiya çempionu adını qazanan Nazim Hüseynova həsr olunmuşdu. Tanınmış idmançılar haqqında belə filmlərin çəkilməsi çox yaxşıdır. Bu, idman ölkəsi olan Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafını daha da sürətləndirir, yeniyetmə və gənclərimizdə bu sahəyə marağı artırır. "Qızıl Sidney” sənədli filmi ümumilikdə uğurlu alınıb. Bunu filmin təqdimetmə mərasimi zamanı idman ictimaiyyətinin nümayəndələri də qeyd etmişdilər. Filmə baxanda keçdiyim həyat yoluna bir daha nəzər salır, həmin məqamları sanki yenidən yaşayıram. Sidney Olimpiadasında maksimum nəticə göstərdikdən sonra tüfəngi başımın üstünə qaldıraraq, məni dəstəkləyən azarkeşlərə qarşı böyük qürur və sevinc hissi ilə addımladığım səhnə mənim üçün çox təsirli oldu. Digər epizodlarda şəxsi həyatım və idman nailiyyətlərimlə bağlı bir sıra məqamlar da var ki, onlara həyəcansız baxa bilmirdim. Onlardan biri odur ki, filmin sonunda oğlum Ruslana sual verirlər ki, "ən çox nə istəyirsən”. O isə cavabında "istəyirəm ki, anam evdə olsun” deyir.




4940 oxunub

InvestAZ