XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Futbol ehtirasları
Maraqlı 14:36 / 05.02.2019


Gözəl futbol insan hisslərinə hesablanır



Əslində futbol ehtirasları izaholunmazdır. Nə yoxdur futbolda?! Emosiyaların hər növü, ürək yanğısı, çırpıntı, ağız büzülməsi, iztirab, digər mənəvi ağrılar... Eyni zamanda da məmnunluq, gözəl anlar, hədsiz sevinc hissləri, heyrət, qanad çalıb uçmaq istəyi, dəlicəsinə bağırtılar...


Gözəl futbol insan hisslərinə hesablanır. Sevimli komanda qələbə qazananda qeyri-adi sevinc hissləri azarkeşlərin içinə dolur. Sanki ayrı bir aləmə düşürlər onlar. Oyun ərzində qəlblərə, qulaqlara nələr daxil olmur?! Damarlarda, beyinlərdə dolananlar azarkeşləri, tamaşaçıları sanki başqa bir aləmə aparır. Bütün bunlar ölçüyə gəlməyən sevinc hisslərinin anatomiyası deyilmi?..
Parapsixologiya da burada gücsüzdür. Axı, belə anlarda stadiondakı azarkeşlər özlərində olmurlar. Onlar sanki ətrafı görmürlər və hipnoz olurlar. Hətta əksəriyyəti idarəolunmaz dərəcəyə çatır.
Bəs doğma komanda uduzanda?.. Stadiona ağır sükut çökür. Sifətlərdə əzab və ağrı yaşanır. Əsəblər, hisslər tarıma çəkilir. Azarkeşlərin üz-gözündən nifrət, acıq yağır, dişlər qıcanır...
Amma hər iki halda titrəyən, həyəcanlanan, sevinən və bəzən məyus olan azarkeşləri görürük. Udub-uduzmaqdan asılı olmayaraq diqqətlər ancaq meydanda olur, baxışlar yalnız oyunçulara zillənir. Dünyanı lərzəyə gətirən futbolun gücü, əzəməti, fəlsəfi dərinliyi, zənginliyi də elə bundadır.
Harada olmağından asılı olmayaraq azarkeş insandır. Stadiondakılar da insanlardır. Təbii ki, insanlar stadionlarda daha çox duyğulanırlar. Məgər biz öz duyğularımızın, hisslərimizin ağasıyıq?! Yenə də gəlib çıxırıq hisslərin, duyğuların anatomiyasına... Elə azarkeşlər var ki, futbolla yaşayırlar, futbolla nəfəs alırlar. Futbol onları daha tez duyğulandırır... Belələri üçün ən sevincli anlar da futbolla bağlıdır...

Lakin stadionlarda mənzərələr təkcə azarkeşlərin öz daxillərində fırtına hiss etmələri ilə bitmir. Meydanlarda da futbolçular tufan, fırtına, qasırğa yarada bilərlər. Amma stadionlarda baş verənlər təbiətdə müşahidə olunanlardan deyildir.


Pele, Maradona,
Ronaldinyo, Messi,
Kriştianu Ronaldo
futbolun möcüzəsidirlər
Fransa və İtaliya yığmaları arasında keçirilən matçda Zinəddin Zidanın Marko Materatsini başı ilə vurub yerə yıxması səhnəsini yəqin ki, futbol həvəskarları, azarkeşlər yaxşı xatırlayırlar. "Mançester Yunayted” klubunun kapitanı və liderlərindən olan Roy Kin emosional, səbirsiz, çılğın olması ilə bərabər davakarlığı ilə də seçilirdi. O, baş məşqçi Aleks Ferqüsson ilə də yola getmirdi. 2002-ci il dünya çempionatının final mərhələsində kapitanı olduğu İrlandiya yığma komandasının baş məşqçisi Makkarti ilə dalaşdığına görə Kin heyətdən kənarlaşdırıldı və mundialda iştirak etmədi. Alpay Özalan, Karlos Tevez, Mario Balotelli, Mixael Ballak, Quti Fernandes məşqçilərlə yola getməyən, hakimlərlə mübahisə etməyi sevən, daha çox xəbərdarlıq kartı alan, dava-dalaşa meyilli futbolçular kimi tanınmışdılar. Lakin, buna baxmayaraq, azarkeşlər bu futbolçuları çox sevirdilər. Çılğınlıqları ilə seçilən, daim iddialı, mübahisəyə, kobud oyun tərzinə meyilli Frank Riberini, Serxio Ramosu necə sevməyəsən? Azarkeşlər bu oyunçuları da çox bəyənirlər.
2011-ci ildə Çempionlar Liqasının 1/8 finalında İtaliyanın "Milan” və İngiltərənin "Tottenhem” komandaları arasında keçirilən görüşün ikinci hissəsində italyan Qattuzo (hazırda "Milan”nın baş məşqçisidir - müəllifin qeydi) ingilislərin baş məşqçisi Harri Rednapın boğazından tutaraq itələmişdi. Oyundan sonra meydançada toqquşma baş verdi. Qalmaqala yenə Qattuzo səbəb olmuşdu. Belə ki, o, baş məşqçinin köməkçisinə kəllə atmışdı.
Əlbəttə, bu yönümdə söhbət geniş bir mövzunu əhatə edə bilər. Futbol dünyasının şifrələrini açmaq mümkün deyildir. Futbolun möcüzələri də elə bundadır. Olub ki, adı çəkilən bu məşhur futbol ulduzları boş qapıdan top keçirə bilməyiblər, yüz faizli qol imkanlarını boşa veriblər, penaltidən yararlana bilməyiblər və sairə. Və stadionu sükuta qərq ediblər. Belə bir vəziyyətdə azarkeşlərin, tamaşaçıların ovqatını təsəvvür edin...

Super ulduz olmaqla deyil ki... Həmin anda Allah qol vurulmasını istəmədi. Yəni Allah sadəcə onlar tərəfdə deyildi, vəssalam. Allah belə məsləhət biləndən sonra heç kim, heç nə köməyə yetə bilməz... Ona görə də deyirlər ki, Pele, Maradona, Ronaldinyo, Messi, Kriştianu Ronaldo məhz Allah vergisidir. Buna inanın! Təsadüfi deyildir ki, bir sıra məşhur futbolçular qol vuran kimi dərhal əllərini göyə qaldıraraq Allaha dua etməklə minnətdarlıqlarını bildirirlər. Bəli, bu futbolçular təkrarsızdırlar, bənzərsizdirlər... Arının hazırladığı bal, hörümçəyin toxuduğu tel kimi... Bu simalar əslində futbolun möcüzəsidir... Bu futbolçuların oyunlarına baxanlar zövq, həzz içində üzürlər sanki...


Futbolun, futbolçunun
üst və alt qatları var
Ona görə də futbol oyunları zamanı azarkeşin, tamaşaçının halı görün nə qədər, neçə dəfə dəyişir?! Necə deyərlər, hər halın öz haləti, dəyişən özəllikləri var. Elə yazımın bu yerində öz ölkələrində müstəsna nüfuz sahibi olmuş Andres İnyestadan və Françesko Tottidən danışmaq istərdim.
Futbol kralı taxtında Messinin, Ronaldonun əyləşdiyi dövrlərdə bir çox futbolçular saray pillələrini qalxsalar da, taxtı ələ keirmək müşkül məsələ idi. Amma bununla belə İnyesta və Totti özlərinə layiq mövqelərə çatmağa nail oldular. Vaxtı ilə Pele, Maradona, Ronaldinyo, sonralar da Messi, Ronaldo azarkeşləri "sərxoş” edə biliblər. İnyesta, Totti zirvəyə yüksəlsələr də, həmin mərtəbəni fəth etmək mümkünsüz görünürdü. Amma azarkeşlər, mütəxəssislər onları da böyük futbolçular kimi qəbul etdilər.

Çünki onlar da sadəcə, möhtəşəm idilər. Hər ikisi qeyri-adi oyun stili, bacarıqları, xoşbəxtlik duyğuları yaratmaq qabiliyyətləri ilə seçilməklə futbolsevərləri heyrətə gətirirdilər. Onların elə oyunları olub ki, azarkeşlərin, tamaşaçıların halı dəyişib. Stadiondakılar sanki real dünyadan üzülüb naməlum cazibələr dünyasına düşüblər. Onlar həm zahirən, həm də daxilən qəbul ediliblər. Futbolun, futbolçunun üst və alt qatları var. Bu futbolçularda alt qatlar daha parlaq, nəzərəçarpan olub. Şəxsiyyət, keyfiyyət qatları olan alt qatlar onlarda çox mükəmməl olduğuna görə nəinki öz ölkələrində, ümumiyyətlə, futbol dünyasında daha çox qəbul edilirlər. Ona görə də azarkeşlərin ruhuna birdəfəlik hopublar... Ona görə də yaddaşlarda qalırlar...


Onlar stadiondan
ağlaya-ağlaya getdilər...
Maradona, Ronaldinyo, Messi kimi futbolçularda izaha gəlməyən sehirlilik olub. Öz iç dünyaları, hissləri, psixologiyaları ilə fərqli görünən və başqalarını üstələyən İnyestada, Tottidə bu sehirlilik olmasa da, ən azından bu iki futbolçu da "göz yaşardıcı” keyfiyyətləri ilə tarixə düşüblər. Əslində futbol ulduzlarının hamısı bir ünvana üz tutur-böyük futbola. Amma hər biri bu yolda, necə deyərlər, özünün zəhməti, əziyyəti hesabına açdığı cığırla və özünəməxsus formada gedir. Həm İnyestada, həm Tottidə sanki bir futbol yanğısı vardı. Necə deyərlər, canı-dildən oynayırdılar. Ürəklə, cəsarətlə oynayıblar. İspaniyada hamı İnyestaya rəğbət bəsləyirdi: katalonlar, basklar, ispanlar... İnyestanın qazandığı ən böyük sevgi bütün İspaniya azarkeşləri oldu.

21 aprel 2018-ci il tarixdə İspaniya kral kubokunun finalında "Barselona” "Sevilya” komandasına 5-0 hesabı ilə qalib gəldi. Dördüncü topu İnyesta vurdu. Çox gözəl qol alındı. İnyesta Kataloniya klubunda sonuncu kubok oyununu keçirdi. Artıq onun "Barselona”da karyerasını bitirəcəyi məlum idi. 88-ci dəqiqədə əvəzlənən İnyesta görüşün keçirildiyi Madridin "Vanda Metropolitano” stadionunda bütün azarkeşlərin, qonaqların, hətta rəqib komandanın ehtiyat skamyasının üzvlərinin alqışları altında göz yaşlarını saxlaya bilmədi. Hamı onu ayaqüstə yola saldı...
2018-ci ilin mayında mövsümün son oyununda İnyesta "Real Sosyedad” komandası ilə matçda kapitan sarğısı ilə meydana çıxdı. Bu, onun "Barselona”da axırıncı oyunu oldu. Son turda doğma azarkeşləri önündə o, yenə də kövrəldi və göz yaşlarını saxlaya bilmədi. Oyunun bitməsinə on dəqiqə qalmış o, alqış sədaları altında əvəzlənərək meydanı tərk etdi. Bütün stadion ayaqüstə onu yola saldı. Həqiqətən, çox kövrək səhnələr idi...
Totti də vətənində, doğma şəhərində müstəsna sevgi qazanmışdı. Futbolçu keyfiyyətlərinin hamısı vardı onda. Gənc yaşlarından başlayaraq məharəti ilə seçilən Totti tezliklə doğma klubunun aparıcı futbolçusuna çevrildi. Sonradan yüksək ustalığı sayəsində o, artıq "Roma”da əvəzolunmaz futbolçu imici qazandı. İllər keçsə də, o, məşqlərdə hamıdan çox öz üzərində işləyirdi. Totti bir klubda oynamağı ilə daim fəxr etsə də, heç vaxt onun başqa futbolçulara, komanda üzvlərinə olan mehriban, səmimi münasibəti dəyişmədi. Bəlkə də, başqa birisi Tottinin yerinə olsaydı,

"Roma”da digərlərinə yuxarıdan aşağı baxardı.Tottinin vida mərasimi də çox təsirli idi. Vida mərasimi futbolsevərlərin iç dünyasını titrətdi. Həmişə səbr və təmkini ilə seçilən Totti həmin anlarda özü ilə bacarmırdı. Axı 25 il bir klubun şərəfini qoruyan və azarkeşlərin sevimlisi olan belə anlarda necə göz yaşlarını saxlaya bilərdi?! Həmin gün o, stadionda sanki lirik qəhrəmana çevrilmişdi. O, bir neçə dəfə ürəkdən ağladı: müsahibə verəndə, meydanı tərk edəndə, meydandan kənarda və ailə üzvlərinin yanında. Xüsusən, həyat yoldaşının və uşaqlarının yanında için-için ağlaması lap təsirli idi... Əslində hamı kövrəlmişdi. Ağlayanlar da çox idi. Amma bu, həm də sevinc göz yaşları idi. Totti həm də sevincindən ağlayırdı. Zarafat deyil, Tottini "Roma”nın simvolu da adlandırırlar. 2017-ci il avqustun 1-də onun axırıncı oyuna çıxdığı futbol köynəyi kosmosa göndərildi. 25 il "Roma”nın şərəfini qorumuş Totti hazırda yenə də doğma klubunda çalışır. 2018-ci ilin mayında Romada Tottinin heykəli qoyuldu. Həqiqətən də, böyük xoşbəxtlikdir. Çox uğurlu və maraqlı bir taledir.


Futbol dahilərinin öz dünyaları
olur və onlar bir-birinə bənzəmirlər
Ümumiyyətlə, milyonların sevimlisi olan futbolun kodlarını açmaq mümkün deyildir. Əslində futbolun əsrarəngizliyi də elə bundadır. Heç kəs deyə bilməz ki, Pele necə Pele oldu? Heç kəsə bəlli deyil ki, Maradona niyə dahi oldu? Necə oldu ki, Eysebio, Ronaldinyo adlarını tarixə həkk etdirdilər? Messi niyə belə fantastikdir? Ronaldo niyə asanlıqla və ustalıqla yadda qalan qollar vurur? Ronaldo kimi qol vəziyyətlərindən yararlanan futbolçu varmı? Püyol, Serxio Ramos, Pike, Corco Kellini nədən döyüşməyə qadir olan futbolçulardır? Raul Qonsales, Bekkem, İnyesta, Totti niyə belə ağıllı, düşüncəli təsir bağışlayan futbolçular olub? Niyə onların dördünün də baxışları, təbəssümləri qəlblərini göstərə biləcək qədər mənalı və ifadəlidir? Necə olurdu ki, Didye Droqba həmişə həlledici qolları vurmağı bacarırdı? Niyə bəzi anlarda bəxt məşhur futbol ulduzlarından üz döndərir? Hansı səbəblərdəndir ki, futbol dahilərinin oyunlarına baxanda fikirləşirsən ki, futbol təkcə duyğulandırmır, həm də düşündürür? Niyə futbol dahilərinin hər birinin öz dünyaları olur və onlar bir-birinə bənzəmirlər? Necə olur ki, stadionlarda təsirli hisslər öz işini görür: azarkeşlər sevinirlər, şənlənirlər, kədərlənirlər, ağlayırlar?... Necə olur ki, futbol nəinki istirahəti, hətta yuxunu da poza bilir?...Bütün bunlar sirrdir. Bu suallara cavab tapmaq mümkün deyildir. Mən özüm də bu suallara cavab axtararkən duyğular, hisslər məni məndən alır, arzusunda olduğum, hələlik görmədiyim stadionlara aparır.


Futbol ehtirasları
azarkeşlərin, futbol
həvəskarlarının həyatının bir hissəsidir
İstanbul nəhənglərinin arenalarında olmuşam. Almaniyanın Frankfurt, Köln, Düsseldorf şəhərlərində maraqlı futbol oyunlarına stadionlarda baxmışam. Çexiyada, İsveçdə, Kiprdə də stadionlarda futbol oyunlarını canlı izləmək mənə nəsib olub. Milanın məşhur "San-Siro” stadionunda da fantastik futbola baxmaq bəxtimə düşüb. Barselonaya səfərim avqustun əvvəllərinə təsadüf etdiyindən futbol mövsümü artıq bitmişdi. Buna baxmayaraq "Nou-Kamp”a gedərək klubun muzeyinə baxmışam və İnyestanın geyindiyi "8 nömrəli formanı” xatirə olaraq almışam. Ancaq hələ də İngiltərə şəhərlərinin futbol arenalarında olmamışam. Əfsanəvi "Uembli” stadionunda olmağı çox arzulayıram. Məşhur "Old-Trafford”u görmək istərdim... "Red Cafe”də əyləşib nəsə sifariş etmək istərdim... Doğrudan da, futbol ehtirasları azarkeşlərin, futbol həvəskarlarının həyatının bir hissəsidir. Elə mənim bu arzularım da futbol ehtiraslarından doğan hisslərdir...

23915 oxunub

InvestAZ